Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Şirvanda Əlqas Mirzə və Burhan Mirzənin qiyamları



Yüklə 3,15 Mb.
səhifə65/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   173
Ar2019-47-1

Şirvanda Əlqas Mirzə və Burhan Mirzənin qiyamları. Osmanlıların Azərbaycana yeni yürüş təhlükəsi yarandığı bir vaxtda Şirvan bəylərbəyi Əlqas Mirzə Şirvanda müstəqil dövlət qurmaq istəyirdi. Hələ 1546-cı ildə Şirvandan Qəzvinə qaçıb gəlmiş Oruc ağa Rumlu bu barədə Şaha xəbər vermişdi. Şah 1546-cı ildə Urgənc oğlunu danışıq üçün Əlqas Mirzənin yanına göndərdi. O, tabe olmayacağını bildirsə də, Şahın qoşunla Şirvana gəldiyini eşidən kimi anası Xanbəyi xanımı bağışlanması üçün onun yanına göndərdi. Xanbəyi xanımın xahişi ilə şah onu bağışladı. Əlqas Mirzə Cavadda şahlığa sədaqətli qalacağına and içdi. Hətta şahın Gürcüstan və Çərkəzistana 1547-ci il yürüşlərində də iştirak etdi.
1547-ci ildə Şah Təhmasib geri döndükdən sonra Əlqas Mirzə yenə də öz müstəqilliyini elan edib adına xütbə oxutdurdu və sikkə zərb etdirdi. Bu vaxt Yevlaxda olan şah Ibrahim xan Zülqədər, Hüseyn Sultan Rumlunu 5 min əsgərlə Şamaxıya göndərdi. Əlqas Mirzənin ailəsi sığındığı Gülüstan qalası mühasirə edildi. Döyüşlərdə ordusunu itirən Əlqas Mirzə Dağıstandan Azova, oradan Kəffəyə və Kəffədən isə Istanbula getdi. Şirvan qalaları tutulub onun bütün tərəfdarları öldürüldü. 1547-ci ildə Şah oğlu Ismayıl Mirzəni Şirvana bəylərbəyi qoyub Təbrizə qayıtdı.
Şirvanda yerli əmirlərin də arasında mərkəzdənqaçma meylində olanlar vardı. Hələ 1544-cü ildə Qaytaqdan Şirvana gələn Burhan Mirzəni Əlqas Mirzə bir neçə dəfə məğlub etmişdi. Bir çox mənbələrdə Burxan Mirzənin Xəlilullahın oğlu olduğu göstərilmişdir. 1548-ci ildə o, yenidən Qaytaqdan Şirvana gəldi və yerli əmirlərin bir çoxu onun ətrafına toPlandılar. Burxan Mirzə Şirvanda yeni qiyamı baş qaldırdı. Ancaq o, 1549-cu ildə Buğurd dərəsində öz əcəli ilə öldü. Qiyamçıların Şirvan taxtına namizədliyini irəli sürdükləri Mehrab və 1550-ci ildə Qurbanəli də aradan götürüldü.
I Sultan Süleyman ordusunun yeni yürüşləri. I Şah Təhmasibin barış təkliflərini qəbul etməyən I Sultan Süleyman Qanuninin ordusu 1548-ci ildə yenə Səfəvi imperatorluğuna yürüş etdi. Əvvəlki döyüşlərdə olduğu kimi I şah Təhmasib yenə də odlu silahla təchiz olan osmanlılara qarşı öz süvarisini açıq çöllərdə döyüşə çıxarmadı. Yolboyu ərzaq quyularda gizlədilir, əhali köçürülür, süvari ordu isə tez-tez yerlərini dəyişirdi. O, ağıllı, taktiki hərəkətlərlə Osmanlı ordusuna zərbələr vururdu. Bilirdi ki, itki verən və səbri tükənən soltan geri dönməyə məcbur olacaqdır. Osmanlı Sultanın yanında olan Əlqas Mirzənin köməyinə qızılbaş əmirlərindən heç biri gəlmədi və əksinə, onlar şahın qulluğuna getdilər. Əlqas Mirzənin Həmədan tərəfdən hücum edən qoşunu məğlub edilərək, özü də əsir götürülüb Qəhqəhə qalasında ömürlük həbs cəzasına məhkum olundu. Soltan isə Təbrizi tutsa da, burada dörd gündən artıq qala bilmədi. Geriyə qayıdarkən Vanı ələ keçirdi. Vanın tutulması Təhmasibə çox pis təsir etdi. O, oğlu Ismayıl Mirzəni Kars qalasının təmiri ilə məşğul olan osmanlılar üzərinə yola saldı. Təhmasib özü isə Ərciş və Əhləti tutdu. Ismayıl Mirzə Karsı tutduqdan sonra Ərcişdə atası ilə birləşdi.
Təhmasib Trabzon ətrafına qədər hərəkət etdi.
I Şah Təhmasib 1551-1554-cü illərdə Ərciş, Adilcivaz, Əhlət qalalarını alaraq Muşa qədər yürüş etdi. Oğlu Ismayıl Mirzə isə Ərzurum bəylərbəyi Iskəndər paşanı məğlub etdi. Bununla şah Təhmasib Şərqi Anadoluda möhkəmlənmək və Osmanlı hökmdarını müqavilə bağlamağa məcbur etmək istəyirdi. Səfəvi hökmdarı dəfələrlə Sultana barışmağı təklif etmişdi. Bu barışın I Şah Təhmasib üçün həm maddi və həm də mənəvi əhəmiyyəti vardı. O, Səfəvi dövlətinin varlığını təhlükədən qurtarmaq istəyirdi.
Ancaq I Şah Təhmasib 1554-cü ildə, dördüncü dəfə Şərq səfərinə çıxıb Irəvan, Qarabağ, Naxçıvana hücum etdi. Yol boyu I Şah Təhmasibin qüvvələri otlaqları, tarlaları məhv edib, əhalini köçürmüşdü. Şah Bazarçaya doğru geri çəkildi. Naxçıvanda Şahın süvariləri qəfil həmlələrlə osmanlıların üzərinə yürüşlər edirdilər. Ciddi çətinliklərlə qarşılaşan Osmanlı ordusu Ərzuruma qayıtdı. Osmanlı ordularının ardınca Anadoluya daxil olan qızılbaşlar döyüşlərin birində Sultanın ən yaxın adamlarından olan Sinan bəyi əsir götürdülər. Yürüşlərdən yorulmuş Osmanlı ordusu içərisində narazılıqlar yaranmışdı. Sultan ordudakı bu narazılıqlar və Azərbaycana son yürüşdəki uğursuzluqlarla hesablaşmağa məcbur oldu.
Sonuncu yürüş zamanı Sultan Şirvanşahlar nəslindən olan Qasımı yeniçərilər və topçularla birlikdə Kəfədən Dağıstana doğru yola salmışdı. Soltanın göstərişi ilə Kumuq və Qaytaq qoşunları da onlarla birləşdi. Qasımın başçılıq etdiyi «qoşun» Dərbənddən Şirvana girdi. Şirvanın yerli əmirlərinin çoxu Abdulla xan Ustaclının xidmətindən çıxıb Qasımla birləşdilər. Tabasaranda Təngə döyüşündə Abdulla xan güclü qarşıdurmaya rast gəldi və Şamaxıya döndü. Qasımın hərbi dəstəsi onun ardınca Buğurdu keçdi və Gülüstana yaxınlaşdı. Gülüstan döyüşünə Abdulla xan Ustaclı 2 min nəfər qızılbaşla girsə də, qələbə çaldı. Qasımın dəstəsindən sağ qalanlar Tabasarana qaçdılar. Qasımın isə nə öldüyü, nə də sağ qaldığı məlum olmadı. Bu qələbə Səfəvilərin Şirvanda hakimiyyətini daha da möhkəmləndirdi.
I Sultan Süleyman Azərbaycana dördüncü yürüşündə ciddi müqavimətlə qarşılaşaraq qələbənin mümkün olmadığını görüncə barışığa razı olmuşdu. Onun göstərişi ilə baş vəzir Məhəmməd paşa Səfəvilərə məktub yazıb, Sinan bəyin azad olunması və danışıq üçün elçi göndərilməsini xahiş etdi. Sinan bəy Qacar Şahqulu bəylə Istanbula yola salındı. O qayıtdıqdan sonra isə Fərruxzad bəy Qaradağlının başçılığı ilə danışıq üçün elçilik göndərildi.
Amasiyada may 1555-ci ildə iki ölkə arasında barış andına imza atıldı. Bu barışa görə Şəhrizor və Van ətrafı, Imeretiya, Menqreli, Quriya osmanlılara verildi. Mesxiya, Kartili və Kaxetiya Səfəvi hakimiyyəti altında qaldı. Bu barış I Şah Təhmasibin ən böyük uğurlarından oldu. O, Səfəvi dövlətinin varlığını qoruyub saxlaya bildi. Bununla o özünün çox bacarıqlı bir dövlət başçısı olduğunu göstərdi. I Şah Təhmasib bir sıra iqtisadi, siyasi və hərbi-strateжi səbəblərlə bağlı olaraq 1555-ci ildə paytaxtı da rəsmi olaraq Təbrizdən Qəzvin şəhərinə köçürüldü. Paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi Təbrizin tez-tez Osmanlı hücumlarına məruz qalması, Azərbaycanın sərhəd şəhəri olan Qəzvinin coğrafi baxımdan imperatorluğun mərkəzində yerləşməsi, beynəlxalq karvan yolu üstündə olmaqla imperatorluğun həm şimal-qərb, həm də cənub-şərq şəhərləri ilə sıx iqtisadi əlaqəsi və eyni zamanda əlverişli qışlaq yeri olması ilə əlaqədar idi. Ancaq burada dövlətxana binası 1557-ci ildə tikilib qurtararaq istifadəyə verilmişdir.
1558-ci ildə I Sultan Süleymanın oğlu Bəyazidin I şah Təhmasibə sığınması iki ölkə arasında yeni çəkişmə yarada bilərdi. 1562-ci ildə Səfəvi sarayına Van hakimi Xosrov paşanın başçılığı ilə elçilər gəldi. Məqsədləri Bəyazidi geri almaq idi. Bəyazidin I Sultan Süleymanın Qanuninin adamlarına verilməsi iki dövlət arasında baş verə biləcək yeni çəkişməni aradan qaldırdı.
I Sultan Süleymanın ölümündən (1566) sonra da iki ölkə arasında yaxşı münasibətlər davam etmişdir. I Şah Təhmasib II Səlim (1566-1574) və III Muradı (1574-1595) təbrik etmək üçün 1567-ci ildə Şahqulu xan Ustaclını qiymətli hədiyyələrlə Ədirnəyə və 1575-ci ildə Toxmaq xan Ustaclını isə İstanbula göndərmişdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin