Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
  1   2   3   4   5   6   7   8   9   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920


 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 

 

 

Azərbaycan Respublikasının 



Diplomatiya Tarixi 

 

 

I cild 

 

 

Baş redaktor: 

Azərbaycan Respublikasının xarici işlər naziri, 

tarix elmləri namizədi E.M.Məmmədyarov 

 

Redaksiya heyəti: 



Xarici işlər nazirinin müavini, 

filologiya elmləri namizədi V.İ.Sadıqov, 

Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi, 



tarix elmləri namizədi C.Ə.Axundov, 

Xarici İşlər Nazirliyinin müşavirləri, 



tarix elmləri namizədi C.M.Vəkilov, 

tarix elmləri namizədi C.İ.Məmmədov, 

tarix elmləri namizədi Q.T.Köçərli, 

filologiya elmləri namizədi A.A.Əliyev 

 

Cəmil Həsənli 



 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin   

Xarici Siyasəti 

 

(1918-1920) 

 

 

 

 

 

 

 

 

Bakı - 2009 

 

Elmi redaktor:  tarix elmləri doktoru, professor E.R.İsmayılov 



 

Rəyçi: 


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 

                        İnformasiya İdarəsinin rəisi, tarix elmləri namizədi  

                        C.Ə.Axundov 

 

 



 

 

C.P.Həsənli. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918- 

                      1920). Bakı, "GARISMA" MMC, 2009, - 576 səh. 

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin qərarı ilə "Azərbaycan 



Respublikasının  diplomatiya  tarixi"  seriyasından  hazırlanan  birinci  kitab 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  xarici  siyasətini  əhatə  edir.  Tarix  elmləri 

doktoru,  professor  C.Həsənli  tərəfindən  yazılmış  bu  kitabda  1918-1920-ci illərdə 

Azərbaycan diplomatiyasının keçdiyi çətin və maraqlı yol araşdırılmışdır. Müəllif 

Azərbaycan,  Türkiyə,  Rusiya,  ABŞ,  Fransa,  Böyük  Britaniya  və  digər  ölkələrin 

çox  nadir  arxiv  sənədlərinə  əsasən  Azərbaycan  Xalq  Cümhuriyyətinin  xarici 

siyasətinin maraqlı mənzərəsini yarada bilmişdir. Kitabda istifadə edilən sənəd və 

materialların bir çoxu ilk dəfə elmi dövriyyəyə gətirilmişdir. 

Azərbaycan Respublikasında diplomatik xidmətin yaranmasının 90 illiyi ilə 

bağlı hazırlanmış bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici siyasət 

addımları, Bakının azad edilməsi uğrunda diplomatik mübarizə, qonşu dövlətlərlə 

münasibətlər,  Paris  Sülh  konfransı  tərəfindən  Azərbaycanın  müstəqilliyinin 

tanınması haqqında oxuculara geniş məlumat verilir. 

Kitab  beynəlxalq  münasibətlər  tarixi  ilə  məşğul  olan  mütəxəssislər,  bu 

ixtisas  üzrə  təhsil  alan  tələbələr  və  yaxın  keçmişimizin  diplomatiya  tarixi  ilə 

maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulur. 

 

 

 



ISBN: 978-9952-455-00-7 

 

 

 

                                                                        © C.P.Həsənli  

                                                                             © Azərbaycan Respublikası  

                                                                            Xarici İşlər Nazirliyi 

 

 


 

Ön söz 

 

Dünya  tarixindən  məlumdur  ki,  hər  millətin  dövlətçiliyinin  və 



təhlükəsizliyinin  təmin  edilməsində,  beynəlxalq  səhnədə  mövqe  və  maraqlarının 

müdafiəsində diplomatiya xüsusi rola malikdir. Diplomatiya, xarici siyasət vasitəsi 

kimi,  millətin  istiqlaliyyətinin  bərpа  edilməsi,  beynəlxalq  ictimaiyyətin 

bərabərhüquqlu  üzvü  kimi  tanınması  və  ərazi  bütövlüyü  uğrunda  mübarizəsi 

zamanı daha böyük, fövqəladə əhəmiyyətə malik olur. 

XX əsrdə Azərbaycan xalqına, onun siyasi xadimlərinə və yaranmaqda olan 

diplomatiyasına  istiqlaliyyət  bayrağını  qaldırmaq  və  milli  dövlətçiliyin  bərqərar 

olması naminə mürəkkəb regional və beynəlxalq şəraitdə ağır mübarizələr aparmaq 

iki dəfə nəsib olmuşdur: 1918-1920-ci illərdə və ötən əsrin 80-90-cı illərində. 

Məlum  olduğu  kimi,  ümummilli  lider  Heydər  Əliyev  1918-1920-ci  illərin 

Azərbaycan  Xalq  Cümhuriyyəti  (AXC)  tarixinə  xüsusi  diqqətlə  yanaşırdı.  Onun 

fərmanı  əsasında  Azərbaycan xarici  siyasət  sənədləri  toplusunun hazırlanması ilə 

yanaşı, ilk dəfə olaraq, AXC dövlətinə aid bütün sənədlər nəşr edilmişdir. 

Bu əhəmiyyətli işin davamı kimi, Prezident İlham Əliyevin qərarına uyğun 

olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış milli diplomatiyamızın 

90-cı ildönümü ilə bağlı bu il keçiriləcək tədbirlər çərçivəsində müasir Azərbaycan 

diplomatik  xidmətinin  günümüzə  qədər  tarixi haqqında  geniş  əsərin  yazılması  və 

nəşr edilməsi nəzərdə tutulmuşdur. 

Əsərin Azərbaycan diplomatiyasının 1918-ci ildən 1991-ci ilə qədər tarixinə 

həsr  olunmuş  fəsilləri  bu  dövr  üzrə  tanınmış  mütəxəssis,  tarixçi  professor  Cəmil 

Həsənli  tərəfindən  yazılmışdır.  Kitabın  yazılması  prosesində,  xarici  arxivlərdə 

əlavə  mənbələr  tədqiq  olunmuş,  bir  çox  yeni,  maraqlı  faktlar  aşkar  edilmişdir. 

1918-1920-ci  illərdə  müstəqil  Azərbaycan  dövlətinin  yaranması,  öz  paytaxtı 

Bakıda  və  ölkə ərazisində  bərqərar  olması,  dünya  dövlətləri  tərəfindən  tanınması 

uğrunda  birinci  milli  hökumətin,  onu  təşkil  edən  görkəmli  dövlət  xadimi  və 

diplomatların mübarizəsinə həsr olunmuş fəsillər xüsusi maraqla oxunur. 

Bu il 28 May  -  Respublika gününə həsr olunmuş rəsmi qəbuldakı nitqində 

Prezident  İlham  Əliyev  91  il  əvvəl  müsəlman  aləmində  ilk  dəfə  demokratik 

respublika  olaraq  Azərbaycan  Xalq  Cümhuriyyətinin  (AXC)  qurulmasını  tarixi 

hadisə kimi qiymətləndirmiş, AXC-nin ömrünün uzun olmadığı və iki ildən sonra 

respublikanın  müəyyən  səbəblər  üzündən  süqut  etdiyini  təəssüflə  vurğulamış, 

Azərbaycan  xalqı  və  Azərbaycan  dövlətinin  AXC-nin,  onun  qurucularının 

fəaliyyətinə həmişə böyük hörmətlə yanaşdığını, bu tarixin bizə məxsusluğunu və 

ondan həmişə ibrət dərsi götürməli olduğumuzu bildirmişdir. 

Müstəqil  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yalnız  23  ay  yaşamasına 

baxmayaraq, yeni Sovet Azərbaycanının paytaxtı Bakı və suveren ərazisi ilə Sovet 

İttifaqı tərkibində, formal da olsa, bərabərhüquqlu respublika kimi  saxlanılmasını 

bu dövrün bir nəticəsi kimi qiymətləndirmək olar. 



 

Kitabın  Azərbaycan  diplomatiyasının  1991-ci  ildən  bu  günümüzə  kimi 



tarixinə  həsr  olunmuş  fəsilləri  Bakı  Dövlət  Universitetinin  professoru  Musa 

Qasımlı  tərəfindən  yazılmışdır.  Bu  mürəkkəb  və  hadisələrlə  dolu  dövr  üzrə 

mənbələr  kifayət  qədər  çox  olsa  da,  dövlətin  xarici  siyasətini  və  praktiki 

diplomatiyasını ölkə daxilində və dünyada gedən proseslərlə əlaqədə təhlil etmək 

çətin vəzifə təşkil edir və bu vəzifə layiqinсə yerinə yetirilmişdir. 

Bizim çağdaş tariximizi təşkil edən bu dövr ilə 1918-1920-ci illər arasında 

bir sıra paralellər müşahidə etmək olar, - Sovetlər İttifaqının dağılması ərəfəsində 

meydana çıxmış münaqişələr, daim regionda mövcud olan güclü xarici təzyiqlər və 

neft  amilinin  əhəmiyyəti,  Azərbaycana  qarşı  erməni  təcavüzü.  Eyni  zamanda, 

təəssüflə qeyd  etməliyik  ki,  1980-ci illərin  sonunda  və müstəqilliyin  ilk  illərində 

ölkəyə  başçılıq  edən  rəhbərlər  zamanın  tələbləri  səviyyəsində  fəaliyyət  göstərə 

bilməmiş,  əmələ  gələn  və  getdikcə  genişlənən  Ermənistan  təcavüzünü  düzgün 

qiymətləndirməmiş  və  zəruri  tədbirlər  görməmiş,  ümumilikdə,  ölkənin  xarici  və 

daxili siyasətində böyük səhvlərə yol vermişdirlər. 

Tarix  elmində  belə  bir  mülahizə  var  ki,  dahi  siyasi  şəxsiyyətlər  zamanın 

hökmü  ilə  tarixi  səhnəyə  çıxır.  Bu  gün,  on  altı  il  keçəndən  sonra  tam  əminliklə 

demək  olar  ki,  ümummilli  lider  Heydər  Əliyevin  yeni  müstəqil  Azərbaycanın 

rəhbərliyinə gəlməsi belə tarixi əhəmiyyətli hadisələrdən biri olmuşdur. Prezident 

Heydər  Əliyevin  hərtərəfli  fəaliyyətinin  əsas  nəticələri  olan  milli  dövlətçiliyin 

bərpası və möhkəmləndirilməsi, Azərbaycan ətrafında regionda və dünyada yeni, 

daha əlverişli strateji reallığın yaranması haqqında məsələlər əsərdə ətraflı şəkildə 

təhlil edilmişdir. 

Əsərin  son  fəsillərində  göstərilir  ki,  Heydər  Əliyevin nəhəng  fəaliyyətinin 

nəticələrinə  arxalanaraq,  Azərbaycan  dövləti  Prezident  İlham  Əliyevin  rəhbərliyi 

altında siyasi, sosial-iqtisadi və hərbi sahələrdə nəzərəçаrpаn tərəqqi əldə edərək, 

yürütdüyü  diplomatiya  vasitəsi  ilə  öz  mövcudluğunu  və  təsirini  beynəlxalq 

səhnədə,  о  cümlədən  beynəlxalq  təşkilatlarda  xeyli  genişləndirmiş  və 

gücləndirmişdir.  Bu  gün  Azərbaycan  geniş  regionda  baş  verən  strateji  siyasi  və 

iqtisadi  proseslərin  gedişinə  təsir  göstərməyə  qadirdi.  Bu  gün  bütün  dünyaya 

bəllidir  ki,  Ermənistan-Azərbaycan  münaqişəsi,  ancaq  Azərbaycanın  beynəlxalq 

prinsiplərə əsaslanan şərtləri əsasında həll oluna bilər. 

Sözümü  bitirərək,  məmnun  olduğumu  bildirmək  istərdim  ki,  müasir 

Azərbaycan  diplomatiyasının  tarixinə  həsr  olunmuş  bu  sanballı  əsər  ölkəmizdə 

beynəlxalq  münasibətlər  üzrə  get-gedə  çoxalan  institutlar,  fakültələr,  araşdırma 

mərkəzləri və alimlər üçün faydalı tədris, təlim və tədqiqat mənbəyi olacaqdır. 

Azərbaycan Respublikasının xarici işlər naziri 

E.M.Məmmədyarov 

 

 


 

Giriş 



 

Azərbaycan dünyanın qədim ölkələrindən biri olaraq öz coğrafi mövqeyinə, 

strateji  əhəmiyyətinə  görə  həmişə  diqqət  mərkəzində  olub.  Тək  şərqdən  qərbə 

uzanan  ticarət  yolları  deyil,  tarixin  müəyyən  məqamlarında  böyük  imperiyaların, 

dünya  cahangirlərinin  dağıdıcı  yürüşləri  də  Azərbaycandan  keçirdi.  Qafqaz 

dağlarının  ətəklərindən  Xəzər  dənizinə  doğru  uzanıb  gedən  böyük  bir  ərazidə 

məskunlaşan  azərbaycanlılar  hələ  antik  dövrdən  bəri  böyük  güclərin  hədəfinə 

çevrilmiş,  Əhəməni  hökmdarlarından  qədim  Roma  legionlarına,  Sasani 

satraplarından  ərəb  sərkərdələrinə  qədər  hər  kəs  gücünü  burada  sınamağa 

çalışmışdır. Azərbaycan uzun əsrlər boyu qılınc səsinin səksəkəsi ilə diplomatiya 

fəlsəfəsinin  qovşağında  yaşamış  və  bu  tarixi  prosesdə  qılıncla  diplomatiyanın 

vəhdətini  yarada  bilmişdir.  Əmir  Teymurla  Şirvanşah  İbrahimin  diplomatik 

gedişləri, Səfəvi hökmdarı Şah İsmayıl ilə Sultan Səlimin sətrlərindən qan daman 

məktubları,  Ağqoyunlu  Uzun  Həsənlə  Avropa  dövlətləri  arasında  yazışmalar, 

Səfəvi  dövlətinin  geniş  beynəlxalq  əlaqələri  diplomatiya  tariximizin  ilk  kövrək 

səhifələri idi.

1

 

XVIII  əsrdə  Nadir  şah  imperiyasının  dağılmasından  sonra  yaranan 



Azərbaycan  xanlıqları  inzibati  idarəçilik  sistemi,  bəlli  sərhədləri,  nizami  ordusu, 

ictimai münasibətləri tənzimləyən divanı, iqtisadi münasibətləri stimullaşdıran pul 

vahidi  ilə  dövlətçilik  atributlarını  özündə  yaşadan  hakimiyyət  qurumları  olmaqla 

yanaşı,  eyni  zamanda  regionun  beynəlxalq  münasibətlərinə  tədricən  daxil  olan 

ayrı-ayrı dövlətlər idi. Xalqların tarixində belə çoxdövlətçilik mərhələsini yaşayan 

Azərbaycan bu baxımdan dünyada nə birinci, nə də sonuncu idi. Elə həmin dövrdə 

bir-biri  ilə  qanlı  müharibələr  aparan  rus  knyazlıqlarının  birləşdirilməsi  prosesi 

yenicə  başa  çatdırılmışdı.  İtaliya  şəhər  dövlətləri  hələ  ki,  öz  müstəqilliklərini 

saxlamaq  uğrunda  silahdan  tutmuş  diplomatiyanın  bütün  incəliklərinə  qədər 

istifadə edirdilər. Azərbaycanda 20 xanlıqla eyni vaxtda Almaniyada çoxsaylı kiçik 

dövlətlərin  mövcud  olması,  sonralar almanların  Avropanın güclü  bir  milləti  kimi 

formalaşmasının  qarşısını  ala  bilmədi.  Lakin  xanlıqların  acı  taleyi  və  ibrətamiz 

tarixi  təcrübəsi  bir  həqiqət  ortaya  qoydu  ki,  coğrafi  baxımdan  üç  böyük 

imperiyanın arasında yerləşən Azərbaycanın nicatı vətənin bütövlüyündə və xalqın 

birliyindədir. 

XIX  əsrin  əvvəllərində  Rusiya  imperiyasının  Qafqaza  ayaq  açması 

Azərbaycanı  yenidən  diplomatik  çəkişmələrin  mərkəzinə  çevirdi.  Gəncə  hakimi 

Cavad xanın general Sisianovun hikkəli məktublarına təmkinli cavabları az sonra 

onun  döyüş  meydanlarındakı  qəhrəmanlığı  kimi  diplomatiya  tariximizin  şərəfli 

səhifələri idi. Məhz, tariximizin bu məqamının dəqiqləşdirilməsi bir həqiqəti aydın 

şəkildə  ortaya  qoyur  ki,  XIX  əsrin  əvvəllərində  beynəlxalq  münasibətlər  tarixinə 

                                                        

1

  Bax:  Yaqub  Mahmudov.  Azərbaycan  Diplomatiyası.  Ağqoyunlu  və  Səfəvi  dövlətlərinin  Avropa 



ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklər). Bakı, 2006. 

 

Rusiya  -  İran  müharibələri  kimi  daxil  olan  keşməkeşli  hadisələr  Rusiya  -  İran 



müharibəsi  olmazdan  daha  əvvəl,  Rusiya  ilə  ayrı-ауrı  Azərbaycan  xanlıqları 

arasında baş vermiş müharibə idi. İran ordusu hələ döyüşlərə girməzdən əvvəl bu 

mübarizə  Cavad  xanın  rus  ordusuna  qarşı  sərt  dirənişindən  keçirdi.  Eyni  ilə 

diplomatiya  tarixində  Rusiya  ilə  İran  arasında  imzalanıb,  Azərbaycan  xalqının 

taleyində  ayrılıq  məqamını  rəsmiləşdirən  1813-cü  ilin  Gülüstan  və  1828-ci  ilin 

Türkmənçay  müqavilələrindən  daha  əvvəl,  1805-ci  ildə  şuşalı  İbrahim  xanın 

imzaladığı  Kürəkçay  müqaviləsi  də  var  idi.  Məhz  bu  müqavilə  bitkin  bir 

diplomatik  sənəd  olaraq,  Qarabağ  xanlığının,  məhz  Azərbaycan  dövləti  olaraq 

Rusiya  protektoratlığına  girməsini  özündə  ehtiva  edirdi.

2

  Həm  Kürəkçay 



müqaviləsində,  həm  də  onun  hüquqi  davamı  kimi  Mehdiqulu  ağanın  Qarabağ 

hakimi  təyin  edilməsi  haqqında  1806-cı  ilin  imperator  fərmanında  Rusiya 

tərəfindən  tədricən  ilhaq  edilən  Qarabağda,  onun  hüdudları,  dağı  və  aranında 

söhbət yalnız və yalnız etnik  kimlik olaraq azərbaycanlılardan, dini mənsubiyyəti 

olaraq, müsəlmanlardan gedir.

3

 XIX əsrin əvvəllərində general Sisianov tərəfindən 



imzalanmış  Kürəkçay  müqaviləsi,  "fələk  cəlallı"  I  Aleksandr  tərəfindən 

imzalanmış  imperator  fərmanı  tarixi  baxımdan  Qarabağın  şəriksiz  olaraq, 

azərbaycanlılara məxsusluğunu təsdiq edən ilk tutarlı diplomatik sənədlərdir. Hələ 

erməni köçü başlamazdan əvvəl, 1823-cü ildə Rusiya idarəçilərinin hazırladığı və 

əyalətin  əhali  sayımını  özündə  ehtiva  edən  "Qarabağ  vilayətinin  təsviri"  adlı 

statistik məlumatlar bu bölgənin etnik-dini tərkibi haqqında real mənzərəni aydın 

şəkildə  ortaya  qoyurdu.

4

  Qarabağ  vilayəti  haqqında  həqiqətlər  XIX  əsrdə 



Rusiyanın  Qafqaz  siyasətini araşdıran  bir  sıra rus tədqiqatçılarının  əsərlərində  və 

dövlət siyasətini müəyyən edən rəsmi nəşrlərdə də təsdiq edimişdir.

5

 

Azərbaycanın  taleyində  və  tarixində  əsaslı  dönüş  XIX  əsrin  sonlarından 



başlandı.  30  ilə  yaxın  silahlı  müqavimətin  ciddi  bir nəticə vermədiyini  görən  ilk 

Azərbaycan  realistləri  mübarizənin  forma  və  metodlarını  dəyişərək,  yüz  illərin 

                                                        

2

  Трактат  между  Карабахским  ханом  и  Российской  империей  о  переходе  ханства  под  власть 



России  от  14  мая  1805  года.//  Государственный  Исторический  Архив  АР,  ф.130,  оп.1,  д.  14, 

лл.245-248;  Акты  Кавказской  Археографической  Комиссии.  Архив  Главного  Управления 

Наместника Кавказа. Томь II. Издан под редакциею председателя комиссии А.Д.Берже. Тифлис, 

1868, с.705 

3

 Высочайшая грамота генерал-майора Мехтикули ага от сентября 1806 года.// Акты Кавказской 



Археографической Комиссии. Архив Главного Управления Наместника Кавказа. Томь III. Издан 

под редакциею председателя комиссии А.Д.Берже. Тифлис, 1869, с.336-337 

4

  Описание  Карабахской  провинции,  составленное  в  1823  году,  по  распоряжению  глав -



ноуправляющего  в  Грузии  Ермолова,  действительным  статским  советником  Могилевским  и 

полковником Ермоловым 2-м. Тифлис, 1866, 415 с. 

5

  Вах:  Гражданское  Управление  Закавказьем  от  присоединения  Грузии  до  наместничества 



Великого  Князя  Михаила  Николаевича.  Исторический  очерк.  Составитель  по  поручению 

Военно-Исторического отдела В.Н.Иваненко. Тифлис, 1901, 525 с; В.A.Потто. Кавказская война. 

Персидская война 1826-1828 гг. Том 3, Тифлис, 1901; Н.И.Шавров. Новая угроза русскому делу в 

Закавказье: предстоящая распродажа Мугани инородцам. СП., 1911 

 


 

ümmət  anlayışından  yeni  əsrin  millət  düşüncəsinə  keçməyin  zərurətini  ideya 



istiqaməti  olaraq  irəli  sürdülər.  A.A.Bakıxanov,  M.F.Axundov  və  H.B.Zərdabi 

kimi  mütəfəkkirlər  ənənəvi  şərq  mədrəsəsindən  müasir  üsuli-cədid  məktəblərinə 

keçməyin  zəruriliyini  əsaslandırmaqla milli hədəfləri  düzgün müəyyənləşdirdilər. 

Bu  böyük  mütəfəkkirlərin  Ə.Hüseynzadə,  Ə.Ağayev  və  Ə.M.Topçubaşov  kimi 

ardıcılları, məhz bu ideyanın işığında azərbaycanlıların ümmətdən millətə başlayan 

tarixi  keçidini  öz  çiyinlərində  apara  bildilər.  Bu  ideyanın  "milli  dirilik"  fəlsəfəsi 

olaraq,  bitkin  bir  baxışlar  sisteminə  çevrilməsi  isə  M.Ə.Rəsulzədənin  adı  ilə 

bağlıdır.  1918-ci  ildə  tarix  səhnəsinə  çıxan  Azərbaycan  Xalq  Cümhuriyyəti 

dünyəvi  bir  dövlət  olaraq,  islam  ümmətçiliyindən  türk  millətçiliyinə  keçidin 

məntiqi  yekunu,  millətləşmə  əsrində  millət  olmaq  arzularını  özündə  ehtiva  edən 

"milli  dirilik"  fəlsəfəsinin tarixi  təsdiqi  idi.  XX  əsrin əvvəllərində  dünya  xalqları 

içərisində  öz  millətinin  imzasını  görməyən  və  bundan  mənəvi  sıxıntı  keçirən 

Azərbaycan  aydınları  ilk  imkan  düşən  kimi,  1918-ci  ilin  may  ayının  28-də  Xalq 

Cümhuriyyətini  yaratmaqla  diplomatik  baxımdan  bu  imzanı  beynəlxalq  aləmdə 

təsdiq  etdirə  bildilər.  Bu  mühüm  hadisə  başlanan  cahan  hərbində  atılan  topların 

səsindən  oyanan  və  gündən-günə  kəskinləşən  diplomatik  çəkişmələrdə  dünyanın 

siyasi  xəritəsinin  dəyişəcəyinə  ümid  bəsləyən  Azərbaycan  xalqının  çox  böyük 

tarixi nailiyyəti idi. 

Azərbaycan Xalq Cümhuriyyəti cəmisi 23 ay yaşadı. Bu, zaman etibarı ilə 

elə  də  böyük  bir  dövrü  əhatə  etmir.  Lakin  23  ay  ərzində  yaradılan  tarix,  keçilən 

yol, atılan diplomatik addımların və görülən böyük işlərin siyasi məzmunu millətin 

varlığına  hopdu.  28  may  1918-ci  ildə  elan  edilmiş  istiqlal  və  həmin  istiqlalın 

simvolu  kimi  ucaldılmış  üç  rəngli,  ay-ulduzlu  bayraq  tək  XIX  əsrin  sonu  -  XX 

əsrin əvvəllərini əhatə edən milli mücadilə yolunun məntiqi yekunu olmayıb, həm 

də gediləcək yolun müəyyənedici ideoloji istiqaməti, milli hədəflərə doğru başlıca 

inkişaf  strategiyası  idi.  1991-ci  ildə  Azərbaycan  Respublikasının  Xalq 

Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq,  bərpа edilməsi 1918-1920-ci illərdə 

seçilən  yolun  doğruluğunun,  aparılan  diplomatik  mübarizənin  əhəmiyyətinin 

başlıca  yekunu idi. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 

80  illiyi  ilə  bağlı  ümummilli  lider  Heydər  Əliyevin  imzaladığı  sərəncamda 

deyilirdi: "Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış 

gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa 

bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. 

Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün 

vətəndaşlara  bərabər hüquqlar  verilməsi,  dövlət  sərhədlərinin müəyyən  olunması, 

Azərbaycan  dövlətçiliyi  atributlarının  qəbul  edilməsi,  ana dilinin  dövlət  dili  elan 

olunması  Azərbaycanın  gələcək  müstəqilliyi  üçün  möhkəm  zəmin  yaratmışdır. 

Demokratik  dövlət  quruculuğu,  iqtisadiyyat,  mədəniyyət,  təhsil,  hərbi  quruculuq 

sahələrində  atılmış  addımlar  Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq 

fəaliyyətini  əks  etdirən  əsas  istiqamətlərdir...1991-ci  ildə  dövlət  müstəqilliyini 



 

bərpа edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin 



zəngin  ənənələrindən  istifadə  etmiş  və  bu  tarixi  varislik  üzərində  müstəqil 

Azərbaycan dövlətini yaratmışdır."

6

 Bu qərar Azərbaycan  dövlətçilik ənənələrinin 



bərpası,  Xalq  Cümhuriyyətinin  zəngin  irsinin  qaldırılması  və  ona  siyasi  qiymət 

verilməsi  baxımından  mühüm  dövlət  sənədi  oldu.  2008-ci  ildə  Xalq 

Cümhuriyyətinin 90 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı prezident 

İlham Əliyevin imzaladığı sərəncam bu siyasətin məntiqi davamı idi. Sərəncamda 

bildirilirdi:  "Azərbaycan  Xalq  Cümhuriyyətinin  öz  dövlətçilik  atributlarını  qəbul 

etməsi,  dövlət  və  hərbi  quruculuq,  iqtisadiyyat  və  mədəniyyət,  təhsil  və  səhiyyə 

sahələrində  atdığı  addımlar  xalqımız  üçün  taleyüklü  əhəmiyyət  kəsb  etmişdir. 

Cümhuriyyətin  böyük  uğurlarından  biri  Paris  Sülh  konfransında  1920-ci  il 

yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur".

7

 2009-cu 



ilin  may  ayının  27-də  Respublika  Günü  münasibətilə  keçirilən  rəsmi  qəbuldakı 

nitqində  Azərbaycan  Respublikasının  prezidenti  İlham  Əliyev  Xalq 

Cümhuriyyətinin tarixdəki rolunu yüksək qiymətləndirərək demişdir: "91 il bundan 

əvvəl  Şərqdə  -  müsəlman  aləmində  ilk  dəfə  olaraq,  demokratik  respublika 

yaranmışdır. Bu hadisə tarixi hadisə idi. Çünki ilk növbədə, müsəlman aləmində ilk 

dəfə  olaraq  demokratik  cümhuriyyət  qurulur,  digər  tərəfdən  Azərbaycan  xalqı 

müstəqilliyə  qovuşurdu...  Azərbaycan  xalqı  və  Azərbaycan  dövləti  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  fəaliyyətinə,  onun  qurucularının  fəaliyyətinə  həmişə 

hörmətlə  yanaşmışdır.  Keçən  il  Xalq  Cümhuriyyətinin  90  illik  yubileyini 

Azərbaycanda çox geniş və təntənəli şəkildə qeyd etmişdik. Bu gözəl tarix bu il də 

geniş  şəkildə  qeyd  edilir.  İki  il  bundan  əvvəl  imzaladığım  sərəncama  əsasən, 

Bakının  mərkəzində,  İstiqlaliyyət  küçəsində  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

şərəfinə  abidə  ucaldılmışdır.  Bu  tarix  bizim  tariximizdir  və  biz  tarixdən  həmişə 

ibrət dərsi götürməliyik".

8

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dünya  müharibəsinin  başa  çatması  ilə 



müşayiət  edilən  gərgin  diplomatik  mübarizə  şəraitində  yarandı  və  fəaliyyət 

göstərdi.  İnqilabın  dağıtdığı  Rusiya  imperiyasının  1914-cü  il  hüdudlarında  bərpа 

edilməsinə  göstərilən  cəhdlər  1918-1920-ci  illərdə  gənc  Azərbaycan 

Respublikasından 

böyük  diplomatik  bacarıq,  dünya  siyasətinin  dönüş 

məqamlarından baş çıxarmaq qabiliyyəti tələb edirdi. İki ilin  hürriyyət sevdası ilə 

istiqlal  davasının  kəsişməsində  Azərbaycan  diplomatiyası  bu  mühüm  vəzifənin 

öhdəsindən  gələ  bildi.  Siyasi  məzmunda  Azərbaycan  ideyasını  dünyaya  təqdim 

edənlər 1920-ci ildə diplomatik baxımdan bu ideyanın Versal Ali Şurası tərəfindən 

                                                        

6

  "Azərbaycan  Xalq  Cümhuriyyətinin  80  illiyinin  keçirilməsi  haqqında"  Azərbaycan  Respublikası 



Prezidentinin sərəncamı. 30.01.1998.//Azərbaycan, 1998, 31 yanvar 

7

  "Azərbaycan  Xalq  Cümhuriyyətinin  90  illik  yubileyi  haqqında"  Azərbaycan  Respublikası 



Prezidentinin sərəncamı. 15.02.2008.//Azərbaycan, 2008, 17 fevral 

8

 Azərbaycan, 2009, 28 may 



 

10 

 

beynəlxalq  təsdiqlənməsinə  nail  oldular.  Lakin  Birinci  Dünya  müharibəsindən 



sonra  formalaşan  yeni  geosiyasi  proseslər  Azərbaycan  millətinin  bu  tarixi 

nailiyyətdən  yetərincə  faydalanmasına  imkan  vermədi.  Azərbaycan  Xalq 

Cümhuriyyəti  1920-ci  ilin  aprelində  ölkə  daxilində  gedən  siyasi  proseslərin, 

məhəlli ziddiyyətlərin nəticəsi kimi deyil, dünya siyasətində baş  verən mürəkkəb 

diplomatik  çəkişmələrin  nəticəsi  kimi  süqut  etdi.  Əslində,  1918-ci  ildə  Rusiya 

imperiyası hüdudlarında yaranmış yeni respublikaların, о cümlədən, Azərbaycanın 

beynəlxalq  aləmə  çətin  inteqrasiya  olması,  ilk  növbədə,  Rusiyanın  qalib 

Antantanın üzvü kimi dağılması ilə bağlı idi. Bu səbəbdən də dünya, yaxud onun 

taleyini  müəyyən  edən  dairələr  Rusiyanın  dağılmasına  və  onun  xarabalıqları 

üzərində  yaranan  yeni  dövlətlərin  tanınmasına  hazır  deyildilər.  Bir  növ  Rusiya 

gözlənilmədən  böhrana  düşdüyü  üçün  bolşevizmə  müvəqqəti  hal  kimi  baxan 

müttəfiqlər onun köhnə hüdudlarda bərpa olunacağına ümidlərini itirməmişdilər və 

ona görə də, Rusiya ilə bağlı bütün məsələlərə son dərəcə ehtiyatla yanaşırdılar. Bu 

özünü  müharibədən  sonrakı  dünya  düzəninin  baş  memarı  hesab  edilən  və  kiçik 

xalqların dostu sayılan V.Vilsonun 14 sülh prinsipində də açıq şəkildə göstərirdi. 

Təxminən  70  il  sonra  SSRİ-nin  dağılması  nəticəsində  Rusiyadan  ayrılan  14 

respublika 1918-ci ildə hələ ki, V.Vilsonun 14 maddəsində yox idi. Məhz  belə bir 

şəraitdə Azərbaycanın müstəqilliyinin 1920-ci ildə Versal Ali Şurası tərəfindən de-

fakto tanınması 1919-cu ilin payızından etibarən dəyişən siyasi vəziyyətlə yanaşı, 

Azərbaycan  diplomatiyasının  mühüm  uğuru,  onun  Paris  Sülh  konfransındakı  say 

etibari ilə kiçik olan heyətinin böyük qələbəsi idi. 

Mövcud  olduğu  dövrün  mürəkkəb  tarixi  şəraiti  nəzərə  alınmaqla 

Azərbaycan Xalq Cümhuriyyətini quranlar, onun xarici siyasətini həyata keçirənlər 

dünyəvi  dəyərlərə,  demokratik  prinsiplərə  söykənən  çağdaş  bir  cümhuriyyət 

yaratmaqla oriyentasiya olaraq, dünya siyasəti və coğrafiyasında azərbaycanlıların 

yerini  müəyyən  etdilər.  Onlar  tək  azərbaycanlıların  dünyaya  baxışını  deyil, 

dünyanın da Azərbaycana baxışlarını dəyişə bildilər. Cümhuriyyətin qurulmasının 

bir  illiyi  ilə  bağlı  Ü.Hacıbəyli  1919-cu  ilin may  ayının  28-də rəsmi  dövlət  qəzeti 

olan  "Azərbaycan"da  yazırdı:  "Bizim  vücudumuzu  aləmi-mədəniyyət  üçün 

təhlükəli təsəvvür edənlər ilə bir balaca təmas lazım imiş ki, bu fikrin və bu nəzərin 

sırf yalan və yanlış olduğu meydana çıxsın."

9

 



Azərbaycanın  ərazi  bütövlüyü  və  suverenliyinin  təmin  edilməsi  Xalq 

Cümhuriyyəti  diplomatiyasının  çıxış  nöqtəsini  təşkil  etmişdir.  Bu  baxımdan 

Azərbaycan Xalq Cümhuriyyəti, onun diplomatiyasının ən mühüm xidmətlərindən 

biri Cənubi Qafqazda azərbaycanlıların milli hüdudlarının müəyyənləşdirilməsi ilə 

bağlı  idi.  1918-1920-ci  illərdə  respublikanın  mübahisəsiz  əraziləri  97.297,67 

kvadrat  kilometr,  mübahisəli  torpaqlarla  birlikdə  isə  bu  ərazilərin  ümumi  sahəsi 

                                                        

9

 Azərbaycan, 1919, 28 may 



 

11 

 

113.895,97  kvadrat  kilometr  idi.



10

  Sovetləşmədən  sonra  Azərbaycanın  əraziləri 

ciddi  şəkildə  azalmağa  başladı  və  bu  ərazilərin  ümumi  sahəsi  86,6  min  kvadrat 

kilometrə  endirildi.  Sovetləşmənin  ilk  illərində  bu  ədalətsizliyə  dözməyərək, 

Azərbaycanın  tarixi  torpaqlarının  mərkəzi  bolşevik  hökuməti  tərəfindən 

Ermənistana  verilməsinə  qarşı  etiraz  edən  N.Nərimanov  V.İ.Leninə  yazırdı: 

"Müsavat  hökuməti  dövründə  mübahisəsiz  hesab  olunan  Azərbaycan  əraziləri 

sovet  hakimiyyətinin  qələbəsindən  sonra  mübahisə  subyekti  olmağa  başlamışdır. 

Şübhəsiz ki, xalq bunları görür və narazılığını ifadə edir."

11

 Aprel çevrilişindən az 



sonra, 1920-ci ilin iyulunda Qafqazda nüfuzlu hesab edilən bolşeviklər Azərbaycan 

İnqilab  Komitəsinin  sədri  N.Nərimanov,  RK(b)P  Qafqaz  bürosunun  üzvləri 

Mdivani, AK(b)P MK üzvləri Mikoyan və Naneyşvili, XI Ordunun hərbi şurasının 

üzvləri  Vesnik,  Levandovski  və  Mixaylov  birlikdə  imzalayıb,  Moskvaya  Rusiya 

Kommunist  (bolşevik)  Partiyasının  Mərkəzi  Komitəsinə  göndərdikləri  sənəddə 

yazırdılar:  "Müsavat  hökuməti  dövründə  Qarabağ  bütövlükdə  Azərbaycanın 

tərkibində  olmuşdur."

12

  Azərbaycanın  pozulmuş  sərhədlərinin  bərpа  edilməsi  və 



ərazi bütövlüyünün təmin edilməsi istiqamətində diplomatik mübarizənin getdiyi, 

yaxın  tariximizin  diplomatik  sənədlərdə  əks  olunmuş  həqiqətlərinin  təhrif 

olunmasına  meyllərin  gücləndiyi  müasir  dövrdə  bu  yazışmalar  indi  də  öz  siyasi 

əhəmiyyətini saxlamaqdadır. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  xarici  siyasət  tarixinin  öyrənilməsinə, 

diplomatik  addımlarının  araşdırılmasına  ilk  cəhdlər  hələ  cümhuriyyətin  öz 

dövründə  olmuşdur.  Bu  baxımdan  Ə.M.Topçubaşov,  M.Ə.Rəsulzadə, 

A.Ziyadxanov,  R.Vəkilov,  C.Hacıbəyli,  Y.V.Çəmənzəminli  və  digərlərinin  nəşr 

olunmuş kitabça və broşurlarında Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti 

ilə bağlı maraqlı məqamlar vardır.

13

 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  devrilməsindən  sonra  xarici  ölkələrə 



mühacirət  etmiş  cümhuriyyət  xadimləri,  ayrı-ayrı  ziyalıların  dünyanın  müxtəlif 

ölkələrində  nəşr  etdirdikləri  əsərlər  1918-1920-ci  illərdə  həyata  keçirilmiş 

                                                        

10

 Адрес-календарь Азербайджанской Республики. Под ред. A.М.Ставровского. Баку, 1920. с.50 



11

  Daha  ətraflı  məlumat  üçün  bax:  "Azərbaycanda  sovet  quruculuğunun  yekunları"  haqqında 

N.Nərimanovun  V.İ.Leninə  hesabatı.  15.09.1921.//  Rusiya  Dövlət  Sosial  Siyasi  Tarix  Arxivi 

(RDSSTA),  f.5,  s.1,  i.1219,  v.12;  N.Nərimanovun  V.İ.Leninə  məktubu.//  Azərbaycan  Respublikası 

Prezidentinin  İşlər  İdarəsi  yanında  Siyasi  Partiyalar  və  İctimai  Hərəkatlar  Dövlət  Arxivi  (ARPİİ 

SPİHDA),  f.609,  s.1,  i.71,  v.41;  B.Şaxtatinskinin  V.İ.Leninə  məktubu.  20.09.1920.//  Rusiya 

Federasiyası Xarici Siyasət Arxivi (RF XSA), f.1, s.51, q. 321a, i.54859, v.6-7 

12

  Nərimanov,  Mdivani,  Mikoyan,  Naneyşvili,  Vesnik,  Levandovski  və



 

Mixaylovun  RK(b)P  MK-ya 

məktubu. 10.07.1920.//ARPİİ SPİHDA, f.1, s.44, i.118, v.25 

13

 Ə.M.Topçubaşov.  Azərbaycanın təşəkkülü. İstanbul, 1918; M.Ə.Rəsulzadə.  Azərbaycanın təşkilində 



müsavat. Bakı, 1920; A.Ziyadxanlı. Azərbaycan. Bakı, 1919; R.Vəkilov. Azərbaycan Cümhuriyyətinin 

yaranma  tarixi.//  Azərbaycan,  1919,  28  may;  Djeyhoun  Bey  Hadjibeyli.  La  premiera  Republique 

musulmane: l'Azerbaidjan. Editions Ernest  Leroux,  vol.  XXXVI,  Paris, 1919; Y.V.Çəmənzəminli.  Biz 

kimik və nə istəyirik. Bakı, 1919 

 


12 

 

Azərbaycan diplomatiyasının bir sıra qaranlıq səhifələrini aydınlaşdırmağa imkan 



verir.

14

 



1920-ci  ildə  Azərbaycan  Cümhuriyyətinin  devrilməsindən  sonra  sovet 

dövrü  tarixşünaslığında  1918-1920-ci  illərin  hadisələri  ideoloji  baxımdan 

araşdırılsa da, xarici siyasət məsələləri ilə bağlı Azərbaycan hökumətinin siyasəti, 

əsasən,  sovet  ideologiyasının tələbləri  baxımından  təqdim edilsə  də, xüsusilə,  ilk 

dövrlərdə  yazılmış  əsərlərdə  çoxsaylı  sənəd  və  materiallar  dövriyyəyə 

gətirilmişdir.

15

 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  diplomatik  fəaliyyətinin  araşdırılması 



bir sıra Qərb tədqiqatçılarının da diqqət mərkəzində olmuş, müxtəlif ölkələrdə nəşr 

olunmuş  ayrı-ayrı əsərlərdə 1918-1920-ci illərdə Azərbaycan hökumətinin həyata 

keçirdiyi xarici siyasət xəttinin işıqlandırılmasına geniş yer verilmişdir.

16

 



Qərb  ölkələri  ilə  yanaşı,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  diplomatik 

fəaliyyəti  Türkiyə  tarixçilərinin  də  daim  diqqət  mərkəzində  olmuşdur.  Türk 

                                                        

14

  M.Ə.Rəsulzadə.  Azərbaycan  Cümhuriyyəti.  İstanbul,  1923;  М.Э.Расул-заде.  О  пантуранизме  (В 



связи с Кавказской проблемой). Париж, 1930; Mir Yaqub. Dünya siyasətində petrol. İstanbul, 1928; 

Mir  -  Yacoub.  Le  probleme  du  Caucase.  Paris,  1933;  M.Məmmədzadə.  Milli  Azərbaycan  hərəkatı. 

Berlin, 1938 

15

  Ю.А.Ратгаузер.  Борьба  за  Советский  Азербайджан.  Баку,  1929;  Его  же.  Революция  и 



гражданская  война  в  Баку,  ч.1.  1917-1918.  Баку,  1927;  А.Раевский.  Английская  интервенция  и 

мусаватское правительство. К истории интервенции и контрреволюции в Закавказье. Баку, 1927; 

Его  же.  Английские  «друзья»  и  мусаватские  «патриоты».  Баку,  1927;  Его  же.  Мусаватское 

правительство  на  Версальской  конференции.  Донесения  представителей  Азербайджанской 

мусаватской делегации. Баку, 1931; А.Стeклов. Армия Мусаватского Азербайджана. Баку, 1928; 

И.А.Гусейнов. Баку в захватнических планах английских империалистов в 1918 г.// Труды Азерб. 

филиала  ИМЭЛ.  Т.  XIII.  Баку,  1947;  Z.İbrahimov.  İngilis  -  Amerikan  müdaxiləçilərinə  qarşı 

Azərbaycan  xalqının  mübarizəsi.  Bakı,  1950;  Е.А.Токаржевский.  Из  истории  иностранной 

интервенции и гражданской войны в Азербайджане. Баку, 1957; Б.Е.Штейн. "Русский вопрос" на 

Парижской  мирной  конференции  (1919-1920  гг.).  М.,  1949;  А.И.Базиянц.  К  вопросу  о 

захватнической  политике  США  в  Азербайджане  (1919-1920).//  Уч.  зап.  ин-та  востоковедения. 

T.XIX. М., 1958 

16

 F.Kazemzadeh. The Struggle for Transcaucasus (1917-1921). New-York,  1951; W.Allen, P.Muratof. 



Caucasian Battlefields: A History of the Wars and Turco  - Caucasian Border (1828-1921). Cambridge, 

1953;  R.Pipes.  The  Formation  of  the  Soviet  Union;  Communist  and  Nationalism,  1917-1923. 

Cambridge, 1964; V.Kolarz. Russia and Her Colonial. London, 1953; I.Spector. The Soviet Union and 

the  Moslem  World.  1917-1958;  Wash.  1958;  N.S.Fatemi.  Diplomatic  History  of  Russia.  1917-1923; 

N.Y.;  1952;  A.Bennigsen,  E.Wimbush.  Moslem  National  Communism  in  the  Soviet  Union:  A 

Revolutionary  Strategy  for  the  Colonial  World.  Chicago,  London,  1979;  R.Ullman.  Anglo-Soviet 

Relations  1917-1921.  London,  1968;  L.Fisber.  The  war  for  Baku.  "Oil  Imperialism".  Ch.1.  London, 

1976;  R.Suny.  The  Baku  Commune,  1917-1918:  Class  and  Nationalist.  Princeton  (N.Y.),  1972; 

T.Swietochowski.  Russian  Azerbaijan,  1905-1920:  The  Shaping  of  National  Identity  in  Moslem 

Community.  Cambridge,  1985;  T.Swietochowski.  Russia  and  Azerbaijan:  А  Borderland  in  Transition. 

New York, 1995; T.Swietochowski and B.Collins. Historical Dictionary of Azerbaijan. Lanham, 1999; 

A.Alstadt. The  Azerbaijani Turks: Power and Identity under Russian Rule. Stanford,  1992;  R.Teague-

Jones. The Spy Who Disappeared: Diary of a Secret Mission to Russian Central Asia in  1918. London, 

1990;  Peter  Hopkirk.  On  Secret  Service  East  of  Constantinople.  The  Plot  to  Bring  Down  the  British 

Empire. John Murray, London, 1994 


13 

 

tarixçilərinin  əsərlərində  Azərbaycan  -  Türkiyə  münasibətləri,  Birinci  Dünya 



müharibəsinin sonunda Osmanlı imperatorluğunun Qafqaz siyasəti, Azərbaycanla 

bağlı  beynəlxalq münasibətlərin  bəzi  məsələləri,  Cənubi  Qafqazda  və  Anadoluda 

erməni probleminin beynəlxalq tərəfləri ətraflı şəkildə araşdırılmışdır.

17

 



1991-ci  ildə  Azərbaycan  öz  müstəqilliyinə  qovuşduqdan  sonra  Xalq 

Cümhuriyyətinin  tarixinə,  onun  liderlərinin  həyat  və  fəaliyyətinə  böyük  maraq 

yaranmışdır.  Bu  baxımdan,  Azərbaycan  hökumətinin  xarici  siyasət  kursunun  və 

diplomatik  fəaliyyətinin  öyrənilməsi  sahəsində  ciddi  uğurlar  əldə  edilmiş,  dərin 

elmi  tədqiqat  xarakteri  daşıyan  monoqrafik  əsərlər  nəşr  edilmiş,  doktorluq  və 

namizədlik dissertasiyaları müdafiə edilmişdir. Bu əsərlər və araşdırmalarda uzun 

müddət  qapalı  mövzulardan  sayılan  Cümhuriyyət  tarixinin  dərin  elmi  və  siyasi 

mənzərəsi yaradılmışdır.

18

 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  diplomatik  fəaliyyətinin  araşdırılması 



zamanı  memuar  ədəbiyyatından  da  geniş  istifadə  edilmişdir.  Dövrün  tanınmış 

dövlət  xadimlərinin,  siyasətçilərinin  və  diplomatlarının  müxtəlif  illərdə  nəşr 

                                                        

17

 Kurat A.Nimet. Birinci dünya savaşında Türkiye'de bulunan Alman generallerinin raporları. Ankara, 



1966; Yene onun. Türkiye ve Rusiya. Ankara, 1970; H.Baykara. Azerbaycan İstiklal Mücadelesi Tarihi. 

İstanbul,  1975;  N.Devlet.  Rusya  Türklerinin  Milli  Mücadele  Tarihi  (1905-1917).  Ankara,  1985;  Mim 

Kemal  Öke.  Ermeni  Meselesi.  İstanbul,  1986;  A.Süslü.  Ruslara  göre  Ermenilerin  yaptıkları  mezalim. 

Ankara,  1987;  T.Sünbül.  Azerbaycan  Dosyası.  Ankara,  1990;  Hüsamettin  Yıldırım.  Rus-Türk-Ermeni 

Münasebetleri  (1914-1918).  Ankara,  1990;  S.Tansel.  Mondros'tan  Mudanya'ya  kadar.  C.I,  III,  IV, 

İstanbul,  1991;  N.Yücer.  Birinci  dünya  Savaşında  Osmanlı  Ordusunun  Azerbaycan  ve  Dağıstan 

Harekatı.  Ankara,  1996;  N.Erdağ  (Akgül).  Milli  mücadile  döneminde  Kafkas  Cümhuriyyetleri  ile 

ilişkiler (1917-1921). Ankara, 1994; S.Kılıç. Ermeni sorunu ve Almaniya – Türk ilişkileri Alman Arşiv 

Belgelerile. İstanbul, 2003; N. Mazıcı. ABD


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin