6.1. Sənədlərin dəyərinin ekspertizası onları saxlanma müddəti üzrə ayırmaq və saxlamaq məqsədi ilə elmi və əməli əhəmiyyətini müəyyən etmək üçün aparılır.
6.2. Bu Göstərişlərdə nəzərdə tutulmayan və yeni aşkar olunmuş sənədlərin saxlanma müddətləri onların elmi və əməli dəyərinin ekspertizası nəticəsində müəyyən edilir.
6.3. Sənədlərin dəyərinin ekspertizası işi bilavasitə Mərkəzi filialda həyata keçirilir.
6.4. Sənədlərin ekspertizasını həyata keçirmək, elmi-əməli əhəmiyyəti olan sənədləri daimi saxlanmaq üçün dövlət arxiv xidməti təşkilatına təhvil vermək, saxlama müddəti başa çatmış sənədləri isə məhv etmək üçün seçib ayırmaq və bu işləri rəsmiləşdirmək məqsədi ilə daimi fəaliyyət göstərən Mərkəzi Ekspert Komissiyası (bundan sonra – MEK) yaradılır.
6.5. MEK-in tərkibi və təşkili Fondun İdarə Heyətinin sədrinin əmri ilə rəsmiləşdirilir. MEK-in tərkibinə Filialın rəhbəri və ya onun müavinləri, Fondun ixtisaslı və təcrübəli işçiləri, habelə dövlət arxiv xidməti təşkilatının nümayəndəsi sırasından təyin edilir.
6.6. MEK öz fəaliyyətini Fondun İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş illik iş planı əsasında qurur və rübdə bir dəfədən az olmamaq şərti ilə iclaslarını keçirir. İclas protokolla rəsmiləşdirilir, komissiyanın sədri və katibi tərəfindən imzalanır, İdarə Heyətinin sədri tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
6.7. Sənədlərin ekspertizasının keçirilməsi ilə bağlı çətinliklər yaranarsa, Fondun İdarə Heyətinin icazəsi ilə bu işə dövlət arxiv xidməti təşkilatının qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat daşıyıcıları ilə işləməyə buraxılmış mütəxəssisləri cəlb edilə bilər.
6.8. MEK aşağıdakı səlahiyyətləri həyata keçirir:
6.8.1. dövlət arxiv xidməti təşkilatına təhvil veriləcək arxiv sənədlərinin siyahılarını hər il nəzərdən keçirir və həmin siyahıları dövlət arxiv xidməti təşkilatının Ekspert Yoxlama Komissiyasına bundan sonra – EYK) təqdim edilməsi barədə qərar çıxarır. MEK-in qərarı Fondun İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir;
6.8.2. fondun struktur bölmələrinin sənədləri də daxil olmaqla məhv etmək üçün ayrılmış sənədlərin məhv olunması aktlarına baxır və sənədlərin məhv olunması barədə qərar qəbul edir;
6.8.3. sənədlərin ayrı-ayrı kateqoriyasının bu Göstərişlərlə müəyyən edilmiş saxlanma müddətlərinin artırılması, habelə yeni aşkar olunmuş sənədlərin saxlanma müddətləri barədə təkliflərə baxır, bu sənədlərin elmi-əməli əhəmiyyətini müəyyən edir və müvafiq qərar qəbul edir.