Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   13   14   15   16   17   18   19   20   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

 

 

233 

 

VIII FƏSİL 



 

Azərbaycan diplomatiyası "Bölünməz Rusiya" və "Böyük Ermənistan" 

iddiaları ilə üz-üzə 

 

1919-cu  ilin  may  ayının  28-də  Azərbaycan  istiqlalının  elan  edilməsinin 

birinci  ildönümünü  təntənəli  şəkildə  qeyd  etdi.  Respublika  mətbuatında 

müstəqilliyin əhəmiyyətini, onun millətin taleyindəki rolunu əsaslandıran çoxsaylı 

yazılar  dərc  edildi.  İstiqlal  bayramı  münasibətilə  parlamentin  fövqəladə  iclası 

keçirildi.  Parlamentin  qırx  ikinci  iclasına rəhbərlik  edən  Həsən  bəу  Ağayev  qısa 

təbrik nitqi söylədi. О dedi: "Möhtərəm məbuslar! Düz bir il bundan qabaq 1918-ci 

il  mayın  28-i  idi.  Yuvası  dağılmış  quş  kimi,  Azərbaycan  Milli  Şurası  yersiz 

qalmışdı. Tiflis otellərindən "Oriyent" müsafirxanasında, gürcülərdən iki gün sonra 

elani-istiqlaliyyət  edildi.  Azərbaycan  xalqının  nümayəndələri  belə  zənn  edirdilər 

ki,  elani-istiqlaliyyət  eləməklə,  Azərbaycan  xalqı  üçün  səadət  mənbəyi  açılır. 

Bununla demək, Azərbaycan nümayəndələri tarixi bir əsas qoydular. Milli Şuranın 

bu cür iqdamı, bu duyğusu, bu işi səhih idi, ya xülya idi. Buna cavabən Azərbaycan 

istiqlaliyyətinin  bir  illik  həyatını  gözümüz  önündən  keçirsək  görərik  ki,  Milli 

Şuranın  duyğusu  və  xalq  haqqındakı  zənni  həqiqət  imiş."  Könüllü  ordunun 

Şimalda  fəallaşması  ilə  Azərbaycanın  başının  üzərini  almış  təhlükəyə  toxunaraq, 

H.Ağayev dedi ki, "Azərbaycan türkləri üçün hansı tərəfdən bəla olursa-olsun, heç 

bir  təhdiddən  və  düşməndən  qorxmayaraq,  istiqlaliyyət  yolunda  canilə,  malilə  və 

qanilə müdafiə və fədakarlığa hazırdır".

798


 

Həsən  bəу  Ağayevin  təbrik  nitqindən  sonra  parlamentdə  təmsil  olunan 

fraksiya  rəhbərləri  çıxış  edib,  istiqlaliyyət  gününün  əhəmiyyətini  və  onun  xarici 

təhlükədən  qorunmasının  zəruriliyini  qeyd  etdilər.  M.Ə.Rəsulzadə  öz  çıxışında 

bütün  şəhəri  bürümüş  istiqlal  coşqusuna  toxunaraq,  dedi:  "Bu  gün  Azərbaycan 

istiqlalı bilxassə, onun üçün əzizdir ki, bu istiqlalımıza xaricdən təhlükə var, təhdid 

var. Millətin ruhundan çıxan bugünki səmimiyyətlə söylənəni qüvvətlə söyləriz ki, 

о  hər  bir  atəşdən,  hər  bir  yərəğandan  qüvvətlidir.  Rədd  olsun  bizim  istiqlalımız 

əleyhinə olan murdar əllər."

799


 

İstiqlal bayramı münasibətilə Üzeyir Hacıbəyovun "Azərbaycan" qəzetində 

"Bir  yaş"  adlı  məqaləsi  dərc  edildi.  Yazıda  Azərbaycanın  bir  illik  müstəqillik 

tarixinin  həlledici  məqamları  dəyərləndirilir  və  keçilən  yola  qiymət  verilirdi. 

Xaricilərin nəzərində Azərbaycan türkləri haqqında təlqin edilmiş yanlış baxışların 

dəyişdiyinə işarə edərək, Üzeyir bəу уаzırdı ki, müttəfiq orduları Bakıya girdikdən 

az sonra Avropa nümayəndələri azərbaycanlılar haqqında yayılan mənfi fikirlərin 

doğru olmadığını öz gözləri ilə gördülər və etiraf etdilər.

800

 

                                                        



798

 Azərbaycan Xalq Cümhuriyyəti. Parlament. I cild, s.626-627 

799

 Yenə orada, s.629 



800

 Azərbaycan, 1919, 28 may 



234 

 

İstiqlal  bayramı  coşqusunu  Azərbaycan  Denikin  təhlükəsinin  həyəcanı  ilə 



birgə  yaşayırdı.  Elə  həmin  bayram  günlərində  Petrovski  və  Dərbəndin  tutulması 

haqqında alınan xəbərlər birinci ildönümü qeyd edilən Azərbaycan istiqlalını Şimal 

təhlükəsi  ilə  üz-üzə  qoymuşdu.  Yaranmış  təhlükə  ilə  bağlı  may  ayının  26-da 

keçirilmiş parlament müzakirələrində M.Ə.Rəsulzadə haqlı olaraq qeyd edirdi ki, 

"Dağıstan Azərbaycanın qapısıdır".

801


 

Denikin təhlükəsi və Kolçakın fəallaşması ilə müşayiət olunan "Bölünməz 

Rusiya"  ideyası  getdikcə  müttəfiqlərin  siyasətinə  sirayət  edir  və  müxtəlif  rəng 

çalarlarında  zühur  edən  rus  qüvvələri  Versal  iclaslarının  diplomatik  dəstəyini  və 

siyasi  etimadını  qazanmağa  can  atırdılar.  Mətbuat  materiallarından  İyunun 

əvvəllərindən məlum oldu ki, Antanta dövlətlərinin başçıları Yaponiya baş naziri 

ilə  birlikdə  may  ayının  26-da  admiral  A.Kolçaka  Nota  ilə  müraciət  edib  Omsk 

hökumətini bütün Rusiya hökuməti kimi tanıdıqlarını bildiriblər. Müttəfiqlərin belə 

mövqeyi  1919-cu  ilin  yazında  admiral  Kolçakın  Sovet  hökumətinə  qarşı  hərbi 

uğurları ilə bağlı idi. Parisə toplanmış dövlət başçılarının çoxu Kolçakın, Denikinin 

və digər ağqvardiyaçı generalların tezliklə qələbə çalacağına, Sovet hakimiyyətinə 

son qoyacaqlarına ümid bəsləyirdilər. Ona görə də may ayının 20-dən başlayaraq, 

Dördlər  Şurasının  iclaslarında  Rusiyaya  münasibət  məsələsi  daha  fəal  müzakirə 

edilməyə başladı. Mayın 20-də Dördlər Şurasının iclasında V.Vilson təklif etdi ki, 

müxtəlif  rus  qruplaşmalarına  yeni  müraciət  göndərsinlər.  Müraciətin  mətninin 

hazırlanması ingilis nümayəndə heyətinin üzvü Filipp Кеrrə tapşırıldı. May ayının 

23-də Dördlər Şurası iki dəfə "rus  məsələsini" müzakirə etdi. Səhər iclasında qısa 

fikir  mübadiləsi  edildi  və  J.Klemanso  bildirdi  ki,  Yaponiya  hökuməti  Omsk 

hökumətini  tanımaq  barədə  müttəfiqlərə  müraciət  etmək  istəyir.  Lakin  onun 

fikrincə, müttəfiqlər bu məsələdə təşəbbüsü Yaponiyaya  verməməli idilər. İclasda 

qərara  alındı  ki,  Omsk  hökuməti  ümumrusiya  hökuməti  kimi  tanınsın.  Günorta 

iclasında F.Kerrin hazırladığı mətn Vilson tərəfindən oxundu və müzakirə edildi. 

May ayının 26-da bu mətn Klemanso, Lloyd Corc, Orlando, Vilson və Sayondzi 

tərəfindən  imzalanıb  nota  formasında  Kolçaka  göndərildi.  Notada  göstərilirdi  ki, 

bu  sənəd  müttəfiqlərin  və  birlik  ölkələrinin  "rus  məsələsində"  aydınlıq  yaratmaq 

arzusundan  irəli  gəlmişdir  və  onlar  Rusiyanın  daxili  işlərinə  müdaxilə  etmək 

fikrindən uzaqdırlar. Müharibə dövründə Rusiyaya ordu göndərilməsini müttəfiqlər 

Almaniya  ilə  vuruşmaq  və  bolşeviklər  tərəfindən  məhv  edilmək  təhlükəsi  ilə 

qarşılaşmış Çexoslovakiya korpusunu xilas etmək zərurəti ilə əlaqələndirirdilər.

802


 

Notada göstərilirdi ki, müttəfiqlər və onlara yaxın olan dövlətlər tezliklə Rusiyada 

sülhün və əmin-amanlığın bərpа edilməsini arzulayırlar və onlar bu fikirdədirlər ki, 

rus  xalqı  qanuni  şəkildə  seçilmiş  Məclisi  Müəssisan  vasitəsilə  öz  daxili  işlərini 

qaydaya  salacaq,  köhnə  Rusiyanın  hüdudlarında  meydana  çıxan  mübahisəli 

məsələləri  dinc  yolla  həll  edəcək,  Millətlər  Cəmiyyətinin  vasitəçiliyi  ilə  qonşu 

                                                        

801


 Azərbaycan Xalq Cümhuriyyəti. Parlament, I cild, s. 614 

802


 Ю.В.Ключников и И.Сабанин. Международная политика новейшего времени. Часть II, с.248 

235 

 

dövlətlərlə  əlaqələr  yaradacaqdır.  Müttəfiq  dövlətlər  Omsk  hökumətinə  yardım 



göstərmək üçün bir sıra məsələlərə admiral Kolçakın münasibətini aydınlaşdırmaq 

istəyirdilər.  Həmin  məsələlər  bunlar  idi:  1.  Moskva  alındıqdan  sonra  Müəssislər 

Məclisi çağırılmalıdır; 2.Şəhər duması, zemstvolar və sonra özünüidarə orqanlarına 

azad  seçkilər  keçirilməlidir;  3.Admiral  Kolçak  Rusiyada  hər  hansı  sinfin  və 

zümrənin  xüsusi  imtiyazını  və  inqilabın  dağıtdığı  rejimi  bərpa  etməyə  cəhd 

göstərməyəcəkdir, bütün rus vətəndaşlarının vətəndaş və dini azadlıqlarına tərəfdar 

olacaqdır;  4.Finlandiyanın  və  Polşanın  müstəqilliyi  tanınacaqdır.  Rusiya  ilə  bu 

ölkələrin  sərhədləri  və  digər  məsələləri  sazişlər  yolu  ilə  tənzim  etmək  mümkün 

olmasa, onda bu məsələlər Millətlər Cəmiyyəti vasitəçiliyi ilə həll ediləcəkdir; 5. 

Əgər  tezliklə  Rusiya  ilə  Estoniya,  Latviya,  Litva,  Qafqaz  və  Zakaspi  əraziləri 

arasında  qarşılıqlı  münasibətlər  xoşluqla  həll  edilməsə,  bu  məsələ  Millətlər 

Cəmiyyətinin  məsləhəti  ilə həll  ediləcəkdir.  Rus  hökuməti de  fakto  mövcud  olan 

bu ərazilərin muxtariyyətini tanımalıdır; 6.Sülh konfransının Bessarabiyanın rumın 

hissəsinin  gələcək  taleyini  müəyyən  etmək  hüququnu  tanımalıdır;  7.Rusiyada 

demokratik  əsasda  hökumət  yaradılan  kimi,  Rusiya  Millətlər  Cəmiyyətinə  daxil 

olacaqdır; 8. Admiral Kolçakın rus borcları ilə bağlı 27 noyabr 1918-ci il bəyanatı 

təsdiq ediləcəkdir.

803


 

İyun ayının 4-də admiral Kolçak müttəfiqlərə göndərdiyi cavab məktubunda 

26  may  notasında  irəli  sürülən  şərtləri  qəbul  etdiyini  bildirirdi.  О  yazırdı  ki,  üç 

Pribaltika,  Qafqaz  və  Zakaspi  vilayətlərinə  dair  mübahisələrin  Millətlər 

Cəmiyyətinə  çıxardılması  və  "milli  qrupların"  muxtariyyətinin  təmin  edilməsi 

mümkündür.

804

  İrəli  sürülmüş  təkliflərə  münasibətdə  Admiral  Kolçakdan 



qənaətbəxş cavab aldıqdan sonra, iyun ayının 12-də Antanta ölkələrinin Ali Şurası 

yuxarıda  qeyd  edilən  şərtlər  daxilində  Omsk  hökumətinin  tanınması  və  ona 

hərtərəfli yardım göstərilməsi barədə nota ilə çıxış etdi.

805


 Həmin nota iyun ayının 

13-də  mətbuatda  dərc  edildi.  Bununla  da  Parisə  öz  müstəqilliyini  tanıtmaq  üçün 

gəlmiş yeni respublikalar çox ciddi fakt qarşısında qalmış oldular. Beşlər Şurasının 

dövlət  başçıları  tərəfindən  imzalanmış  12  iyun  notası  faktiki  olaraq,  Kolçak 

hökumətinin  Polşa  və  Finlandiyanı  çıxmaq  şərti  ilə  keçmiş  Rusiya  hüdudlarında 

tanınması  demək  idi.  Müttəfiq  dövlətləri  onunla  hər  cür  əlaqəyə  girir,  öz 

nümayəndələrini  ora  göndərir  və  Omsk  hökumətinə  hərbi,  siyasi,  iqtisadi  və 

maliyyə yardımı göstərəcəklərini bildirirdilər. 

Müttəfiqlərin Kolçak hökumətini ümumrusiya hökuməti kimi tanımaqlarına 

qarşı  yeni  yaranmış  respublikaların  Parisdəki  nümayəndələrindən  birinci  olaraq, 

Azərbaycan heyəti etiraz etdi. Bu barədə Dördlər Şurasının iclasları qapalı keçirilsə 

də,  may  ayının  axırlarında  Paris  mətbuatı  artıq  ümumi  əhval-ruhiyyəni  əks 

etdirirdi.  İnformasiya  vasitələrinin  məlumatları  yaxın  vaxtlarda  ağqvardiyaçı 

                                                        

803

 Б.Е.Штейн. "Русский вопрос" на Парижской мирной конференции, с. 237-238 



804

 Ю.В.Ключников и И.Сабанин. Международная политика новейшего времени. Часть II, с.250 

805

 Б.Е.Штейн. "Русский вопрос" на Парижской мирной конференции, с.245 



236 

 

hökumətlərin  müttəfiqlər  tərəfindən  tanınacağını  fikirləşməyə  əsas  verirdi.  Ona 



görə  hələ  may  ayının  31-də  Azərbaycan  nümayəndə  heyətinin  sədri 

Ə.M.Topçubaşov nümayəndəlik adından bəyanat verib bildirdi ki, admiral Kolçak 

hökumətinin  dağılmış  Rusiya  imperiyasının  bütün  ərazisində  tanınmasının 

mümkünlüyü  barədə  Paris  mətbuatının  xəbərləri,  keçmiş  Rusiya  ərazisindən 

ayrılmış  yeni  respublikalarla  yanaşı,  Qafqaz  Azərbaycanının  da  ən  ciddi  şəkildə 

həyati  mənafeyinə  toxunur.  Müstəqillik  uğrunda  on  minlərlə  qurbanlar  vermiş 

Azərbaycan  xalqının  Rusiyada  hər  hansı  ad  altında  bərpa  edilən  və  fəaliyyət 

göstərən  hökuməti  tanımayacağı  bildirilməklə  yanaşı,  qeyd  edilirdi  ki,  Qafqaz 

Azərbaycanının ərazisi gələcək Rusiya dövlətinin ərazisinə daxil edilməməlidir.

806


 

Bəyanatda irəli sürülən bir sıra fikirlər Azərbaycan nümayəndələrinin iyun ayının 

5-də  Sülh  konfransının  sədrinin  və  Müttəfiq  dövlətlərinin  Baş  nazirlərinin  adına 

göndərilmiş etiraz notasında öz əksini tapdı.

807

 Notada Omsk hökumətinin keçmiş 



Rusiya  imperiyasının  hüdudlarında  tanınmasına  etiraz  edilir  və  Azərbaycanın 

imperiyadan birdəfəlik ayrıldığı təsdiq edilirdi. Notada göstərilirdi ki, Azərbaycan 

hökuməti öz ərazisini bolşeviklərdən təmizləmək üçün yarım il mübarizə aparmış, 

mübarizənin  gedişində  çoxlu  qurbanlar  vermiş,  maddi  itkilərə  məruz  qalmışdır. 

Orada  qeyd  edilirdi  ki,  yüz  ilə  yaxın  tərkibində  olduğu  Rusiya  hökuməti 

Azərbaycan  xalqına  yad  bir rejim  idi  və  bu  rejim  xalqın taleyində  çox  ağır  izlər 

qoymuşdur.  Notanın  axırında  Azərbaycan  nümayəndə  heyəti  bildirirdi  ki, 

"Rusiyada hansı hökumətin tanınmasından asılı olmayaraq, yalnız öz parlament və 

hökumətini tanıyan Azərbaycan Rusiyanın hüdudlarına daxil edilməməlidir.

808


 

Lakin  Kolçak  hökumətinin  tanınması  yalnız  Azərbaycan  nümayəndələrini 

deyil, Parisə gəlmiş yeni dövlətlərin əksəriyyətinin nümayəndələrini narahat edirdi. 

Ona görə də, yeni yaranmış respublikalar müttəfiqlərə və Sülh konfransının sədrinə 

etiraz notası hazırlamaq üçün birlikdə bir sıra iclaslar keçirdilər. Qərara alındı ki, 

Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukrayna 

nümayəndələri  adından  Bəyannamə  imzalansın.  Bəyannamənin  mətni  müzakirə 

edildikdən sonra onu Azərbaycan nümayəndələri adından Ə.Topçubaşov, Estoniya 

nümayəndələri  adından  İ.Poska,  Gürcüstan  nümayəndələri  adından  N.Çxeidze, 

Latviya  nümayəndələri  adından  Z.Meerovits,  Şimali  Qafqaz  nümayəndələri 

adından A.Çermoyev, Belorusiya nümayəndələri adından A.Leşkeviç və  Ukrayna 

nümayəndələri  adından  Q.Sidorenko  imzaladılar.  Bəyanatda  deyilirdi: 

"Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukrayna 

respublikaları  bu  dövlətlərin  xalqlarının  azad  iradəsinə  uyğun  olaraq  yaradılıb  və 

                                                        

806


  Parisdə  Azərbaycan  Sülh  heyətinin  sədri  Ə.M.Topçubaşovun  Sülh  konfransının  sədrinə 

məktubu. 05.06.1919.//ARDA, f.970, s.l, i.143, v.49-50 

807

 Prèsident de la Dèlègation de Paix de la Rèpublique d'Azerbaïdjan Ali Mardan Toptchibacheff  - Son 



Excellence, Monsieur le Prèsident de la Confèrence de la Paix. Le 5 juin I919.//Ministère des Affaires 

Etrangère de France, Archives Diplomatique, vol. 832, folio 72 

808

  Parisdə  Azərbaycan  Sülh  heyətinin  sədri  Ə.M.Topçubaşovun  Sülh  konfransının  sədrinə 



məktubu. 05.06.1919. //ARDA f.970, s.1, i.143, v.47 

237 

 

fəaliyyət göstərir. Bu respublikaların konstitusiyaları hazırlanma mərhələlərindədir 



və  qonşu  dövlətlərlə  qarşılıqlı  münasibətlər  orada  təsbit  ediləcək  və  ümumi 

səsvermə  əsasında  seçilmiş  və  seçiləcək  Müəssislər  Məclisində  müəyyən 

ediləcəkdir.  Rusiyada  hər  hansı  dövlət  hakimiyyətinin  qərarları  heç  bir  halda 

müstəqil dövlətlər olan Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, 

Belorusiya  və  Ukraynaya  aid  edilə  bilməz.  Sənədi  imzalayan  respublikalar  Sülh 

konfransının  qarşısında  belə  bir  xahişlə  çıxış  edirlər  ki,  böyük  dövlətlər  tezliklə 

onların  siyasi  müstəqilliyini  tanısınlar.

809


  İyun  ayının  17-də  yeddi  respublikanın 

nümayəndə heyətlərinin başçıları tərəfindən imzalanmış Bəyannamə bir gün sonra, 

iyunun  18-də  Latviya  hökumətinin  xarivi  işlər  naziri  Z.A.Meerovits  tərəfindən 

ABŞ prezidenti V.Vilsona təqdim edildi.

810

 

Parisdə  olan  Qafqaz  nümayəndələri  Azərbaycan  nümayəndələrinin 



yerləşdiyi "Klaric" mehmanxanasında iki dəfə - iyunun 15-də və 18-də bu məsələni 

müzakirə  etdi.  Birinci  iclasda  Azərbaycan,  Gürcüstan  və  Dağlı  respublikalarının 

nümayəndələri,  ikinci  iclasda  isə  azərbaycanlılar  və  dağlılar  iştirak  etdilər.

811


 

Müzakirələr  zamanı  hər  iki  iclasda  Kolçakla  bərabər  Denikinin  də  Qafqaz 

respublikaları  üçün  ciddi  təhlükə  törətdiyi,  Qafqazda  Dağlılar  respublikası  işğal 

olunana  qədərki  "status  kvo"nun  qorunub  saxlanmasının  zəruriliyi  qeyd  edildi. 

Ermənilərin  ağqvardiyaçı  hökumətlərlə  gizli  əlaqələri  olduğuna  görə  onlar  nə 

"yeddilərin" Вəуаnаtına qoşuldular, nə də Qafqaz respublikalarının etiraz notasını 

imzaladılar.

812


  İyun  ayının  23-də  Azərbaycan,  Gürcüstan  və  Şimali  Qafqaz 

respublikaları adından yeddi maddədən ibarət olan etiraz notası Sülh konfransının 

sədrinə göndərildi. Azərbaycan nümayəndə heyətinin başçısının imzaladığı əvvəlki 

iki  sənəddən  (5  və  17  iyun)  bu  notanın  fərqi  onda  idi  ki,  burada  Qafqaz 

respublikaları Rusiyada gedən proseslərə öz taleləri baxımından yanaşır, Kolçakla 

bərabər Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı etiraz 

edilirdi.  Notada  göstərilirdi  ki,  böyük  dövlətlər  Qafqaz  respublikalarına  müstəqil 

siyasi qurumlar kimi baxmalıdırlar və yalnız belə olduqda Rusiya ilə bu ərazilərin 

gələcək  siyasi  quruluşu  barədə  saziş  bağlamaq  olar.  Sənədə  imza  edən 

respublikaların nümayəndələri admiral Kolçakla yazışmalarda xatırladılan Millətlər 

Cəmiyyətinin  Rusiya  hökumətinin  tərkibində  bu  respublikaların  muxtariyyətinin 

tanınması  məsələsinə  etiraz  edir  və  Qafqaz  dövlətlərinin  müstəqilliyinin  siyasi 

cəhətdən tanınmasını Rusiya ilə hər hansı əlaqənin mühüm şərti kimi göstərirdilər. 

Notada  deyilirdi:  "Qafqaz  respublikaları  nümayəndələri  müvafiq  şəkildə  öz 

hökumətləri adından bildirirlər ki, öz müstəqilliyini elan etmiş Qafqaz xalqları onu 

                                                        

809

  Parisdə  olan  Azərbaycan,  Estoniya,  Gürcüstan,  Latviya,  Şimali  Qafqaz,  Belorusiya  və  Ukrayna 



nümayəndələrinin  bəyanatı.  17.06.1919.  //ARDA,  f.970,  s.l,  i.143,  v.50-51;  Papers  Realting  to  the 

Foreign Relations of the United States. Russia, 1919, p.380-381 

810

 Б.Е.Штейн. "Русский вопрос" на Парижской мирной конференции, с.244 



811

  Parisdə  olan  Azərbaycan,  Gürcüstan  və  Şimali  Qafqaz  nümayəndələrinin  birgə  iclaslarının 

Protokolu. 15-18.06.1919. //APDA, f.970, s.l, i.142, v.181-186 

812


 З.Авалов. Независимость Грузии в международной политике, с. 195 

238 

 

böyük qurbanlar bahasına qorumuşlar və bundan sonra da müstəqil olmaq arzusunu 



qəti şəkildə müdafiə edəcəklər. Qafqaz respublikaları yenidən Rusiyaya birləşməyə 

heç bir vaxt razı olmayacaqlar."

813

 

Yaranmış  vəziyyətlə  əlaqədar  sənədi  imzalayan  Qafqaz  respublikaları  öz 



gələcək  siyasi  quruluşlarını  Millətlər  Cəmiyyətinin  himayəsi  altında  Qafqaz 

dövlətləri ittifaqının yaradılmasında görürdülər. Antanta dövlətlərinin Parisdə olan 

nümayəndələrinə  məlumat  verilirdi  ki,  Qafqaz  respublikaları  Tiflisdə  çağırılmış 

konfransda  ümumqafqaz  konfederasiyası  ideyasını  müzakirə  edir  və  həmin 

respublikaların  Versaldakı  nümayəndələri  də  bu  istiqamətdə  bəzi  görüşlər 

keçirmişdilər. 

Keçmiş  Rusiya  imperiyasının  hüdudlarında  yaradılmış  yeni  dövlətlərin 

etiraz  notasının  altıncı  maddəsi  Denikin  təhlükəsinə  qarşı  idi.  Orada  deyilirdi  ki, 

Qafqaz  respublikalarının  dinc  həyata  qayıtmasını  general  Denikinin  rəhbərlik 

etdiyi Könüllülər Ordusunun fəaliyyəti çətinləşdirir. Bu ordu Cənubi Qafqaz üçün 

daimi  təhlükəyə  çevrilmişdir  və  Şimali  Qafqaz  respublikasının  böyük  bir  hissəsi 

onun  tərəfindən  işğal  edilmişdir.  Notada  böyük  dövlətlərə  məlumat  verilməklə 

yanaşı,  onlardan  tələb  edilirdi  ki,  Könüllülər  Ordusu  işğal  etdiyi  ərazilərdən 

çıxarılsın  və  Qafqaz  xalqlarının  hüquqlarına  hörmət  edilsin.

814 

Ən  nəhayət, 



Müttəfiqlərə bildirilirdi ki, Qafqaz respublikaları ilə bağlı bütün məsələlər müvafiq 

respublikaların  hökumətləri  ilə,  yaxud  onların  Parisdəki  nümayəndələri  ilə 

razılaşdırılsın.  Bu  məqsədlə  Sülh  konfransında  Pribaltika  komissiyasına  bənzər 

xüsusi Qafqaz işləri komissiyası yaradılması barədə konfransın katibliyinə təkliflər 

verilmişdi. 

İyun  ayının  28-də  Estoniya,  Litva,  Latviya,  Gürcüstan,  Şimali  Qafqaz, 

Azərbaycan və Polşa nümayəndələri Sülh konfransının rəhbərliyinin ünvanına daha 

bir  müraciət  göndərdilər.  Bu  müraciəti  eston  nümayəndələri  adından  C.Poska, 

N.Kostner  və  S.Pusta,  latış  nümayəndələri  adından  C.Seskis  və  F.Zilens,  Litva 

polyaklarının  nümayəndəsi  B.Krizanovski,  gürcülərin  adından  N.Çxeidze, 

İ.Sereteli,  K.Qvarçaladze  və  V.Qabeçiya,  Dağlılar  Respublikası  adından 

A.Çermoyev  və  H.Bammatov,  azərbaycanlılar  adından  Ə.Şeyxülislamov  və 

M.Məhərrəmov  imzalamışdılar.  Polşanın  müstəqilliyi  Sülh  konfransı  tərəfindən 

tanındığından Polşa nümayəndələri sənədi Rusiyada qalan polyak torpaqlarına aid 

xüsusi  rəylə  imzalamışdılar.  Müraciətdə  deyilirdi:  "Hazırda  Şimali  Qafqaz 

respublikasının ərazisinin general Denikin ordusu tərəfindən işğalı, Azərbaycan və 

Gürcüstan  respublikaları  üçün  təhlükənin  yaranmasından  хəbər  verir  və  bununla 

Rusiyanın  mürtəce  qüvvələri  keçmiş  çar  Rusiyası  ərazisində  yaranmış  gənc 

                                                        

813


  Parisdə  Azərbaycan  Sülh  heyətinin  sədri  Ə.M.Topçubaşovun  müttəfiq  və  dost  ölkələrin  Dördlər 

Şurasının sədrinə məktubu. 20-23.06.1919. //ARDA, f.970, s.l, i.143, v.64-66; əlavə məlumat üçün bax: 

В.И.Адамия. Из истории Английской интервенции в Грузии (1918-1921 гг.), с. 122 

814


  Azərbaycan,  Gürcüstan  və  Dağlılar  Respublikası  nümayəndələrinin  Paris  Sülh  konfransının 

rəhbərliyinə müraciəti. 23.06.1919.// ARDA, f.970, s.1, i.142, v.65 



239 

 

müstəqil  respublikaları  öz  əsarətinə  qaytarmağa  cəhd  göstərirlər...  Bu  sənədin 



altında  imza  atan  nümayəndələr  xüsusi  şəkildə  qeyd  edirlər  ki,  Denikinin 

hücumunu  müttəfiqlərin  maliyyə  və  hərbi  yardımı  şərtləndirir.  Bütün  müstəqil 

dövlətlərin  nümayəndələri  bu  müdaxiləyə  qarşı  etiraz  edir  və  bildirirlər  ki,  öz 

müqəddəratını  təyinetmə hüququ  Rusiya  məclisi  tərəfindən  deyil,  Sülh  konfransı 

tərəfindən  müəyyən  edildiyindən  Qafqazda  bütün  dövlətlərin  ərazi  bütövlüyünün 

saxlanması və xalqların öz parlamentlərində səsləndirdikləri azad iradənin nəzərə 

alınması  zəruridir".  Müraciətin  sonunda  müttəfiq  dövlətlərindən  Denikin 

təcavüzünə  son  qoyulması  və  xalqların  azad  inkişafına  yardım  göstərilməsi  tələb 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin