Səlcuq türklərinin Azərbaycanda hökmranlığı. XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər
2.Səlcuq türklərinin Azərbaycanda hökmranlığı. XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Öğuz türkləri olan Səlcuq türklərinin adı məşhur türk sərkərdəsi Səlcüğün (qınıq tayfasından) adından əmələ gəlmişdi. 1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq dövləti meydana gəldi. Səlcuğun nəvəsi Sultan Toğrulun hakimiyyəti illərində (1040-1063) Səlcuq türkləri daha da qüvvətləndi. 1040-cı il mayın 24-də Dəndənəkan vuruşmasında Qəznəvilər dövlətinin hərbi qüvvələri darmadağın edildi. 1043-cü ildə dövlətin paytaxtı Nişapurdan Rey şəhərinə köçürüldü. Səlcuq qoşunları üç istiqamətdə - Həmədan, İsfahan, Gilan istiqamətlərində Azərbaycana yürüş etdilər. Həmədan və İsfahan da daxil olmaqla bütün Qərbi İranı ələ keçirən Səlcuq qoşunu Dəclə çayının sahillərinə çıxdı. Gilan istiqamətində hərəkət edən hissələr Xəzərin cənubundakı torpaqları tutdular və Arazı keçib Arrana daxil oldular. Şəddadilərin hərbi qüvvələri ilə birləşərək, Bizans, erməni və gürcü feodallarının birləşmiş qüvvələrinə ağır zərbələr vurdular. Azərbaycanın cənub əyalətləri Səlcuq sərkərdəsi Həsənin nəzarəti altına keçdi. Səlcuq-Azərbaycan türk qoşunları 1048-ci il sentyabrın 18-də Bizans, erməni və gürcü feodalarının birləşmiş qüvvələrini darmadağın etdilər. Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu. Sultan Toğrulun hakimiyyətinin ilk illərində bütün Xorasan və Xarəzm (1038-1044), Qərbi İran (1042-1051)Səlcuq türklərinin hakimiyyətinə keçdi. 1055-ci ildə Bağdad da daxil olmaqla İraq tabe edildi. 1054-cü ildə Sultan Toğrulun hərbi qüvvələri Təbrizə yaxınlaşdı, Rəvvadi hökmdarı Vəhsudan Səlcuq sultanına tabe olduğunu bildirdi. Şəddadi hökmdarı Əbüləsvar Şavur da səlcuqlara tabe oldu. Səlcuq sultanı ilə Şəddadi hökmdarı arasında bir saziş bağlandı: onlar Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı əlbir hərəkət etsinlər. 1066-cı ildə Şirvanşah I Fəribürz səlcuqlara tabe oldu. Bununla da Azərbaycan bütünlüklə Böyük Səlcuq imperatorluğuna qatılmış oldu. Sasanilər və Ərəb xilafətinin hökmranlıq etdiyi təqribən 600 illik bir tarixi dövrdə bütün türk, habelə qeyri-türk tayfalarının vahid xalq halında qaynayıb-qarışması prosesi gedirdi. Sasanilər və Ərəb xilafətinə qarşı birgə mübarizə bu prosesə müsbət təsir göstərmişdi. Nəticədə Azərbaycanda islam-türk etnik-siyasi amili daha da qüvvətlənmişdi. Səlcuq axınları ərəfəsində vahid Azərbaycan türk xalqının yaranması prosesi başa çatmaqda idi. Eyni kökdən və dildən olan, İslamı qəbul etmiş Oğuz-Səlcuq türkləri ilə qədim Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar. Azərbaycan türk xalqının təşəkkülü prosesi başa çatdı. Hərbi-siyasi dayaq yaratmaq məqsədi ilə imperatorluq ərazisinə daxil olan bütün torpaqlar hərbi xidmət əvəzində iqta şəklində Səlcuq əmirləri arasında bölüşdürülürdü. İqtadarlar əvvəllər onlara verilmiş torpaqlardan vergi (renta) almaqla kifayətlənir, daxili idarəçiliyə və kəndlilərin həyatı ilə əlaqədar məsələlərə qarışmırdılar, zaman keçdikcə iqta irsən keçməyə başlayır, mülk torpaqlarından fərqlənmirdi. Uc torpaqları-sərhədləri qoruyan Səlcuq sərkərdələrinə paylanmış torpaqlardır. Əhalidən əlavə olaraq, Səlcuq döyüşçüləri üçün silah bahası, şərab bahası, nal bahası kimi vergilər, şəhər sənətkarlarından isə onların hazırladıqları sənət məhsullarından pay alınmağa başlandı. XI-XIII əsrlərdə əhali xərac, üşr (üşür), cizyə və bir çox başqa vergi və mükəlləfiyyətlər ödəyirdi. Səlcuq dövləti XI əsrin sonlarında-işğallar ara verdikdə tənəzzülə başladı. İqtadarlar daha mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Əsarət altına alınmış ölkələrin, xalqların azadlıq mübarizəsi genişlənməkdə idi. Bundan başqa I Səlib yürüşü dövründə (1096-1099) səlibçilərə qarşı mübarizə, Aralıq dənizinin Kiçik Asiya, Suriya və Fələstin sahillərində çox mühüm ərazilərin itirilməsi də Böyük Səlcuq imperatorluğunun tənəzzülünə müəyyən təsir göstərdi. Sonuncu Səlcuq hökmdarı Sultan Səncərin (1118-1157) hakimiyyəti illərində imperatorluq faktiki olaraq, ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. Bu dövlətləri Səlcuq sultanlarının vəliəhdlərinin tərbiyəçiləri-atabəylər idarə edirdilər.