Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Azərbaycan Səfəvilər dövləti XVI yüzilin ikinci yarısında. XVI yüzilin ortalarında və ikinci yarısında Azərbaycan Səfəvi dövlətinin qərb dövlətləri ilə münasibətləri



Yüklə 3,15 Mb.
səhifə67/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   173
Ar2019-47-1

Azərbaycan Səfəvilər dövləti XVI yüzilin ikinci yarısında. XVI yüzilin ortalarında və ikinci yarısında Azərbaycan Səfəvi dövlətinin qərb dövlətləri ilə münasibətləri. Böyük coğrafi kəşflərlə Hindistana dəniz yollarının açılması Azərbaycandan keçib Qara dəniz və Aralıq dənizinə gedən əski karvan yollarının əhəmiyyətini azaltdı. XVI yüzilin əvvəllərindən okeanlardan keçib Ərəb sahilləri və Hindistana gedən ticarət yollarına Portuqaliya müstəmləkəçiləri nəzarət edirdilər. Onlar İran körfəzinə də daxil olub körfəzdəki hərbi-strateжi və iqtisadi əhəmiyyətli məntəqələri, o cümlədən Hörmüzü də (1515) ələ keçirmişdilər.
Aralıq dənizi və Qara dənizdən keçib Avropa ölkələrinə doğru yan alan qədim karvan yollarına isə Osmanlı dövləti nəzarət edirdi. Bu yollar artıq Səfəvi tacirlərinin də hərəkətini çətinləşdirmişdi. Hörmüz tutulduqdan sonra isə Səfəvi tacir və elçilərinin Hind okeanına çıxmaq imkanlarına da son qoyulmuşdu.
Şərq ölkələrinə Avropadan əvvəlcə tacirlər, sonra elçilər və onların ardınca isə bir qayda olaraq, toplu-tüfəngli müstəmləkə qoşunu gəlirdi. Portuqaliyadan başlamış Fransaya qədər bütün Avropa dövlətlərindən şərqə gələn tacirləri, elçiləri, missionerləri öz dövlətlərindən aldıqları xüsusi tapşırıq üzrə Şərq dövlətlərinin arasını mümkün qədər vurmağa çalışırdılar.
Bu zaman Osmanlı dövləti ilə düşmənçiliyi olan Portuqaliya daha çox Səfəvi dövlətinə yaxınlıq göstərirdi. Portuqaliyanın gerçək məqsədi Səfəvi dövləti ilə Osmanlı dövləti arasında müharibə törədib, onların hər ikisinin də qüvvəsini tükəndirib, Fərat və Dəclə boyunca mühüm iqtisadi, hərbi-strateжi əhəmiyyəti olan yerləri tutmaq idi. XVI yüzilin 30-50-ci illərində Osmanlı-Səfəvi savaşları zamanı portuqallar şərqdə müstəmləkəçilik Planlarını həyata keçirmək üçün Səfəvilərə top-tüfənglə kömək edirdilər.
Portuqaliya kralı III Juanın (1502-1557) Azərbaycana göndərdiyi elçilər 1551ci ildə Qəzvində çox yaxşı qarşılandılar. Amma 1574-1575-ci ildə ikinci dəfə Portuqaliyadan gələn elçiləri şah qəbul etməmişdi. Ona görə ki, portuqallar İran körfəzindəki məntəqələrdə müsəlmanları sıxışdırırdılar. Həm də portuqallarla danışıqlar Osmanlı dövləti ilə 1555-ci ildə bağlanmış Amasiya müqaviləsini poza bilərdi.
XVI yüzilin 60-cı illərində Azərbaycana İngiltərədən altı ekspedisiya gəlmişdi. Ingiltərə kraliçası Yelizaveta Tüdoru (1558-1603) Azərbaycanın xan ipəyi, zər-zibası ilə yanaşı, daha çox buradan Hindistana gedən karvan yolları maraqlandırırdı. Ingiltərə irəliləməkdə olan qərb dövləti olsa da, Hindistana gedən dəniz yollarına nəzarət edən qüdrətli Portuqaliya ilə qarşılaşmaqdan çəkinirdi. Elə buna görə də 1553-cü ildə yaradılmış və Böyük Britaniyanın xarici siyasət kursunu yeridən ingilis «Moskva şirkəti» Xəzər və onun sahillərindən keçən karvan yolları ilə Hindistana çıxmaq fikrində idi. «Moskva şirkəti»nin təmsilçisi Entoni Cenkinson 1561-1563-cü illərdə Volqa-Xəzər yolu ilə Azərbaycana gəlmiş, Şamaxı bəylərbəyi Abdulla xan Ustaclı və Qəzvində I Təhmasiblə danışıqlar aparmışdı. Yelizaveta Tüdorun I Təhmasibə göndərdiyi məktubdan aydın olur ki, bu danışıqlar Ingiltərə ilə Azərbaycan arasında ticarət əlaqəsi yaratmaq ətrafında getmişdir. Ancaq Ingiltərədən göndərilən ticarət ekspedisiyalarının və onların təmsilçilərinin apardıqları danışıqların arxasında bir müstəmləkəçilik marağı da dayanırdı. I Şah Təhmasib Entoni Cenkinson da müqavilə bağlamadı. Ona görə ki, Aralıq dənizi və sahillərində Osmanlı dövlətinə qarşı duran Ingiltərə ilə I Şah Təhmasib Amasiya barışığından sonra heç cür müqavilə bağlaya bilməzdi. Qəzvin səfəri uğursuz olan Entoni Cenkinson Şirvana qayıtdı və burada 1563-cü ildə Abdulla xanla ticarət müqaviləsi bağladı. Ingiltərə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin bünövrəsi qoyuldu.
1571-ci ildə Venetsiya öz elçisi Vinçentso Alessandirini Azərbaycana göndərdi. V.Alessandri I Şah Təhmasibə Osmanlı dövlətinə qarşı müqavilə bağlamağı təklif edir. Növbəti il Roma papası I Şah Təhmasibə yazdığı məktubda xristian müttəfiqləri ilə birgə Osmanlı dövlətinə qarşı savaşa başlamağın əlverişli vaxtı çatdığını bildirirdi. Papa başda olmaqla xristian monarxları I Şah Təhmasibi Osmanlı dövlətinə qarşı savaşa çəkməyə çalışırdılar. Papa XIII Qriqori (1572-1585) şaha top, tüfəng, pul göndərəcəyini vəd edirdi. Səfəvilərə müttəfiq gözü ilə baxan xristian dövlətlərinin başçıları Osmanlı dövləti ilə savaşmaqdan qorxurdular. Elə buna görə də, onlar müxtəlif hiylələr, vədlərlə Səfəvilərin əli ilə Osmanlı dövlətinə zərbə vurmaq istəyirdilər.
1578-ci ildə Osmanlı-Səfəvi savaşı zamanı Məhəmməd Xudabəndə Portuqaliyaya elçi göndərib xristian dövlətlərindən kömək istəmiş, ancaq nə Venetsiya, nə Portuqaliya, nə də Ispaniya Osmanlı dövlətinə qarşı savaşa başlamamışdılar. Əslində bu dövlətlər Osmanlı dövləti ilə yanaşı, Səfəvi imperatorluğun da gücdən düşməsini istəyirdilər.
XVI yüzilin ortalarında Kazan və Həştərxanı tutduqdan sonra Xəzərin şimal sahillərində müstəmləkələrini tədricən genişləndirən Rusiya Səfəvi dövləti ilə diplomatik və ticarət əlaqələrinə xüsusi fikir verir, Yaxın və Orta Şərq bazarlarına can atırdı. 1561-ci ildə I şah Təhmasib, 1563-ci ildə isə Şirvan bəylərbəyi Abdulla xan Moskvaya elçilər göndərmişdi. Rusiya çarı IV Ivan (1547-1584) isə 1569-cu ildə Aleksey Xoznikovun başçılığı altında Qəzvinə elçilər göndərdi. Onlar Şah Təhmasibə 100 top və 500 tüfəng gətirmişdilər. Rusiya bir tərəfdən Səfəvilərlə əlaqələrini gücləndirir, digər tərəfdən isə yavaş-yavaş Xəzərə doğru yeni torpaqlar işğal edirdi. Rusiyanın Xəzər istiqamətində yürüşlərinin qarşısı alınmazsa, onun zərbəsi gec-tez Səfəvi imperatorluğuna dəyə bilərdi. Osmanlı dövlətinin 1578-ci ildə Qafqaza daxil olması da əslində Rusiyanın Xəzərə doğru yürüşlərinin qarşısını almaq məqsədini güdürdü.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin