İkiqat elektrik təbəqəsinin əmələ gəlmə mexanizmi Müxtəlif kimyəvi tərkibli iki fazanın ayrılma sərhəddində bir qayda olaraq, yüklü həssəciklərin (ionlar, elektronlar) bir fazadan digərinə keçməsi ilə əlaqədar elektrik yükünün yenidən paylanması baş verir. Bunun nəticəsində fazaların səthində qiymətcə bərabər, işarəcə əks yüklər yaranır və beləliklə, fazaların ayrılma sərhəddində ikiqat elektrik təbəqəsi (İET) əmələ gəlir. Dispers sistemlərin bir çox xassələri, o cümlədən, əvvəlki mövzuda nəzərdən keçirdiyimiz elektrokinetik hadisələr məhz dispers faza hissəciklərinin səthində İET – nin yaranması ilə əlaqədardır.
İET – nin yaranması üç mexanizm üzrə baş verə bilər;
1) Dispers faza hissəciyinin səthində məhlulda olan elektrolitin hər hansı bir ionunun seçici adsorbsiyası. Bu halda dispers faza hissəciyi üzərində o ionlar adsorbsiya olunur ki, onlar hissəciyin kristal qəfəsinə daxil olaraq onun böyüməsində iştirak etsin və ya hissəciyin tərkibində olan əks işarəli ionlarla çətin həll olan birləşmə əmələ gətirsin, ya da kristal qəfəsində uyğun ionu əvəz edərək, kristalla izomorf birləşmə əmələ gətirsin (Fayans – Panet qaydası).
Bu mexanizm üzrə İET – nin yaranmasına misal olaraq AgJ hidrozolunun əmələ gəlməsi reaksiyasını nəzərdən keçirək. Bildiyimiz kimi, AgJ hidrozolu AgNO3 və KJ məhlullarının qarşılıqlı təsirindən alınır;
AgNO3 + KJ → AgJ + KNO3 Mübadilə reaksiyası əsasında zolun alınması zamanı əsas şərt reagentlərdən birinin digərindən artıq miqdarda götürülməsidir. Tutaq ki, KJ izafi miqdardadır. Bu halda reaksiya nəticəsində alınan AgJ kristalları ilə yanaşı məhlulda K+ , NO3- , J- ionları olur. AgJ kristalı üzərində ionların adsorbsiyası prosesi baş verir. Bu halda Fyans – Panet qaydasın əsasən kristal üzərində J- ionu ( potensial təyinedici ion) adsorbsiya olunacaq və nəticədə kristalın səthi mənfi yüklənəcək. Məhlulda olan K+ ionları (əks ionlar) isə elektrostatik qüvvələr hesabına səth tərəfindən cəzb olunacaq və beləliklə, səthdə İET yaranacaq.
2) Dispers faza hissəciklərinin səthindəki molekulların ionlaşması. Bu yolla İET – nin əmələ gəlməsi bərk faza hissəciklərinin səthindəki molekullarının maye dispers mühitdə ionlara dissosiasiyasına əsaslanır. Hissəcik ilə daha zəif əlaqəli ion dispers mühitə keçir, hissəciyin səthində isə onunla daha möhkəm əlaqəli olan ion qalır. Bu yolla, məsələn, silikat turşusunun zollarında İET yaranır. Belə ki, dispers faza hissəciklərinin səthində H2SiO3 molekulları dissosiasıya edir, mütəhərrik H+ ionları maye fazaya keçir, səthdə möhkəm əlaqəli olan SiO32- ionları isə bərk fazaya qalır.
3) Sistemin fazalarını təşkil edən maddələr yükləri mübadilə etmək qabiliyyətinə malik deyildirsə, İET həmsərhəd fazalardakı polyar molekulların oriyentasiyası nəticəsində əmələ gəlir. Bu qaydaya əsasən bir-biri ilə təmasda olan iki fazadan daha böyük dielektrik nüfuzluğun malik olanı müsbət yüklənir. Bu səbəbdən də, qiymətcə böyük dielektrik nüfuzluğuna malik olan su ilə kontaktda olan bütün dissosiasiya etməyə maddələr mənfi yüklənir.