Çaldıran döyüşü. I Şah İsmayıl imperatorluq hüdudlarından kənarda və xüsusilə, Şərqi Anadoludakı müridləri ilə əlaqələrini nəinki saxlayır və daha da gücləndirirdi. Bu, daha çox dövlətin qərb bölgələrində türk oymaqlarından olan qızılbaşların sayını artırmaqla, dövlətin yerli dayaqlarını möhkəmləndirmək üçün lazım idi. Amma, bu əlaqələr və təbliğat Osmanlı dövləti daxilində gərginliklər yaradır, eyni zamanda iki ölkə arasında ciddi narazılıqlara da səbəb olurdu.
Osmanlı hökmdarı II Bəyazid (1481-1512) təbəələrinin ölkəni tərk etməsinin qarşısını almaq üçün tədbirlər görürdü. I Şah Ismayıl II Bəyazidə göndərdiyi bir məktubda təriqət mənsublarının ziyarətinə mane olunmamasını xahiş edirdi. II Bəyazid isə I Şah İsmayıla göndərdiyi məktubda ziyarəti yerinə yetirdikdən sonra geri dönməyə söz verənlərə mane olmayacağını yazmışdı. Əslində, II Bəyazid I Şah Ismayılın könlünə dəyməmək üçün ona belə bir cavab göndərmişdi. I Şah İsmayıl isə Osmanlılarla aranı qırmamaq üçün çox ehtiyatlı davranır və Bəyazidə «ata» deyə xitab edirdi.
I Şah İsmayılın ehtiyatlı davranışlarına baxmayaraq, 1510-cu ildə Anadoluda Şahqulu Baba üsyanı baş verdi.
Şahqulu Şeyx Heydərin Anadoluda təriqət yayan və Təklə elindən olan Həsən adlı xəlifəsinin oğlu idi. O, son dərəcə fəal və cəsarətli bir adam idi. Osmanlı dövlətinin idarəsində bir qədər zəifləməsindən istifadə edərək hərəkətə başlamışdı. Tərəfdarları Şahquluya «baba» deyirdilər. Təklə elinin yoxsul və varlılarından ibarət saysız-hesabsız tərəfdarları vardı. Şahqulu Osmanlı ordusunu bir neçə dəfə məğlubiyyətə uğratdı. Sonuncu savaşda çox ağır yaralanmış Şahqulu çox keçmədi ki, öldü. Ancaq onun tərəfdarları Səfəvi ölkəsinə gedə bildilər. Onların sayı 15.000 idi. Şahqulu güvəndiyi adamlardan birini özünə vəzir təyin etmişdi. Ətraf bölgələrə bəylərbəyi, sancaqbəyilər də göndərmiş və Osmanlı elindəki xəlifələrinə məktublar yazaraq, hərəkətə başlamalarını bildirmişdi.
Bütün bunlara baxmayaraq, onun məqsədi Osmanlı dövlətini devirmək yox, Şərqi Anadoluda tərəfdarlarının sayını artırıb Səfəvi hakimiyyətini möhkəmləndirmək idi. Şahqulu bacarığı ilə elə bir təsirə malik idi ki, hətta II Bəyazidin Qaraman valisi olan oğlu Şehinşah da onun təbliğatına uymuş və qızılbaş olmuşdu.
1512-ci ildə Osmanlı taxtına I Sultan Səlimin (1512-1520) keçdiyini xəbər alan Şah Ismayıl Nurəli xəlifə Rumlunu Anadoluya göndərərdi. Nurəli xəlifə Qarahasarda ikən Sivas, Amasiya, Toqat bölgəsi türklərindən 3-4 min evlik bir toplumu özünə birləşdirirdi. Bu vaxt I Sultan Səlimlə qardaşı Soltan Əhməd arasındakı savaşa hazırlıq qızılbaşları daha da ayaqlandırdı. Hətta, Soltan Əhmədin Amasiyadakı oğlu Soltan Murad qızılbaşlığı qəbul etdi. Toqat yaxınlığında Osmanlı sərkərdəsi Faiq bəy məğlub edildi. Şəhər əhalisi Nurəli xəlifəni qarşılayıb I Şah Ismayılın adına xütbə oxudu.
Qızılbaşların Anadoludakı hərəkətləri Osmanlı dövləti ilə Səfəvilər arasında münasibətləri pozdu. I Sultan Səlim Qardaşları ilə bağlı təhlükəni aradan qaldırdıqdan sonra Anadoluda 40.000 nəfər qızılbaş öldürtdü. Təkə elində həbs etdirdiyi qızılbaşları isə Aralıq dənizində yeni fəth olunan adalara sürgün etdi. Bununla, Səfəvilərə qarşı müharibəyə hazırlaşan I Soltan Səlim yürüşü zamanı arxasında baş qaldıra biləcək təhlükəni aradan qaldırıb özbək Übeydulla xanın da köməyinə arxalanaraq hərbi əməliyyata başlamağı qərara alır.
I Şah İsmayılla I Sultan Səlimin aralarındakı qırıcı məktublardan sonra 23 avqust 1514-cü ildə Xoy şəhərinin şimali-cənubunda eyni adlı şəhərdən 20 fərsəh məsafədə olan Çaldıranda bir qandan olub, bir dildə danışan qüvvələr qarşılaşdı.
I Şah Ismayıl ordusundakı düzülüşə görə ortadakı qüvvəyə Nizaməddin Əbdülbaqi, Məhəmməd Kəmunə, Şərəfəddin Əli, sağ cinaha Durmuş xan Şamlı, sol cinaha Məhəmməd xan Ustaclı, öncüllərə qorçubaşı Sarı Piri və Yusif bəy Varsaq başçılıq edirdi. I Şah Ismayıl özü seçmə döyüşçülərdən yaradılmış qüvvə ilə sağ cinahda dayanırdı.
I Sultan Səlimin sayı 200 minə çatan ordusunun sol cinahına Rumeli bəylərbəyi Həsən paşa, sağ cinaha Anadolu bəylərbəyi Sinan paşa başçılıq edirdi. Ortada 300 top və onların önündə xüsusi dəstə və arxasında isə tüfəngli yeniçərilər dururdu. I Soltan Səlim isə şəxsi qvardiyası ilə yeniçərilərin arxasında idi. Ən geridə isə Şadi bəyin dəstəsi yerləşdirilmişdi. Onlar arxadan ediləcək yürüşlərin qarşısını almalı idilər. Hər iki ordunun əsgərləri, «Allah», «Allah» deyə döyüşə daxil olub çox igidliklə vuruşurdular. Səfəvilərin öncülləri olan qorçular Sarı Piri Ustaclının başçılığı ilə döyüşə girib osmanlıların xeyli döyüşçüsünü öldürdülər. Ancaq qızılbaş süvarilərinin qarşısı top və tüfəng atəşi ilə alındı. Döyüşün qızğın vaxtında fars bəylərbəyi Xəlil sultan Zülqədər isə özbaşına savaş meydanından dəstəsi ilə qaçdı. O cümlədən I Şah Ismayılın ordusunun sayı Sultan Səlimin ordusundan az olub, odlu silahı da yox idi. Döyüşdə 3 min qızılbaş, 2 min nəfər osmanlı əsgəri və hər iki tərəfdən bir çox adlı-sanlı əmirlər də öldürüldü. I Sultan Səlim bu qələbədən sonra 1514-cü ilin sentyabr ayının 5-də döyüşsüz Təbrizə daxil olur, ancaq yeniçərilərin müsəlman qırğınına etirazının getdikcə güclənməsindən ehtiyat edərək, həmin ayın 13-də şəhəri tərk edib, Şərqi Anadoluya yola düşür.
Çaldıran savaşından qabaq Səfəvi – Osmanlı sərhəddi Sivasa bağlı Su şəhərindən keçirdi. Kemax qalası Xarput, Urfa Səfəvilərin hüdud şəhərlərindən idi. Çaldırandan geri dönən I Səlim 1514-1515-ci ildə Amasiyada qışlayıb, sonra Istanbula qayıdarkən Anadolunun açarı Kemax qalasını tutdu. Qala rəisi Məhəmməd bəy 300 Varsaqla təslim olmadan, ölüncəyə qədər vuruşmuşdu. I Səlim Şərqi Anadolunun tutulmasını Ağqoyunlu Bıyıklı Məhəmmədə tapşırdı. O, 1515-ci ildə Təkir yaylağında Nurəli xəlifəni məğlub etdi. Nurəli xəlifə, bir çox başqa cəsur bəylər döyüşdə öldürüldü.
I Şah İsmayıl Çaldıranda Məhəmməd xan Ustaclı öldükdən sonra Diyarbəkirin idarəsini onun qardaşı Qara bəyə tapşırıb, ona xan titulu da vermişdi. Şahın bacısı ilə evli olan Qara xan, qardaşları Ulaş və Süleyman Diyarbəkirdə möhkəmlənmək üçün əllərindən gələni etdilər. Ancaq Mardin yaxınlığında, Dədə Qarkin düzündə Bıyıklı Məhəmməd paşa ilə savaşda məğlub oldu və özü də öldürüldü. Cənub-Şərqi Anadolu Osmanlı idarəsi altına düşdü. Amma şah Ismayıl Azərbaycan Səfəvi imperatorluğunu qoruyub saxlaya bildi.