1231-ci ildə Cormoğon noyonun başçılığı ilə monqollar 2-ci dəfə Azərbaycana yürüş etdilər. Monqollar Marağanı çətinliklətutdular, əhali üzərinə ağır vergi qoyuldu. Sonra Təbriz şəhəri mühasirəyə alındı. Təbriz əyanları yenə də xərac verərək xilas oldular. MonqollarGəncəni də mühasirəyə aldılar. Gəncəlilərin müqaviməti o qədər güclü idi ki, monqollar qala divarlarını dağıtdıqdan sonra bir həftə şəhərə girməyə cürət etmədilər. Düşmən əlinə keçməsin deyə gəncəlilər evlərini yandırır, var-dövlətini məhv edirdilər. Uzun mübarizədən sonra 1235-ci ildə Gəncə işğal olundu.Monqollar Şəmkirdə ciddi müqavimətə rast gəldi. Şəmkir yandırıldı, sakinləri qılıncdan keçirildi. Tovuz və Bakı tutuldu. 1239-cu ildə Dərbənd şəhərinin işğalı ilə bütün Azərbaycan monqollar tərəfindən tutuldu. Monqollar Monqolustana qayıtmadılar və tutduqları ərazilərdə məskunlaşdılar. Azərbaycan və Cənubi Qafqaz əraziləri 1239-1256-cı illərdə Böyük Monqol imperatorluğunun canişinləritərəfindən idarə olunurdu. Hər dəfə Böyük Monqol imperatorluğunda yeni xaqan seçildikdə yerli feodallara öz malikanələrini idarə etmək üçün icazə sənədi-yarlıq verilirdi. Ölkədə monqol siyasətinə qarşı xalq hərəkatı və üsyanlar başladı. Böyük Monqol xaqanı Münke istilaları davam etdirmək məqsədi ilə 1253-cü ildə Ön Asiyaya qoşun göndərdi. Monqolların 3-cü yürüşü zamanı, 1256-cı ildə Azərbaycan tabe edildi. 1258-ci ilin fevralında Hülakü Bağdadı tutdu və 500 ildən artıq hökm sürən Abbasilər xilafəti süqut etdi. Yeni işğal edilmiş ərazilərdə beşinci monqol ulusu-Hülakü dövləti yaradıldı.