Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti



Yüklə 97,04 Kb.
səhifə19/20
tarix02.01.2022
ölçüsü97,04 Kb.
#42083
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 3774

3.5.Geomorfologiya. Azərbaycan Respublikası Ərazisinin geoloji və tektonik quruluşu mürəkkəb olduğu kimi, relyefi də çox mürəkkəbdir. Bu mürəkkəbliyin əsas səbəbi respublika ərazisinin Alp – Himalay orogen qurşağında, xüsusilə onun daha rəngarəng strukturu və relyefi ilə seçilən Qafqaz bölməsində yerləşməsidir. Əlbəttə, ərazinin tək Alp – Himalay orogen qurşağında yerləşməsi onun relyefinin mürəkkəbliyinə səbəb olan tək amil deyil. Digər səbəb, burada ekzogen morfogenezin çox çeşidli (nival-buzlaq, humid, arid) olmasıdır.

Azərbaycanda yüz ilə yaxın bir vaxtda aparılan geomorfoloji tədqiqatlar nəticəsində göstərilən hər iki səbəbin məzmunu və xarakteri, eləcə də onların tezlikdə və qarşılıqlı təsiri şəraitində əmələ gələn relyef formaları öyrənilmişdir. Hələ XX əsrin əvvəllərində İ.S.Şukinin , A.L.Reynqardın, S.S.Kuznetsovun, B.F.Dobrıninın Qafqazın geomorfologiyasına (yaxud onun müəyyən problemlərinə) həsr olunan əsərlərində Azərbaycan ərazisinə aid də məlumat verilmişdir. Lakin respublika ərazisində əsl geomorfoloji tədqiqatlara əsrimizin 40-cı illərindən, xüsusilə 50-ci illərdən başlanmışdır. Bu tədqiqatlar coğrafiyaçılardan B.A.Antonovun, B.A.Budaqovun, M.A.Abbasovun, M.A Müseyibovun, N.Ş.Şirinovun, R.Y.Quliyevin və bir sıra başqa Azərbaycan geomorfoloqlarının adı ilə bağlıdır. Azərbaycanın geomorfologiyasının öyrənilməsində geoloqlardan Ş.Ə.Əzizbəyovun, Ş.F.Mehdiyevin, Ə.Ş.Şıxəlibəylinin, V.Y.Xainin, R.N.Abdullayevin, M.P.Qavrilovun, torpaqşünaslardan V.R.Volobuyevin, M.E.Salayevin, moskvalı alimlərdən N.V.Dumitraşkonun, D.A.Lilienberqin, L.K.Leontyevin əvəzsiz xidmətləri olmuşdur.

Azərbaycanda yerinə yetirilmiş geomorfoloji tədqiqatların nəticələri Azərbaycanın orta miqyaslı rəngli geomorfoloji xəritəsində (1955), irihəcmli “Azərbaycan SSR-in geomorfologiyası” (1959) və “Azərbaycanın relyefi” monoqrafiyalarında, (1993) “Azərbaycanın geomorfologiyası” dərs vəsaitində (1974), respublikanın ayrı-ayrı böyük geomorfoloji regionlarına həsr edilmiş bir sıra sanballı monoqrafik əsərlərdə, Qafqazın geomorfologiyasına dair “Nauka” (Moskva) nəşriyyatının nəşriyyatının nəşr etdiyi iki cildlik əsərdə (1976, 1979) və müxtəlif elmi məcmuələrdə nəşr edilmiş yüzlərlə məqalələrdə ətraflı işıqlandırılmışdır.

Girdimançay hövzəsi iqtisadi rayonunun ilk baxışda sadə quruluşlu görünməsi ilə əlaqədar olaraq bəzi ədəbiyyatlarda bütünlüklə Kür-Araz ovalığı, həmçinin Şirvan düzü 4-cü dövr çöküntülərindən təşkil olunmuş və parçalanmış kimi göstərilmişdir. Şirvan düzü relyefin əmələ gəlməsi və müasir planda formalaşmasında əraziyə daxil olan çayların akkumlyasiya fəaliyyəti əsas rol oynayır. Düzənlik - 20 ml-ə 200 m m mütləq yüksəklik arasında yerləşir. Ərazinin təxminən 40-45% dəniz səviyyəsindən alçaqdadır. Düzənlikdə ümumi meyllik cənuba və cənub-şərqə doğrudur.

Relyefdə gətirmə konusları və konuslararası çökəkliklər yaxşı seçilir, onlar qərbdən şərqə dalğavarı forma yaradır. Gətirmə konusların səthində konusun təpəsindən kənarlarına yerləşən sahil yalları relyefə yelpikvari forma verib konusların səthlərini xeyli mürəkkəbləşdirir. Gətirmə konuslarının cənub hissəsində Qarasu çökəkliyi, Kür çayının sahilində isə nisbi hündürlüyü 4-6 m olan yataq boyu düzənlik yerləşir. Burada Kür çayının qədim yataqları axmazlar və çalalar şəklində saxlanmaqdadır. Düzənlikdə ümumi səth quruluşu mürəkkəbləşdirən qalxmazlar və yastı çökəkliklər də mövcuddur. Ərazi antropogen amillərin təsirilə yaranmış relyef formaları da vardır.

Azərbaycan Respublikasının ərazisinin fiziki coğrafi rayonlaşdırılmasına əsasən Dağlıq Şirvan iqtisadi rayonu Böyük Qafqaz vilayətinin Şamaxı və Qobustan-Abşeron rayonları ərazisində yerləşir. Böyük Qafqazın cənub yamacı zonası Girdimançay dərəsindən şərqə xeyli genişlənərək Şamaxı-Qobustan sahəsini əmələ gətirir. Böyük Qafqaz meqantiklinoriumunun cənub-şərq batımı sahəsinin ən böyük struktur elementlərindən olan Şamaxı-Qobustan cinklinoriumunun cənub sərhəddi Ağıçay-Ələt dərinlik qırılması üzrə keçir. Şamaxı-Qobustan sinklinoriumu cənub-şərq istiqamətində genişlənir və bu istiqamətdə onu təşkil edən çöküntü kompleksinin yaşı və tərkibi dəyişir.

Sinklinoriumun qərb hissəsində təbaşir, palesgen, neogen, şərq hissəsində isə neogenin qalın çökmə süxur kompleksləri (gillər, qumdaşları, əhəngdaşı) geniş yayılmışdır.

Şamaxı-Qobustan alçaqdağlığının oroqrafik quruluşunun ən görkəmli elementləri qərbdə (Girdmançaydan Mərəzəyə qədər) geniş yaylalar (Gürcüvan, Şamaxı, Mərəzə yaylaları) və alçaq tirələrdir.(Meysəri tirəsi). Şamaxı yaylasından şimalda isə daha geniş və terraslı çaydərələri ilə kəsilmiş Qızmeydan yaylası (1000-1400 m) yerləşir. Şərqdə bu oroqrafik sahələri Qobustan əvəz edir. Burada qısa və alçaq assimmetrik quruluşda tirələr (Qayıblar, Şayıblar, Atyol, Böyük Siyəki, Boyanata və s.) əksərən dairəvi formada sinklinal platolar (Kiçeli, Donuzluq, Böyükdaş və s.), çökəklər (Ceyrankeçməz, Pirsaat, Qaraibad və s.) və çoxsaylı palçıq vulkan dağları relyefin əsas formalarıdır. Qırışıqlı-denudasion Şamaxı yaylası mövqeyinə görə Böyük Qafqazın cənub (cənub-şərq) morfostrukturlarına aid edilir. Yayla qərbdə Girdimandan şərqdə Gicəki (əslində Mərəzə) yaylasına qədər 70 km məsafədə uzanır. Şimalda Meysəri tirəsi, Sündü-Qurbançı sinklinal yaylası ilə cənubda isə Lənkəbiz tirəsi ilə əhatələnir. Şamaxı yaylası planda Qanıx-Əyriçay və Acınohur alçaqdağlığının şərqdə davamını təşkil etsə də, inkişafına morfostruktur xüsusiyyətlərinə görə onlardan ciddi fərqlənir.

Şamaxı yaylası əsasən paleogen-neogenin (sarmat əsri də daxil olmaqla) qırışıqlığa yığılmış gil qatlarından, qismən qum və əhəng daşı yaylarından əmələ gəlmişdir. Bu qırışıqlıq miosenin sonu və pliosendə (akçaqıl əsrinə qədər) denudasiya prosesləri ilə kəsilib dağılmışdır. Akçaqıl əsrində isə dəniz transqressiyası zamanı qırışıq strukturlar yerində şelf düzənliyi yaranmış və burada akçaqılın əhəngli qumdaşı layları donudasion abrazion səthi örtmüşdür.

