Azərbaycan Atabəylər (Eldənizlər) dövləti.Eldənizlər sülaləsinin banisi Atabəy Şəmsəddin Eldəniz idi. Sultan II Toğrul (1132-1134) ona “əmir” titulu verdi və onu öz oğlu Arslan şahın atabəyi təyin etdi. 1136-cı ildə o, Arran hakimi təyin olundu və Bərdəyə göndərildi. Bununla müstəqil Azərbaycan Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Şəmsəddin Eldəniz bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. O, sultan sarayından iqta aldığı Arranla yanaşı, Azərbaycanın bəzi cənub bölgələrini, habelə Naxçıvanı müstəqil idarə etməyə və öz adından pul kəsdirməyə başladı. Paytaxt əvvəllər Naxçıvan şəhəri idi. Şəmsəddin Eldəniz 1160-cı ildə “Böyük Atabəy” titulu aldı və oğulluğu Arslan şahın (1161-1176) İraqda sultan elan edilməsinə nail oldu. Bundan sonra Şəmsəddin Eldəniz bütün İraq Səlcuq sultanlığını idarə etməyə başladı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi. Beləliklə, İraq Səlcuq sultanlığı Azərbaycan sultanlığına çevrildi. Kürdən cənubdakı bütün Azərbaycan torpaqları, həm də gürcü torpaqları Eldənizlər dövlətinin tərkibinə qatıldı. Şirvanşahlar dövləti isə asılı hala salındı. 1161-ci ildə gürcü qoşunları Eldənizlər dövlətinin Dəbil şəhərinə hücum edib 10 minə qədər adamı qılıncdan keçirmiş, qadınları və uşaqları çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü qadınlarının etirazından sonra onların paltarları özlərinə qaytarılmışdı. Şəmsəddin Eldəniz gürcü qoşunları üzərində bir sıra qələbə qazanmışdı. Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna yaxın Eldənizlər dövləti Dərbənd keçidindən İran körfəzinə qədər çox geniş əraziləri-Azərbaycanı, o cümlədən Arran və Şirvan, əl-Cibal ölkəsi, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyi əhatə edirdi. Hilat, Fars, Xuzistan, Mosul, Kirman və Təbəristan Şəmsəddin Eldənizdən asılı idi. Səlcuq Sultanı III Toğrulun (1176-1194) atabəyi olan Məhəmməd Cahan Pəhləvan (Şəmsəddinin oğlu) hakimiyyətə gəldikdən sonra (1175-1186) paytaxtı Naxçıvandan Həmədana köçürdü (1175), Təbrizi Ağsunqurilərin əlindən aldı, müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini qırdı və mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan (1186-1191) idarə edirdi. İqamətgahı Təbrizdə idi. Hətta Abbasi xəlifələri belə Eldənizlər dövlətinin daxili işlərinə qarışa bilmirdilər. Ömrünün sonuna yaxın imperatorluğu oğulları arasında bölüşdürmüşdü. Formal olaraq sultan titulu daşıyan III Toğrul, narazı Səlcuq əmirləri, Məhəmməd Cahan Pəhləvanın arvadı İnanc Xatın, oğlu Qutluq İnanc və b. Qızıl Arslana qarşı birləşdilər. O, münasibətləri sahmana salmaq üçün İnanc Xatınla evləndi, qardaşı oğulları Qutluq İnancla və Əmir Əmiran Ömərlə barışdı. 1191-ci ildə Həmədan vuruşmasında qələbə qazandı, III Toğrulu oğlu Məlikşahla əsir aldı. 1191-ci ildə Qızıl Arslan xəlifə ən-Nasirin razılığı ilə özünü İraq sultanı elan etdi. Beləliklə, Azərbaycan atabəyləriformal hakimiyyəti, yəni sultan titulunu da ələ keçirdilər. Mərkəzi hakimiyyətin qüvvətlənməsindən narazı qalan iri feodallar və İnanc Xatın onu sui-qəsdlə öldürdülər. Azərbaycanda hakimiyyəti Əbu Bəkr (1191-1210) ələ keçirdi. Məhəmməd Cahan Pələvanın digər oğulları Qutluq İnanc və Əmir Əmiran Ömərin idarə etdikləri İsfahan, Rey vilayətləri və İraqın bir hissəsi Eldənizlər dövlətindən ayrıldı. Bunlar dövlətin tənəzzülünü sürətləndirdi. Vəziyyətdən istifadə edən Xarəzmşahlar, Əyyubilər, Abbasilər, Şirvanşahlar, gürcü çarları fəallaşdılar. 1192-ci ildə Sultan III Toğrul həbsdən qaçdı, Rey, İsfahan və Həmədanı ələ keçirdi. III Toğrul tərəfindən məğlub edilən Qutluq İnanckömək üçün Xarəzmşah Təkəşə (1172-1200) sığındı. Təkəş Xorasan, Rey və Həmədanı ələ keçirdi. III Toğrul Təkəş və Qutluq İnancın birləşmiş qüvvələrinə qarşı vuruşmada (1194) öldürüldü. Təkəş Qutluq İnancı aradan götürdü (1196). Eldəniz Əbu Bəkr Xarəzmşahların hərbi qüvvələri üzərində bir sıra qələbə çalsa da, feodal hərc-mərcliyinin qarşısını almaq mümkün olmadı. Şirvanşah I Axsitan Əmir Əmiran Ömərə onun qardaşı Əbu Bəkrə qarşı hərbi qüvvə ilə yardım göstərdi. Gürcü çariçası Tamar və Şirvanşahların birləşmiş qoşunları Şəmkir və Beyləqan vuruşmalarında (1194) Əbu Bəkri ağır məğlubiyyətə uğratdılar. Əmir Əmiran Ömər və gürcülərin hərbi qüvvələri Gəncəyə hücum etdilər. Gəncə əhalisi vətənə xəyanət edən Eldəniz şahzadəsinə şəhərə kafirlərlə gəldiyinə görə təslim olmayacaqlarını bildirdilər. Əmir Əmiran Ömər Gəncəni hiylə ilə ələ keçirdi. Gürcü qoşunları Gəncəni tərk etdikdən sonra gəncəlilər Əmir Əmiran Öməri öldürdülər. Şəhər yenidən Əbu Bəkrin hakimiyyəti altına keçdi. Gürcü qoşunları Dəbili qarət etdilər (1203), Qərbi Azərbaycan torpaqlarının tutulması təhlükəsi yarandı. Xalq və Şirvanşahlar Azərbaycanın qərb sərhədlərinin müdafiəsinə qalxdı. Gürcü qoşunları 1210-1211-ci illərdə Azərbaycan torpaqlarına basqınlar etdilər, Naxçıvanı mühasirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Sonra Mərəndi talan etdilər, Təbrizi mühasirəyə aldılar. Şəhər hakimi Zahidə Xatın (Məhəmməd Cahan Pəhləvanın arvadı) çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri dağıntıdan qurtardı. Özbəyin (1210-1225) hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da sürətləndi.