Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Qafqazda multikulturalizm – Azərbaycan modeli



Yüklə 164,32 Kb.
səhifə8/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
multikultur.COVİD-19

7. Qafqazda multikulturalizm – Azərbaycan modeli
Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır.
Monoetnik cəmiyyətlər tarixən mədəni-mənəvi baxımdan kasıb və kasad təsir bağışlayıblar. Qohum evliliklərdən bir çox halda qüsurlu, irsi və genetik xəstəliklərin daşıyıcısı olan uşaqlar dünyaya gəldiyi kimi, monoetnik cəmiyyətlər də adətən kompleksli nəsil yetişdirir. O cəmiyyətlər zəngindir ki, rəngarəng və polietnikdir. Yalnız universal dəyərlər sisteminin formalaşdığı toplumda fəqli mədəniyyətlərə mailk, müxtəlif dini inanclara tapınan xalqların adət-ənənələri çuğlaşa bilir.
Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan ta qədimlərdən ən müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı unikal bir məkan olub. Bu coğrafi məkanda tarixən mütərəqqi milli-mədəni və etnik-dini münasibətlərin kök salması, dinc yanaşı yaşayan ayrı-ayrı xalqların, etnik qrupların ümumi Azərbaycançılıq məfkurəsi ətrafında birlik və həmrəylik nümayiş etdirmələri bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlır.
Bu gün Azərbaycançılıq ideyası bizim ortaq dəyərlərimizin ali prinsipini təşkil edir. Bu isə milliyyətindən və dinindən asılı olmayaraq ölkəmizdə yaşayan, bu diyarı özünə vətən bilən hər bir vətəndaşın Azərbaycan sevgisinin gücü ilə bağlıdır. Çünki Azərbaycanda multikulturalizm ideyalarının siyasi banisi olan Ulu öndər Heydər Əliyevin təbirincə desək, dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur, mühafizə olunur. Təsadüfi deyil ki, çağdaş dünyamızda sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda fərqli-fərqli mədəniyyət və din daşıyıcılarının əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması əcnəbi siyasətçilərin və diplomatların da diqqətindən yayınmır. Bu aspektdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri xanım Enn Dörsinın müsahibələrinin birində dediyi bir fikir yada düşür: "Azərbaycan dünyaya təkcə neft, qaz və başqa məhsullar yox, tolerantlıq da ixrac etməlidir".
Özündə "çoxmədəniyyətlilik" anlamını ifadə edən multikulturalizm iki əsas sütuna malikdir. Multikulturalizm birinci halda siyasi model kimi cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasını ifadə edir. İkinci sırada isə multikulturalizmin ictimai inkişaf kontekstində xalqların həyat tərzinə çevrilməsi amili dayanır. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi ən yüksək mərhələ sayılır. Təsadüfi deyil ki, bu tendensiyanın əsas götürüldüyü bütün dövlətlərdə olduğu kimi, multikulturalizm bu gün Azərbaycanda da həyat tərzi və alternativi olmayan dövlət siyasətidir.
Multikulturalizmin məfhum kimi dini və etnik çoxçalarlılıq olmaqla iki əsas istinad nöqtəsi var. Qeyd etdiyimiz kimi, Azərbaycan qədim zamanlardan üzü bəri müxtəlif dini və etnik qrupların birgə yaşadığı, sivilizasiyaların qovuşduğu məkanda yerləşib. Ayrı-ayrı dövrlərdə Azərbaycan ərazisində zərdüştilik, bütpərəstlik, yəhudilik, xristianlıq, islam və bir çox dini cərəyanlar yayılıb və müəyyən səviyyədə inkişaf mərhələsi keçib. VII əsrdən etibarən islam dini dünyanın müxtəlif ərazilərində olduğu kimi, Azərbaycanda da yayılmağa başlayıb. Bu gün Azərbaycan əhalisinin 95 faizi islama, qalan hissəsi isə başqa dinlərə etiqad edir.
Tarixi mənbələr zərdüştiliyin təkcə Cənubi Azərbaycanda yox, Şimali Azərbaycan ərazisində geniş yayıldığını təsdiqləyir. Qafqaz Albaniyasında 313-cü ildə xristianlığı dövlət dini səviyyəsinə qaldıran Alban hökmdarı Urnayrın zərdüştlüyə qarşı apardığı mübarizə də ondan xəbər verir ki, erkən orta əsrlərdə Şimali Azərbaycan ərazisində Zərdüştün təliminə etiqad bəsləyənlərin sayı az olmayıb.
Xristianlıq Azərbaycan ərazilərində hələ İsa Məsihin şagirdləri dövründən yayılmağa başlayıb. O dövrlərdə Kiş kəndində (Şəki rayonu) "Şərq kilsələrinin anası" kimi məşhurlaşan Qafqazın ilk xristian kilsəsinin əsası qoyulub.
2500 il əvvəl Babil çarlığından dünyanın dörd bir yanına sürgün edilən və Azərbaycana üz tutan yəhudilərin xələfləri indinin özündə də Quba rayonunun Qırmızı qəsəbəsində yaşayırlar. Həm Qubada, həm də Bakıda onların dini məbədləri - sinaqoqları var.
Əsrlər boyu Azərbaycan ərazisində yayılmış və təşəkkül tapmış fərqli dini cərəyanlara məxsus məbədlər və ziyarətgahlar bu günümüzədək qorunub saxlanılmaqdadır. Belə fərqli dini abidələrin çoxluğu və əksəriyyətinin bu günə gəlib çatması ilk növbədə Azərbaycanda xalqlar və dinlər arasında tarixən tolerant və multikultural dəyərlərə söykənən münasibətlərin formalaşmasının bariz nümunəsidir. Bu münasibətlər qarşılıqlı ehtirama, əməkdaşlığa və zərurət yarandıqda bir-birini dəstəkləmək prinsipinə əsaslanır. Həmişə olduğu kimi, bu gün də Azərbaycanda yaşayan bütün dini icmalar və etnik qruplar bir-birinə qarşılıqlı hörmətlə yanaşırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin bu günlərdə Bakıda keçirilən II Sammitindəki çıxışında dediyi kimi, "Azərbaycanın qədim dinlərarası ənənələri var. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir".
Azərbaycan müxtəlif xalqların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı örnək bir coğrafi məkandır. Bu məkanı qədim Qafqaz albanlarının yadigarlarından olan udilər, inqloylar, buduqlar, xınalıqlılar, qrızlar, habelə yəhudilər, talışlar, ruslar, avarlar, ləzgilər, gürcülər, kürdlər və digər xalqlar, etnik qruplar öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini, demək olar, bütün fəaliyyət sahələrində, o cümlədən, siyasətdə, iqtisadi sferada, təhsildə, mədəni-mənəvi müstəvidə görmək mümkündür. Azərbaycan dövləti ölkədə məskunlaşmış bütün xalqların və etnik qrupların nümayəndələrinə - hər bir vətəndaşına bərabər, eyni münasibət göstərir.
Dövlətin apardığı məqsədyönlü siyasətə uyğun olaraq neçə illərdir bu istiqamətdə ardıcıl addımlar atılır. 2011-ci ildən başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bununla yanaşı, Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə ölkəmizi dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə 2014-cü ilin mayında Prezident sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb, bunun ardınca 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunub. 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilib. Bu yaxınlarda Azərbaycan Türk Şurasına və Qoşulmama Hərəkatına sədr seçilib. Nəhayət, son günlər Bakıda Dünya dini liderlərinin II Sammiti gerçəkləşdirilib. Bütün bu addımlar məhz Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin səviyyəsindən xəbər verir.
Multikulturalizmin və tolerantlığın təbliği ilə bağlı ardıcıl olaraq Azərbaycanda tədbirlərin keçirilməsində Heydər Əliyev Fondunun müstəsna rolu var. Fondun təşkilatçılığı ilə bu xarakterli tədbirlərin ölkə sərhədlərindən xaricdə mütəmadi surətdə təşkili Azərbaycanın dünyada multikultural və tolerant bir ölkə kimi tanınması baxımından böyük əhəmiyyət daşıyır. Məhz Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkə ərazisindəki məscid, sinaqoq və kilsələrdə təmir-bərpa işləri aparılıb, Fransanın Normandiya regionunda yerləşən, orta əsrlərdən qalmış Saint Paterne kilsəsi, Roma katakombaları bərpa olunub, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidə ucaldılıb, bir sıra abidələr restavrasiya edilib, Azərbaycan dini mərkəz kimi tanınan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb. Bütün bu addımları həm də multikultiralizmin ən ali nümunələrindən biri kimi dəyərləndirmək lazımdır. Bu gün Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var.
Azərbaycan artıq dünyada müxtəlif sivilizasiyaların qovuşduğu məkan, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Mübaliğəsiz deyə bilərik ki, tarixən azərbaycanlıların həyat tərzi olan multikulturalizm və tolerantlıq bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının həyat normasına və gündəlik həyat tərzinə çevrilib.



  1. Yüklə 164,32 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin