6. Multikulturalizmə deskriptiv və normativ yanaşmalar Multikulturalizm termini iki mənada işlədilir: geniş və dar mənalarda. Sözün geniş mənasında multikulturalizm termini çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilirsə, sözün dar mənasında bu termin cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Kanadalı tədqiqatçı Pol Dyumoçel (Paul Dumouchel) “Müqayisəli Multikulturalizm” adlı məqaləsində multikulturalizm termininin ədəbiyyatda ən azı 3 müxtəlif mənada işlədilməsini qeyd edir. Birinci mənada bu termin elə bir sosial-tarixi situasiyanı xarakterizə edir ki, orada bir neçə müxtəlif etnik-mədəni qrupun nümayəndələri birgə yaşayırlar. Onun fikrincə, bu mənada işlədilən multikulturalizm termini deskriptiv (təsviredici) xarakter daşıyır.
Dyumoçelin bu mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm termininin sözün geniş mənasında işlədilməsini xatırladır. Dyumoçelə görə, multikulturalizm termininin ikinci mənası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dövlət tərəfindən aparılan konkret siyasətlə bağlıdır. Multikulturalizm termininin ikinci mənası onun birinci mənasından irəli gəlir. Belə ki, cəmiyyətdəki multikultural situasiyanı idarə etmək məqsədilə dövlət bir neçə mümkün siyasət sırasında multikulturalizm siyasətinə də müraciət edir. Bu mənada işlədilən multikulturalizm termini dövlətin cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə reaksiyasını, daha konkret desək, bu müxtəlifliyin qorunmasını, eləcə də bəzi hallarda hətta inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm siyasətini ehtiva edir. Dyumoçelin ikinci mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm sözünün dar mənası ilə eynidir. Dyumoçelə görə, multikulturalizm termininin üçüncü mənası normativ xarakter daşıyaraq çoxmədəniyyətli cəmiyyətin ədalət baxımınından necə olmalı olduğunu göstərir.
Dyumoçel multikulturalizm termininin bu anlamda multikulturalizm fenomeninin tanınmış tədqiqatçıları olan Çarlz Teylorun, Vil Kimlikanın və Ceyms Tallinin əsərlərində istifadə edilməsini göstərir. Bu müəlliflər hesab edirlər ki, etnik-mədəni müxtəliflik olan cəmiyyətdə müxtəliflik qorunmalı və inkişaf etdirilməlidir. Bu, multikultural ədalətin normativ tələbidir. Əslində Dyumoçelin təqdim etdiyi multikulturalizm termininin üçüncü mənası bu terminin ikinci mənasının konkretləşdirilməsidir. Bu səbəbdən onu multikulturalizm termininin ayrıca bir mənası kimi vermək düzgün deyil. Beləliklə, siyasət modeli mənasında işlədilən multikulturalizm termini bu sosial hadisənin mühüm cəhətini xarakterizə edir- onu dövlət ideologiyasınin tərkib hissəsi, dövlət siyasətinin mühüm istiqaməti kimi təqdim edir. Daha konkret desək, multikulturalizm siyasət modeli kimi cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasını nəzərdə tutur. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması ictimai inkişafın mühüm mənbələrindən biridir.
Bununla bağlı 2 noyabr 2001-ci il tarixində UNESKO-nun “Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi”nin “Mədəni müxtəliflik, bəşəriyyətin ümumi irsi” adlı 1-ci maddəsində deyilir: “Mübadilənin, innovasiyanın və yaradıcılığın mənbəyi olan mədəni müxtəliflik təbiət üçün biomüxtəlifliyin zəruri olduğu kimi bəşəriyyət üçün zəruridir. Buna görə də mədəni müxtəliflik bəşəriyyətin ümumi irsidir və o, indiki və gələcək nəsillərin rifahı naminə tanınmalı və təsdiq olunmalıdır”. Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına yüksək önəm verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.