Aşağıda adı çəkilən mən, qadir Allah, böyük püyğəmbərimiz Məhəmməd (S) qarşısında İ.Ə. (İmperator Əlahəzrəti)- nə; özümün həqiqi və əsl lütfkar ( hamısı) böyük Aleksandar Pavloviçə, Bütün Rusiyanın mütləq hökmdarına və Bütün Rusiya taxt-tacının təyin olunacaq İmperator Əlahəzrəti vəliəhdə sədaqətlə və ürəkdən qulluq edəcəyimi və hər şeydə itaət göstərəcəyimi, öz canımı son damla qanıma qədər əsirgəməməyi istəməyim və buna borclu olduğum haqda söz verir və and içirəm...
Qadir Allah naminə Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xan və Bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov, olduqca mərhəmətli böyük İmperator Əlahəzrətləri Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə Bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük imperator əlahəzrətləri Aleksandr Pavloviç və onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:
Birinci artikul Mən, Şuşalı və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İran və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində Bütün Rusiyanın böyük İmperator əlahəzrətlərinin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.
İkinci artikul İmperator əlahəzrətləri zati-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna sübut olaraq İmperator əlahəzrətləri zati-alilərinin (xanın) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir.
Üçüncü artikul Zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xanın Bütün Rusiya imperatorlarının və onların vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan,ondan sonra isə böyük oğlunun və bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən Gürcüstan Baş hakimi tərəfindən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki, indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasim Gürcüstan Baş hakiminin və bu qətnaməni başa çatdıran inf-gen. Knyaz Sisianovun iştirakı ilə yerinə yetirsin.