Dördüncü dövrdə (əslində Abşeron əsrinin ikinci yarısından başlamış) bütün ərazi zəif diferensial qalxmaya məruz qalmış və beləliklə, əslində hipsometrik və struktur xüsusiyyətlərinə görə yeni bir morfostruktur-yayla əmələ gəlmişdir. Bu qalxma prosesində Ləngəbiz tirəsini təşkil edən yuxarı pliosen çöküntüləri qırışıqlığa məruz qalmış və cənubdan Şamaxı yaylasına söykənmişdir. Tirə Şirvan düzünün şimal kənarından 600-800 m, Şamaxı yaylası səthindən isə cəmi 100-200 m-ə qədər yüksəlir. Dördüncü dövrdə tektonik hərəkətlərin zəif də olsa, ərazi diferensasiyası nəticəsində yaylanın ayrı-ayrı sahələrində 200-300 m-ə qədər çatan hündürlük fərqi yaranmışdır. Qobustan qırışıqlı, alçaqdağlı və düzənlikləri Böyük Qafqazın cənub-şərq batımı vilayətində geniş bir ərazi tutur. Şimalda əsasən təbaşir və palesgenin, mərkəz və cənub hissədə isə miosen və pliosenin gil, qumdaşı və əhəngdaşı laylarından qurulmuşdur. Göstərilən çökmə süxur kompleksləri qırışıqlıqda iştirak etməklə bir sıra antiklinal və tirələr və sinklinal dərələr əmələ gətirir. Qobustan sahəsi üçün ən geniş yayılmış morfostruktur tipləri yuxarəda göstərildiyi kimi antiklinal və monoklinal tirələr, sinklinal dərələr, muldalar və platolardır. Antiklinal tirələrə Ələt tirəsi, Böyük Hərəmi, Keçiqaya, Dəvəlidağ, Atyal, Zigirdağ, İlxıdağ, Şaxandağ və bir çox başqaları tipik misaldır. Monoklinal tirələr Qayıblar, Şayıblar, Böyük Siyəki, Boyanata və bir sıra başqaları assimmetrik quruluşlu tirələrdən ibarətdir. Cinklinal platolara Qərbi Qobustanda Gicəni, Donuzlu, Şimali Qobustanda Böyük Siyəki və s. platolar daxildir. Bunların bəzilərinin səthi düz, yaxud zəif maili, bəzilərininki batıqlar formasındadır.

Qobustanda inversion morstrukturlara da rast gəlmək mümkündür. Bu axırıncı hal Şıxıqaya antiklinalı sahəsində özünü tipik göstərir. Bu qısa və ensiz, demək olar ki, simmetrik quruluşda antiklinalın qanadlarında yatan denudasiyaya davamlı qumdaşı yaylaları ilə tipik monoklinal tirələr əmələ gətirmişdir. İnversion relyefə həmçinin antiklinal struktur yerində əmələ gəlmiş Böyük Yasamal dərəsi, Korgöz-Şaqqar dərəsi, Gənciçayın və onun qollarının bəzi hissələri misal ola bilər. Şamaxı və Qobustan ərazisində palçıq vulkanları xüsusi morfostruktur tipi kimi geniş yayılmışdır. Palçıq vulkanları sahəsində istər böyük (hündürlüyü 100 m-dən çox), istərsə də olduqca kiçik (hündürlüyü bir neçı metr) zirvəsi kəsilmiş konusvari təpələr və dağlar inkişaf etmişdir. Palçıq vulkanlarının hamısı relyefdə aydın görünən relyef forması əmələ gətirmir. Bunlardan Şamaxıda Çarhan, Göylər kəndləri ərazisində 50-yə qədər müxtəlif böyüklükdə palçıq vulkanı konusu vardır ki, bunun çoxu fəaliyyətdədir.

Fiziki coğrafi rayonun tektonik quruluşunun mürəkkəbliyi, pozulma və sınmalar burada yüksək seysmik ocağın yaranmasına səbəb olmuşdur. Ona görə də Şamaxı şəhəri və ona yaxın ərazilər doqquz ballıq, ondan qismən aralı sahələr isə səkkiz ballıq seysmik zonaya aid edilmişdir. Şamaxı şəhərində və ona qonşu ərazilərdə tez-tez güclü yeraltı təkanlar baş vermişdir ki, bunlardan 1668, 1670, 1869, 1872, 1902, 1970, 1972 və s. illərdəki dağıdıcı zəlzələləri göstərmək olar. Qobustanda yarğan və qobular, qapalı (axarsız) çökəklər, sol relyefin müxtəlif formaları, karst prosesləri və s. geniş yayılmışdır. Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun ərazisində sürüşmələr, uçqunlar da tez-tez baş verir.

Ərazidə relyef müztəlifliyi nəticəsində bir-birindən fərqlənən aşağıdakı şaquli qurşaqlar mövcuddur ki, bunlar da özünəməxsus surətdə örazinin məskunlaşma və mənimsənilmə səviyyəsinə, eləcə də bu qurşaqlara uyğun ayrı-ayrı təsərrüfat sahələrinin yerləşməsinə təsir göstərir:

1.Ovalıq (düzənlik) qurşaq;

2.Dağətəyi və orta dağlıq qurşaq;

3.Yüksək dağlıq qurşaq.

Düzənliklər rayonda geniş ərazi tutur. Bura Qobustan ərazisinin demək olar ki, hamısı, Şamaxı və Ağsu rayonunun cənubunun xeyli hissəsi aiddir. Bununla belə ərazinin geoloji xüsusiyyəti nəticəsində burada yayılmış süxurların (əhəngdaşı, gil, qumdaşı və s.) ekaogen qüvvələri (xüsusilə yeraltı və səth suları, külək və s.) təsirilə fəal erroziyaya uğraması bir sıra problemlər də yaradır. Burada səth sularının açdığı geniş və mürəkkəb dərələr, yeraltı suların süxurları yuması nəticəsində yaranan çökmələr küləyin təsiri ilə yaranmış yarğanlar, qobular və s. ərazinin mənimsənilməsini xeyli çətinləşdirir.

Dağətəyi və orta dağlıq qurşaq əsasən İsmayıllı rayonunun çox hissəsini Ağsu və Şamaxı rayonlarının düzən ərazilərini çıxmaqla qalan hissəsini və Qobustan rayonunun əsas şimal və şimal-qərb zonalarını əhatə edir. Azərbaycanın dağlıq ərazilərinin sakinləri qədimlərdə çay dərələrinin terrasları ilə yanaşı dağüstü düzənlikləri (platoları-düzəlmə səthlərini) də özlərində məskun etmişdilər ki, bunlara tipik misal olaraq Çuxuryurd (1000-1300 m) və Şamaxı (600-800 m) düzəlmə səthlərini göstərmək olar. Dağlıq Şirvan iqtisadi rayonunun əkin-biçin sahələrinin və yaşayış məntəqələrinin xeyli hissəsi məhz hüdudlarındadır. Rayonun respublika əhəmiyyətli magistral avtomobil yollarının çox hissəsi bu qurşaqda yerləşir və bunlar iri yaşayış məntəqələri boyunca yerləşmişdir. Bu qurşaqda bəzi yerlərdən çay dərələrinin və yarğanların dərin olması müəyyən sahələrdə relyefin pilləvari, terraslar şəklində yüksəlməsi və s. bu kimi proseslərin geniş yayılması ərazinin mənimsənilməsini və istifadəsini xeyli çətinləşdirir. Qurşağın yüksək seysmikliyi ilə əhali və onun təsərrüfat fəaliyyəti xeyli çətinliklər törədir. Buna görə də sosial təsərrüfat obyektləri, infrastruktur tikilərkən mütləq ərazinin yüksək seysmikliyi nəzərə alınmalı və burada zəlzələyə davamlı (8-10 ballıq) tikililər yaradılmalıdır. Bu amil öz növbəsində tikililərin maya dəyərini xeyli yüksəldir. Qurşağın geoloji və relyef xüsusiyyətlərindən asılı olaraq yarğanlarda, dərin çay dərələrində, dağətəyi zonalarda və s.də sürüşmə hadisələri istisna deyil. Bu proses çox zaman insanların qeyri-səmərəli təsərrüfat fəaliyyəti nəticəsində güclənir. Qurşaq əsasən dağətəyi zonada yerləşdiyindən meyllikdən asılı olaraq ərazidə güclü sel hadisələri də mümkündür. Şəhərsalma və təsərrüfat işlərində bu amilin də nəzərə alınması vacibdir.

Yüksək dağlıq qurşaq rayonda əsasən İsmayıllı rayonunun şimal hissələrini tutur. Rayonun ən yüksək zirvəsi hündürlüyü 3629 m olan Babadağ burada yerləşir. Həmin sahələrdə gec əriyən qar örtüyü, gur bulaqlar, 3000 m-dən hündür olan sahələrdəki buzlaqlar çayların və yeraltı suların qidalanmasında onların su ehtiyatlarının sabitləşməsində mühüm rol oynayır. Yüksək dağlıq qurşağın təsərrüfat baxımından mənimsənilməsi xeyli zəifdir ki, bu da zonanın relyefinin mürəkkəb xarakteri ilə izah olunur. Buradakı dik yamaclar, sıldırım qayalar, keçilməz erozion dərələr, sürüşmələr və s. bu kimi amillər təbii sərvətlərin mənimsənilməsini, nəqliyyatın işini, əhalinin məskunlaşmasını çətinləşdirir. Lakin bu qurşaqda yerləşən subalp və alp çəmənlikləri bu zonanı çox qimətli yay otlaqlarına və biçənəklərə çevirir. Qurşaq hüdudlarında əkinçilik kiçik talalar şəklindədir. Bəzi sahələrdə taxıl əkinləri 2000 m-ə qədər yüksəklikdə yerləşir.

Relyefin hündürlüyü ilə bərabər ekspozisiyası və meyli də ərazinin kənd təsərrüfatında istifadə edilməsinə ciddi təsir göstərir. Belə ki, rayonun dağlıq ərazilərində əkinçilik üçün əsasən meyli 6-10 dərəcə olan sahələrdən istifadə edilir. Meyllik 10-15 dərəcə olan ərazilərdə heyvandarlıq üstün yer tutur. Əkin sahələri kiçik talalar şəklindədir. Meyli 15 dərəcədən artıq olan sahələrdə kənd təsərrüfatı qoyunçuluq istiqamətindədir.

Girdimançay hövzəsinin yerləşdiyi iqtisadi coğrafi rayonunun faydalı qazıntılarla təminatı nisbətən aşağıdır. Lakin qeyd etmək lazımdır ki, rayonun, xüsusilə onun dağlıq zonasının geoloji öyrənilməsi hələ tam deyil. Cənub şərqi Qobustanda neft və təbii qaz qataqları (Xilmilli, Cabanı və s.) məlumdur.

Neft bəzi yerlərdə hidrogenli sularla qarışıq (Donuzdağ çuxuru və s.) çıxır. Çox yerdə qaz təbii halda (Nabur, Hilmilli, Cəyirli, Şorsulu, Ərəbqədim, Qoturdağ və s.) çıxır. Bundan başqa rayonda mineral boyaq, bitium, mərmər, əhəngdaşı, gillər, çökmə duz və s. növ faydalı qazıntı yataqları da məlumdur. Rayonun hidrokarbonatlı mineral suları böyük əhəmiyyət daşıyır. Bunlardan Zərgəran, Çağan, Qəleybuğurt, Çuxuryurd suları daha məşhurdur. Ən əhəmiyyətlisi Çuxuryurd bulaqlarıdır.(suyun temperaturu 15º-17º, gündəlik debiti 200000 litr). Bu suların böyük müalicəvi əhəmiyyəti olduğundan əhali onlardan bir çox xəstəliklərin müəlicəsində geniş istifadə edir.

Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq demək olar ki, iqtisadi rayon çox mürəkkəb geoloji quruluşa, relyefə və müxtəlif faydalı qazıntılara malikdir ki, bu da həm ərazinin mənimsənilməsinə, əhali tərəfindən məskunlaşmasına və eləcə də ayrı-ayrı təsərrüfat sahələrinin yerləşməsinə və inkişafına mühüm təsir göstərir.

Şirvan düzü Kür depressiyasının şimal-şərq hissəsini əhatə edib, 4-cü dovr çöküntülərindən təşkil olunmuşdur. Şərqdə Kür çökəkliyinin Aral çayı depressiyası hesabına genişlənən sahəsində dördüncü dövr çöküntüləri daha qalındır. Bü çöküntü qatının özülünü dərinə gömülmüş Neogen, Paleogen, Mezozoy süxurları təşkil edir.

Kür-Araz ovalığının bir hissəsini tutan Şirvan düzü üfüqi yatmış 4-cü dövrün delüvial, prolüvial və allüvial çöküntüləri ilə örtülmüşdür. Kür meqasinklinorisinin ox hissəsinin bəzi sahələrində 4-cü dövr çöküntülərinin qalınlığı 1000- 1500 m-ə çatır. Son illərdə ərazidə geniş miqyasda aparılmış geofiziki tədqiqatlar və qazma işləri nəticəsində 4-cü dövr çöküntüləri altında Neogen, Paleogen, Mezozoy qatlarında bir sıra gömülmüş platforma tipli antiklinal və sinklinal strukturlar müəyyən edilmişdir ki, bunlardan da bəzilərində neft yatağı aşkar olunmuşdur.

Vəlvələçay hövzəsi ərazinin müasir quruluşunun formalaşması prosesində tektonik proseslərin mühüm rolu olmuşdur. Ərazinin qərb hissəsi üçün denudasiyalı-eroziyalı relyef quruluşu xarakterikdir. Tədqiq olunan ərazinin relyefinin formalaşması bütün dördüncü dövr ərzində davam etmişdir.

Rayonun düzənlik sahəsi üçün akkumulyativ relyef forması xarakterikdir. Bu relyef Samur-Abşeron kanalının əsasən şərq hissəsini əhatə edir. Burada allüvi-prolüvi meyilli düzənlik, allüvi-prolüvi yaşlı düzənlik və sahil zonası ayırd olunur

Allüvi-prolüvi meyilli düzənlik çayın konusunun yuxarı və orta hissələrini əhatə edir və konuslararası depressiya ilə ayrılır. Ərazinin səthinin şimal-şərq istiqaməti 250-200m-dən başlayaraq 60-50m-dək enir. Konusun başlanğıcı süngüyəbənzər formada olub ox hissəsi bir qədər yuxarı qalxmış olur. Onlar əsasən çınqıllı və qaya parçaları formasında olub, ölçüləri və miqdarı dənizə doğru azalır.

Konusun səthinin dalğavari xarakterdə olması (eninə kəsikdə) burada çayının və ya yatağının olmasını göstərir. Konuslararası enmə bərabər şəkildə əhəmiyyətli dərəcədə hamar gil örtük qatı (bəzi yerlərdə 20m-ə yaxın) xarakterizə olunur.

Allüvial-prolüvial yastı düzənlik tədqiq olunan ərazinin şərq hissəsini tutur, cənuba doğru xeyli genişlənir. Sahil zona nazik zolaq şəklində Xəzər dənizi sahili boyu uzanaraq cənub-şərqdən müasir dəniz çöküntülərlə əhatə olunur, üfüqi istiqamətdə 20m-dək düşür.

Tədqiq olunan ərazinin geomorfologiyasının mühüm elementlərindən biri dəniz və çay terraslarının olmasıdır. Dəniz terrasının hündürlüyü Xəzər dənizinin səviyyəsində, çay terrası isə çay yatağının dibindən başlanır. Xəzər dənizinin cavan terrasları dəniz sahili boyunca, hər yerdə daha qədim terraslar isə yalnız kiçik qalıqlar şəklində müşahidə olunur. Çay terraslara daha çox dağətəyi zonalarda rast gəlinir. Dağlıq zonalarda onlar az, çayın aşağı axını boyu isə daha geniş şəkildə olub, sayı çoxalaraq 12-yə çatır.Terrasların hündürlüyü vadilərdə tez-tez dəyişir.

Bütün yuxarıda şərh olunanlar göstərir ki, təsvir olunan ərazi geomorfoloji cəhətdən çox müxtəlifdir. Bu da həmin ərazinin ayrı-ayrı sahələrinin müxtəlif geoloji dövrlərdə yarandığını göstərir.


Nəticə
Şərh olunan materialı ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, tədqiq olunan ərazilər özünün mürəkkəb coğrafii parametrləri ilə xarakterizə olunur. Ümumiyyətlə Azərbaycan Respublikası əazisinin iqlimi, geoloji və tektonik quruluşu çox mürəkkəbdir. Bu mürəkkəbliyin əsas səbəbi respublika ərazisinin Alp-Himalay orogen qurşağında , xüsusilə onun daha rəngarəng strukturu və relyefi ilə seçilən Qafqaz bölməsində yerləşməsidir. Əlbəttə ərazinin tək Alp-Himalay orogen qurşağında yerləşməsi onun relyefinin mürəkkəbliyinə səbəb olan tək amil deyil. Digər səbəb, burada ekzogen morfogenezi çox çeşidli (nival buzlaq, humid, arid) olmasıdır.

Azərbaycanda yüz ilə yaxın bir vaxtda aparılan geomorfoloji tədqiqatlar nəticəsində göstərilən hər iki səbəbin məzmunu və xarakteri, eləcə də onların təklikdə və qarşılıqlı təsiri şəraitində əmələ gələn relyef formaları tədqiq olunmuşdur. Tədqiq olunan ərazilərin relyefinin xüsusiyyətlərini öyrənmək, ayrı-ayrı böyük formaların əmələ gəlməsini müəyyənləşdirmək və onların inkişafını aydınlaşdırmaq, relyefin inkişafı prosesini izləməyi tələb edir. Tədqiq olunan ərazilərin geoloji və xüsusi geomorfoloji təhlili göstərir ki, çox qədim geoloji dövrlərdə (məsələn, paleozoydan əvvəl, paleozoyda, mezozoy erasında) mövcud olmuş relyef formaları sonrakı dövrlərdə baş vermiş endogen və ekzogen proseslərin təsiri nəticəsində yox olmuş və müassir relyefdə onların kiçik reliktlərinə belə rast gəlmək mümkün deyil. Bununla belə, ayrı-ayrı yerlərdə qədim keçmişdə əmələ gəlmiş süxur kompleksləri relyefin quruluşunda iştirak edir.

Azərbaycanda eləcə də Girdimançay və Vəlvələçay hövzəsi ərazilərində müasir morfostruktur planın əsası yalnız paleogendə qoyulsa da, geomorfogen mərhələ əsasən kaynazoyun ikinci yarısından başlamışdır. Tədqiq olunan ərazilərdə, bütövlükdə Qafqaz dağlıq ölkəsində olduğu kimi müasir relyef oliqosenin axırından, xüsusilə neogen və pleystosendə əmələ gəlmişdir. Tədqiq olunan ərazilərin geosinklinial zonalarında əyilmənin intensivliyi, dəniz hövzəsinin dərinliyi onları terrogen materiallarla təmin edən qonşu quru sahələrin geomorfoloji xüsusiyyətləri çox müxtəlifliyi ilə fərqlənir. Hər iki ərazinin müasir relyefi əsasən yura və təbaşir dövrlərində toplanmış gillər, şistlər, vulkanogen və karbonat süxur qatlarından qurulmuşdur.

Yuxarıda göstərilən faktlar, xüsusilə Qafqaza aid paleocoğrafi məlumatların təhlili neogen-pleystosenin müasir relyefin əmələ gəlməsi dövrü kimi xarakterizə etməyə imkan verir. Azərbaycanın, eləcə də tədqiq olunan ərazilərin müasir relyefində neogendən əvvəlki dövrlərdə mövcud olmuş müxtəlif mənşəlli relyef formalarından yalnız dağ silsilələrinin suayrıcı zonalrından yaşına görə oloqasenə aid edilən düzəlmə səthlərinin (denudasiyon mənşəlli hamar səthlərin) fraqmentləri saxlanmışdır.

Yuxarıda göstərilənlərdən çıxan əsas nəticə neogen-pleystosen dövrünün tədqiq olunan ərazilərinin relyefinin inkişafında xüsusi bir mərhələ olduğunu deməyə imkan verir. Azərbaycan geoloqlarının və geomorfoloqlarının böyük əksəriyyəti belə hesab edir ki, neogen və pleystosendə diferensial tektonik hərəkətlər planetin bütün orogen qurşağında olduğu kimi, Azərbaycanda da çox fəallaşmış və nisbətən qısa geoloji vaxt ərzində uca silsilə dağlar sistemi, böyük və kiçik dağətəyi və dağarası depressiyalar əmələ gətirmişdir. Bu proses əsasən sarmat əsrindən başlamışdır. Depressiya zonalarında aşağı sarmat çöküntüləri əsasən gillərdən, orta sarmat gillərlə yanaşı qumlardan ibarətdir. Yuxarı sarmatda isə tektonik hərəkətlərin ritmik olaraq artması və zəifləməsi hesabına depressiyalarda gil və qumdaşı laylarının növbələşməsindən ibarət olan qalın qatlar əmələ gəlmişdir. Sarmat əsrindən sonra gələn meotis əsrində tektonik fəallaşma nəticəsində tətqiq olunan ərazilərin dağlıq hissələrinin yüksəkliyi tədricən artmış, ayrı-ayrı morfostrukturlar morfoloji cəhətdən bir-birindən artıq fərqlənməyə başlamışdır (anteklinorium silsilələr, sinklinorium vadilər və s.). Sonrakı Pont əsrində bu tektonik hərəkətlərin bir qədər zəifləməsi qeyd olunur. Lakin Pont əsrindən sonra aşağı pliosendə yenidən dağlar intensiv qalxır və onların yüksəkliyi artır və nəticədə tətqiq olunan çayların dərələrinin dərinliyi xeyli artır və depressiyalarında əsasən qaba tərkibli terrigen məhsullar çökür. Bu çöküntülər əsasən qalın çaqıldaşı qatlarından ibarətdir.

Aşağı pliosendə axırlarına yaxın yan eroziya və denudasiya proseslərinin təsiri altında tədqiq olunan ərazilərin dağətəyi zonalarında geniş hamar səthlər yaranmışdır.

Aşağı pliosendən yuxarı pliosenə keçid zamanı tədqiq olunan ərazilərin geoloji və geomorfoloji proseslərinin gedişində böyük dəyişiklik baş vermişdir. Belə ciddi dəyişikliyin bütün fiziki-coğrafi proses və hadisələrdə də baş verməsi aşkar edilmişdir. Bu dövrdə, xüsusilə akçaqıl dövrünün əvvəllərində tektonik hərəkətlərin sürəti xeyli azalmışdır. Ümumiyyətlə, akçaqıl əsri çöküntülərinin aşağı pliosen çöküntüləri ilə müqayisəsi göstərir ki, çox qaba tərkibli olduğu halda, akçaqıl çöküntüləri əksər regionlarda xırda tərkibli olmaqla əsasən gillərdən ibarətdir. Tektonik hərəkətlərin qismən zəifləməsi ilə yanaşı, iqlimdə rütubətlik xeyli artmış, fülüvial morfogenez geniş yayılmış, dağ yamaclarında meşə landşaftının genişlənməsi eroziya və denudasiya proseslərini bir qədər zəiflətmişdir.

Akçaqıl dövrünün axırlarında Vəlvələçaydan qərbdə indiki kimi dik yamaclar olmuşdur, ətraf alçaq dağlıq üzərində nisbi yüksəklik fərqi təxminən 1000m-i ötən silsilələr yerləşmişdir. Çayın dərələrinin dərinliyi o zaman müasir dərinliyin yarısından artıq olmamışdır.

Abşeron əsrində (Eopleystosendə) tektonik hərəkətlərin istiqamətində (əyilmə və qalxma) xarakter və sürətində ciddi dəyişiklik olmamışdır. Lakin dağlıq və dağətəyi ərazilərdə qalxma və eroziya-denudasiya prosesləri bir qədər fəallaşmışdır. Pleystosen Azərbaycanın, xüsusən tədqiq olunan ərazilərin relyefinin inkşafında xüsusi yer tutur. Pleystosendə baş vermiş geomorfoloji proseslərdən ən mühümü öyrənilən ərazilərin dağlıq sahələrində tektonik hərəkətlərin fəallaşması və əsl yüksək dağlıq qurşağın əmələ gəlməsidir. Bu dövrdə geoloji və geomorfoloji baxımdan zəruri hesab edilən mühüm proseslərdən biri də, depressiya və dağətəyi əyilmə sahələrində baş verən qırışıqlıq hərəkətləridir. Bu hərəkətlər nəticəsində tədqiq olunan ərazilərin qırışıq strukturları və onlara müvafiq gələn antiklinal tirələr, sinklinial çökəklər, vadilər əmələ gəlmişdir. Vəlvələçay hövzəsi ərazilərinin antiklinoriumu zonasında strukturların qırılması üzrə şimala aşması və ön əyilmə üzərində hərəkəti tamaülü aşkar edilmişdir.

Geomorfoloji baxımdan pliosen dövrünün ən əlamətdar hadisələrindən biri də iqlimin təkrarlanan dəyişmələridir. Bu dəyişmələrin soyuqlaşma fazasında ərazilərin dağlıq sahələri buzlaşmaya məruz qalmış və bir neçə dəfə təkrarlanan dağ buzlaşmaları xüsusilə axrıncı buzlaşmaları əmələ gətirmişdir.

Öyrənilən ərazilərin dağətəyi və alçaq dağlıq zonasında, bəzi dağdaxili çökəklərdə geniş yayılmış arid-denudasion relyef formaları əsasən pleystosendə iqlimin aridləşməsi təmayülünün artması ilə əlaqədar əmələ gəlmiş və hazırda da inkişaf etməkdədir.

Relyefin inkişafı prosesinə son zamanlar qoşulan antropogen amildir. Keçən yüzillikdə, hətta minilliklərdə insanın təsərrüfat fəaliyyətinin relyefə təsiri yalnız lokal sahələrdə mümkün idi. Ümumiyyətlə XX əsrə qədər insanın relyefə təsiri onda ciddi dəyişiklik yarada bilməmişdir. XX əsrin 50-ci illərindən başlamış müasir texniki vasitələrdən istifadə edən insan cəmiyyəti relyefə öz həcminə görə müasir eroziya, denudasiya proseslərinin təsirindən güclü təsir göstərmişdir. Antropogen relyef formaları ən çox tədqiq olunan ərazilərinin irriqasiya və meliorasiya prosesləri ilə əlaqədər çəkilmiş onlarla böyük və orta yüzlərlə qısa kanal, arx və kollektorlardan ibarətdir.

İnsanın təsərrüfat fəaliyyəti nəticəsində relyefdə az-çox böyük dəyişiklik yaratması böyük hidrotexniki tikintilər və irimiqyaslı dağ mədən işləri yerinə yetirilməsi ilə bağlıdır. Bütün bu proseslər sözü gedən ərazilərin ətraf mühit amillərinə (hava, su, torpaq) ciddi şəkildə təsir göstərməkdədir. Yalnız antropogen təsirin elmi şəkildə idarə olunması ərazilərin təbii iqlim və landşaft xüsusiyyətlərinin uzunmüddətli sabit saxlanmasına səbəb ola bilər.


Yüklə 97,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin