Fərrux Yasərə qarşı yürüş. Qızılbaş bəyləri arasında hərəkatın sonrakı gedişi barədə bir fikir yox idi. Onların bir qismi Ərzicanda daha çox qoşun yığıb yazda Ağqoyunlular üzərinə yürüş keçirməyi, başqaları isə Gürcüstan üzərinə cihad keçirməyi təklif edirdilər. Ancaq qışı gözləmədən dərhal Şirvanşah Fərrux Yasərə qarşı yürüş keçirmək istəyənlər üstünlük qazandılar. Siyasi qüvvələrin durumu yürüş üçün çox əlverişli idi. Ağqoyunlu dövləti ötən il iki yerə parçalanmışdı. Şirvan dövləti meydanda tək qalmışdı. Şiəlik bayrağı altında çıxış edən qızılbaş hərəkatı təkcə Azərbaycanda deyil, Anadoluda, Əcəm və Ərəb Iraqında yayılıb güclənmiş, bu məmləkətlərdə yaşayan türk toplumları Səfəvi sülaləsinə güc və qoşun verən bir arxaya çevrilmişdilər.
Yürüşə 14 yaşlı Ismayıl özü başçılıq edirdi. O, Kür çayının «Qoyun ölümü» adlanan çətin keçidini at üzərində ilkin olaraq özü keçdi. Bununla o, tərəddüd edənləri ruhlandırdı. Qızılbaşların 7 minlik qoşununun yaxınlaşmasını eşidən Şirvanşah Fərrux Yasər Qəbələdə əsgəri hazırlıq işinə girişdi. Qızılbaşlar Şamaxını tutub Şirvanşaha Gülüstan qalasına girməyə macal verməyib Cabanıdə onun 20 min atlı və 6 min piyadadan ibarət olan qoşununu darmadağın etdilər. Buğurd qalasına qaçıb gizlənmək istəyən Fərrux Yasər qızılbaş döyüşçülərinin əlinə keçib öldürüldü. Bir neçə gün Ismayıl döyüş yerində qaldı. Şamaxıya qayıtdıqda şəhər varlıları onu qarşılamağa çıxdı, tabeçilik bildirdilər.
Bakının tutulması. Muğanda Mahmudabad yaxınlığındakı qışlağa gedən Ismayıl, Məhəmməd bəy Ustaclu və Ilyas bəy Xunuslu başda olmaqla Bakını tutmaq üçün qoşun göndərdi. Şirvanşahların ikinci paytaxtı sayılan Bakı qalası qızılbaş elçilərinə xərac verməkdən boyun qaçırdı. Güclü qala divarları, ərzaq və döyüş ehtiyatı yaratmaq üçün qabaqcadan hazırlıq görülməsi Bakı əhalisinin dirəniş güvənini artırmışdı. Bakıda güclü müqavimət göstərilməsi Ismayılı başlıca qoşunla birlikdə 1501-ci ilin yazında Muğandan buraya yürüməyə məcbur etdi. O, qalanın qapıları, divar və bürcləri ilə tanış olub danışıq yolu ilə qalanın təslim edilməsinə çalışdı. Bakı qalabəyisi Fərrux Yasərin oğlu Qazı bəy idi. O, əlçatmaz dağ qalalarını döyüşlərə hazırlamaq üçün göndərildiyindən Bakının müdafiəsinə onun arvadı başçılıq edirdi. Bu qadın, Ismayılın əmri ilə qalanın təslim olunması barədə tələb gətirən elçini öldürtdü. Onu bu işdən çəkindirməyə çalışan Bakı darğası Əbdülfəttah bəyi də edam etdirdi.
Bakıda kəskin müqavimətlə bağlı Ismayılı artıq bacarıqlı bir qoşun başçısı kimi tanınan, Xadim bəy Xüləfanı birbaşa oraya göndərməli oldu. Sonra özü də gəlib qoşun başçılarına qoşuldu. Onun əmri ilə qala bürclərinin birinin altından böyük lağım atıldı. Bürc uçsa da, yerli döyüşçülər yenə də müqavimət göstərirdilər. Nəhayət qızılbaşlar onların müqavimətini qırıb şəhərə soxuldular. Bakı əyanlarından 70 nəfəri əllərində Quran Ismayılın ayağına gəldikdən sonra şəhərdə qətl və qarətə son qoyulması haqda əmr verildi. Qala qapıları isə dişarıda dayanan qızılbaş qoşununun üzünə açıldı. Bütün şəhər əhalisinə aman verməsi ilə bağlı Ismayıl 1000 tümən «qan bahası» ödəməyi tələb etdi. Şirvanşahların Bakı sarayında saxlanılan zəngin xəzinəsi ələ keçirildi. Burada olan qızılların, daş-qaşların, başqa pulların, qiymətli geyim və əşyaların bir hissəsi qızılbaş döyüşçülərinə paylanıldı.