Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti



Yüklə 73,41 Kb.
səhifə9/9
tarix30.12.2021
ölçüsü73,41 Kb.
#49280
1   2   3   4   5   6   7   8   9
Rəvan Səfərov Tarix

7. Monqolların Azərbaycana təsiri

Monqol-türk qəbilələrinin Azərbaycana gəlişi ölkədə elm və mədəniyyətin inkişafına təsir etdi. Təhsil sisteminin əsasını məktəb və mədrəsə təşkil edirdi. Məktəb əsasən ibtidai təhsil verən elm ocağı idi. Əsas dərslər şəriət dərsləri, dini ehkamların təlimi, Quran oxunması idi. Yetim uşaqların təhsil alması üçün “Dar ülitam” (Yetimlər evi), “Beyt ül-təlim” (Təlim evi) adlanan məktəblərfəaliyyət göstərirdi. Burada hər 10 uşağa bir tərbiyəçi-atabəy təhkim olunurdu. Təhsilin Məzhər formasında şagirdlər elmin müxtəlif sahələri ilə müstəqil məşğul olur, vaxtaşırı öz ustadının yanına gedib məsləhət alır və onun mühazirələrini dinləyirdilər. Mədrəsələr əsasən orta təhsil verirdi. Dini təlimlə yanaşı, dünyəvi elmlər, ictimai və texniki fənlər keçilirdi. Tədrislə 2 müdərris məşğul olurdu-biri şəriət dərslərini, digəri dünyəvi fənləri tədris edirdi. Mədrəsə xərcləri şəxsi hesabdan və ya vəqf əmlakının gəlirlərindən ödənilirdi. Təbrizdə xüsusi elm ocağı-ali mədrəsə Rəbi Rəşidi məhəlləsində yerləşir, Şərqdə ilk ali təhsil ocağı idi. Onun təsisçisi alim, həkim Fəzlüllah Rəşidəddin olmuşdur. Təbriz ali mədrəsəsində 500-ə qədər alim dərs demiş, 7000 tələbə təhsil almışdır. Onlardan 6000 nəfəri başqa ölkələrdən və şəhərlərdən gəlmişlər. Müdavimlər təqaüd alır, yataqxana ilə təmin olunurdular. Ali mədrəsə müasir dövrün tanınmış universitetlərinin göstəriciləri səviyyəsindədir. Bu faktlar hələ 700 il bundan əvvəl Təbrizdə Universitetin (Darülfünun) mövcud olduğunu bildirir. Rəbi Rəşidi məhəlləsində 60000 nüsxə kitaba malik kitabxana var idi. Şam-Qazanda fəaliyyət göstərən 2 kitabxana qiymətli kitablar xəzinəsi hesab olunurdu. 1259-cu ildə Marağada Nəsirəddin Tusinin rəhbərliyi ilə tikilmiş rəsədxana, həmçinin, XIV əsrin əvvəllərində Şam-Qazanda (Təbriz) tikilmiş rəsədxana Şərqdə nücum elminin (astronomiya) mərkəzinə çevrildi. Marağa rəsədxanasında 100-dən artıq alim, 400 min əlyazmaya malik kitabxanası var idi. Marağa rəsədxanasının banisi Nəsrəddin Tusinin (1201-1274) təhsil aldığı Tus şəhərinin adı ilə Tusi ləqəbi qəbul etmiş, bir müddət Ələmut qalasında həbs də qalan Tusi Hülakü xanın əmri ilə azad edildi, əvvəl onun məsləhətçisi, sonra isə Abaqa xanın vəziri oldu. Tibb sahəsində Fəzlullah Rəşiddədinin böyük rolu olmuşdur. Ölkədə əhalinin xəstəliklərdən mühafizə və müalicəsi məqsədi ilə xüsusi müəssisələr-dar üşşəfalar (şəfa evləri) fəaliyyət göstərirdilər. Təbrizin Rəbi Rəşidi məhəlləsində fəaliyyət göstərən şəfa evində Hindistan, Çin, Misir, Şam və s. vilayətlərdən gəlmiş 50 tanınmış həkim çalışırdı. Ölkədə darüxanalar (aptek) mövcud idi. Gəncəli Kirakos Qafqaz Albaniyasında XIII əsrdə baş vermiş hadisələri, albanların başına gələn müsibətləri qələmə almışdı. Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin, Həmdullah Qəzvininin, Azərbaycan alimi Əbdürrəşid Bakuvinin əsərləri meydana gəldi. Dilçilik sahəsində Azərbaycan alimləri Hinduşah Naxçıvani və oğlu Məhəmməd Naxçıvani daha çox tanındılar. Bu dövrdə ikidilli, üçdilli lüğətlər meydana gəldi. “Azərbaycan dili” ifadəsi işlənməyə başladı. Azərbaycanda fəlsəfə, hüquq və s. elmlər də inkişaf etdi. Azərbaycan mütəfəkkiri Mahmud Şəbustəri (1287-1320) ərəb və fars dillərinin kamil bilicisi, fəlsəfə, məntiq, etika, psixologiya, anatomiya, mineralogiya elmləri sahəsində tanınmış şəxsiyyət idi. Azərbaycan dilində klassik poeziyanın ilk məlum nümayəndəsi Həsənoğlu Şeyx İzzəddin (XIII əsr) “Pur Həsən” təxəllüsü ilə Azərbaycan və fars dillərində divanlar yaratdı. Nizami ədəbi mühitinə mənsub Əssar Təbrizi (1325-1390) dövrünün tanınmış şairi, alimi olmuşdu. XIV əsr ədəbiyyatında hürufilik xüsusi yer tuturdu. Hürufilik “hərf”sözündən olub, ərəb hərflərinin ilahiliyini, Allahın 2 təzahür yolundan birinin məhz səsdə, nitqdə, hərflərdə olduğunu bəyan edirdi. Hürufilərə görə Allah söz-kəlam şəklində görünür. Odur ki, ərəb əlifbasındakı 28 hərf müqəddəsdir, məhəbbət və gözəlliyin əsasını təşkil edir. Hürufiliyin əsasını Nəimi Fəzlullah (1340-1394) qoymuş, digər nümayəndəsi İmadəddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. İlk şeirlərini “Hüseyni” təxəllüsü ilə yazan müəllif hürufilərə qoşulduqdan sonra Nəiminin şərəfinə “Nəsimi” təxəllüsü qəbul etdi. XIII-XIV əsrlərdə Azərbaycanda memarlıq daha da inkişaf etdi. Təbriz memarlıq məktəbi Beyləqandan Həmədana, Qəzvindən Şərqi Anadoluya kimi olan böyük bir ərazidə şəhərsalma işinin geniş inkişaf etməsində mühüm rol oynadı. Monqolların 2-ci yürüşündən dağıdılan Gəncə 1239-cu ildən bərpa olunmağa başladı. XIII əsrin sonu-XIV əsrin əvvəllərində Sultaniyyə şəhəri tikildi. Qazan xan Xəzər dənizi yaxınlığında Mahmudabad şəhərini inşa etdirdi. Mərdəkandakı dairəvi qala və dördkünc qala, Nardaran və Ramana qalaları XIII-XIV əsrlərdə inşa olundu. XIII-XIV əsrlərdə Azərbaycanın müxtəlif yerlərində Şərq memarlığına məxsus kubşəkilli, səkkizbucaqlı, qülləvari türbələr meydana gəldi. Naxçıvanın Cuğa kəndi yaxınlığında tikilmiş Gülüstan türbəsi Möminə xatın türbəsi üslubunda inşa olundu. 1305-1313-cü illərdə Sultaniyyədə Şərq türbələrinin qiymətli incilərindən sayılan Olcaytu Xudabəndə türbəsi, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, Qarabağlar kəndində memarlıq kompleksindəki türbə (Baştağ) özünəməxsus yer tuturdu. Qoşaminarəni birləşdirən Baştağ XIV əsrin əvvəllərində Hülakü xanın arvadı Qutuy xatının şərəfinə inşa olunmuşdu. Azərbaycan xalçaçılıq sənətində öz dəsti-xətti ilə seçilən Təbriz, Qarabağ, Quba-Şirvan və Gəncə-Qazax xalçaçılıq məktəbləri orta əsrlərdə dünyəvi sənət inciləri yaratdı. Azərbaycanda dulusçuluq, misgərlik, ipəkçilik, toxuculuq və s. sənət növləri inkişaf etdi. Təbriz ustalarından Yusif ibn Əhmədin 1319-cu ildə hazırladığı və indi Londonda Viktoriya və Albert muzeyində saxlanılan bədii kasa və usta Əbdüləziz ibn Şərafəddinin 1399-cu ildə düzəltdiyi tiyan nadir sənət nümunələri idi. Ağırlığı 2 ton, diametri 2,5 m. olan tiyan hazırda Sankt-Peterburqun Ermitaj Muzeyindədir. Tiyan Teymurun sifarişi ilə Təbrizdə hazılanmışdır. Təbriz kitab sənəti miniatür boyakarlığın qüdrətli mərkəzinə çevrilmişdi. Azərbaycanda xəttatlıq da inkişaf etmişdi. Bu dövrün görkəmli musiqişünasları Səfiəddin Urməvi və Əbrülqadir Marağai olmuşlar. Onlar musiqiyə dair bir sıra qiymətli əsərlər yazmışlar.

Ədəbiyyat siyahısı

1. İradə nuriyeva Azərbaycan tarixi (ən qədim zamanlardan– xxı əsrin əvvəllərinədək) ali məktəblər üçün dərslik

2. Azərbaycan tarixi (ən qədim zamanlardan-xxı əsrin ilk onilliklərinədək), ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “bakı universiteti” nəşriyyatı, bakı-2016

3. Azərbaycan tarixi ıı cild


Yüklə 73,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin