Əlvənd Mirzənin məğlub edilməsi. Ismayılın hakimiyyətə gəlməsi. Qızılbaşlar buradan ikinci başlıca dirəniş yuvası olan Gülüstan qalasını mühasirə edənlərin köməyinə yollandılar. Silahı yerə qoymayan Şirvan dövlət qoşunları burada idi. Bu qala ərzaq və yaraq ehtiyatı baxımından çox güclü olduğu üçün qızılbaşlar mühasirəni dayandırmalı oldular. Bunun başlıca səbəbi Təbrizdə oturan Ağqoyunlu padşahı Əlvənd Mirzənin böyük qoşunla quzeyə doğru yürüşə çıxması olmuşdu. Ismayılın başçılığı ilə qızılbaş döyüşçülərinin Quzey Azərbaycandakı əsgəri uğurları Ağqoyunlu sarayını qorxuya salmışdı. Ağqoyunlu yürüşünün başlanması barədə xəbər yetişən kimi Ismayıl hərbi müşavirəyə çağırdı. Orta çağ Azərbaycan tarixçiləri Həsən bəy Rumlu və Iskəndər bəy Münşinin yazdıqlarına görə, Ismayıl qızılbaşlara üz tutub sordu: «Sizin istəyiniz nədir? Azərbaycan, yoxsa Gülüstan qalası?» Onlar söylədilər: «Istədiyimiz Azərbaycandır». Bu cavab Şirvandakı əməliyyatların dayandırılması və Ağqoyunlu yürüşünün qarşısının alınması barədə hökm verilməsi demək idi. Belə də oldu. Şirvanın tabe edilməsi işini yarımçıq buraxan qızılbaş sərkərdələri qoşunlarının Şirvanda hələ çökdürülməmiş qalalarda yerləşmiş əsgəri qüvvələrlə birləşməsinə yol verə bilməzdi.
Sürətlə Kürü keçən qızılbaş qoşunu, Naxçıvana çatmış Əlvənd Mirzəyə qarşı yönəldi. Əlvənd Mirzənin qızılbaşların çayı keçməsinə mane olmaq, habelə, Qarabağ, Ərdəbil və Qaradağ əhalisini Ismayıla qarşı qaldırmaq cəhdi baş tutmadı. Qızılbaşların irəliləməsini dayandırmaq üçün mosullu Osman bəyin başçılığı ilə göndərilən Ağqoyunlu dəstəsi qızılbaş avanqardı tərəfindən əzildi. Qızılbaşlar itki vermədən Naxçıvan yaxınlığında Arazın quzeyinə keçdilər. Bu zaman Ismayılın qızılbaşlarının sayı 7000, Ağqoyunlu qoşunu isə 30.000 nəfərdən ibarət idi. Həlledici döyüş 1501-ci ilin yayında Şərur düzündə oldu. Ağqoyunlu ordusu basıldı. Əlvənd Mirzənin dörd sərkərdəsi döyüşdə öldürüldü. Ağır itkilərin təsiri altında ordu qaçıb dağıldı. Əlvənd Mirzə özü də Ərzincana qaçdı. Böyük qənimət ələ keçirən qızılbaşlar Təbrizə yol aldılar. Ağqoyunlu şahzadələri arasındakı qovğadan faydalanan Şeyx Ismayıl Ustaclı, Şamlı, Rumlu, Əfşar, Qacar, Təkəli, Qaradağlı, Zülqədər, Qaramanlı, Bayburtlu, Çəpəni, Varsaq adlı türk tayfa qazilərini ətrafına toplayıb, Qarabağı, Şirvanı aldıqdan, Ağqoyunlu Əlvənd Mirzəni məğlub etdikdən sonra 1501-ci ilin payızında təntənə ilə Təbrizə gəlib özünü şah elan etdi. On iki imamın adına xütbə oxutdurub, sikkə kəsdirdi. Beləliklə, Azərbaycan Səfəvi dövləti yaranıb, rəsmən bərqərar oldu. Azərbaycan Şahlıq sülaləsinin yaradıcısı Ismayıl hakimiyyətə Ağqoyunlu hökmdar irsinin davamçısı kimi gəldi. O, parlaq zəka sahibi, istedadlı hökmdar və söz sahibi olmuşdur. Onun hakimiyyəti Azərbaycan türk xalqının tarixi dövlətçilik ənənəsinə söykənirdi. Elə buna görə də, əhalinin müxtəlif kateqoriyalarından olan sufilərin hərbi-siyasi mücahidələrində qurulmuş Azərbaycan Səfəvi dövləti beynəlxalq aləmdə iki yüzillik bir vaxt ərzində nüfuzunu qoruyub saxlaya bilmişdir. Səfəvi sülaləsinin hakimiyyəti dövründə, daha doğrusu I Şah İsmayılın hakimiyyətinin ilk günlərindən Azərbaycan türk dili dövlət, diplomatiya dili statusunu qazanmışdı.
Azərbaycan Səfəvi dövlət quruluşunun formasına uyğun olaraq, mərkəzlə yerli idarəetmə aparatı arasında qarşılıqlı münasibətlər milli deyil, ərazi-inzibati bölgü prinsiplərinə dayanırdı. Ölkə daxilində əmtəə-pul münasibətləri başlıca iqtisadi əlaqə forması olub, vilayətlər vahid iqtisadi-siyasi mərkəz ətrafında birləşirdi.
Beləliklə, Səfəvi dövlətinin qurulması bir sıra daxili amillər, o sıradan Azərbaycan və bəzi qonşu ölkələri bürümüş qızılbaş hərəkatı sayəsində yaranmışdı. Bu hərəkat ideoloжi baxımdan, şahlıq uğrunda mübarizə üçün uyğunlaşdırılmış şiəlik bidətçiliyi bayrağı altında çıxış etmişdi.
Qızılbaş hərəkatinın uğurları və bunun nəticəsi olaraq, Səfəvi dövlətinin yaranması geniş sosial özül üzərində qazanılmışdı. Burada yalnız Ərdəbil şeyxlərinin yürüşləri üçün müridlər verən və adları yuxarıda çəkilən «qızılbaş tayfaları» (Ustaclu, Afşar, Rumlu və s.) nəzərdə tutulmur. Sözün əsl mənasında, bu dövlətin yaranmasına arxa olmuş sosial zümrələr çox idi. XV yüzilin sonlarında pərakəndəliklə səciyyəvi olan ara müharibələrində ölkə miqyasında iqtisadi həyata vurduğu dağıdıcı zərbələrdən bütün xalq kütləsi, xüsusilə mülk sahibləri, rəiyyət, sənətkar, tacir əziyyət çəkmiş, müflisləşmiş və elə buna görə də onların çoxu mərkəzləşmiş dövlət yaratmaq uğrundakı siyasi mübarizədə Ismayılı dəstəkləyərək, Səfəviyyə hərəkatına qoşulmuşdular.
Şeyx Səfiəddin çağından bəri Səfəvi müridləri içərisində «əxi» adı daşıyan bir çox iş adamları bəllidir. Bunların sıralarında zərgərlər, toxucular, sabun bişirənlər, başmaqçılar, bəzzazlar, xərratlar və başqaları vardı. Şah Ismayıl hakimiyyətə gəldikdən sonra ayrıca bir fərmanla təriqət qarşısında böyük iş görmüş oldu. Bu fərmanla bütün dərvişlər müxtəlif sənətkar biliklərinə təhkim edildi. Bunun nəticəsində əxi sənətkar icmalları ilə sufi-dərviş (abdal-qələndər və b.) zümrəsi yaxınlaşıb bir-birinə qovuşdu. XVI yüzilliyin başlanğıcında sufi-dərviş zümrəsinin Səfəvi dövlətində yüksək «status»u ilə bağlı bu qovuşma prosesi görünür başa çatdı. Əski əxi icmalarının azlıqda olan yuxarı təbəqəsi feodallaşaraq ayrı-ayrı hallarda qızılbaş hərbçi əyanların, xidmət bəylərinin sırasına keçdi. Beləliklə, Səfəvi dövlətinin yaranmasında ona dayaq duran başlıca sosial zümrədən biri şəhər sənətkarlarını və oturaq əkinçiləri təmsil edən, sonralar isə sufi-dərviş zümrəsinə qovuşan əxilər olmuşdu.
Gənc dövlətə dirək olan digər zümrə qazilər adlanırdı. «Qazi» anlayışı hərfən «qəzvaya çıxan kişi», «kafirlərə qarşı savaş döyüşçüsü» mənasını bildirir. Türk xalqları yaşayan ölkələrdə – Azərbaycan, Anadolu, Iraq və Xarəzmdə «ğazi» və ya «alp ğazi» islam işinin, «islam hüdudunun» qoruyucusu olan əsgəri qulluq adamlarına deyilirdi. Türklərdəki «ər, ərən», «alp ərən» əsgəri ad daşıyan döyüşçülər xilafət çağından «alp-ğazi», «ğazi-ərən» ünvanı alaraq sonralar «ğaziləşmə» yolu keçmişdilər.
Sosial tərkib baxımından qazilər ilə əxilər arasında keçilməz ayrılıq yox idi. Əxi birliklərindən gələn sənətkar və əkinçi gənclər «ğaziyani Şah Səfi» zümrəsinə qovuşur, yəni təriqət döyüşçüsünə çevrilərək əsgəri qulluq adamı olurdular.
Yeni dövlətin dirəklərindən olan abdallar isə Qafqaza və Ön Asiyaya gələn əski türk boylarından biri olmuşdur. Orta çağlarda, Yaxın və Orta Şərq ölkələrində həm də abdal adlı sufi-dərviş icması yarandı. XVI yüzilin coşğun hadisələrlə dolu ilk onilliklərində abdal-qələndər zümrəsi Səfəvi səltənətinin yaranması yolunda gedən gərgin çarpışmalarda böyük rol oynamışdı.
SƏfƏvi İ mperatorluğunun yaradılması. Şirvan vƏ ŞƏkinin tam tabe edilmƏsi. Ağqoyunlu Əlvənd Mirzə ilə sonuncu savaş, Ağqoyunlu Muradın məğlub edilməsi. Diyarbəkirə qaçmış Əlvənd Mirzə Ərzicanda İsmayıla qarşı yeni savaş üçün əsgər toplayırdı. O, eyni zamanda Təbrizlə Şərqi Anadolu arasındakı köç və ziyarət yolunu da qapamışdı. I Şah İsmayıl 1502-ci ilin baharında bu təhlükəni aradan qaldırmaq üçün Ərzincana yola düşdükdə Əlvənd Təbrizə doğru hərəkət etdi. I Şah İsmayıl bunu eşidincə geri dönüb 1502-ci ilin avqustunda Təbrizə gəldi. Bu vaxt Ucanda olan Əlvənd Mirzə Həmədan yolu ilə Bağdada qaçdı. Əlvənd Mirzə tərəfindən baş verə biləcək qorxu tam aradan götürüldükdən sonra, I Şah İsmayıl İraq-i Əcəmlə, İraq-i Ərəbin sahibi olan Ağqoyunlu Sultan Muradın yanına 1503-cü ildə müridlərindən Qənbər bəyi göndərib ona tabe olmasını təklif etdi. Şah Ağqoyunlu Muradla savaşmaq fikrində deyildi. Ancaq Ağqoyunlu Murad şahın təklifini qəbul etmədi. Belə olduqda I şah İsmayıl 12 minlik qoşunla Həmədana doğru hərəkət etdi. Murad şahın yürüşünü eşidərək 70 min nəfərlik bir qoşun hazırladı.
I Şah İsmayıl 21 iyun 1503-cü ildə Həmədan yaxınlığında Alma Qulağı deyilən yerdə Ağqoyunlu Sultan Murad üzərində qələbə qazandı. Adlı-sanlı əmirləri döyüş meydanında qalan Murad özü qaça bildi. İsfahan, Qum, Kirman, Şiraz tutuldu. 1504-cü ildə Firuzguh və Gülxəndan qələbələrindən sonra Yəzdi də tutdular. I Şah İsmayılın Bayandur Sultan Murad üzərində qələbəsindən sonra Osmanlı hökmdarı II Sultan Bəyazid 1504-cü ildə Məhəmməd Çavuş Balban adlı elçisini qiymətli hədiyyələrlə Təbrizə göndərib Şah İsmayılı hakimiyyətə keçməsi və İraqi Əcəmi tutması münasibətilə təbrik edir. Beləliklə, Osmanlı Sultanı Şah İsmayılı Azərbaycanın dövlət başçısı kimi rəsmən tanıdı.
Zülqədər oğulları ilə çəkişmələr. Xorasan uğrunda savaş. Zülqədər oğulları bəyliyi (1339-1521) ilə I Şah İsmayıl arasında çəkişmələr müharibəyə doğru gedirdi. I Şah İsmayılın elçisi Ustaclı Ümmət Zülqədər oğlu Əlaüddövlə tərəfindən həbs olunmuşdu. Bunu bəhanə edən I Şah İsmayıl 1508-ci ildə bəyliyin üzərinə yürüdü. Əlaüddövlə bəy Əlvənd Mirzə ölümündən (1505-1506) sonra Diyarbəkirə qoşun göndərmiş, Amid, Mardin və bir çox başqa yerlər tutulmuşdu. I Şah İsmayıl Əlaüddövlənin Diyarbəkirdə olan marağına son qoymaqla, burada öz hakimiyyətini möhkəmləndirmək fikrində idi. O bu məqsədlə Osmanlı hökmdarından torpaqlarından keçmək üçün razılıq alıb Ərzurum və Ərzincan yolu ilə Əlbistana gəldi. I Şah İsmayıl Xarputu tutdu. Diyarbəkir bölgəsi də Onunun idarəsi altına girdi. Şah Diyarbəkirə Ustaclı Məhəmməd xanı hakim təyin etdi. O, çox cəsur və dəyanətli bir hərbiçi idi. 1510-cu il, I Şah İsmayıl Bağdadı tutan zaman Ustaclı Məhəmməd xan Zülqədərlərini ikinci bir ordusunu da məğlub etmişdi. I Şah İsmayıl 1509-cu ilə qədər İraq-i Ərəblə Diyarbəkiri tutub Əlbistana qədər gəldi.
Qərbdə böyük uğurlar əldə edən I Şah İsmayıl 1508-ci ilə qədər bütün Farsı da fəth etdikdən sonra Türküstan və Xorasan hökmdarı Özbək Məhəmməd Şeybani xanın dövlətin Şərq sərhəddində yaratdığı təhlükənin aradan götürülməsini qərara alır. Ancaq bu təhlükə bütün Xorasanın fəthi, Məşhəddə, Mərvdə, Heratda, Bəlxdə güclü qarnizonların yerləşdirilməsi ilə aradan qaldırıla bilərdi. Tezliklə, Ismayılın ordusu Xorasana daxil olur və tərəflər arasında baş döyüş 1510-cu ildə Mərv yaxınlığında oldu. Təkəli əmirlərindən Burun soltanın əsgərlərinin hücumu ilə Şeybani xan və yanındakı döyüşçülərin bir çoxu öldürüldü. Alınan əsirlər arasında Babur şahın qızı və bacısı da vardı. I Şah İsmayıl Baburun qızı və bacısına ehtiramla yanaşıb onları Babura qaytardı. Bu hadisə Baburlarla yaxşı münasibətlər qurulmasında vasitə oldu. O cümlədən, özbək Übeydulla xan da I Şah Ismayılın yanına qiymətli hədiyyələrlə elçi göndərib ona itaət etdiyini bildirdi.
Bu səfərlə bütün Xorasan Amu Dəryaya qədər Azərbaycan Səfəvi ölkəsinə qatıldı. I Şah Ismayıl bu sürətlə tutduğu ölkələrdə siyasi birlik qurmaqla, böyük bir imperatorluq yaratmağa müvəffəq oldu. Imperatorluq Fəratdan Qəndəhara, Qafqazdan Hind okeanına qədər 2.800.000 km2 ibarət geniş bir ərazini əhatə edirdi.