Hüquq sahəsi kimi ekologiya hüququnun prinsipləri cəmiyyətlə təbiətin optimal qarşılıqlı əlaqəsinin tələblərinə maksimum uyğun gəlməlidir. Ekologiya hüququnun prinsiplərinə aşağıdakı xüsusiyyətlər xasdır:
1. Obyektiv şərtlilik. Hüquq prinsipi yalnız təbiətə, tarixə və cəmiyyətə uyğun gəldikdə düzgün hesab oluna bilər.
2. Tarixi şərtlilik. Dövlət siyasətinin və dövlət quruluşunun dəyişməsi ilə ilk növbədə, hüquqi tənzimləmənin prinsipləri dəyişir.
3. Sistemlilik. Ekologiya hüququnun bütün prinsiplərini ümumhüquqi prinsiplərə, Ümumi hissənin prinsiplərinə və Xüsusi hissənin prinsiplərinə ayırmaq olar.
Ekologiya hüququnun ümumhüquqi prinsipləri.
Ekologiya hüququnun ümumhüquqi (konstitusion) prinsipləri başlıca olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və bu səbəbdən də ən yüksək hüquqi qüvvəyə malikdir. Onların sırasına aşağıdakılar aiddir:
1. Hakimiyyətin xalqa məxsus olması prinsipi
2. Humanizm prinsipi. Bu prinsip öz ifadəsini onda tapır ki, ölkədə və beynəlxalq münasibətlər sahəsində ekologiyadan istifadə münasibətləri, yalnız indiki nəslin deyil, həm də gələcək nəsillərin mənafeləri nəzərə alınmaqla qurulur.
3. Sosial ədalət prinsipi. Bu prinsip hamının məhkəmə və qanun qarşısında bərabərliyindən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququndan, hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatından irəli gəlir. Sosial ədalət prinsipi ekologiya hüquq münasibətlərinin hər bir subyektinin təbiətdən istifadə sahəsində bərabər vəziyyət əldə etməsini təmin edir.
4. Qanunçuluq prinsipi ekologiya hüquq münasibətlərinin subyektlərinin bütün normativ tələblərə dəqiq və şərtsiz riayət etməsindən ibarətdir.
5.Beynəlmiləlçilik prinsipi. Ekologiya hüquq münasibətlərində beynəlmiləlçilik prinsipi ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı nəzərdə tutur. Bu prinsip həmçinin beynəlxalq hüquq normalarının milli hüquq normaları üzərində üstünlüyünü nəzərdə tutur.
6.Təbiət obyektləri üzərində bütün mülkiyyət formalarının və bütün təsərrüfatçılıq formalarının bərabərhüquqlu vəziyyəti prinsipi.
7.Ekologiya istifadəçilərinin öz hüquq və vəzifələrini lazımi surətdə icra etməsinin stimullaşdırılması prinsipi.
8. Subyektiv anlaqlılıq prinsipi yalnız təqsirli ekoloji hüquq pozuntusuna görə ekoloji-hüquqi məsuliyyətin tətbiqini nəzərdə tutur.
9. Ekologiya hüquq münasibətlərinin subyektlərinin hüquq və vəzifələrinin vəhdəti prinsipi bunda ifadə olunur ki, hüquq və azadlıqların həyata keçirilməsi vətəndaşların öz vəzifələrini icra etməsindən ayrılmazdır. Bu prinsipə görə, ekologiyadan istifadə sahəsində hər bir hüquqa müəyyən vəzifə uyğun gəlməlidi.