İkinci Rus-İran müharibəsi və istilanın başa çatması. İran Rusiyanın Cənubi Qafqazı zəbt etməsi ilə barışmaq istəmirdi. 1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə İran arasında müqavilə bağlandı. İran şahı İran sərhədləri tərəfindən Hindistanın təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürürdü. Böyük Britaniya isə İrana hər il, 1809-cu il müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə maliyyə yardımı göstərmək, ordu və hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha təsdiq etdi. 1815-ci ildə Gülüstan müqaviləsinə yenidən baxmağa Rusiyanın razılığını almaq üçün İran tərəfi Peterburqa nümayəndə heyəti göndərdi. Çar hökuməti sərhədlərin müəyyənləşdirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı və bu məqsədlə 1817-ci ildə A.P.Yermolovun başçılığı ilə İran arasında möhkəm dostluq və qardaşlıq əlaqələri üçün əsas ola biləcək xüsusi müqavilə bağlamağa səlahiyyət verilmişdi. Tərəflərin elə ilk görüşündə İrandakı ingilis səfirinin iştirakı ilə şah diplomatiyası Gülüstan müqaviləsinə görə Rusiyaya keçmiş torpaqların İrana verilməsini tələb etdi. 1823-cü ildə İran və Osmanlı imperiyası arasında müqavilə bağlandı. 1825-ci ilin payızında Abbas Mirzənin qoşunu üçün 200 tay, 1826-cı ildə Hindistandan daha 15 min ingilis silahı gətirildi. İngilislər şaha bildirdilər ki, kömək yalnız o zaman göstəriləcəkdir ki, İran Rusiyaya qarşı müharibəyə başlasın. Elə həmin il İngiltərə artıq Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi. 1826-cı ildə general Menşikovun başçılıq etdiyi rus nümayəndə heyəti İrana gəldi. Çarın sərəncamı ilə Menşikov Qarabağın və Talış xanlığının bir hissəsini güzəşt etməyə hazır idi. Rusiyanın İranla hərbi münaqişəyə girməmək üçün göstərdiyi bu cəhd müvəffəqiyyətsizliyə uğradı.