CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR
M a d d ə 1 9 . Cinayət məsuliyyətinin ümumi şərtləri
Bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs
cinayət məsuliyyətinə cəlb edilir.
M a d d ə 2 0 . Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi
20.1. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb
edilir.
20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən
sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual
xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə
tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa
nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya
zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa,
odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-
qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya
hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə
salmağa görə cinayət məsuliyyətinə cəlb edilir.
20.3. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu
Məcəllənin 20.1 və 20.2-ci maddələrində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər
barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla
müəyyən edilir.
[18]
M a d d ə 2 1 . Anlaqsızlıq
21.1. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız
vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması,
kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya
hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu
idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik)
törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi
xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
21.3. Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm
çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya
hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin
əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu
Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
M a d d ə 2 2 . Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxsin cinayət
məsuliyyəti
22.1. Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması
nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai
təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət
məsuliyyətinə cəlb edilir.
22.2. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin
edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər.
M a d d ə 2 3 . Sərxoş halda törədilmiş cinayətə görə məsuliyyət
Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya
digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş
şəxs cinayət məsuliyyətindən azad olunmur.
5-ci fəsil
TƏQSİR
M a d d ə 2 4 . Təqsirin formaları
24.1. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan
törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır.
24.2. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət
sayılır.
M a d d ə 2 5 . Cinayətin qəsdən törədilməsi
25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik)
qəsdən törədilmiş cinayət sayılır.
25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu
dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu
etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur.
25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu
dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu
etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda
cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.
M a d d ə 2 6 . Cinayətin ehtiyatsızlıqdan törədilməsi
26.1. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində
törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.
26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr
verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların
qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik)
cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.
26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr
verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli
olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya
hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.
6-cı fəsil
BAŞA ÇATMAYAN CİNAYƏT
M a d d ə 2 7 . Başa çatmış və başa çatmayan cinayət
27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə
nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış
hesab olunur.
27.2. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur.
27.3. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu
maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət
nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.
M a d d ə 2 8 . Cinayətə hazırlıq
28.1. Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama,
yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət
törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı
olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.
28.2. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət
məsuliyyətinə səbəb olur.
M a d d ə 2 9 . Cinayət etməyə cəhd
Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya
hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa,
cinayət etməyə cəhd hesab olunur.
M a d d ə 3 0 . Cinayət törətməkdən könüllü imtina etmə
30.1. Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən
cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin
(hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina
etmə sayılır.
30.2. Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət
məsuliyyətinə cəlb olunmur.
30.3. Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət
məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.
30.4. Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti
orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən
cinayətin başa çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb
olunmurlar. Köməkçi, bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək
icraçıya qabaqcadan vəd olunmuş köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş
köməyin nəticələrini aradan qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur.
30.5. Təşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan
hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə,
məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər.
7-ci fəsil
CİNAYƏTDƏ İŞTİRAKÇILIQ
M a d d ə 3 1 . İştirakçılıq
İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq
sayılır.
M a d d ə 3 2 . İştirakçılığın növləri
32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin
iştirakçıları sayılırlar.
32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində
bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş
hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti
törətmiş şəxs icraçı sayılır.
32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə
rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.
32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi
cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.
32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət
törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla
yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini,
cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı
gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya
onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi
sayılır
.
[19]
M a d d ə 3 3 . Cinayətin iştirakçılarının məsuliyyəti
33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin
törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən
edilir.
33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci
maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş
müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin
törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna
olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi
hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb
edilirlər.
33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti
olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən
şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində
məsuliyyətə cəlb olunur.
33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra
bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə
iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan
səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də
cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir.
M a d d ə 3 4 . Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi
34.1. Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə
törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən
cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
34.3. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya
daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət
mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.
34.4. Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil
cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil
cinayətkar qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təşkilat) hesab olunur.
34.5. Cinayətkar birliyin (cinayətkar təşkilatın) məqsədlərinin yerinə yetirilməsi ilə
əlaqədar belə birliyin (təşkilatın) üzvü (üzvləri) tərəfindən, habelə cinayətkar birliyin
(cinayətkar təşkilatın) tapşırığı ilə həmin birliyin üzvü (üzvləri) olmayan şəxs (şəxslər)
tərəfindən törədilən cinayət, cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş
cinayət hesab olunur.
34.6. Mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş
şəxs bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulan hallarda
onları yaratmağa və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar
birliyin törətdiyi, bu şəxsin niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə məsuliyyət
daşıyır. Mütəşəkkil dəstənin və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə
iştirakına görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş
hallarda, habelə hazırlanmasında və ya törədilməsində iştirak etdikləri cinayətlərə görə
cinayət məsuliyyəti daşıyırlar.
34.7. Bu Məcəllənin Xüsusi hissəsinin maddələri ilə nəzərdə tutulmayan hallarda
mütəşəkkil dəstənin yaradılması onun törədəcəyi cinayətə hazırlığa görə cinayət
məsuliyyətinə səbəb olur.
34.8. Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə
tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur.
M a d d ə 3 5 . Ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının
ekstsessi)
35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni
cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi,
icraçının ekstsessi hesab olunur.
35.2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb
edilə bilməzlər.
8-ci fəsil
ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR
M a d d ə 3 6 . Zəruri müdafiə
36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin
həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə
zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri
müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.
36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq
bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya
başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən
yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.
36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun
gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.
M a d d ə 3 7 . Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması
37.1. Cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi
və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona
zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə
lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa,
cinayət sayılmır.
37.2. Cinayət törətmiş şəxsin tutulması üçün tətbiq edilən vasitələrin və üsulların
törədilmiş əməlin və həmin əməli törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinə, habelə
tutulmanın hallarına aşkar surətdə uyğun gəlməməsi və zərurət olmadan şəxsə açıq-
aşkar həddən artıq zərər vurulması şəxsin tutulması üçün zəruri olan tədbirlərin
həddini aşmaq hesab olunur. Həddi bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda
cinayət məsuliyyətinə səbəb olur.
M a d d ə 3 8 . Son zərurət
38.1. Son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını,
sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına
alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq
yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan
qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol
verilməmişdirsə, cinayət sayılmır.
38.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin
aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və
vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət
həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər
vurulduqda cinayət məsuliyyətinə səbəb olur.
M a d d ə 3 9 . Əsaslı risk
39.1. İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə
qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.
39.2. Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail
olmaq mümkün deyildirsə və risk edən şəxs bu Məcəllə ilə qorunan obyektlərə zərər
dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir.
39.3. Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi
ilə müşayiət olunan risk əsaslı hesab edilmir.
M a d d ə 4 0 . Əmrin və ya sərəncamın yerinə yetirilməsi
40.1. Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya
sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə
zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş
şəxs cinayət məsuliyyəti daşıyır.
40.2. Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət
törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur.
40.3. Qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə
səbəb olmur.
UÇÜNCÜ BÖLMƏ
CƏZA HAQQINDA
9-cu fəsil
CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ
M a d d ə 4 1 . Cəzanın anlayışı və məqsədi
41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir.
Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs
barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun
hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar,
həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq
məqsədi ilə tətbiq edilir.
M a d d ə 4 2 . Cəzanın növləri
42.0. Cəzanın növləri aşağıdakılardır:
42.0.1. cərimə;
42.0.2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
42.0.3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə;
42.0.4. ictimai işlər;
42.0.5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə;
42.0.6. islah işləri;
42.0.7. hərbi xidmət üzrə məhdudlaşdırma;
42.0.8. əmlak müsadirəsi;
[20]
42.0.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;
42.0.10. azadlığın məhdudlaşdırılması;
[21]
42.0.11. intizam xarakterli hərbi hissədə saxlama;
42.0.12. müəyyən müddətə azadlıqdan məhrum etmə;
42.0.13. ömürlük azadlıqdan məhrum etmə.
M a d d ə 4 3 . Əsas və əlavə cəzalar
43.1. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli
hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi
tətbiq edilir.
[22]
43.2. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir.
43.3. xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum
etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə , əmlak
müsadirəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir.
[23]
M a d d ə 4 4 . Cərimə
44.1. Cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə
tərəfindən təyin edilən pul tənbehidir.
44.2. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə
alınmaqla on min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur.
[24]
44.3. Cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər.
44.4. Cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər,
islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər.
[25]
M a d d ə 4 5 . Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri,
təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş
ilədək müddətə təyin edilə bilər.
M a d d ə 4 6 . Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
Dostları ilə paylaş: |