§ 1. Renta haqqında ümumi müddəalar
Maddə 864. Renta müqaviləsi
864.1. Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür.
864.2. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir.
Maddə 865. Renta müqaviləsinin forması
865.1. Renta müqaviləsi tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanır.
865.2. Renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
Maddə 866. Daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsinə görə mülkiyyət hüququnun keçməsinin qeydə alınması
Renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsinə görə mülkiyyət hüququnun keçməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.
Maddə 867. Renta ödənilməsi üçün əmlakın özgəninkiləşdirilməsi
867.1. Renta ödənilməsi üçün özgəninkiləşdirilən əmlakı renta alan renta ödəyicisinin mülkiyyətinə haqq müqabilində və ya pulsuz verə bilər.
867.2. Renta müqaviləsində əmlakın haqq müqabilində verilməsinin nəzərdə tutulduğu halda əmlakın verilməsi və ödənilməsi üzrə tərəflərin münasibətlərinə alqı-satqı haqqında qaydalar, belə əmlakın pulsuz verildiyi halda isə bağışlama müqaviləsi haqqında qaydalar tətbiq edilir, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin qaydaları ilə ayrı hal müəyyənləşdirilməsin və bu, renta müqaviləsinin mahiyyətinə zidd olmasın.
Maddə 868. Daşınmaz əşyanın renta ilə yüklülüyü
868.1. Renta torpaq sahəsini, binanı, qurğunu və ya onun ödənilməsi üçün verilmiş başqa daşınmaz əşyanı yüklü edir. Renta ödəyicisi belə əşyanı özgəninkiləşdirdikdə onun renta müqaviləsi üzrə öhdəlikləri əldə edənə keçir.
868.2. Renta ilə yüklü olan daşınmaz əşyanı başqa şəxsin mülkiyyətinə vermiş şəxs renta alanın renta müqaviləsinin pozulması ilə əlaqədar əmələ gəlmiş tələbləri üzrə həmin şəxslə subsidiar məsuliyyət daşıyır, bir şərtlə ki, bu Məcəllədə və ya müqavilədə bu öhdəlik üzrə birgə məsuliyyət nəzərdə tutulmasın.
Maddə 869. Renta ödənilməsinin təmin edilməsi
869.1. Torpaq sahəsi və ya digər daşınmaz əşya renta ödənilməsi üçün verildikdə renta alan renta ödəyicisinin öhdəliyinin təminatından ötrü həmin əşyaya girov hüququ əldə edir.
869.2. Pul məbləğinin və ya başqa daşınar əşyanın renta ödənilməsi üçün verilməsini nəzərdə tutan müqavilənin mühüm şərti renta ödəyicisinin öz öhdəliklərinin icrasına təminat vermək və ya bu öhdəliklərin icra olunmaması, ya da lazımınca icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyrinə sığorta etdirmək vəzifəsini müəyyənləşdirən şərtdir.
869.3. Renta ödəyicisi bu Məcəllənin 869.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə renta şərtlərinin təminatı renta alanın cavabdeh olmadığı hallara görə itirildikdə və ya pisləşdikdə renta alanın renta müqaviləsini ləğv etmək və müqavilənin ləğvi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək ixtiyarı vardır.
Maddə 870. Rentanın forması və miqdarı
870.1. Renta müqavilə ilə müəyyənləşdirilmiş miqdarda pulla ödənilir. Renta müqaviləsində rentanın dəyərcə onun pul məbləğinə uyğun əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi yolu ilə ödənilməsi nəzərdə tutula bilər.
870.2. Renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ödənilən rentanın miqdarı minimum əmək haqqı miqdarının artırılmasına proporsional surətdə artırılır.
§ 2. Daimi renta
Maddə 871. Daimi renta alan
871.1. Daimi renta alanlar yalnız fiziki şəxslər, habelə qeyri-kommersiya təşkilatları ola bilərlər, bir şərtlə ki, bu, qanuna zidd olmasın və onların fəaliyyətinin məqsədlərinə uyğun gəlsin.
871.2. Daimi renta müqaviləsi üzrə renta alanın hüquqları bu Məcəllənin 871.1-ci maddəsində göstərilmiş şəxslərə, tələbin güzəşti yolu ilə verilə bilər və vərəsəlik üzrə və ya hüquqi şəxslər yenidən təşkil olunduqda hüquq varisliyi qaydasında keçə bilər, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.
Maddə 872. Daimi rentanın ödənilməsi müddətləri
Əgər daimi renta müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, daimi renta hər təqvim rübünün sonunda ödənilir.
Maddə 873. Ödəyicinin daimi rentanı satın almaq hüququ
873.1. Daimi renta ödəyicisinin onu satın almaq ixtiyarı vardır.
873.2. Əgər müqavilədə satınalmanın başqa qaydası nəzərdə tutulmayıbsa, renta alan bütün satınalma məbləğini alanadək renta ödənilməsi öhdəliyinə xitam verilmir.
873.3. Daimi renta ödəyicisinin rentanı satın almaq hüququndan imtina etməsi haqqında daimi renta müqaviləsinin şərti əhəmiyyətsizdir.
873.4. Müqavilədə nəzərdə tutula bilər ki, daimi rentanı satın almaq hüququ renta alanın sağlığında və ya başqa müddət ərzində həyata keçirilə bilməz.
Maddə 874. Renta alanın tələbi ilə daimi rentanın satın alınması
874.0. Daimi renta alan aşağıdakı hallarda ödəyicinin rentanı satın almasını tələb edə bilər:
874.0.1. daimi renta müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, renta ödəyicisi onun ödənilməsini bir ildən çox gecikdirdikdə;
874.0.2. renta ödəyicisi renta ödənişini təmin etmək öhdəliklərini pozduqda;
874.0.3. onun rentanı müqavilə ilə müəyyənləşdirilmiş miqdarda və müddətlərdə ödəməyəcəyinə aşkar dəlalət edən hallar yarandıqda;
874.0.4. renta ödənilməsi üçün verilmiş daşınmaz əmlak ümumi mülkiyyətə daxil olduqda və ya bir neçə şəxs arasında bölüşdürüldükdə;
874.0.5. müqavilədə nəzərdə tutulmuş digər hallarda.
Maddə 875. Daimi rentanın satınalma qiyməti
875.1. Bu Məcəllənin 873 və 874-cü maddələrində nəzərdə tutulmuş hallarda daimi renta ona dair müqavilə ilə müəyyənləşdirilmiş qiymətlə satın alınır.
875.2. Daimi renta ödənilməsindən ötrü əmlakın haqq müqabilində verilməsi üçün əsas götürülən daimi renta müqaviləsində satınalma qiyməti haqqında şərt olmadıqda satınalma ödəniləsi rentanın illik məbləğinə uyğun qiymətlə həyata keçirilir.
875.3. Daimi renta ödənilməsindən ötrü əşyanın pulsuz verilməsi üçün əsas götürülən daimi renta müqaviləsində satınalma qiyməti haqqında şərt olmadıqda, satınalma qiymətinə, renta ödənişlərinin illik məbləği ilə yanaşı, verilmiş əşyanın qiyməti də daxil edilir.
Maddə 876. Daimi renta ödənilməsi üçün verilmiş əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski
876.1. Daimi renta ödənilməsi üçün pulsuz verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski renta ödəyicisinin üzərinə düşür.
876.2. Daimi renta ödənilməsi üçün haqq müqabilində verilmiş əşya təsadüfən məhv olduqda və ya təsadüfən zədələndikdə ödəyici müvafiq olaraq, rentanın ödənilməsi öhdəliyinə xitam verilməsini və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsini tələb edə bilər.
§ 3. Ömürlük renta
Maddə 877. Ömürlük renta alan
877.1. Ömürlük renta əşyanı renta ödənilməsi üçün verən fiziki şəxsin sağlığı dövrü üçün və ya onun göstərdiyi başqa fiziki şəxsin sağlığı dövrü üçün müəyyənləşdirilə bilər.
877.2. Ömürlük rentanın bir neçə fiziki şəxsin xeyrinə müəyyənləşdirilməsinə yol verilir və əgər ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, renta almaq hüququnda onların payları bərabər sayılır.
877.3. Əgər ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, renta alanlardan biri öldükdə renta almaq hüququnda onun payı ondan çox yaşayan renta alanlara keçir. Sonuncu renta alan öldükdə rentanı ödəmək öhdəliyinə xitam verilir.
877.4. Müqavilənin bağlandığı məqamda sağ olmayan fiziki şəxsin xeyrinə ömürlük renta müəyyənləşdirən müqavilə əhəmiyyətsizdir.
Maddə 878. Ömürlük rentanın ödənilməsi müddətləri
Əgər ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ömürlük renta hər təqvim ayının sonunda ödənilir.
Maddə 879. Renta alanın tələbi ilə ömürlük renta müqaviləsinin ləğv edilməsi
879.1. Renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər.
879.2. Əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər.
Maddə 880. Ömürlük renta ödənilməsi üçün verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski
Ömürlük renta ödənilməsi üçün verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi renta ödəyicisini ömürlük renta müqaviləsində nəzərdə tutulmuş şərtlər əsasında rentanı ödəmək öhdəliyindən azad etmir.
XLIX fƏsil
Barışıq razılaşması və mövcud
borcun etirafı haqqında mücərrəd müqavilə
Maddə 881. Barışıq razılaşması haqqında müqavilə
881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda:
881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin;
881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.
881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.
881.4. Əgər barışıq razılaşması məhkəmə qaydasında protokol şəklində bağlanmışdırsa və ya əgər notariat qaydasında təsdiqlənmiş barışıq razılaşmasının iştirakçılarından biri üçün digər iştirakçının müəyyən iddiaları ilə əlaqədar dərhal icraata başlanırsa, onda icraat istər barışıq razılaşması üzrə, istərsə də hüquqi qüvvəsi olan məhkəmə qərarı üzrə həyata keçirilə bilər (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).
881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.
Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə
882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
882.3. Bu zaman bu Məcəllənin 881.4 və 881.5-ci maddələri müvafiq surətdə 881.5-ci maddəsi tətbiq olunur.
882.4. Bu Məcəllənin 882.1—882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il və 17 aprel 2007-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 12 avqust 2005-ci il; «Azərbaycan» q., 19 avqust 2007-ci il).
L fƏsil
Sığorta
§ 1. Sığorta haqqında ümumi müddəalar
Maddə 883. Sığorta müqaviləsi
883.1. Zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini, yaxud sığortalının digər əmlak mənafeləri ilə bağlı zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi verməyi) öhdəsinə götürür.
883.2. Həyat sığortası və ya fərdi qəza sığortası müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş və digər tərəfin (sığortalının) ödədiyi haqq (sığorta haqqı) müqabilində öhdəsinə götürür ki, sığortalının özünün və ya müqavilədə adı çəkilmiş başqa şəxsin müəyyən yaşa çatdığı, öldüyü və ya sağlamlığına zərər dəydiyi və ya onun həyatında müqavilədə nəzərdə tutulmuş ayrı hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə müqavilə ilə şərtləşdirilmiş məbləği (sığorta məbləğini) bir dəfəyə və ya vaxtaşırı ödəyəcəkdir.
883.3. Sığortalı sığorta haqqı (mükafat) ödəməlidir.
Maddə 884. Sığorta müqaviləsi bağlamaq vəzifəsi
Sığorta müqaviləsi bağlamağı açıq təklif edən şəxs, əgər imtina üçün əhəmiyyətli əsaslar yoxdursa, bu müqaviləni bağlamalıdır.
Maddə 885. İcbari sığorta
İcbari sığorta qanunla nəzərdə tutula bilər. İcbari sığorta barəsində bu fəslin qaydaları tətbiq edilir, bir şərtlə ki, bu, icbari sığorta haqqında qanunvericiliyə zidd olmasın. Təkrar sığorta ilə bağlı münasibətlər qanunla müəyyənləşdirilmiş qaydada tənzimlənir.
Maddə 886. Sığorta şəhadətnaməsi
886.1. Sığortaçı sığortalıya sığorta müqaviləsi haqqında imzalı sənəd — sığorta şəhadətnaməsi verməlidir.
886.2. Sığorta şəhadətnaməsində aşağıdakılar olmalıdır:
886.2.1. müqavilənin tərəfləri və onların olduğu yer (ünvanı) haqqında məlumat;
886.2.2. sığorta predmetinin və sığortalanmış şəxsin adı;
886.2.3. sığorta riskinin müəyyənləşdirilməsi;
886.2.4. sığortanın başlanğıcı və müddəti;
886.2.5. sığorta məbləğinin miqdarı və sığorta ödənişinin verilməsi qaydası;
886.2.6. sığorta haqqının miqdarı, onun ödənilməsi qaydası.
886.3. Sığortalanmış şəxsin sığortaçının mənfəətində iştirak etməsi şərti ilə həyat sığortası zamanı sığorta şəhadətnaməsində mənfəətin bölüşdürülməsi qaydası, dəyişkən sığorta məbləğində həyat sığortası zamanı isə sığorta haqlarının yığılan hissəsinin yerləşdirilməsi qaydası göstərilməlidir.
Maddə 887. Sığorta şəhadətnamələrinin növləri
Əgər sığorta şəhadətnaməsi təqdim edənə adlı və ya order şəklində verilmişdirsə, sığortaçı ilkin sığortalı barəsində malik olduğu bütün tələbləri bu şəhadətnamənin sahibinə qarşı irəli sürə bilər. Əgər sığorta şəhadətnaməsinin sahibi sığorta ilə bağlı hüquqların ona verildiyi barədə sığortaçıya məlumat verərsə və sığortaçı öz tələblərini dərhal bildirməzsə, bu qayda tətbiq olunmur.
Maddə 888. Sığorta şəhadətnaməsinin itməsinin nəticələri
888.1. Əgər müqavilə ilə sığortaçının öz vəzifələrini yalnız sığorta şəhadətnaməsi təqdim edildikdən sonra yerinə yetirməli olduğu müəyyənləşdirilmişsə, lakin şəhadətnamə itmiş və ya məhv olmuşsa, sığortalı icranı ancaq o halda tələb edə bilər ki, şəhadətnamə xüsusi icraat qaydasında qüvvədən düşmüş elan olunsun.
888.2. Sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortalı sığortaçıdan onun surətini tələb edə bilər. Surətin verilməsi xərclərini sığortalı çəkir.
Maddə 889. Sığorta agentinin hüquqları
889.1. Əgər sığorta agentinin (nümayəndəsinin) sığorta müqaviləsi bağlamağa səlahiyyəti çatırsa, o, həmçinin sığortaçının tapşırığı ilə müqavilənin şərtlərini dəyişdirə, qüvvədə olma müddətini uzada və ya onu ləğv edə bilər.
889.2. Sığorta müqaviləsi bağlanarkən vasitəçi funksiyalarını yerinə yetirən sığorta agentinin sığortaçının adından bu cür müqavilə bağlamağa ixtiyarı vardır.
Maddə 890. Sığortanın müddəti
890.1. Müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, sığorta, müqavilənin bağlandığı gün saat iyirmi dörddə başlanır və müqavilədə nəzərdə tutulmuş müddətin sonuncu günü saat iyirmi dörddə qurtarır.
890.2. Əgər sığorta müqaviləsi beş ildən artıq müddətə bağlanmışdırsa, tərəflərdən hər biri xəbərdarlıq etdikdən üç ay sonra müqaviləni ləğv edə bilər.
Maddə 891. Sığorta haqqının artırılmasının nəticələri
Əgər sığortaçı sığorta haqqını artırmışdırsa, sığortalı müqavilənin ləğvinin bir aylıq müddətini gözləməklə müqaviləni ləğv edə bilər. Sığorta haqqının əhəmiyyətsiz artımı belə bir hüquq doğurmur.
Maddə 892. Məlumat vermək vəzifəsi
892.1. Sığortalı müqavilə bağlanarkən özünə məlum olan bütün əhəmiyyətli halları sığortaçıya bildirməlidir. Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır.
892.2. Belə bir hal da əhəmiyyətli sayılır ki, sığortaçı bu hal haqqında sığortalıya yazılı şəkildə aydın və birmənalı sorğu verir.
892.3. Əgər bu Məcəllənin 892.1 və 892.2-ci maddələrində nəzərdə tutulmuş qaydaların əksinə olaraq, sığortaçıya əhəmiyyətli hallar haqqında məlumat verilməzsə, o, müqavilədən imtina edə bilər.
892.4. Əgər sığortaçı gizli haldan xəbərdar idisə və ya sığortalı bu halı bildirməməkdə təqsirli deyildirsə, müqavilənin xitamı yolverilməzdir.
Maddə 893. Yanlış məlumatlar verilməsinin nəticələri
893.1. Əhəmiyyətli hal haqqında bildirişdə yanlış məlumatlar olduqda da sığortaçı müqavilədən imtina edə bilər.
893.2. Əgər məlumatların dəqiqsizliyi sığortaçıya məlum idisə və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli deyildirsə, müqavilədən imtina edilməsi yolverilməzdir. Bu məlumatlar haqqında bildiriş verildikdən sonra bir ay ərzində sığortaçı müqaviləni ləğv edə bilər.
Maddə 894. Sığorta müqaviləsinin məlumat verilməməsi nəticəsində ləğvi
Sığortalı təhlükə hallarına dair yazılı suallara cavab verməli olduqda, əgər o, barəsində suallar qoyulmamış halların üstündən qəsdən sükutla keçərək onları bildirməzsə, sığortaçı müqaviləni ləğv edə bilər.
Maddə 895. Müqavilənin məlumat verilməməsi nəticəsində ləğv edilməsi müddəti
895.1. Bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş məlumatların verilməməsindən sonra bir ay ərzində sığortaçı müqaviləni ləğv edə bilər. Bu müddət məlumat vermək vəzifəsinin pozulmasından sığortaçının xəbər tutduğu andan başlanır.
895.2. Sığortalıya müqavilənin ləğv edilməsi haqqında məlumat verilməlidir.
Maddə 896. Sığorta hadisəsi baş verdikdən sonra müqavilənin ləğv edilməsi
Sığortaçı müqaviləni sığorta hadisəsi baş verdikdən sonra ləğv etdikdə, əgər barəsində məlumat vermək vəzifəsi pozulmuş hal sığorta hadisəsinin baş verməsinə və sığortaçının öz vəzifələrini yerinə yetirməsinə təsir göstərməyibsə, o öz vəzifələrini yerinə yetirməkdən azad edilmir.
Maddə 897. Təhlükənin artması haqqında məlumat vermək vəzifəsi
897.1. Müqavilə bağlandıqdan sonra təhlükənin artması müqavilənin bağlanmasına mühüm təsir göstərə bilərsə, sığortalı təhlükənin artması barədə sığortaçıya dərhal məlumat verməlidir.
897.2. Bu Məcəllənin 897.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının bir aylıq müddəti gözləməklə müqaviləni ləğv etmək və ya sığorta haqqının müvafiq surətdə artırılmasını tələb etmək ixtiyarı vardır. Əgər sığortalı təhlükənin artmasını qəsdən doğurmuşdursa, sığortaçı müddəti gözləmədən müqaviləni ləğv edə bilər.
897.3. Əgər sığortalı bu Məcəllənin 897.1-ci maddəsində nəzərdə tutulan vəzifəni icra etməzsə, sığortaçı təhlükənin artması nəticəsində sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta ödənişini həyata keçirmək vəzifəsindən azad edilir, bu şərtlə ki, sığortalı həmin vəzifənin onun təqsiri olmadan həyata keçirilməməsini sübut edə bilməsin.
897.4. Əgər sığortaçı təhlükə haqqında vaxtında xəbərdar idisə və ya təhlükə haqqında məlumatın olmaması onun tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə mane ola bilməzdisə, sığortaçı sığorta ödənişini həyata keçirmək vəzifəsindən azad edilmir.
Maddə 898. Sığorta hadisəsinin baş verməsi haqqında məlumat vermək vəzifəsi
898.1. Sığorta hadisəsinin baş verməsindən xəbər tutan kimi sığortalı ləngimədən bu barədə sığortaçıya məlumat verməlidir.
898.2. Sığorta hadisəsi baş verdikdən sonra sığortaçı sığorta hadisəsinin və (və ya) sığorta ödənişi miqdarının müəyyənləşdirilməsi üçün zəruri olan hər cür məlumatları sığortalıdan tələb edə bilər.
898.3. Əgər sığortalı məlumat vermək vəzifəsini yerinə yetirməsə, lakin bunun nəticəsində sığortaçının mənafeləri əhəmiyyətli dərəcədə pozulmasa, sığortaçı öz vəzifəsindən azad edilməsinə əsas verən razılaşmaya istinad edə bilməz.
898.4. Sığortaçı sığorta hadisəsi baş verdikdən və sığorta ödənişinin miqdarı müəyyənləşdirildikdən sonra öz vəzifələrini icra etməlidir.
Dostları ilə paylaş: |