Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə
Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə
cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi
və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi
nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş
orqana müvafiq təqdimat göndərir.
KM2
Maddə 49.
İslah işləri
49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri
üzrə çəkilir.
49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi
faizədək məbləğdə pul tutulur.
49.3. İslah işlərinə məhkum olunmuş şəxs qəsdən həmin cəzanı çəkməkdən boyun qaçırdıqda,
məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən
müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman yeni cəzanın
müddəti müəyyən olunarkən bir gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması,
yaxud üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
Maddə 50.
Hərbi xidmət üzrə məhdudlaşdırma
50.1. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və
hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə
kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum
olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə
tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.
50.2. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin qazancından
dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
50.3. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi
müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi
rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz.
Maddə 51.
Əmlak müsadirəsi
51.1. Əmlak müsadirəsi məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin,
cinayətin predmetlərinin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və
əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.
51.2. Əmlak müsadirəsi yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində
nəzərdə tutulmuş hallarda təyin olunur.
51.3. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi,
özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin
əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlak müsadirə edilir.
Maddə 52.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar
cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin
58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər.
52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü
aşağıdakı şəxslərə şamil edilmir:
52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan şəxslərə;
52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının
vətəndaşı ilə nikahda olan şəxslərə;
52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə;
52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə;
52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi
sığınacaq verilmiş şəxslərə;
52.2.6. himayəsində yetkinlik yaşına çatmayan uşağı, habelə fəaliyyət qabiliyyəti olmayan və
ya I və II qrup əlili olan şəxslərə;
52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala
biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən şəxslərə.
52.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Məcəllənin
52.1 və 52.2-ci maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 53.
Azadlığın məhdudlaşdırılması
53.1. Azadlığın məhdudlaşdırılması ittiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş
məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə
saxlanılmasından ibarətdir.
53.2. Azadlığın məhdudlaşdırılması:
53.2.1. məhkumluğu olmayan və qəsdən cinayət törətməyə görə məhkum edilən şəxslərə —
bir ildən üç ilədək müddətə;
53.2.2. ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum edilən şəxslərə — bir ildən beş ilədək
müddətə təyin edilir.
53.3. İctimai işlər və ya islah işləri azadlığın məhdudlaşdırılması ilə əvəz edildikdə bu cəza
növü bir ildən az müddətə də təyin edilə bilər.
53.4. Azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxs cəzanın icrasından qərəzli boyun
qaçırdıqda, azadlığın məhdudlaşdırılması onun təyin edildiyi müddətə azadlıqdan məhrum
etmə cəzası ilə əvəz olunur. Azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə
cəzası ilə əvəz edildikdə, azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum
etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
53.5. Azadlığın məhdudlaşdırılması birinci və ikinci qrup əlillərə, hamilə qadınlara və ya
səkkiz yaşınadək uşağı olan qadınlara, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən
kişilərə, qocalığa görə pensiya yaşına çatmış qadın və kişilərə, habelə müddətli həqiqi hərbi
xidmətdə olan hərbi qulluqçulara təyin edilmir.
Maddə 54.
İntizam xarakterli hərbi hissədə saxlama
54.1. Hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara,
habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi
qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa
vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə
cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə
təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin
həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi
hallarda tətbiq edilir.
54.2. Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz
edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli hərbi hissədə
saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
Maddə 55.
Müəyyən müddətə azadlıqdan məhrum etmə
55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və
xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun
cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum
olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya
möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər.
55.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan on beş ilədək müddətə
müəyyən edilir.
55.3. İctimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması azadlıqdan məhrum etmə
cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə üç aydan az müddətə də təyin oluna bilər.
55.4. Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin
qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi on beş
ildən, hökmlərin məcmusu üzrə isə iyirmi ildən artıq ola bilməz.
Maddə 56.
Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün
cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi
56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində
çəkilməsi müəyyən edilir:
56.1.1. ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə
azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə
müəssisələrində;
56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə
ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan
törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum
olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində;
56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum
olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan
məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar
üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində;
56.1.4. cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə
cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi
rejimli cəzaçəkmə müəssisələrində;
56.1.5. ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün — həbsxanalarda.
56.2. Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum
etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı
cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər.
56.3. Cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1—56.1.5 və 56.2-ci maddələrinə
uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir.
56.4. Cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər:
56.4.1. cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə;
56.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı.
Maddə 57.
Ömürlük azadlıqdan məhrum etmə
57.1. Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə
cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti
əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.
57.2. Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam
olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.
57.3. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun
azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu
cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin
cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə
cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan
şərti olaraq vaxtından əvvəl azad edə bilər.
57.4. Bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan
məhrum etmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.
10-cu fəsil
CƏZANIN TƏYİN EDİLMƏSİ
Maddə 58.
Cəzanı_yüngülləşdirən_hallar'>Cəzanın_təyin_edilməsinin_ümumi_əsasları'>Cəzanın təyin edilməsinin ümumi əsasları
58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları
nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli
cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü
yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində
nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə
uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş
cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş
cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə
müəyyən edilir.
58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi,
təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin
olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Maddə 59.
Cəzanı yüngülləşdirən hallar
59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:
59.1.1. hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən
və ya az ağır cinayətin törədilməsi;
59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi;
59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi;
59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;
59.1.5. cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi;
59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair
cəhətdən asılılıq nəticəsində törədilməsi;
59.1.7. cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son
zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş
şərtlərini pozmaqla törədilməsi;
59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və
ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində
törədilməsi;
59.1.9. könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının
ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək
etmə;
59.1.10. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım
göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi
və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş
şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi.
59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş
başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi
nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 60. Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi
Bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar
olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya
həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza
növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
Maddə 61.
Cəzanı ağırlaşdıran hallar
61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır:
61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi;
61.1.2. cinayətin ağır nəticələrə səbəb olması;
61.1.3. cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən törədilməsi;
61.1.4. cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə;
61.1.5. psixi pozuntulardan əziyyət çəkən və ya sərxoş vəziyyətdə olan şəxslərin, habelə
cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət
törətməyə cəlb olunması;
61.1.6. cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni
hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə,
habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə
törədilməsi;
61.1.7. cinayətin müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı,
qoca və ya köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə olan şəxsə qarşı
törədilməsi;
61.1.8. cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın
qohumlarına qarşı törədilməsi;
61.1.9. cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, əzab və ya işgəncə verməklə
törədilməsi;
61.1.10. cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli
üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi;
61.1.11. cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə
kütləvi iğtişaşlar zamanı törədilməsi;
61.1.12. cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən və ya sənədlərindən
istifadə etməklə törədilməsi;
61.1.13. cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan
istifadə etməklə törədilməsi.
61.2. Cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş
hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.
61.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi
nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 62.
Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi
62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin
törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin
ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də
iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə,
bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az
cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza
növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna
hal hesab edilə bilər.
Maddə 63.
Başa çatmayan cinayətə görə cəza təyin edilməsi
63.1. Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına
səbəb olan hallar nəzərə alınır.
63.2. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün
yuxarı həddinin yarısından çox ola bilməz.
63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza
növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
63.4. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə
növündə cəza təyin edilmir.
Maddə 64.
İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsi
64.1. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin
cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail
olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri
nəzərə alınır.
64.2. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza
təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır.
Maddə 65.
Residivə görə cəzanın təyin edilməsi
65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən
əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah
təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və
nəticələri nəzərə alınır.
65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından,
təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az
ola bilməz.
65.3. Cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində
tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə
tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə
görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan
təyin olunur.
Maddə 66.
Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi
66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək,
az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə
və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
66.2. Cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə,
az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə
və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya
həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən
çox ola bilməz.
66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri
daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin
edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən çox ola
bilməz.
66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə
bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya
həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı
həddən çox ola bilməz.
66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm
çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni
qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza
müddətinə hesablanır.
Maddə 67.
Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi
67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş
cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən
birləşdirir.
67.2. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar
olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza
növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.
67.3. Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın
müddəti iyirmi ildən çox ola bilməz.
67.4. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş
cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş
hissəsindən çox olmalıdır.
67.5. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu
Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
67.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs yeni cinayət törətdikdə,
yeni təyin edilən cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunur.
Maddə 68.
Dostları ilə paylaş: |