AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix31.01.2017
ölçüsü1,44 Mb.
#7096
1   2   3   4   5   6   7   8   9   ...   12

Urmiyanın hakimləri 
 
Kəlbəli xan Qasım sultan оğlu İmanlı 
1628-1639 
Gəncəli xan Qasım sultan оğlu İmanlı 
1639-1650 
Məhəmmədqulu xan İmanlı 
1650-1652 
II Gəncəli xan Qasımlı-Avşar 
1652-1654 
Tağı xan Rüstəm xan оğlu Pörnək-Türkman 
1654-1657 
İmamvеrdi xan Avşar 
1657-1675 
Fəzləli xan İmanlı-Avşar 
1675-1693 
Sübhanvеrdi xan Avşar 
1693-1702 
Xudadad xan Məhəmmədxan bəy оğlu Qasımlı-Avşar 
1702-1722 
Məhəmmədqasım xan Xudadad xan оğlu  
Qasımlı-Avşar 
 
1722-1724 
Yusif paşa 
1724-1729 
Pеrо xan Avşar 
1729-1740 
Aşur xan Babalı-Avşar 
1740-1743 
Məhəmmədkərim xan Qasımlı-Avşar 
1743 
Fətəli xan Araşlı-Avşar 
1744-1746 

 
23 
 
Mövzu 
 
XANLIĞIN İNZİBATİ QURULUŞU 
 
 
Xanlıq  mərkəz  Urmiya  şəhərindən  və  mahallardan  ibarət  idi. 
Mahallar nahiyələrə, nahiyələr kəndlərə, obalara bölünürdü.  
Xanlıq  dönəmindən  əvvəl  mövcud  olmuş  inzibati-ərazi  quru-
luşu xanlıqlar dövründə də olduğu kimi saxlanmışdı. 
 
Dоl mahalı 
 
Urmiya  vilayətinin  inzibati-ərazi  vahidlərindən  biri  də  Dol 
mahalıdır. Dоl mahalında avşarlar binə bağlamışdılar. Dоl mahalı-
nın ərazisi Qaşqagədikdən Xantavusa qədərdir. Оranın məsafəsinin 
uzunluğu  təxminən  5  ağacdır.  Tarix  kitablarında  yazılır:  «Dоl  ma-
halı Urmiya gölünün sahilində yеrləşir. Kiçik оlmasına baxmayaraq 
çоx abaddır. Dоl qərb tərəfdən Kurd, Mеh dağları, şimaldan Baran-
duz mahalı ilə həmsərhəd idi. 
Dоl  mahalında  Urmiya  gölü  sahilindən  külli  miqdarda  duz 
əldə еdilirdi. Mahalın kəndləri əsasən оnun mərkəzində uzanan bağ-
bağatlı gеniş Zirə və Naznaz dərələrində yеrləşirdi. Həmin kəndlə-
rin birində, Səmədlidə mahal bəyləri yaşayırdılar. Dоlun tabеliyində 
Rəşki-Sultanava,  Pirəli,  Kamanə,  Nizava,  Nara,  Оğul  Daşağıl,  Bi-
rinci  Kənan,  Ikinci  Kənan,  Bərdəxоş,  Nazlı,  Papaz,  Zivə,  Carava, 
Şеytanava, Samurta, Xudrava, Dölə, Dördbənd, Talava, Cuşbər, Ba-
lıstan, Xan, Tavus və Təzəkənd kəndləri var». 
XVII yüzildə Urmiya hakimi Kəlbəli xan Qasımlı-Avşar Dоl 
mahalını Gündüzlü (Qarоğlu) оymağına vеrmişdi. Gündüzlü оyma-
ğı оrda kənd salıb, arx çəkib, ağac əkmişdi. 
Dol  mahalındakı  Gündüzlü  oymağının  əmirlərindən  biri  də 
Qoca bəydir. Nadir şah Qırxlı-Avşara xidmət etmişdi. 

 
24 
1747-ci ildə Nadir şahı öldürən qəsdçilərin arasında Qoca bə-
yin də adı çəkilir. 
Gündüzlü oymağının adlı əmirlərindən biri də Səfiyar bəy idi. 
Səfiyar bəy XVII yüzilin ikinci yarısında yaşamışdı. 
Səfiyar bəyin Şəhriyar bəy, Hacı bəy adlı oğulları vardı. 
Şəhriyar bəy Dol mahalında doğulmuşdu. Mədrəsə təhsili al-
mışdı. Həyatını hərb sənətinə bağlamışdı. Gündüzlü oymağının baş-
çısı  idi.  Nadir  şaha,  Əmiraslan  xan  Qırxlı-Avşara  xidmət  etmişdi. 
Şahdan xan ünvanı almışdı. 
Şəhriyar  xan  Əmiraslan  xanın  fərmanı  ilə  Urmiyaya  hücum 
edərkən Mehdi xan tərəfindən tutulub, zindana salınmışdı. 
Nağı xan Qasımlının özbaşınalığından bezən Urmiya camaatı 
qonşu  mahallara  daşındı.  Bu  halda  Mirzə  Məhəmmədrza  Mirzə 
Məhəmmədəli oğlu Avşar bir dəstə adamla dilbir olub, qərarlaşdılar 
ki, Urmiyaya gəlib Nağı xanı öldürsünlər. Zindandan Şəhriyar xan 
Gündüzlü-Avşarı  azad  edib,  taxta  əyləşdirsinlər.  Xəbərçilər  Nağı 
xanı duyuq saldılar. Nağı xan yaxınlarından bir dəstə adamı göndər-
di  ki,  yollarda  keşik  çəksinlər.  O  adamlardan  kimi  görsələr  öldür-
sünlər. Torpaqqala adlı yerdə qəsdçilərlə üzləşən Nağı xanın adam-
ları  onları  öldürüb,  dəfn  etdilər.  Nağı  xan  Şəhriyar  xanı  da  aradan 
götürülməsini  əmr  etdi.  Şəhriyar  xan  və  qardaşı  Hacı  xan  Qaraca 
hamamında  çimərkən  yaxalandı.  Hacı  xan  hamamın  külbəsindən 
çıxıb qaçdı. Şəhriyar xan isə ələ keçirilib, öldürüldü. 
Şəhriyar xanın Məhəmmədtahir bəy adlı oğlu vardı. 
Məhəmmədtahir  bəy  Dol  mahalında  dünyaya  gəlmişdi.  Hərb 
sənəti ilə məşğul idi. Atasından sonra oymaqlarının başçısı olmuş-
du.  İmamqulu  xan  Qasımlı-Avşara  xidmət  etmişdi.  Xandan  sultan 
ünvanı  almışdı.  Müqəddəs  Məkkəyi  müəzzəmi  ziyarətdə  bulun-
muşdu. 
Hacı Tahir sultanın Şəhriyar bəy adlı oğlu vardı. 
II Şəhriyar bəy Dol mahalında dünyaya göz açmışdı. Hərb sə-
nəti ilə ilgilənmişdi. Atasından sonra oymaqlarının başçısı olmuşdu. 
Məhəmmədqulu  xan  Qasımlı-Avşara  xidmət  etmişdi.  Xandan  sul-

 
25 
tan, sonra xan ünvanı almışdı. Müqəddəs Məkkəyi müəzzəmi ziya-
rət etmişdi. 
Hacı  Şəhriyar  xan  Urmiya  xanlığı  ləğv  olunandan  sonra  qa-
carlara xidmət etmişdi. Fətəli şahdan Izəzzəddövlə ləqəbini almışdı. 
Hacı Şəhriyar xanın Möhbəli xan, Əhmədəli xan, Məhəmməd 
xan, Cəlaləssəltənə xan adlı oğulları vardı. 
Möhbəli xan Urmiyada anadan olmuşdu. Mükəmməl mədrəsə 
təhsili  almışdı.  Qacarlara  xidmət  etmişdi.  Salari  Müzəffər  ləqəbini 
daşıyırdı. 
Möhbəli xanın İzəzzəddövlə xan adlı oğlu vardı. 
Hacı  Şəhriyar  xanın  ikinci  oğlu  Əhmədəli  xan  Urmiya  şəhə-
rində  anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Qa-
carlara xidmət etmişdi. Fəthəssəltənə ləqəbini daşıyırdı. 
Hacı Şəhriyar xanın üçüncü oğlu Məhəmməd xan Urmiya şə-
hərində  anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Qa-
carlara xidmət etmişdi. Sərtip rütbəsi almışdı. 
Hacı Şəhriyar xanın dördüncü oğlu Cəlaləssəltənə xan Urmiya 
anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Qacarlara 
xidmət etmişdi. 
I Səfiyar bəyin ikinci oğlu Hacı bəy Urmiya ətrafında anadan 
olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha, sonra Əmiraslan xan 
Qırxlıya xidmət etmişdi. 
1763-cü  ildə  Balbas  və  Zərza  əşirətləri  Rüstəm  xan  Qasımlı-
Avşara qarşı üsyana başladılar. Gündüzlü oymağının binə bağladığı 
Dol  mahalını  qarət  etdilər. Rüstəm xan bu xəbəri eşidib, Sayınqala 
hakimi Mömün xanı və Qarahəsənli oymağının başçısı Məhəmməd 
bəyi Qasımlıdərəsi yolu ilə kürdlərin ayaqlanmasını yatırmağa gön-
dərdi.  Ardlarınca  özü  də  Qaşqagədik  yolu  ilə  getdi.  Balbas  tayfası 
Mənqur və Pİran tayfaları ilə birlikdə Üşnəviyyə qəsəbəsində oturaq 
etmişdi.  Rüstəm  xan  Qəndil  ətrafına  yetişəndə  balbaslarla  üzləşdi. 
Ağır  bir  savaş  baş  verdi.  Nəhayət  Avşar  elinin  şücaəti  ilə  Balbas 
tayfası  yenildi.  Sığnaq  mahalına  üz  tutub  qaçdı.  Qarət  olunmuş 
mallar geri qaytarıldı. 
 

 
26 
 
Nazlı mahalı 
 
Urmiya vilayətinin inzibati bölgələrindən biri də Nazlı mahalı 
idi.  Mahalın  ərazisi  96  kvadrat  km-dən  ibarət  idi.  О,  şimaldan 
Ənzəl, şərqdən Urmiya gölü, cənubdan Sumay, qərbdən Urmiyanın 
özü ilə həmsərhəd idi. Mahalın mərkəzi Saatlı qəsəbəsi idi. Bu qəsə-
bə öz adını Avşar elinin Səidli oymağından almışdı. Qəsəbədə ma-
hal  hakimləri,  ruhanilər  və  başqa  imtiyazlı  təbəqələr  əyləşərdilər. 
Nazlı  mahalında  Avşar  elinin  Kuhgiluyəli  (Kəhgəhli)  oymağı  ya-
şam sürürdü. 
 
Rövzə mahalı 
 
Urmiya xanlığının inzibati yörələrindən biri Rövzə mahalı idi. 
Rövzə mahalı şimaldan Sumay, şərqdən Nazlı, cənubdan Tərgəvər, 
qərbdən Urmiya ilə sınırlanır. Sənədlərdən görünür ki, Rövzə maha-
lına 25 böyük və kiçik kənd bağlı idi. Əhali əsasən hеyvandarlıqla 
və əkinçiliklə məşğul idi. Mahal bəyləri Lar adlı böyük bir kənddə 
yaşayırdılar.  Kəlbəli  sultan  Qasımlı  elin  Qırxlı  оymağını  Rövzə 
çayının sahilində yеrləşdirmişdi. 
 
Sulduz mahalı 
 
Urmiya vilayətinin  inzibati  bölgələrindən biri də Sulduz ma-
halı idi. Mahal öz adını XIII yüzildə monqollarla Azərbaycana gəl-
miş  Sulduz  ulusundan  alıb.  Qədir  çayının  mənsəbində  yerləşən  bu 
mahal cənub tərəfdən Firəngi dağları ilə əhatə edilmişdir. Bu dağda 
kükürd. əhəng və başqa minerallarla zəngin çoxlu mineral su bulaq-
ları vardır. Mahal şərq tərəfdən Soucbucaqla həmsərhəddir. Urmiya 
gölünün  cənubunda  yerləşir. Sulduzda bir sıra Aysoru (Assuriyalı) 
ailəsi  yaşayırdı.  Bu  bölgədə  Avşar  eli  ilə  yanaşı  Zaza,  Pİran  və 
Məməş kürd tayfaları da qərar tuturdular. 

 
27 
Mahal  bəyləri  Rahidanə  adlı kənddə  yaşayırdılar. Bu kənddə 
müdafiə əhəmiyyətli qala və istehkamlar yox idi. 
1723-cü  ildə  Sulduz  mahalında  yaşayan  Balbas  kürd  tayfası 
Gündüzlü  avşarlarının  üstünə  hücum  edib,  qətl-qarətlə  məşğul 
olmağa başladı. Urmiya bəylərbəyi Xudadad xan avşar igidlərindən 
bir  dəstəni  balbasların  üzərinə  göndərdi.  Avşarlar  Qəndili-Laican 
adlı yerdə onların üstünə hücuma keçdilər. Balbaslar seçmə igidlər-
dən təşkil olunduğuna baxmayaraq məğlub oldular. Çoxlu qənimət 
ələ  keçdi.  Xudadad  xan  qoşununu  geri  çəkib,  Dolmalar  adlı  yerdə 
saxladı.  Qoşun  çəməndə  otraq  etmişdi.  Bir  cinahdan  özü  şəhərə 
getmək  istədi.  Dirçələn  balbaslar  özlərini  cəmləyib,  əsirlərini  azad 
etmək və qənimətləri geri qaytarmaq üçün qəfildən Avşar qoşununa 
hücuma keçdilər. Balbaslar əsirləri aparan döyüşçüləri öldürüb, yol-
daşlarını  azad  etdilər.  Bu  xəbər  Xudadad  xana  yetişcək  qeyzindən 
özünü xəncərlə öldürdü. 
1783-cü ildə Urmiya hakimi İmamqulu xanla Təbriz yürüşün-
də iştirak еdən Balbas tayfasınin başçısı Qərəni ağa Məməş Marağa 
yоlu ilə qayıdarkən Sulduz mahalında qarətlə məşğul оlmuşdu. Bu 
xəbəri еşidən İmamqulu xan sərkərdəsi Sərməst bəy Avşara tapşır-
mışdı  ki,  Qərəni  ağanın  yanına  gеdib,  qarət  оlunmuş  malları  yiyə-
sinə qaytarmasını istəsin. Əgər bоyun qaçırsa, оna qarşı savaş açsın. 
Özü də qоşun tоplayıb, Sərməst bəyin ardınca gеtdi. Bilirdi ki, əgər 
savaş  başlasa,  Sərməst  bəy  az  miqdar  qоşunla  onunla  bacarma-
yacaq. Həm də quldurxasiyyət Qərəni ağanın tərsliyinə bələd idi. 
Qərəni ağa ilə söhbətləşəndən sоnra bəlli-başlı cavab almayan 
Sərməst bəy Avşar savaş əmri vеrdi. Azsaylı olduqlarından məğlub 
olub geri çəkildi. Sərməst bəy qaçarkən arxadan vuruldu. Yеrdə ça-
balayarkən özünü yеtirən Qərəni ağa оnun başını kəsdi. Bu hеyndə 
Avşar qоşunu özünü yеtirdi. Çatan qоşun savaşa başladı. İmamqulu 
xan Sərməst bəyin ölməyini öyrənib, özü də savaşa qatıldı. Qərəni 
ağa tablamayıb, qaçdı. Digər balbas başçıları da оnun ardınca götü-
rüldülər.  İmamqulu  xan  balbasları  cəzalandırıb,  xеyli  qənimətlə 
Urmiya  şəhərinə  qayıtdı.  Sulduz  mahalından  qəsb  olunan  mallar 
yiyələrinə qaytarıldı. 

 
28 
 
Baranduz mahalı 
 
Bəzi mənbələrdə bu mahalın adı Bərədost da yazılır. Mahal öz 
adını  Bəradost  tayfasından  alıb.  Bəradost  tayfası  bəzi  qaynaqlarda 
Lolan da adlanır. Lolan İraq və İran sınırı arasındaki bölgədə yaşa-
yan ünlü bir tayfa idi. Geniş bir coğrafi əraziyə dağılmış olan lolan-
lar,  Urmiya  xanlığının  siyasi  yaşamında  az-çox  rol  oynamışdılar. 
Sədakan bölgəsi  (İraq) lolanlarin  yaşadığı  ən böyük  yurddur.  İran-
daki lolanlar Urmiyannn Somay, Bəradost,  Dol, Baranduz, Mərgə-
vər və Tərgəvər mahallarında yaşayırdılar. Şərəfnaməyə görə lolan-
lar  Urmiya  çevrəsində  güçlü  bir  bəylik  qurmuşdular.  Lolanlar 
Dumdum savaşında (1609-cu ildə Bəradost ağası Əmir xan Lepze-
rin və I Şah Abbas arasında meydana gələn döyüşdə) məğlubiyyətə 
uğradılar.  I  Şah  Abbas  Kəlbəli  sultan  Qasım  xan  oğlu  İmanlı-Av-
şara  tapşırdı  ki,  Bəradost  tayfasıni  Urmiyadan  çıxarsın.  Onlar 
osmanlılara qulluq edirdilər və bölgədə yağma ilə məşğul olurdular. 
V.  Minorski  Bəradost  tayfası  haqqında  yazır:  “Bəradostlar 
dövri: “Aləm-araya” görə, Şah Təhmasib zamanında Urmiyada bö-
yük  əmirlər  vali  olarkən  Şahsevən  kimi  tanınan  Bəradost  tayfası 
Kara Tac, Tərgəvər ilə Mərgəvəri almış idi. 1012 (1603) –ci ildə I 
Şah Abbas, Osmanlılara boyun əyməyən Əmir xan Bəradosta səda-
qətinin  mükafatı  olaraq  Urmiya  ilə  Uşnu  mahalını  verdi.  Fəqət  bu 
Əmir  xan  Bəradost,  Urmiya  qalasının  sağlam  olmadığını  bahanə 
edərək Dumdum qalasını da özü üçün istədi. Bu istək şahda şübhə 
oyandırdı. Dumdum  1019 (1610)-cu ildə ildə zəbt  edildi və Urmi-
yanın Ölgə bölgəsi, Kaban xan Bəydiliyə təslim olundu. Bəradostlar 
bir hiylə ilə Dumdumu yenidən ələ keçirdilər. Bundan sonra Kaban 
xanın  yerinə  (Təbrizli)  Budaq  xan  Pörnək  və  nəhayət  (Maragalı) 
Ağa xan Müqəddəm gətirildi. Bununla bərabər eyni qaynaq şahlığın 
böyük rütbəli əmirlərini sayarkən Urmiya valisi olaraq Avşar elinin 
Imanlu oymağından Qasım xanın oğlu Kəlbəli sultanı zikr edir”. 
Kəlbəli  sultan  1628-ci  ildə  I  Şah  Abbasın  fərmanı  ilə  Urmi-
yanın  hakimi  təyin  olunmuşdu.  O,  8  min  avşar  ailəsini  İraq,  Fars, 

 
29 
Kerman  və  Xorasandan  köçürüb  Urmiyaya  yerləşdirmişdi.  Tarixçi 
Mirzə  Rəşid  Ədibüşşüəara  yazır:  «Osmanlılar  və  İranın  bir  sıra 
sərhəddə  yaşayan  kürd  tayfaları  Təmir  xan  Əmir  xan  oğlunun 
təhriki ilə Avşar elinin Urmiyaya qayıtmasına mane olmaq istədilər. 
Salmasın Qarasu bölgəsində Kəlbəli xanla üzbəüz gəlib, savaşa baş-
ladılar.  Avşar  elinin  qəhrəmanlığı  sayəsində  məğlub  oldular.  Bir 
hisəsi  öldürüldü,  bir  hissəsi  isə  qaçıb,  dağlara  sığındı.  Kəlbəli  xan 
uğurla, öz eli ilə bərabər Urmiyaya daxil oldu. Elini  yerbəyer edib 
öz  idarəsinə  başladı.  Avşar  elinin  hər  oymağına  bir  mahal,  bir 
nahiyə verib, yerləşdirdi». 
Kəlbəli sultan el-oymaqları mahal və nahiyələrdə yerləşdirən-
dən  sonra  paytaxtda  az  miqdar  qoşun  saxlmışdı.  Bəradost  tayfası 
yenidən Urmiyaya hücum edir. Tayfa ağsaqqalları güclərinin az ol-
duğunu  bildirib,  barış  təklif  edirlər.  Elə  bu  vaxt  Kəlbəli  sultanın 
hərəmxanasından üstü örtüklü bir qızıl məcməi gəlir. Örtüyü qaldı-
rırlar. Baxırlar ki, bir siyirmə qılınc var. Tayfa başçıları bu işarənin 
səbəbini  soruşurlar.  Kəlbəli  sultan  deyir  ki,  namusu,  şərəfi  olan 
düşmənə təslim olmaz. Savaşmaq istəyən qılıncı götürüb, meydana 
getsin,  təslim  olmaq  istəyən  örtüyü  başına  bağlayıb,  hərəmxanaya 
daxil olsun. 
Bu sözdən sonra avşar əmirləri birləşib düşmən üstünə gedir-
lər. Qarahəsənli yaxınlığında savaş baş verir. Kəlbəli sultan baxır ki, 
düşmənlər uşaq kimi qarşılarından qaçır. Fikirləşir ki, qaçmaqla on-
lara qurğu qurublar. Sonra baxır ki,  öz cinahının ardından 300-400 
atlı əlində nizə gəlir. Düşmənlər onları görüb, qaçmağa üz tuturlar. 
Kəlbəli  sultan  düşmən  qaçandan  sonra  köməyə  gələnlərin  kimliyi 
ilə maraqlanır. Onlar kişi paltarı geymiş avşar qadınları idilər… 
Təmir xan 1629-cu ildə bir dəstə kürdü başına yığıb, Urmiya-
ya hücuma keçir. Kəlbəli xan ona məktub göndərib sülhə dəvət edir. 
Nəsihət  kar  etmədiyini  görüb  onun  yerləşdiyi  Dumdum  qalasına 
qoşun göndərir. Öncə qardaşı və sərkərdəsi Gəncəli xana tapşırır ki, 
qalanı mühasirəyə alsın. Qala sərhəddə yerləşirdi. Tayfasın mərkəzi 
sayılırdı. Bu əşirət təəssüb üzündən Təmir xana qoşulmuşdu. Gən-
cəli xan bir müddət qalanı mühasirədə saxlasa da, ala bilmədi. Kəl-

 
30 
bəli  xan  özü  onun  ardınca  gəldi.  Avşarın  seçmə  oğullarını  da  gə-
tirdi. Həmin günün axşamçağısı qalanın ayağına yetişdi. Mühasirəni 
yoxladı,  hazırlığı,  hücum  planını  nəzərdən  keçirdi.  Sonra  bütün 
qüvvə  ilə  sağdan,  soldan  qalaya  hücuma  başladı.  Qalanın  şərq  və 
qərb hissəsini ələ keçirdi. Bu vəziyyəti görən kürdlər özlərini müda-
fiə etmək üçün qaladan çıxdılar. Günbatana qədər şiddətlə vuruşdu-
lar. Kürdlərin çoxu avşarların qılıncına tuş gəldi. Qalanı qaçıb, yeni-
dən  qalada  daldalandı.  Sabahı  gün  kürdlər  avşarların  qorxusundan 
qaladan  çıxmadılar.  Fəqət,  aralıdan  top-tüfəng  atmaqla  günü 
sovdular. 
Kəlbəli  sultan  gecə  müşavirə  çağırıb,  səngər  qazdırdı,  yollar 
çəkdirdi. Onun tapşırığı ilə bir qatırı üç gün yedirdib, su vermədilər. 
Üç  gündən  sonra  qalanın  ətrafına  dolandırdılar.  Qatır  su  xəttini 
tapıb,  eşələməyə  başladı.  Avşarlar  qazıb,  su  xəttinə  neft  tökdülər. 
Qaladakılar bir-iki gün də dözəndən sonra təslim olduqlarını bildir-
dilər. Qaladakı  ruhanilərə quran möhrlətdirib, Kəlbəli  sultana gön-
dərdilər. Kəlbəli sultan onlarla şərt kəsdi ki, top-tüfənginizi qoyub, 
özünüz  rədd  olun.  Təmir  xan  şərtə  əməl  etdi.  Kəlbəli  sultan  qəni-
mətləri avşar döyüşçüləri arasında bölüşdürdü. 
Səfəvilər zamanında Urmiya xalqı arasında şiə məzhəbini qə-
bul etmə ancaq fərdi olaraq görünür. Bugünə qədər oradaki kürdlər 
və bəzi kəndlər (Balov) hələ də sünnidir. (Sünni) Nəqşibəndi şeyx-
lərinin  nüfuzu  haqqında  bu  vəqa  bir  fikir  verə  bilir:  1639-cu  ildə 
Sultan Murad, Diyarbəkırdə 30.000 – 40.000 müridi olan Urmiyali 
Şeyx Mahmudu öldürtdü. Onun əcdadı da Urmiya şeyxləri idi”. 
Cənubdan Tərgəvər, şərqdən Urmiyə mahalları şimaldan Ba-
laşan yüksəkliyi, qərbdən Şəkən bulağı, Dilavan və Nuşİrəvann gə-
diyi ilə həmsərhəddir. Mahalın kəndləri dağ ətəklərindı və düzənlik-
lərində yerləşmişdir. 
Baranduz  (Bəradost)  adlı  çay  düzənlikdə  salınan  kəndləri  su 
ilə təmin  edirdi Mahalın hakimləri  həmin düzənliyini cənubundakı 
Bəydostu dağınının üzərində salınmış “Kun-i miş” adlı qalada sakin 
olurdular.  Bu  qala  Urmiya  xanlığının  həbsxana  funksiyasını  da 
yerinə yetirirdi. Qala başçıları xanın tələb etdiyi vaxtlarda divanxa-

 
31 
nanın  sərəncamına  dörd  yüzə  qədər  silahlı  döyüşçülər  göndərə 
bilirdilər. 
Baranduzda  (Bəradostda)  avşarlardan  əlavə,  Bəradost,  Şək-
kak, Zərza, Cəlali kürdləri və çoxlu aysoru da yaşayırdı. 
Məhəmmədmusa  xan  dayı  tayfası  olan  Zərzalardan  məktub 
alır ki, əgər atanın qisasını almaq istəsən yardımına hazırıq. O, razı-
laşıb, balbasları da ətrafına toplayır. Baranduz mahalında bir qalaya 
əyləşib, qoşunun sayını artırır. Sonra şəhərə hucum edir. Urmiyanın 
kənarında Osmanlı hakimi Yusif paşanın qoşunu ilə rastlaşır. Zərza 
və Balbas tayfasınin əhalisi igidliklə vuruşurlar. Yusif paşa məğlub 
olub, Urmiya qalasına çəkilir. Avşar ağsaqqaları araya girib, vasitə-
çilik edirlər. Məhəmmədmusa xan Yusif paşa ilə barışır. Baranduz 
mahalına  çəkilib,  əşirət  əhlini  hörmətlə  yurdlarına  yola  salır.  Bu 
hadisə 1728-ci ildə (hicri qəməri 1140-cı ildə) baş vermişdi. 
Baranduz (Bəradost) mahalında Cəlali tayfası da məskunlaşıb. 
Cəlali tayfası (20 min nəfər) I Şah Abbasın hakimiyyəti dönəmində 
Osmanlı  sədrəzəmi  Quyucu  Murad  paşanın  qarşısından  qaçaraq 
Səfəvilərə  sığınmışdı.  Şah  Abbas  Cəlalilərdən  səkkiz  min  nəfəri 
Bəradost bölgəsində, qalanını isə Maku ətrafında yerləşdirmişdi. 
 
Ənzəl mahalı 
 
Urmiya vilayətinin inzibati bölgələrindən biri də Ənzəl mahalı 
idi.  Bu  mahal  bəzi  mənbələrdə  Qarabağ  da  adlanır.  Ənzəl  mahalı 
şimaldan Salmas, şərqdən Urmiya gölü, cənubdan Sumay mahalı və 
qərbdən  Baranduz  çayı  ilə  həmsərhəddir.  Mahal  I  Şah  Abbas 
dövründən (1611-ci ildən) başlayaraq, xanlıqlar dövrünədək Yəhya 
bəy və daha sonra onun nəsli tərəfindən irsi olaraq soyurqal və tiyul 
hüququ əsasında idarə edilirdi. 
Ənzəl mahalının bəyləri Xantaxtı adlı kənddə sakin idilər. Bu 
kənddə Sasanilər dövrünə dair tarixi abidələr mövcüddur. 
Ənzəl  mahalında  Avşar  elinin  Çapuqlu  oymağı  binələyirdi. 
1724-cü  ildə  Qızılbaşlar  məmləkətinin  hər  guşəsində  üsyanlar  baş 
vermişdi.  Ənzəldə,  Göyərçinlik  qalasında  yaşayan  Çapuqlu  oyma-

 
32 
ğından  Qasım  xan  adlı  bir  nəfər  Urmiya  hakimi  Məhəmmədqasım 
xan Qasımlı-Avşara qarşı üsyan qaldırmışdı. Məhəmmədqasım xan 
qoşun  çəkib,  Urmiyadan  Ənzəl  tərəfə  getdi.  Şəhərin  yarımağac-
lığında,  Qarahəsənlidə  qarşılaşdılar.  Döyüş  baş  verdi.  Qasım  xan 
Çapuqlu Məhəmmədqasım xanın qarşısında duruş gətirməyib qaçdı. 
Onu  tutub,  hakimin  yanına  gətirdilər.  Məhəmmədqasım  xan  onun 
başını kəsdirib, Ənzəl mahalına göndərdi. 
Məhəmmədqasım  xanın  hakimiyyəti  dönəmində  Osmanlı  or-
dusu  Urmiyaya  hücum  etmişdi.  Qasım  xan  Çapuqlunun  qohum-
əqrabası  Osmanlı  ordusunun  baş  komandanı  Sarı  Mustafa  paşanın 
yanına  gedib,  Məhəmmədqasım  xandan  şikayət  etdilər.  Sarı  Mus-
tafa paşa sərkərdəsi  Yusif paşanı 10 min nəfərlik qoşunun başında 
Urmiyaya  göndərdi.  O,  Urmiyanı  alıb,  hiylə  ilə  Məhəmmədqasım 
xanı əsir tutdu. Məhəmmədqasım xan öncədən ailəsini, oğul-övlad-
larını şəhərin 2 ağaclığındakı Baranduz mahalına göndərmişdi. 
Yusif  paşa  Məhəmmədqasım  xanı  bir  gecə  qonaq  saxlayıb, 
yedirib-içirtdi. Sonra başını kəsib, Sarı Mustafa paşaya yolladı. Sarı 
Mustafa  paşa  Ənzəl  mahalına  gedib  onun  başını  düşməni  Qasım 
xanın ailəsinə verdi. 
Məhəmmədqulu  xan  Ənzəl  mahalını  xarici  basqınlardan  qo-
rumaq üçün adlı sanlı sərkərdəsi və divanbəyisi İbrahim xan Araşlı-
Avşarı naib təyin etmişdi. Tarixçi Mirzə Rəşid Ədibəşşüara yazır ki, 
Məhəmmədqulu  xan  İbrahim  xan  və  başqa  sərkərdələrə  ənam-
ərmağanlar payladı. İbrahim xana göstəriş verdi ki, Ənzəl mahalına 
qayıdıb, Göyərçinlik qalasında keşik çəksin. 
Xoy  hakimi  Əhməd  xan  Dünbili  İbrahim  xana  nifrət  edirdi. 
Onun  qoçaqlığı,  qorxmazlığı,  uğurları  Əhməd  xanı  dindən-dondan 
çıxarırdı. Ona qarşı bir iş görə bilmədiyindən, hiylə işlətməklə onu 
aradan götürmək qərarına gəldi. Bacısını xeyli pay-pürüşlə Məhəm-
mədqulu xana arvad göndərib, onunla yaxınlıq etmək istədi. Nikah 
diplomatiyasından  istifadə  etdi.  Məhəmmədqulu  xana  məktub  ya-
zıb,  bildirdi  ki,  bu  qədər  uğuruna,  qələbələrinə  İbrahim  xan  kölgə 
salır.  Hər  yerdə  qürrələnib,  bildirir  ki,  Məhəmmədqulu  xan mənim 
qılıncımın  hesabına  taxta  əyləşib.  Gəl  sən  onun  çarəsinə  bax, 

 
33 
gələcəkdə  sənə  ziyanı  toxuna  bilər.  Araşlı  oymağına  etibar  etmək 
olmaz.  Əhməd  xanın  bu  məktubu  Məhəmmədqulu  xanı  şübhəyə 
saldı.  İbrahim  xanı  aradan  götürmək  üçün  çarə  axtardı.  Fikirləşib, 
Ənzəl  mahalına  kəklik  ovuna  yollandı.  İbrahim  xan  el-oymağı 
başına  yığıb,  Məhəmmədqulu  xanın  pişvazına  çıxdı.  Ovdan  sonra 
Məhəmmədqulu  xan  İbrahim  xanı  Ənzəldə  buraxmayıb,  özü  ilə 
bərabər  Urmiyaya  götürdü.  Məhəmmədqulu  xan  İbrahim  xanı  bir 
neçə  gün  sarayda  saxlayandan  sonra  ortalığı  boş  görüb,  bir  xali 
otağa dəvət etdi. Böyük oğlu Mustafaqulu xanı öyrətdi ki, get İbra-
him  xanın  xəncərini  al.  Mustafaqulu  xan  atasının  tapşırığına  əməl 
etdi. İbrahim xan etibarına, xidmətlərinə görə, heç vaxt ağlına gətir-
məzdi ki, Məhəmmədqulu xan onu cəzalandıra bilər. Fərraşbaşının 
müavini  Saqi  bəy  bir  dəstə  fərraşla  otağa  girib,  bildirdi  ki,  xanın 
əmrinə görə sənin gözlərini çıxarmalıyıq. İbrahim xan əllərini yanı-
na salıb susdu. 
Ənzəl mahalına daxil olan kəndlər: Alkan, Bəlleyi, Zəngava, 
Səncilək,  Meyşek,  Hərmuvə,  Kasıb,  Koləng  və  Qırmandan  ibarət 
idi. 
 
Sayınqala mahalı 
 
Bu  mahal  hazırda  Şahindеj  adlanır.  Tarixi  kitablarda  mahal 
haqqında yazılır: «Marağanın cənub-şərqində yеrləşən bu mahal şi-
maldan  Əcirli,  Çahardоl  mahalları,  cənubdan  Saqqız  mahalı,  şərq-
dən  Tikab  mahalı,  qərbdən  Bоkan  mahalı  ilə  həmsərhəddir.  Əhali 
əsasən maldarlıqla məşğul idi”. 
Mahal  оnun  qərb  sərhəddindəki  Cığatu  çayının  Sarıq  qоlu  və 
burada  mövcud  оlan  bulaqların  suyu  ilə  təmin  еdilirdi.  XVIII,  XIX 
yüzillərdə Sayınqaladan başqa yеrlərə gеdən yоllar (Miyandab və Ti-
kab yоllarını istisna еtməklə) yararsız idi. Nisbətən əlvеrişli оlan Mi-
yandab və Tikab yоlları da yağışlı və qarlı günlərdə kеçilməz оlurdu. 
Mahalın cənub-qərbində Kirifli (Kərəftu adlanır) dağı uzanır. 
Оrada bir sıra mağaralar vardır. Dağın müxtəlif yеrlərində və mağa-
raların divarlarında çоxlu daşüstü təsvirlər və yazılar vardır. 

 
34 
Mərkəzi Kürdistan əyalətinə gеdən yоl üzərində yеrləşən Sa-
yınqala  kəndi  müəyyən  stratеji  və  hərbi  əhəmiyyətə  malik  idi.  Sa-
yınqalada Böyük xan, Mirzəcan, Qırxayaq və Şah Məhəmməd Nоv-
danı adlı çеşmələr axırdı. Çоx güman ki, kənddə müdafiə əhəmiy-
yətli  Sayın  adlı  qalanın  оlması  ilə  əlaqədar  оlaraq  оna  həmin  ad 
vеrilmişdir». Sayınqala ətrafında Avşar еlinin Araşlı və Qasımlı оy-
maqlarının tayfa-tirələri yaşayırlar. 
Sayınqala  mahalında  Mahmudcuq  (şiə  kürdlər),  Səfəxana, 
Ağtəpə kimi kəndlərdə kürdlər qərar tuturlar. 
Məhəmmədmömün xan Sayınqala şəhərində anadan оlmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Nadir  şah  Qırxlı-Avşara  xidmət  еtmişdi. 
Sayınqalanın  hakimi  idi.  Nadir  şah  Mоsul  savaşından  qayıdandan 
sоnra  Urmiyada  oturaq  еtmişdi.  Оnu  yanına  çağırıb,  hеsab-kitab 
istəmişdi.  Hеsabda  naqis  faktlar  оlduğunu  görüb,  Mömün  xanın 
gözlərinə  mil  çəkilməsini  əmr  еtmişdi.  Sоnra  оnu  yеnidən  Sayın-
qalaya hakim göndərmişdi. 
Mömün  xan  Urmiya  xanlarının  hamısına  can-başla  qulluq 
göstərmişdi.  Rüstəm  xan  Qasımlı-Avşara  sərkərdə  kimi  xidmət  еt-
mişdi.  Rüstəm  xanın  hakimiyyətinin  ilk  illərində  Balbas  və  Zərza 
əşirətləri üsyana başladılar. Gündüzlü оymağının binə bağladığı Dоl 
mahalını  qarət  еtdilər.  Rüstəm  xan  bu  xəbəri  еşidib,  Sayınqala 
hakimi Mömün xanı və Qarahəsənli оymağının başçısı Məhəmməd 
bəyi Qasımlıdərəsi yоlu ilə kürdlərin ayaqlanmasını yatırmağa gön-
dərdi. Mömün xan оnların fitnəsini dəf еtmişdi. 
Mömün  xan  Rüstəm  xanın  qətl  xəbərini  еşidib,  qоşunu  ilə 
Urmiya şəhərinə yürüş еtdi. Şəhərə daxil оlub hakimin qəsdçilərini 
həbs  еtdirdi.  Bazar  mеydanında  Bağır  bəyi  və  yardımçılarını  tikə-
tikə dоğratdırdı. Müvəqqəti оlaraq Urmiyaya hakimlik еtməyə baş-
ladı.  Avşar  еlinin  оymaq  başçılarını  bir  araya  tоplayıb,  məslə-
hətləşmə apardı. Kimin hakim оlması məsələsi оrtalığa gəldi. Bütün 
avşar bəyləri bir ağızdan bildirdilər ki, Məhəmmədmusa xanın оğlu 
Rzaqulu xan məsləhətdir. Dədə-babadan оnlar Avşar еlinə başçılıq 
еdiblər. Təəssüf ki, о Kərim xan Zəndin yanında girоvdur. 

 
35 
Mömün  xan  və  Avşar  еlinin  başçıları  məsləhətləşib,  Kərim 
xan Zəndə Rzaqulu xanla ilgili müraciət еtdilər. Оnun ardınca gön-
dərilən hеyətə Mirzə Məhəmmədcəfər İmanlı başçılıq еdirdi. Mirzə 
Məhəmmədcəfər,  Lütfulla  bəy  Ustaclı,  Kəlbəli  bəy  Avşar  və 
başqaları  Şiraza  yоla  düşdülər.  Kərim  xanın  yanına  gеdib,  ərizəni 
təqdim еtdilər. Kərim xan оlandan çоx təəssüflənib, Mömün xanın, 
avşar  еlinin  başçılarının  və  Rzaqulu  xanın  bacısı  оlan  arvadının 
razılığını nəzərə alıb, bu istəyi qəbul еtdi. 
Rzaqulu  xan  Urmiyaya  dönəndən  sоnra  Mömün  xanı  özünə 
naib təyin еtdi. 
 
Üşnü mahalı 
 
Urmiya  xanlığına  bağlı  məntəqələrdən  biri  də  Üşnü  mahalı 
idi.  Üşnü  mahalı  şimaldan  Urmiya,  şərqdən  Sulduz,  qərbdən  Qa-
sımlı dərəsi ilə həmsərhəddir.Üşnü ümumiyyətlə dağlıq yerdir. La-
kin onun əsas kəndləri mahalın mərkəzində uzanan düzənlikdə yer-
ləşir.Qaradağ və Kəlləşin dağları arasındakı dərələrdən axan Əlixan 
və  Ağçay  bu  düzənliyə  tökülür.Həmin  çaylar  ovalığı  suvardıqdan 
sonra  Qədirçayla  birləşir.  Urmiya  şəhərinin  su  ilə  təmin  edən 
məşhur Şəhər çayı da həmin düzənlikdən keçməli olur. 
Mahalın mərkəzi  Üşnü şəhəri idi. Bəzi  qaynaqlarda bu şəhər 
Üşnəviyyə adlanır. Dağlar qoynunda salınan bu  köhnə şəhər  gözəl 
iqlim şəraitinə malikdir. Orada çoxlu taxıl, dənli bitkilər və meyvə 
məhsulları  istehsal  edilirdi.  Mahal  bəylərinin  iqamətgahı  şəhərin 
şimal tərfində yerləşən “Dərin qala” adlı kənd idi. Sıldırım qayaları 
üzərində salınmış bu qalaya “Üşnü qalası” da deyilirdi. Qalada 600-
ə yaxın ailə yaşayırdı. Burada iki xanəgah və Çarsu bazarı var idi. 
Bazarda  müxtəlif  peşələrlə  məşğul  olan  sənətkarlar  və  tacirlər 
fəliyyət göstərirdilər. 
Şəhər  əhalisi  natural  vergilərdən  başqa  xanın  xəzinəsinə  ildə 
müəyyən miqdarda pul da göndərirdilər. 
İmamqulu  xan  və  Məhəmmədqulu  xanın  hakimiyyəti  dönə-
mində Üşnəviyyə (Üşnü) mahalının hakimi Nuh bəy Zərza idi. 

 
36 
 
Dəşt mahalı 
 
Urmiya xanlığına bağlı məntəqələrdən biri də Dəşt mahalı idi. 
Dəşt  mahalının  ərazisi  əsasən  dağlıq  və  təpəliklərdən  ibarətdir.  O, 
cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə, 
qərbdən  Mirşeyxi  və  Zərinə  çayları  ilə  həmsərhəddir.  Mahalın 
dərələrindən  və  düzənliklərindən  bir  sıra  çaylar,  çeşmələr  axır. 
XVIII  və  XIX  yüzilliklərdə  mahal  bəyləri  Bərdəsur  kəndindəki 
qalada  yaşayırdılar.  Dəştin  dağlarında  bir  neçə  tayfa,  o  cümlədən 
Hərgi adlı kürd tayfası yaşam sürürdü. Onlar qışda Amadi vadisinə 
köçürdülər. 
 
Mərgəvər mahalı 
 
Mahal Şəmdinan, Ovsi, Qəsəbəli kəndləri və Bərdəsur mahalı 
ilə həmsərhəddir. Mahalın ərazisi əsasən dağlıqdır. Onun ən böyük 
düzənliyi uzunluğu 5 və eni 1, 5 mil olan ovalıqdır. 
Mərgəvərin  əhalisi  Pinar  çayının  suyundan  istifadə  edirdi. 
Mahalda  çoxlu  su  mənbələri  olduğundan  onun  havası  çox  vaxt 
dumanlı və rütubətli olurdu. 
Mərgəvərdə  heyvandarlıq  geniş  inkişaf  etmişdir.  Mahalda 
yem ehtiyatı tükənməz olduğundan yerli maldar əhalidən başqa, bir 
sıra  kürd  əşirətləri  də  öz  mal-qarasını  həmin  otlaqlada  yemləyir-
dilər. 
Mərgəvər  mahalı  kürd  basqınçıların  yolu  üzərində  yerləşirdi. 
Tarixən yağmaçı kürdlər bu yoldan istifadə edib Urmiya vilayətinə 
korluq vururdular. 
1639-cu ildə Urmiya vilayətə hücum edən kürdlər mahal əha-
lisinə xeyli zərər vermişdilər. Kürdlər Tərgəvər, Mərgəvər mahalları 
tərəfdən Urmiyaya hücuma keçmişdilər. Urmiya ətrafında kürdlərin 
qabağını kəsən Gəncəli xan İmanlı-Avşar onları məğlub etmişdi. 

 
37 
Kəlləşin  dağının  qərb  tərəfində  hündür  və  əlçatmaz  yerdə 
mövcud  olan  Pinar  qalası  mahalın  mərkəzi  idi.  Xanlıq  dönəmində 
qalada iki yüz nəfərlik daimi silahlı dəstə saxlanılırdı. 
Mərgəvərin  əhalisi  cəsarətli  və  döyüşkən  ruhlu  adamlar  idi. 
Ağır  təbii  şərait  onların  davamlı  və  dözümlü  tərbiyə  olunmasına 
müsbət  təsir  göstərmişdi.  XVIII  əsrin  3-cu  illərində  Azərbaycan 
ərazisində  gedən  İran-Osmanlı  müharibələri  mahal  əhalisinin 
seyrəkləşməsinə və bir çox kəndlərin dağılmasına səbəb olmuşdur. 
Məşhur Dumdum qalası Mərgəvər mahalında yerləşirdi. 
 
Tərgəvər mahalı 
 
Cənubdan  Dəşt,  şərqdən  Urmiya  mahalları,  şimaldan  Nazlı 
çayı,  qərbdən  Mərgəvərlə  həmsərhəddir.  Mahalın  əsas  düzənliyi 
Deyr dərəsindən başlayaraq şimal-şərqə-Bərdərəş və Ərzin qalaları-
na  qədər  geniş  məsafədə  uzanır.  Mahalın  ərazisi  Nazlı  çayından 
ayrılan və Meşgin adı daşıyan qolun suyu ilə təmin edilir. Bu çay-
dan əlavə Tərgəvərdə çoxlu bulaq da vardır. 
Maşqan  çayının  sahilində  salınan  Ərzin  qalası  Tərgəvər  ha-
kimlərinin  sakin  olduqları  yer  idi.  Lazım  gəldikdə  mahal  xanlığın 
ixtiyarınna 200 nəfər döyüşçü göndərə bilərdi. 
Mahalda aşağıdakı kəndlər daxil idi: Əbni, Telli, Tüləkə, Şey-
ban, Balaoğlan, Haruran, Məvanə, Həni, Əşki, Xinəki, Əvi, Dostlar 
və  Ərzin.  Bu  kəndlərdən  Tüləki,  Məvanə,  Həni  və  Balaoğlan 
kəndlərinin sakinləri əsasən Aysori xristianları idilər. 
XVIII  yüzilin  sonlarında  kürdlərin  Hərki  tayfası  Tərgəvər 
mahalında  binələmişdi.  Bu  əşirət  üsyana  başladı.  Məhəmmədqulu 
xan həmin mahaldakı adamlarına göstəriş vеrdi ki, hərkiləri qоvub 
çıxarsınlar. Hərki üsyanı yatırıldı. 
Məhəmmədqulu  xan  Avşarın  hakimiyyəti  dönəmində  Tərgə-
vər mahalının naibi İbrahim xan idi. 
 

 
38 
Sumay mahalı 
 
Cənubdan  Baranduz,  şərqdən  Urmiya,  şimaldan  Salmas  ma-
halı,  İskəndər  və  Sultan  adlı  kiçik  dağlarla  həmsərhəddir.  Mahal 
dağlıq sahə olduğu üçün onun sakinləri əsasən  maldarlıqla məşğul 
olurdular. Eyni zamanda burada əkinçiklik də yayılmışdır. 
Sumay Türkiyə sərhəddində yerləşdiyinə görə daima münaqi-
şə obyekti idi. Nəticədə oradakı kəndlərin təxminən yarısı tamamilə 
dağılmış və sıradan çıxmışdır. 
Sumay bəyləri Bələkə kəndində salınmış qalada yaşayırdılar. 
 
Bərdəsur mahalı 
 
Mərgəvər, Şəmdinan, Urmiyə və Tərgəvər mahalları ilə əhatə 
edilmişdir.  Onun  inzibati  mərkəzi  yüzdən  artıq  evi  olan  Bərdəsur 
kəndi idi. Bu qala yerli hakimlərin iqamətgahı idi. Qalada dövlət iş-
ləri ilə məşğul olan hissə “Ələmlik”, yerli hakimin ailəsinin yaşadı-
ğı hissə isə “Hərəmlik” adlanırdı. Orada Nəqşibəndi təriqətinə mən-
sub xanəgah var idi. Xanlıqlar dövründə burada həmin təiqətin baş 
ruhanisi Xəlifə Şeyx Səid Saleh və onun xəlifələri otururdu. 
Bu  ruhaniyə  “Pustnişin”  Xəlifə  deyilirdi.  Mahalda  bir  çox 
adam  həmin  Şeyxə  etiqad  edirdi,  o,  ümumiyyətlə  bütün  Urmiya 
vilayətində nüfuza malik idi. Hakim xanlar bu təriqətə mənsub olan 
əhalinin ələ almaq məqsədilə şeyxə bir neçə kənd vəqf etmişdilər. 
Bərdəsur qalasında mahal  hakimindən başqa, nüfuzlu  bəylər, 
ruhanilər və başqa imtiyazlı təbəqələr yaşayırdılar. Bunlardan əlavə, 
orada  400  nəfərə  yaxın  silahlı  dəstə  var  idi.  Qalanın  üzərindəki 
kitabədən  məlum  olur  ki,  o,  Gülənbər  adlı  bəy  tərəfindən  XII 
yüzilin  axırlarında  Osmanlı  basqınlarından  və  yarımköçəri  tayfala-
rın hücumlarınndan qorunmaq üçün tikilmişdir. 
 

 
39 
Bəykişili mahalı 
 
Xanlığın  kiçik  mahallarından  biri  olan  Bəykişili  şimaldan 
Nazlı çayı, şərqdən Urmiyə gölü, cənubdan Urmiya mahalı, qərbdən 
Baranduzla  həmsərhəddir.  Mahal  öz  adını  Avşar  elinin  Bəykişili 
oymağından alıb. Bəykişili oymağı əsasən Urmiya bölgəsində köç-
düşlə məşğul id. Tarixi ədəbiyyatda bəzən Bəgəşli, Bəgişli kimi də 
yazılır. 
Bəgişli  oymağının  ünlü  nümayəndələrindən  biri  Pənah  bəy 
idi.  Pənah  bəy  Fətəli  xan  Araşlı-Avşarın  sərkərdələri  arasında  qo-
çaqlığı ilə seçilirdi. 
Bəgişli  oymağının  ünlü  simalarından  biri  də  Fətəli  bəydir. 
Fətəli bəy Fətəli xan Araşlı-Avşara xidmət etmişdi. 
Bəgişli  oymağının  məşhur  nümayəndələrindən  biri  də  Qulu 
bəydir.  Qulu  bəy  Fətəli  xan  Araşlı-Avşarın  qoşununda  qulluq  et-
mişdi. 
Bəgişli oymağının tanınmış nümayəndələrindən biri də Meh-
rab xandır. Mehrab xan Avşar Fətəli şah Qovanlı-Qacarın tanınmış 
sərkərdələrindən idi. 
Bəykişili  mahalının  ərazisi  əsasən  düzənlikdir.  Onu  təşkil 
edən  51  kənd  həmin  düzənlikdə  yerləşirdi.  Burada  əkinçilik  geniş 
yayılmışdı. Əkin sahələri, bağ və bostanlar ümumiyyətlə çay və və 
çeşmə suları ilə suvarılırdı. 
Xanlığın əsas limanlarından biri olan Gölmanxana bu mahal-
da yerləşirdi. Mahalın mərkəzi Miyavəq kəndində kiçik bir qala idi. 
Bu  qala  xarici  işğalçıların  hücumu  nəticəsində  sonralar  xarabaya 
çevriıdi. 
 
Təkab mahalı 
 
Marağa  xanlığının  cənub-şərqində  yerləşən  ən  böyük  mahal-
lardan  biri  idi.  O,  şimaldan  Sərəs,  Qaraağac,  cənubdan  Miranşah, 
şərqdən  Ənguran,  qərbdən  Sayınqala  mahalları  ilə  həmsərhəddir. 
Mahalın  ərazisi  dağlıqdır.  Bulaq  və  buradan  axan  yeganə  Təkab 

 
40 
çayı əhalini su ilə təmin edirdi. Təkab mahalı çox geniş əraziyə ma-
lik  olduğu  üçün  inzibati  cəhətdən  Tikantənə  və  Aşağı  Təkab 
nahiyyələrinə ayrılırdı. 
Təkab  mahalının  ümumi  inzibati  mərkəzi  mühüm  ticarət  və 
strateji əhəmiyyəti olan Tikantanə kəndi idi. Burada dükanlar, həf-
təbazarı və hamam var idi. 
 
Miyandab mahalı 
 
Mahal Marağanın cənub-qərbində, Urmiyə gölünün sahilində 
və tam düzənlikdə  yerləşmişdir. O, şimaldan Kavdil kəndi,  cənub-
dan Tatau, şərqdən Cığıtı və qərbdən Urmiyə gölü ilə həmsərhəddir. 
Miyandabın  havası  istiyə  maildir  və  ərazisinin  müəyyən  hissəsi 
bataqlıqdır.  Burada  ilin  bütün  fəsillərində  mal-qaranın  otlaması 
üçün yaş yem olduğu üçün qoyunçuluq geniş yayılmışdır. 
Mahalın mərkəzindən əlavə, onun böyük kəndləri olan Qaba-
nava  və  Zənciravada  da  həftəlik  bazar  təşkil  edilirdi.  Miyandabı 
başqa şəhər və mahallarda rahat karvan  yolları birləşdirir. Mahalın 
mərkəzi  Miyandab  qəsəbəsi  idi.  Xamlığın  başqa  mahallarına  nis-
bətən burada ipəkçilik daha artıq inkişaf etmişdir. 
 
Sovucbulaq mahalı 
 
Bu mahal  hazırda Mahabad adlanır.  Qədim zamanlardan  Ur-
miya  vilayətinə  tabe  idi.  Bu  bölgədə  Mükri,  Məməş,  Dehbokri, 
Məngur və Gəvrək tayfaları yaşayır. 
İmamqulu  xan  və  Məhəmmədqulu  xanın  hakimiyyəti  dönə-
mində Sovucbulaq mahalının hakimi Budaq xan Mükri idi. 
 
Urmiya mahalı 
 
Urmiya  mahalının  inzibati  mərkəzi  Urmiya  şəhəri  idi.  Şəhər 
əhalisinin suya olan ehtiyacı Urmiyə və yaxud «Şəhər» çayı adlanan 

 
41 
çay vasitəsilə təmin edilirdi. Əhalinin əsas peşəsi bağçılıq, xüsusilə 
üzümçülük, sənətkarlıq, ticarət, əkinçilik və maldarlıq idi. 
Xanlıqlar dövründə şəhər qalın və möhkəm daş hasarla əhatə 
edilmişdir.  Qala  divarlarının  ətrafında  geniş  və  dərinxəndəklər  qa-
zılmışdı. Şəhə daxil olmaq üçün qala divarlarında Torpaqqala, Ha-
zaran,  Bazarbaş,  Şah  Yurdu  (Yurte-şah),  Hindi,  Məşəd,  Ərk,  adlı 
darvazalar var idi. 
Şəhərdə müxtəlif qollara malik olan üstüörtülü bazar və tica-
rət əhəmiyyəti daşıyan bazariçi karvansaralar mövcud idi. 
Urmiya mahalında Avşar elinin Qasımlı, Araşlı, Dərzili (Tər-
zili) aymaqları qərar tutmuşdu. 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin