II FƏSİL
GİRDİMANÇAY VƏ VƏLVƏLƏÇAY SU HÖVZƏSİNİN TƏBİİ - EKOLOJİ ŞƏRAİTİ
2.1.İqlimi. Vəlvələçay hövzəsinin yerləşdiyi iqtisadi rayonun iqlimi əsasən Qafqazın dağ sisteminin və Xəzər akvatoriyasının təsiri altında formalaşmışdır. ərazinin düzənlik hissəsi dəniz sahillərinə yaxın olduğu üçün dağətəyi zonalara nisbətən isti iqlim xeyli yumşalır. Ərazinin dağlıq və dağətəyi ərazilərində isə iqlim xeyli soyuyur və sərtləşir. Vəlvələçay hövzəsinin yerləşdiyi iqtisadi rayonda üç iqlim zonası ayırd etmək olar. Dağ iqlimi (2000-dən yüksək), dağətəyi iqlim (250-2000-dək) və düzənlik zonanın iqlimi (250 m-dən aşağı). Dağlıq zonanın sahəsi çox da böyük olmayıb, orta illik mənfi temperaturla səciyyələnir. Yağıntının illik miqdarı hündürlükdən asılı olaraq 700-1300 mm həddində dəyişir. 3500 m-dən hündür ərazilər daimi qar və buzla örtülü olur. Tədqiq olunan ərazinin əsas hissəsini dağətəyi və düzənlik zonalar təşkil edir. Ərazinin düzənlik zonasında havanın orta aylıq temperaturu müsbət, dağətəyi zonalarda isə yanvar – fevral aylarında mənfi göstəriciyə malik olur. Dağətəyi zonalarda havanın orta illik temperaturu düzənlik zonaya nisbətən aşağıdır. Düzənlik zonalarda şaxtalar noyabrdan aprel ayınadək, dağətəyi zonalarda isə oktyabrdan aprel ayınadək müşahidə olunur. Yay aylarında bu hövzənin maksimal temperaturu əsasən isti və quru küləklərlə (qara yel) bağlıdır, qış mövsümündə isə temperatur artımı tez-tez əsən quru küləklər hesabına olur. Bu coğrafi ərazidə yağıntının illik miqdarı düzənlik zonalarda 313-390 mm, dağətəyi zonalarda isə 480-657 mm həddində dəyişir. Dağətəyi zonalarda payız-qış mövsümündə torpağa düşən atmosfer yağıntılardan qrunt sularının əmələ gəlməsi çox zəif, düzənlik zonalarda isə əksinə intensiv şəkildə gedir. Buxarlanma dağətəyi zonalarda düzənlik zonaya nisbətən iki dəfə zəif olur. Belə ki, orta illik buxarlanma dağətəyi zonalarda il ərzində buraya düşən yağıntının miqdarına bərabər olduğu halda, düzənlik zonada isə buxarlanma yağıntının miqdarından əhəmiyyətli dərəcədə çoxdur. Ona görə də hövzənin dağətəyi zonaları dəmyə əkinçilik, düzənlik əraziləri isə suvarılan əkinçilik sahələri kimi istifadə olunur.
İl ərzində havanın mütləq rütubəti havanın temperaturuna uyğun olaraq dəyişilir. Dəniz səviyyəsindən yüksəyə qalxdıqca havanın mütləq rütubəti tədricən azalır. Havanın nisbi rütubəti isə mütləq rütubətlə tərs mütənasib olaraq dəyişilir, ona görə də düzənlik və dağətəyi zonalarda bu göstərici arasında fərq nisbətən azdır.
Küləklər hava kütlələrinin və onunla birlikdə havanın rütubətinin dəyişməsini xarakterizə edir. Dəniz sahilləri ərazilərində briz tipli küləklər gündüz dənizdən quruya, axşam və səhərlər isə qurudan (sahildən) dənizə əsir. Brizlər 30-40 km-dək qurunun içərilərinə daxil olur. Dağətəyi zonalarda əsasən dağ vadisi (dərə) küləkləri müşahidə olunur. Yerli küləklərin sutkalıq dəyişməsi gündüzlər dağlarda, qalan vaxtlarda isə dağlardan düzənliyə doğru əsir. Bu coğrafi ərazidə nadir hallarda güclü küləklər olur. Nisbətən güclü külək düzənlik ərazilərdə müşahidə olunur.
Ərazinin qar örtüyü qış mövsümün meteroloji şəraiti ilə bağlıdır. Qış mövsümü nisbətən yumşaq (mülayim) olan düzənlik zonalarda qar örtüyü çox qısa müddətli olur.
Dağətəyi ərazilərdə qar örtüyü əsasən dekabr ayının əvvəli və ortalarında həmçinin hündürlükdən asılı olaraq bəzən bir qədər də tez müşahidə edilir. Bu yerlərdə qar örtüyünün tamamilə əriməsi mart ayının axırı aprel ayının əvvəllərində başa çatır. İl ərzində ərazi orta hesabla 40-60 gün qar örtüyü altında qalır. Qış mövsümündə atmosfer yağıntıları ilə yanaşı şaxta və yerin (torpağın) donması da müşahidə olunur. Belə donmalar (buzlaşmalar) dağətəyi ərazilərdə ildə 8-12 gün, düzənlik zonalarda isə orta hesabla 3 gün müddətində davam edir. Dumanlı hava düzənlik zonalarda nisbətən az hallarda (ildə təxminən 20 gün) dağətəyi zonalarda isə ildə təxminən 200-günə qədər müşahidə olunur. Düzənlik zonalarda dumanlı hava əsasən mart ayında orta hesabla 6 gün, dağətəyi zonalarda isə fevral ayında orta hesabla 14-17 gün müşahidə olunur. Yay aylarında dumanlı hava təsadüfi hallarda müşahidə edilir. Ərazinin düzənlik zonasında dolu yağması nadir hallarda olur və təxminən hər 5-10 ildən bir müşahidə edilir. Dağətəyi ərazilərdə orta hesabla ildə bir dəfə və daha tez müşahidə olunur.
Yuxarıda verilmiş məlumatlar göstərir ki, ərazinin fiziki – coğrafi mövqeyi kifayət qədər yeraltı su ehtiyyatları toplamaq və onların qidalanmasını təmin etmək baxımından çox əlverişlidir. Çayların su yığılan hövzələri, buzlaqlar və daimi qarla örtülü olması onların yay vaxtı da bol sulu olmasını təmin edir. Ərazinin kəskin meyilli olması və süxurların dağdan dənizə doğru meyilli olması yerüstü və yeraltı suların daimi istiqamətini müəyyənləşdirir. Yağıntıların ilin mövsümünə uyğun bölüşdürülməsi və yerin düzənlik xarakteri, çınqıllı olması atmosfer sularının tez bir zamanda infiltrasiyasına səbəb olur. Əkinçilik sahəsinin geniş inkişafı və süni suvarma sistemləri də yeraltı suların qidalanmasında mühüm rol oynayır.
Girdimançay hövzəsi rayonunun iqliminin böyük müxtəlifliyi iqlim əmələ gətirən amillərin xarakteri ilə bağlıdır. Bu amillər iki böyük qrupa ayrılır. Birinci qrupa yerli amillər, ikinci qrup amillərə isə atmosferin planetar və superregional sirkulyasiyası ilə bağlı olan, bağqa sözlə, rayon iqliminə kənardan təsir göstərən amillərdən asılıdır. Beləliklə, rayonun iqlimi bir sıra amillərin təsiri altında yaranır ki, bunların sırasında ərazinin coğrafi mövqeyi mühüm yer tutur. Belə ki, yer səthinə Günəşdən gələn radiasiyanın miqdarı birbaşa coğrafi mövqedən asılıdır. Rayon ərazisinin Yer səthində beləcə də atmosferində radiasiyanın müxtəlif dərəcədə akkumulyasiyası, onun sərf edilməsi, istilik balansının göstəriciləri, ümumiyyətlə iqlimin xarakteri coğrafi mövqedən asılıdır. Coğrafi mğvqe eyni zamanda ərazinin atmosferin planetar və regional sirkulyasiyası sistemində yerini müəyyən edir.
Rayonun iqliminə təsir edən amillərdən biri də ərazinin relyefidir. Relyef öz-özlüyündə bir iqlim yaradıcı amil kimi passiv olsa da iqlimin bütün elementlərinin ərazi diferensasiyası birinci növbədə ondan, yəni oroqrafik quruluşdan, hipsometrik (eləcə də morfometrik) xüsusiyyətlərdən asılıdır.
Rayon ərazisində günəşli günlərin sayı çoxdur. Rayonun düzənlik sahələrdə, o cümlədən Qobustanın çox hissəsində, Şamaxı və Ağsu rayonlarının cənub hissələrində günəşli saatların miqdarı daha çox olur. Bu ərazilərdə, onu əhatə edən dağ ətəyində və yüksək dağlıqda günəş parıltılı saatların miqdarı 2200-2500, daha çox buludlu və dumanlı günləri olan orta dağlıq qurşaqda isə 1900-2200 saata qədərdir. Rayonda illik cəm radiasiya kəmiyyəti də yüksəkdir. Düzənlik ərazilərdə illik cəm radiasiya 130-135 kkal/sm2, onu əhatə edən yüksək maili düzənliklərdə 125-130 kkal/sm2, alçaqdağlıqda 120-124 kkal/sm2 təşkil edir. Bu zonadan yüksək dağlığa doğru cəm radiasiya yenidən artaraq rayonun ən uca zirvələr zonasında 140-145 kkal/sm2-ə bərabərdir.
Rayonda ilin isti yarısında cəm radiasiyanın miqdarı düzən hissələrdə 90 kkal/sm2, 500-600 m-dən 2500 m hündürlüyə qədər 86-87 kkal/sm2, 3000 m-dən yüksəklikdə isə 90-104 kkal/sm2-ə bərabərdir.
Rayonda temperaturun ərazi fərqlərinin yaranmasında ən başlıca amil onun ərazisinin oroqrafik və hipsometrik şəraiti, başqa sözlə desək relyefdir. Bu amilin təsiri altında həm dağlıq və düzənlik ərazilər temperatur şəraitinə görə bir-birindən kəskin fərqlənir. Bu fərqlər özünü temperaturun bütün əsas göstəricilərində büruzə verir. Belə ki, havanın orta illik temperaturu bütün ərazi üçün müsbətdir. Onun ən yüksək göstəricisi 14,5ºC olmaqla rayonun düzənlik hissələrində, xüsusilə Qobustanda (şimal-qərb və şimal hissələrinin alçaq və orta dağlıq hissələri istisna olmaqla), Şamaxı və Ağsu rayonlarının cənubunun çox hissəsində müşahidə olunur. Bu zonanın nisbi yüksəkliyi 200-300 m təşkil edir. Bu zonadan dağlıq zonaya tərəf getdikcə temperatur tədricən azalaraq dağətəyi və alçaq dağlıq zonada orta illik temperatur (xüsusilə Babadağ zonasında) 0ºC qədər azalır. Rayon ərazisində orta yanvar və orta iyul temperaturların paylanması müxtəlifdir.
Belə ki, iyul ayının orta temperaturu rayonun düzənlik hissələrində 24-25ºC olduğu halda orta dağlıqda 20-15ºC, yüksəkdağlıqda isə 10-5ºC-ə qədərdir. Yanvar ayının orta temperaturu rayonun düzən ərazilərində 0-4ºC arasında, dağətəyi zonada 0-3ºC arasında, orta dağlıqda 5-6ºC arasında, yüksəkdağlıq qurşaqda isə 6ºC ilə 14ºC arasında dəyişir.
Rayonda orta illik və orta aylıq temperaturların maksimum və mütləq minimum temperaturların paylanmasında əsas təkrar olur. Rayonun düzənlik ərazilərində mütləq maksimum temperatur 40-41ºC, dağətəyi zonada 37-40ºC, orta dağlığın aşağı zonasında 30-37ºC, 1500-2000 m yüksəklərdə 27-30ºC, yüksək dağlıqda (3000-3500 m-ə qədər) 20-30ºC-yə qədər qalxır. Bir qayda olaraq mütləq maksimum temperatur rayonun çox hissəsində iyul ayının ikinci yarısında müşahidə edilir.
Temperatur minimumu, o cümlədən minimum temperaturlar əsas yanvar ayında, qismən fevralda və dekabrın axırıncı on günlüyündə müşahidə edilir. Bəzi illərdə düzənlik, dağətəyi orta dağlıq qurşaqlarda 22ºC və daha çox mütləq minimum temperaturlar müşahidə edilir. Yüksək dağlıqda isə temperatur 26-30ºC sıfırdan aşağı düşür.
Şimal yarımkürəsində tropiklərlə Arktika və Atlantik okeanı ilə Sakit okean arasında hakim olan böyük barikmərkəzlərində fəaliyyəti ilə bağlı olan hava axınları bu və yaxud başqa dərəsədə Dağlıq Şirvan iqtisadi coğrafi rayonun ərazisininiqliminə böyük təsir göstərir. Rayonun iqliminə aşağıda göstərilən barik mərkəzlərinə daxil olan hava kütlələri müəyyən dərəcədə təsir göstərir: 1.Kara antisiklonu; 2.Skandinaviya antisiklonu; 3.Azor maksimumu; 4.Subtropik antisiklonu; 5.Cənub antisiklonu; 6.Kontinental antisiklonu; 7.Orta Asiya antisiklonu; 8.Yerli atmosfer prosesləri.
Bir qayda olaraq Arktikada və mülayim enliklərin şimal zonalarında barik mərkəzlərində yaranan hava kütlələrinin rayon iqliminə təsiri ilin soyuq yarısında, daha çox tropik və subtropiklərdə yaranan mərkəzlərdən gələn hava kütlələri isə ilin isti yarısında tez-tez təkrarlanır.
Şimal hava kütlələrinin (Kara, Skandinaviya antisiklonu rayon iqliminə təsiri onun şimal-şərq hissəsində və bundan cənuba doğru olan zonalarında daha yüksəkdir. Bu da onunla izah olunur ki, rayon qərb hissələri şimaldan Böyük Qafqaz dağları bu hava kütlələrində qorunur. Bu hava kütlələri rayon ərazisinə çatana qədər xeyli böyük məsafədə quru üzəri ilə hərəkət etdiyinə görə transformasiyaya məruz qalaraq mülayim enliklərin soyu kontinental havasında çevrilir. Bu hava kütlələrinin təsiri ilə rayonun şimal-şərqində Qobustanda güclü şimal küləkləri əsir. Lakin bəzi hallarda, xüsusilə qışda bu hava kütlələri rayon ərazisinə az dəyişilmiş halda gəlib çatır. Bu zaman, xüsusilə Qobustanda hava şəraiti kəskin pisləşir. Çovğun baş verir, şaxta düşür.
Azor maksimumu rayon ərazisindən nə qədər uzaqda yerləşsə də, bütün fəsillər də onun iqliminə müəyyən təsir göstərir. Onun təsirinə rayonun qərb hissələri, xüsusən dağlıq ərazilərin qərb yamacları daha çox məruz qalır. Adətən qışda Azor maksimimun təsiri ilə Şərqi Avropa üzərindən keçən və bu istiqamətdə hərəkət etdikcə soyuyan hava kütlələri rayon ərazisinə daxil olduqda hava şəraitini çox pisləşdirir. Yayda isə bu hava kütlələri rayona adətən isti və rütubətli hava gətirir.
Aralıq dənizi, Mesopotamiya, Ön Asiya yaylaları üzərindən gələn siklonlar qışda rayonda dəyişkən hava şəraiti yaradır.
Rayonda dəyişkən hava şəraiti yaradır. Bu zaman şimaldan kontinentin hava kütləsinin rayona daxil olması havanın güclü soyuması ilə müşayiət olunur. İsti dövrdə siklonların Qərbi Zaqafqaziyadan daxil olması zamanı güclü leysan yağışlar yağır, havanın təyini kəskin aşağı düşür. Əksər hallarda isə ilin isti yarısında cənub siklonları rayona daxil olduqca düzənlikləri davamlı quru açıq dağlıq ərazilərdə isə dəyişkən yağmurlu hava şəraiti yaranır. Tez-tez dolu düşür. Kontinental və Orta Asiya antisiklonlarının da rayon iqliminə müəyyən təsiri vardır.
Şərqdən rayona, xüsusilə də Qobustanın şərq hissələrinə Xəzər və Şərqi Avropa düzənliyinin cənub hissələri üzərində daxil olan bu hava kütlələri xeyli quru olması ilə seçilir.
Çox zaman Orta Asiyadan daxil olan isti tozlu quru hava kütlələri temperaturun artmasına, rütubətliyin azalmasına səbəb olur. Yerli atmosfer proseslərinin də rayon iqliminə müəyyən təsiri vardır. Bu proseslər müxtəlif amillərin təsiri ilə ayrı-ayrı ərazilərdə yaranan və bir-birindən fərqlənən aymosfer təzyiqi sahələri ilə bağlıdır.
Rayon ərazisində müxtəlif küləklərin əsməsi müşahisə edilir. Rayonun şərq bölgüsü düzənliklərində Qobustanın çox hissəsində ən çox təkrarlanan şimal, şimal-şərq, şimal-qərb küləkləridir. Bu ərazidə küləklərin orta illik sürəti rayonun qalan ərazilərində olduğundan xeyli yüksəkdir. Burada şimal küləyinin orta illik sürəti əsasən 6-10 san-ə çatır. Bununla yanaşı bu istiqamətdən əsən küləklərin 25%-ə qədərinin orta illik sürəti 11-15 m/san və bundan artıq olur. Bəzən cənub şərqi Qobustanda küləyin sürəti 40 m/san-ə çatır. Rayonun qərb hissələri üçün ilin bütün fəsillərində qərb küləkləri hakimdir. Rayon küləkləri rayonun dağlıq və dağətəyi zonalarında çox təkrarlanan küləklərdir. Fyon küləkləri zamanı temperatur kəskin artır, havanın rütubəti isə azalır. Dağlıq ərazilərdə fyon küləkləri əsən zaman qar sürətlə əriyir, dağətəyi düzənliklərində isə torpağın rütubəti qısa vaxt ərzində azalır. Bu proses az yağıntılı zonalarda torpaqda rütubət ehtiyatının şorlanmaslna mənfi təsir göstərir.
Rayonun dağlıq sahələrində ilin isti dövründə xüsusilə yayda çox təkrarlanan bir növ brizlər kimi gecə-gündüz istiqamətini dəyişən dağ-dərə küləkləri də geniş yayılmışdır.
Gecələri külək dərələr, eləcə də yamaclar boyu dağdan dərələrə və dağətəyi düzənliyə, gündüzlər isə əks istiqamətdə əsir. Bu küləklər dağlıq zonada böyük dərələrdə yerləşən yaşayış məntəqələrinin havasının təmizlənməsində mühüm rol oynayır. Rayon ərazisində şərqdən və cənubdan əsən quru, isti, bəzən tozlu küləklər də müşahidə edilir. Bu zaman havanın nisbi rütubətliyi kəskin azalır. Temperatur isə sürətlə artır. Belə bürkülü havaların davamlığı Qobustanın cənubunda ildə 30 gün, ortadağlıq zonada 10 günə qədər, yüksəkdağlıqda isə 5 günə qədərdir. Bu küləklərin kənd təsərrüfatı bitkilərinə vurduğu zərəri azaltmaq üçün geniş miqyasda yaşıllaşdırma işləri aparılması təklif edilmişdir.
Yağıntıların miqdarı və illik rejimi havanın hər hansı bir ərazinin fiziki coğrafi xüsusiyyətlərinin yaranmasında mühüm rol oynayır ki, bu da öz növbəsində həmin ərazinin məskunlaşma və mənimsənilmə səviyyəsinə böyük təsir göstərir. Rayon ərazisində yağıntılar qeyri-bərabər paylanmışdır. Cənub-şərqi Qobustanda yağıntıların illik miqdarı 200 mm-ə qədərdir ki, bu da respublikanın ən az yağıntılı sahələrindəndir. Ümumiyyətlə, Qobustanın çox hissəsində yağıntıların illik miqdarı 200-300 mm təşkil edir. Şamaxı və Ağsu rayonlarının cənub hissələrində ildə təxminən 200-300 mm yağıntı düşür. Dağətəyi və alçaq, dağlıq zonalarda yağıntılar artaraq orta hesabla ildə 700-750 mm təşkil edir. Məsələn, Ağsuda 440 mm, Şamaxıda 493 mm, Mərəzədə 385 mm yağıntı düşür. Yüksək dağlıq tərəfdə illik yağıntıların bir qədər artması müşahidə edilir. Yağıntıların orta aylıq miqdarı və fəsillər üzrə paylanması da müxtəlifdir.
Hər üç məntəqədə yağıntıların orta aylıq miqdarını təhlil etdikdə görürük ki, onların ən minimum səviyyəsi VII və VIII aylarda (iyul,avqust) olur ki, bu da yay dövrünə təsadüf edir. IX aydan (sentyabr) etibarən yağıntıların miqdarı XII aya qədər xeyli artır ki, bu da payız mövsümünə təsadüf edir. XII,I,II aylarda yağıntıların miqdarı yenidən azalır. Yaz aylarından başlayaraq yayın əvvəllərinə qədər (III-VI) yağıntıların miqdarı kəskin surətdə çoxalır. Rayonun məhz bu aylar və payızın ortaları ən yağmurlu dövrüdür. Bu dövrlərdə, xüsusilə də yazda və yayın əvvəllərində tez-tez yağıntılar dolu şəklində düşür.
İlin soyuq dövründə, xüsusilə qış aylarında yağıntıların bir hissəsi qar şəklində düşür.
Rayonun düzənlik ərazilərində qar örtüyünün qalınlığı, davamiyyəti və bir sıra başqa xüsusiyyətləri dağlıq ərazilərdən ciddi fərqlənir. Düzənlik ərazilərdə, xüsusilə onun şərq hissəsində qar örtüyü nadir hallarda yaranır. Çoxillik dövr üçün bu ərazilərdə qar örtüyünün günlərinin sayı orta hesabla ildə 10 gün təşkil edir.
Rayonun dağətəyi zonasında qar örtüyünün ən böyük orta dekad qalınlığı 10 sm, orta dağlıq qurşaqda 20-50 sm, yüksəkdağlıqda isə 70 sm-dən artıqdır. Qar örtüyü rayonun ovalıq və dağətəyi sahələrində dekabrda və yanvarda, ortadağlıq qurşaqda noyabrın başlanğıcında yüksək dağlıq qurşaqda isə oktyabrın əvvəllərindən başlayır. Düzənliklərdə qar örtüyü çox zaman qışın ortalarında əriyib yox olduğu halda, dağlarda yüksəyə qalxdıqca qar örtüyünün tarixi gecikir və yüksək dağlıqda o iyul ayının əvvəllərinə düşür.
Mümkün buxarlanma iqlim elementlərinin ən mühüm göstəricilərindən biri olmaqla onun illik yağıntılarının miqdarına münasibəti hər hansı ərazinin rütubətlənmə dərəcəsini müəyyən edir. Rayon düzən hissələrində mümkün buxarlanmanın orta illik kəmiyyəti 1000-1200 mm-ə, Şamaxı yaylasında rayonun şimal şərqində İsmayıllı və Ağsu rayonlarının alçaq dağlıq zonalarında 800-1000 mm orta dağlıqda 600-800 mm, yüksək dağlıqda isə 250-300 mm-ə qədər azalır. Bununla əlaqədar olaraq rayon ərazisi müxtəlif rütubətlənmə şəraitinə malikdir. Rütubətlənmə şəraitinə görə rayonda bir neçə zona ayırmaq olar.
1.Çox quraq zona – illik rütubətlənmə dərəcəsi 16-30%, yay aylarında 15%-ə qədərdir. Bu zona rayonun əksər düzənlik hissələrini əhatə edir.
2.Quraq zona – illik rütubətlənmə 31-50%, yay fəslində 25%-ə qədərdir. Bu zona əsasən Şamaxı yaylasının cənubunu əhatə edir.
3.Mülayim quraq zona – illik rütubətlənmə 51-70%, yayda isə 40%-ə qədərdir. Bu zonaya əsasən rayonun dağətəyi hissəsi daxildir.
4.Zəif quraq zona – illik rütubətlənmə 71-99%, yay aylarında 50%-ə qədərdir. Əsasən alçaqdağlığı qismən ortadağlığa keçidi əhatə edir.
5.Rütubətli zona – illik rütubətlənmə dərəcəsi 100-150%, yayda isə 70%-dən çoxdur. Əsasən orta dağlıq zonaları əhatə edir.
6.İzafi rütubətlənmə zonası – illik rütubətlənmə 100-150%, yayda isə 100%-dən çoxdur. Bu zona rayonun yüksəkdağlıq sahələrini əhatə edir.
Dağlıq Şirvan iqtisadi coğrafi rayonu ərazisində iqlimin əsas elementlərinin paylanması xüsusiyyətlərinə aid yuxarıda verilən qısa xarakteristikadan görünür ki, rayonun ərazisi çox böyük olmasa da, onun iqlim şəraiti olduqca müxtəlifdir. Bununla əlaqədar olaraq rayonda bir-birindən fərqlənən iqlim tipləri və rayonları yaranır. Rayon ərazisində mövcud olan iqlim tiplərinə yarımsəhra və quru çöllər iqlimi, yayı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim yağıntıları bütün fəsillər üzrə bərabər paylanan mülayim isti iqlim dağ tundra iqlimi daxildir.
Aşağıda bu iqlim tiplərinin xarakteristikası və yayıldıqları ərazilər haqqında qısa məlumat verilir.
1.Yarımsəhra və quru çöllər iqlimi.Bu iqlim tipi rayon ərazisinin çox hissəsinə hakim olmaqla Qobustanı əhatə edir. İllik yağıntıların miqdarı mümkün buxarlanma kəmiyyətinin 15-20%-ə qədərini təşkil edir, yayı isti, uzun, qışı mülayim keçir. Havanın orta temperaturu 10ºC-dən yuxarı olan orta sutkalıq temperatur cəmi 4000ºC-dən artıqdır. Quru subtropik iqlim hakimdir.
2.Yayı quraq keçən mülayim isti iqlim. Bura 1-ci və 3 iqlim tipləri arasında yerləşən Gürcüvan-Şamaxı-Mərəzə yaylası aiddir. Bu iqlim tipi kifayət qədər rütubətliyi ilə xarakterizə edilir. Yağıntıların illik miqdarı mümkün buxarlanmanın 100-150%-ni təşkil edir. Qış mülayim, yay mülayim isti, quru, payız çox yağmurlu keçir. 10%-dən yuxarı temperatur cəmi 3000%-dən 4600º arasındadır.
3. Qışı quraq keçən mülayim isti iqlim rayonun əsasən Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarında yüksəkliyi 1000-1200 m qədər olan sahələrdə hakimdir. Onun yayıldığı ərazilərdə illik yağıntıların miqdarı mümkün buxarlanma kəmiyyətinin 500-100% təşkil edir, yaxud az və mülayim rütubətli olması ilə fərqlənir, havanın temperaturu 10ºC-dən artıq temperatur cəmi 3000-4000º arasındadır.
4. Yağıntıları təxminən bərabər paylanan mülayim isti iqlim, bu iqlim tipi əsasən İsmayıllı rayonunun şimal və qismən də Şamaxı rayonunun şimal qərbində ensiz bir zolaq şəklində yayılmışdır ki, bu ərazilərin yüksəkliyi 600-1500 m arasındadır. Rütubətlənmə əmsalı 75-100%-ə qədərdir. Yumşaq qışı vəmülayim isti yayı ilə seçilir. 10ºC-dən artıq temperaturlar cəmi 2500-3000ºC arasındadır.
5.Dağ tundra iqlimi. Bu iqlim tipi rayonda yüksəkdağlıqda yüksəkliyi 3000 m-dən artıq olan Babadağ zirvəsi zonasında yayılmışdır.
Rayonun iqlimi termik ehtiyatların bolluğu ilə səciyyələnir ki, bu da əlverişli rütubət və düzgün aqrotexniki tədbirlərin keçirilməsi şəraitində yüksək məhsuldarlığın təmin edilməsi üçün mühümdür. Rayon ərazisinin çox hissəsində fəal temperatur cəmi 4000ºC-dən çoxdur ki, bu da bir təsərrüfat ilində eyni sahədən iki dəfə taxıl payızlıq buğda və qarğıdalı, yaxud taxıl yığılandan sonra tərəvəz, göy-göyərti, yemlik taxıl və s. yetişdirmək üçün kifayət edən termik ehtiyatdır.
Rayonun termik şəraiti heyvandarlığın inkişafı üçün də xeyli əlverişlidir. Rayonda örüş otlaq heyvandarlığının geniş yayılmasını təmin edən əsas amillərdən biri ərazinin relyefi ilə əlaqədar olaraq əmələ gəlməsi hündür iqlim qurşaqlarıdır. Rayonun düzənlik ərazilərinin qışının mülayim, isti, əsasən şaxtasız keçməsi bu sahələri qiymətli qışlaqlara çevirir. Məhz bu səbəbdən və bu təbii yem bazasının olması ilə əlaqədar Qobustan və rayonun digər düzən əraziləri bütün respublikanın əsas qış otlaqlarındandır. Bu sahələrin termik şəraiti rayonun, eləcə də qonşu ərazilərin mal-qarasının, xüsusilə də davarın burada payızın ortalarından başlamış yayın əvvəllərinə qədər açıq hava şəraitində saxlamağa imkan verir. Yay aylarından başlayaraq bu sahədə temperaturun yüksəlməsi, rütubətin azalması nəticəsində mal-qaranın dağlıq ərazilərə köçü başlanır. Dağların sərin iqlimi, bol su və təbii yem ehtiyatları bu sahələrdən yaylaqlar kimi geniş istifadə edilməsinə zəmin yaradır.
Rayon iqliminin termik şəraitinin səciyyəvi xüsusiyyətlərindən biri ərazinin çox hissəsində şaxtasız dövrün uzun müddətli olması, qışın mülayim keçməsidir. Buna görə rayonda təsərrüfat və sosial obyektləri açıq hava şəraitində tikmək mümkün olur, onların isidilməsinə nisbətən az xərc çəkilir, əhalinin geyim xərcləri azalır.
Rayonun düzən və dağətəyi zonalarında yağıntıların az olması bu ərazilərin mənimsənilməsini çətinləşdirir. Belə ki, rayonun aran və dağətəyi hissələrində yağıntıların əsas hissəsi payızda və yazın əvvəllərində düşür.
Bitkilərin fəal vegetasiya dövründə isə illik yağıntının ancaq 30-40%-ə qədəri düşür. Bu dövrdə torpağın səthindən buxarlanmanın miqdarı 1000-1200 mm-ə çatır. Belə vəziyyət geniş surətdə suvarılma proqramının həyata keçirilməsini tələb edir. Yayın quraq keçməsi su təchizatına və suvarmaya tələbatı artırır. Lakin quraqlıq əlverişsiz iqlim hadisəsi olsa da, suvarma şəraitində kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, meyvələrdə şəkərin və üzvi maddələrdən toplanmasına müsbət təsir göstərir. Rayonda bəzən yağıntılar dolu halında düşür.
Rayon ərazisinə daxil olan hava kütlələrinin təsərrüfata təsiri birmənalı deyildir. Belə ki, rayona daxil olan rütubətli hava kütlələri, xüsusilə dəmyə əkinçiliyi rayonlarının rütubətlə təmin olunmasına, ot örtüyünün əmələ gəlməsinin su ehtiyatlarının toplanmasını və artımını təmin edir. Əksinə quru və isti hava kütlələri bitkiçiliyin inkişafına mənfi təsir göstərir. Bəzən belə hava kütlələrinin yayın əvvəllərində əraziyə daxil olması bitkilərdə fəal vegetasiya prosesinə güclü təsir göstərir.
İsti havanın təsiri ilə bir çox bitkilər vaxtından əvvəl çiçəkləyir. Sonradan isti hava kütlələrinin soyuq hava kütlələri ilə əvəz olunması çiçəklərin məhv olmasına səbəb olur. Bu isə məhsulun keyfiyyət və miqdarına çox mənfi təsir göstərir. Çox təəssüf ki, belə hava şəraiti son illər tez-tez baş verir.
Rayonda müşahidə edilən küləklərin də təsərrüfata təsiri vardır. Qobustanda tez-tez müşahidə edilən güclü şimal küləkləri torpağın məhsuldar üst qatının sovrulmasına torpaqda rütubətin azalmasına, bitkilərin zədələnməsinə, təsərrüfat obyektlərinin zədə almasına və s. səbəb olur. Buna görə də tikinti apararkən küləklərin gücü və istiqaməti nəzərə alınmalı, torpaqların, tarlaların küləkdən qoruma tədbirləri həyata keçirilməlidir. Şimal küləkləri böyük enerji mənbəyidir. Bu enerjidən külək mühərrikləri vasitəsilə istifadənin böyük perspektivləri vardır. Yaşayış məntəqələrində yaşıllaşdırma işlərində küləyə davamlı bitki növlərindən istifadə zəruridir.
Fyon küləkləri müşahidə edilən az rütubətli ərazilərdə kənd təsərrüfatı əkinləri sahəsində torpaqda rütubət ehtiyatının azalmasının qarşısını almaq üçün əlavə tədbirlər lazımdır.
Dostları ilə paylaş: |