Plan: Monqolların Azərbaycanı işğal etməsi. Hülakülər dövləti.
Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri. Şirvanşah İbrahim.
Azərbaycanın XV əsr dövlətləri.
XIII-XVəsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı.
1.Monqolların Azərbaycanı işğal etməsi. Hülakülər dövləti. XIII əsrin əvvəllərində Çingiz xanın (1206-1227) yaratdığı Monqol feodal dövləti qonşu vilayətləri işğal etməyə başladı. Bu dövrdə Azərbaycanda mövcud olan Xarəzmşahlar dövləti, Eldənizlərin Atabəylər dövləti,Şirvanşahlar dövləti, Marağada Rəvvadilər nəslindən olan Ağsunqurilər sılaləsi (1108-1227)əvvəlki qüdrətlərini itirmişdilər. Monqollar 1220-ci ildə Azərbaycana ilk dəfə yürüş etdilər. Monqol sərkərdələriCəbə və Subutay Zəncan, Ərdəbil, Sərab və b. şəhərləri və kəndləri dağıda-dağıda Təbrizə yaxınlaşdılar. Monqollar böyük xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar. Lakin gürcü çarı IV Georgi ilə Atabəy Özbək arasında hərbi ittifaq bağlandığı barədə məlumat alan monqollar Muğandan Gürcüstana basqın etdilər və gürcü çarını məğlubiyyətə uğratdılar. 1221-ci ilin əvvəllərində Cəbə və Subutayın dəstələri Gürcüstandan yenidən Azərbaycana qayıtdılar və Təbrizə tərəf hərəkət etdilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi xərac verməklə şəhəri qarətdən xilas etdi. Monqollar Marağa üzərinə yürüş etdilər. Monqollar Marağadan sonra Ərdəbili tutdular. Ərdəbildən sonra 3-cü dəfə Təbrizə hücum etdilər və yenə xərac almaqla kifayətləndilər. Monqollar Sərab, Beyləqan şəhərlərini işğal edib, Gəncəyə hücum etdilər. Gəncəlilərdən də xərac almaqla kifayətləndilər və Gürcüstana getdilər. Sonra Şirvana soxuldular. Şamaxı əhalisi 3 gün mübarizə apardılar, lakin monqollar şəhəri tutdular. 1222-ci ildə Şamaxıdan Dərbəndə üz tutdular. Dərbənd keçidindən keçməyin çətinliyini görən Cəbə və Subutay hiylə işlətdilər. Onlar Şirvanşaha danışıq üçün xəbər göndərdilər. Şirvanşah təklifi qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərin birini öldürüb digərlərini məcbur etdilər ki, onları gizli yollarla Dəbənddən şimala keçirsinlər. Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qoşunlarına qalib gəldilər, lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar.