I Şah İsmayılın Gürcüstan yürüşləri. Böyük coğrafi axtarışlarla şərqə okean və dənizlərdən keçən yollar açılmışdı. Buna baxmayaraq şərqi Avropa ilə bağlayan karvan yolları hələ öz əhəmiyyətini itirməmişdi. Təbrizdən-Dərbəndə və oradan isə Avropaya uzanan çöl karvan yollarında, Volqa-Xəzər su yollarında dünyanın bir çox ölkələrinin yenə də gözü vardı. Bu yollarla quzeydən tacirlər, elçilər, missionerlərlə yanaşı, bir müstəmləkə dalğasının da gəlişi gözlənilirdi. Səfəvi dövləti elə buna görə də Qafqazda möhkəm yerli dayaq yaradıb, oranı qorumağa çalışırdı. Qafqazda Osmanlı dövlətinin də marağı vardı. Quzeydə baş verə biləcək qorxuya qarşı Qafqazın qorunmasında, buradan keçən ticarət yollarının tutub əldə saxlanılmasında Osmanlı dövləti Səfəvilərdən az maraqlı deyildi. Osmanlı dövləti Qafqazın ələ keçirilməsində Gürcüstandan bir dayaq kimi istifadə etməyə də çalışırdı. Bu vaxt Gürcüstan xırda çarlıqlara bölünmüşdü. Hakimiyyətlərini qoruyub saxlamağa çalışan Gürcü çarları öz xarici siyasətlərində tez-tez dönüklük edirdilər. Səfəvilərin Gürcüstana ilk yürüşü 1516-cı ildə oldu. Mesxiya çarı IV Kvarkvare (1516-1535) Başı Açıq (Imeretiya) çarı Mənuçöhrlə savaşda yenildikdə, I Şah Ismayıldan kömək istədi. Şah Ismayıl Div Sultan Rumlunun başçılığı ilə ona kömək göndərdi. Mənuçöhrü məğlub edən Div Sultan IV Kvarkvareni ynə də öz ölkəsində hakimiyyətə gətirdi. Növbəti il Osmanlı dövlətindən kömək alan Mənuçöhr Divin vuruşunda da məğlub oldu.
1521-ci ildə Şəki hakimi Həsən bəy Kaxetiya çarı Ləvəndin torpaqlarına etdiyi yürüşün qarşısını almaq üçün Naxçıvanda qışlayan I Şah İsmayıldan kömək istədi. I Şah İsmayılın əmiri Div soltan Rumlu Alazan və Iori çaylarını keçib Zəyəm qalasına yaxınlaşdı. Bu vaxt günahlarını boynuna alan Ləvənd, IV Kvarkvare, Davud bəy və Mənuçöhr Div sultanın yanına gəldilər. Div sultanla I Şah İsmayılın qışladığı Naxçıvana yola düşdülər. Gürcü çarları asılılığı qəbul edib, hər il vergi ödəyəcəklərinə söz verdikdən sonra, ölkələrinə qayıtdılar.
Kaxetiya çarı Ləvənd xan 1524-cü ildə Səfəvilərin tabeçiliyində olan Şəkiyə yenidən yürüş etdi. Baş verən döyüşdə Həsən bəy öldürüldü. Bu dönüklüyünə görə, Şah Ləvəndi cəzalandırmağa hazırlaşdığı zaman vəfa etdi.
Şirvan üzərində dövlət nəzarətinin gücləndirilməsi. 1500-cü ildə Cəbani vuruşunda Fərrux Yasər öldürüldükdən sonra, Şirvanda hakimiyyəti oğlu Bəhram bəy ələ aldı. O, bir ildən sonra vəfat etdi, hakimiyyətə qardaşı Qazi bəy keçdi. O da bir neçə aydan sonra oğlu Soltan Mahmud tərəfindən öldürülür. Cəbani döyüşündən sonra Gilana qaçmış Şeyxşah (Fərrux Yasarın oğlu) 1502-ci ildə II Ibrahim adı ilə Şirvanşahlar taxtında oturdu. Soltan Mahmud isə kömək almaq üçün Səfəvilər sarayına gəldi. Qızılbaş qoşunu ilə Şirvana qayıdan (1505-1506) Soltan Mahmud məğlub oldu və öz xidmətçisi tərəfindən öldürüldü.
Yerli sülalə üzvləri arasında hakimiyyət uğrunda gedən dartışma Şirvanşahları zəiflədir və onların Səfəvi dövlətindən asılılığını möhkəmləndirirdi. Əslində, Fərrux Yasərın ölümündən (1500) sonra, Şirvan öz müstəqilliyini itirməklə Səfəvi dövlətinin tabeliyində idi. Ancaq yerli sülalənin daxili müstəqilliyi saxlanılmışdı.
I Ismayıl tərbiyəçisi Hüseyn bəy lələ Şamlını bura canişin təyin etmişdi. Hüseyn bəy lələ isə Şirvanda olmayanda yerinə xidmətçisi Şahgəldi ağanı qoyurdu. Şeyxşah Ibrahim isə Şirvanda hakimiyyəti ələ keçirdikdən sonra Ismayıla hədiyyələr göndərib, vergi verəcəyi və ona sədaqətli olacağını bildirmişdir.
Lakin Şeyxşah Ibrahim sonrakı illərdə, xüsusilə Şah Ismayıl Xorasan səfərinə hazırlaşdığı vaxt, bundan istifadə edərək, xərac vermədi. Elə buna görə də, 1509-cu ilin sonunda I Şah Ismayıl Şirvana ordu göndərdi. Şeyxşah tab gətirə bilməyib Buğurd qalasında gizlənir. Şah Ismayıl ikinci dəfə Şirvanı ələ keçirib, yenə də Hüseyn bəy lələni Şirvana canişin qoydu. Günahlarına baxmayaraq, Fərrux Yasarın oğlu Şeyxşah hakimiyyətdə saxlanıldı. Şah Ismayılın göstərişi ilə 1517-ci ildə sədr Mir Cəmaləddin Məhəmməd və Mirzə Şahhüseyn Şirvana gəlib, Şeyxşaha bir daha dönüklük etməyəcəyinə and içdirirlər. Şeyxşah böyük oğlu Sultan Xəlili girov olaraq Təbrizə göndərdi. I Şah Ismayıl qızlarından Pərixan xanımı ona ərə verdi. Şeyxşah özü də 1521-ci ildə Marağaya gəlib, şahla görüşdü və sədaqətlə xidmət edəcəyinə bir daha and içdi.
Göründüyü kimi, I şah Ismayıl nə birinci və nə də ikinci yürüş zamanı Şirvanşahların irsi idarə hüquqlarına toxunmamış, lakin o, Şirvanşahları nəzarət altında saxlayırdı.
Ikinci səfərdən sonra Səfəvilərin Şirvanda hakimiyyətini möhkəmləndirməsindən bəhs edən Abbasqulu ağa Bakıxanov yazır: «Şah Ismayıl yeni hökumətə dayaq olmaq və onu möhkəm saxlamaq üçün Iraqda yaşayan Bayat türklərindən bir dəstəsini siyahı üzrə köçürüb Dərbənd və Şabranda yerləşdirdi».
I Şah Ismayılın ölümü, I Şah Təhmasibin hakimiyyətə keçməsi, daxili vəziyyət. I Sultan Səlimin 1520-ci ildə vəfatı ilə I Şah Ismayılın qurduğu imperatorluğun başı üzərini almış təhlükə sovuşdu. Bütün Səfəvi imperatorluğu siyasi və dini əqidə birliyində I Şah Ismayıla borclu idi. Kiçik yaşlarından hər tərəfdə təhlükələrlə qarşılaşmasına baxmayaraq, Azərbaycanı birləşdirib, bir çox qonşu ölkələri tutub güclü bir dövlət qurması, onun böyük tarixi şəxsiyyət olduğunu göstərir. Özü çox cəsur, intizam sevən olduğu kimi, həm də təşkilatçı və təhsilli bir hökmdar idi. O, böyük uğurlar əldə edən türk tayfa rəislərinə imperatorluğun mərkəzi və yerli idarələrində vəzifələr və geniş səlahiyyətlər vermişdi. Ustaclılar-Əcəm Iraqında, Kirmanda, Şamlılar Xorasanda, Təkəlilər Əcəm Iraqının Isfahan və Həmədan bölgələrində, Zülqədərlər Farsda, Mosullular Bağdadda yerləşdirilmişdi. Adları çəkilən türk tayfalarının bəylərinə bu bölgələrdə geniş torpaqlar və vəzifələr verilmişdi. Azərbaycan Səfəvi imperatorluğunun qurucusu olan I Şah Ismayıl 22 may 1524-cü ildə, 37 yaşında Sərab şəhəri yaxınlığında xəstələnib vəfat etdi.
O, Ərdəbildə, Şeyx Səfiəddin türbəsində dəfn olundu.
Şah Ismayılın - Təhmasib Mirzə, Cam Mirzə, Bəhram Mirzə, Əlqas Mirzə adlı dörd oğlu vardı.
Yerinə 1514-cü ildə anadan olmuş böyük oğlu, Təhmasib keçdi. Şah Ismayıl ömrünün son günlərində əmirlərinə əmir əl-üməra, həm də mülki və dini məsələlər üzrə müavini, yəni vəkili olan Div sultan Rumluya itaət etmələrini və onun sözündən çıxmamalarını vəsiyyət etmişdi. Div Sultan Rumlu yeni Şahın atabəyi kimi, onun azyaşlı olmasından istifadə edərək dövlət işlərinə nəzarəti ələ alsa da, tayfa əmirləri arasında gedən çəkişməyə son qoya bilmədi. Bu arada mərkəzi idarə bir qədər sarsıldı. Əvvəllər mürşidlərinə bağlı olan tayfa rəislərinin də indi sərvət və şöhrət meyli artmışdı. Hər biri öz bölgəsində özbaşına hərəkət edir və yenildikdə isə bir çoxu Osmanlı ölkəsinə baş götürüb gedirdi. Bu isə iki ölkə arasında münasibətləri pozurdu.
Ustaclı Mustafa sultan çox keçmədi ki, əmir əl-üməralıqda Div sultan Rumlunun ortağı oldu. Ancaq bundan Div Sultan Rumlu razı qalmadı. O, dərhal Zülqədər və Təkəli əmirləri ilə birləşib Mustafa sultana qarşı çıxdı. Savaşda bir çox Təkəli əmirləri ölsə də, Ustaclı əmirləri idarə işlərindən uzaqlaşdırıldılar. Ancaq bu hadisədən sonra Təkəlilərdən Çohə sultan əmir əl-üməralıqda Div sultanın ortağı oldu (1525). 1526-cı ildə Ustaclı bəyləri Mustafa sultanın başçılığı altında yenidən toplanıb Div sultanı Rumlu və Çohə sultan Təkəliylə Sultaniyyə (1526), Ərdəbil (1527) və Naxçıvanda (1527) savaşır, ancaq axırıncı döyüşdə Mustafa öldürülür. 1527-ci ildə Təkəli bəyləri Div sultan Rumlunu da öldürüb iqtidarı ələ aldılar. Çohə sultan rəqibsiz əmir əl-üməra və həm də vəkil oldu. Boş qalan vəzifələrə Təkəli bəyləri gətirildi. Ancaq bu, başqa qızılbaş tayfalarının qısqanclığını artırdı. Eyni zamanda, bu çəkişmələrdə bişmiş Şah da artıq iqtidara tam sahib olmaq istəyirdi. Şahın göstərişi ilə Herat valisi Hüseyn xan Şamlının dəstəsi Qəzvində Çohə sultanın evinə hücum etdilər. Çohə sultan qaça bilsə də 1531-ci ildə öldürüldü.
Bu zaman Azərbaycan hakimi Üləma sultan Təkəli vəkil olmaq üçün hərəkətə keçdi. Ancaq o, məqsədinə çatmadığına görə 1531-1532-ci illərdə Şahın Xorasana getməsindən istifadə edib, Təbrizi qarət etdi. Amma üzərinə gələn qüvvədən ehtiyatlanıb Vana və oradan da Istanbula getdi. Hüseyn xan Şamlu vəkil təyin olundu (1531). Ancaq o da 1534-cü ildə Şaha xəyanətdə günahlandırıb aradan götürüldü. Vəkil olmaq və dövlət işlərini ələ almaq üstündə qızılbaş əmirləri arasında 1524-1534-cü illərdə baş vermiş bu çəkişmələr dövləti xeyli sarsıtmışdı. Artıq bu çəkişmələrdə böyük təcrübə qazanmış I Şah Təhmasib 1534-cü ildən hakimiyyətə nəzarəti ələ alır.