Teatrın inkişafında yeni mərhələ başladı. Respublikada “Dövlət Gənclər
Teatrı”, “Bakı Bələdiyyə Teatrı”, “Pantomim teatrı”, “Tənqid-Təbliğ Teatrı”,
“Milli Dastan Teatrı”, “Yuğ” teatrı, “Bakı Kamera Teatrı” kimi yeni teatrlar təşkil olunmuşdu. 2000-ci ildə 26 dövlət teatrı fəaliyyət göstərirdi. Azərpaşa Nemətov, Fərahim Fərzəlibəyov, Hüseynağa Atakişiyev kimi istedadlı rejissorlar Azərbaycan rejissorluq məktəbinin ən yaxşı ənənələrini inkişaf etdirirdilər. Azərbaycan teatrları xalqın qəhrəmanlıq tarixindən, müasir həyatından bəhs edən onlarla əsərə səhnə həyatı verdilər.
Azərbaycanın musiqi sənəti yeni əsərlərlə zənginləşirdi. Görkəmli bəstəkarlar Fikrət Əmirov, Süleyman Ələsgərov, Arif Məlikov, Cövdət Hacıyev, Vasif Adıgözəlov yeni-yeni musiqi əsərləri yaratdılar.
Azərbaycan musiqisində hərbi mövzu da xeyli inkişaf etmişdi. Süleyman
Ələsgərovun “Əsgər marşı”, Ş.Musaoğlunun əsgər mahnıları, Cavanşır Quliyevin
“Əsgər marşı” xalqda qələbəyə inam hissi oyadırdı.
Azərbaycan musiqi ifaçılığı sənəti də inkişaf etməkdə idi. 1992-ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyası yaradıldı. Muğam, xalq mahnıları və təsnif ifaçılarının ənənəvi müsabiqələri keçirilirdi. 1997-ci ilin noyabr ayında Bakıda vokalçıların Bülbül adına Birinci Beynəlxalq Müsabiqəsi keçirildi. Prezident Heydər Əliyev 1996-cı il iyunun 22-də “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, 1997-ci il sentyabrın 13-də “Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında” fərmanlar verdi.
Müğənnilər Zeynəb Xanlarova, Alim Qasımov, Səkinə İsmayılova, caz vokal ustası və pianoçu Əzizə Mustafazadə, Fidan və Xuraman Qasımova bacıları kimi vokal ustaları və onlarla başqa sənətçilər Azərbaycan musiqisini dünyada təbliğ edirdilər. 2000-ci ildə Alim Qasımov Avropada diskləri ən çox satılan 5 ifaçıdan biri olmuşdur.
Musiqinin müxtəlif janrları və mədəniyyətin digər janrları üzrə vaxtaşırı müsabiqələr keçirilir. Bakıda xüsusi “Muğam evi” tikilib istifadəyə verilmişdir və burada 2005-2013-cü illər arasında 4 Muğam Televiziya Müsabiqəsi keçirilmişdir. 2009-cu il 18-24 mart tarixlərində Bakıda “Muğam aləmi” Beynəlxalq musiqi festivalı keçirildi və o vaxtdan bu festival hər 2 ildən bir keçirilməyə başladı. 2015-ci ilin 13-18 martında Bakıda artıq IV “Muğam aləmi” Beynəlxalq musiqi festivalı baş tutdu.
2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” elan olundu. 2011-ci ildə Azərbaycan “Avroviziya” (Eurovision) mahnı müsabiqəsində qalib gələrək 39 iştirakçı dövlət içərisində I yeri tutdu. 2012-ci ilin mayında Bakıda Avroviziya (Eurovision) Beynəlxalq musiqi müsabiqəsi müvəffəqiyyətlə keçirildi.
Bütün maddi çətinliklərə baxmayaraq Azərbaycan kinosu inkişaf etməkdə idi. Müstəqil kinostudiyalar təşkil olundu. Azərbaycanda istehsal olunmuş filmlərin toplanması, bərpası və səmərəli istifadə olunması üçün Dövlət Kino Fondu təşkil edildi. Azərbaycan kinosunun görkəmli rejissorları sırasına Vaqif Mustafayev, Ayaz Salayev, Hüseyn Mehdiyev kimi istedadlı sənətkarlar daxil olmuşdu. Azər-
baycan kinomatoqrafçıları “Əhli-kef”, “Fransız”, “Hər şey yaxşı olacaq” (rejissor V.Mustafayev), “Yarasa” (rejissor Ayaz Salayev), “Həm ziyarət, həm ticarət”,
“Yerlə göy arasında” (rejissor Rasim Ocaqov), “Uçurulmuş körpü”, “Özgə vaxtı” (rejissor Hüseyn Mehdiyev) kimi bir sıra yüksək bədii dəyərli filmlər yaratdılar. Müharibə, erməni quldurlarının vəhşiliyi, qaçqınlıq həyatının dəhşətləri Azərbaycan kinosuna yeni mövzular gətirmişdi. “Ağ atlı oğlan” (rejissor Ə.Əbluc), “Fəryad” (rejissor C.Mirzəyev) kimi təsirli, realist kinolentlər yaradılmışdı.
Azərbaycan sənədli kinosu da xeyli inkişaf etmişdi. Müstəqillik uğrunda mübarizəni, Qarabağ müharibəsini, ölkədə siyasi sabitlik yaradılmasını, iqtisadi tərəqqini, demokratik prosesləri, dövlətin xarici aləmdə nüfuzunun yüksəlməsini əks etdirən yüzlərlə maraqlı, ibrətamiz kino-videolent çəkilmişdi. Müdafiə Nazirliyinin sənədli kinostudiyası da bu sahədə fəal iş görürdü.