1812-ci ilin yayında Napoleon Fransası ilə Rusiya arasında müharibə başlandı. 1812-ci il iyulun 8-də İngiltərə ilə Rusiya arasında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxmayaraq, Rusiyanın başının Napoleonla müharibəyə qarışmasından istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun əsas qüvvəsinin Napoleona qarşı müharibəyə yönəlməsindən istifadə edərək, öz ordusunu Cənubi Qafqaz üzərinə yeni hücuma hazırlamağa başladı.
İyulun 12-də İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar. Avqustda İran qoşunu Lənkəran da daxil olmaqla Talış xanlığını ələ keçirdi, digər hissəsi Ərçivanı tutdu. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40 günlük barışıq barəsində təklifindən istifadə etməyi qərara aldı. Danışıqlar sentyabrın 20-dən oktyabrın 10-dək Aslandüzdə oldu. Tərəflər özlərinin əvvəlki mövqelərindən əl çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Abbas Mirzə ilk zərbəni Ağoğlan adlanan yerin yaxınlığında, Araz sahilində aldı. İrəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxuldular. Rus qoşunları Dilican dərəsində qələbə çaldı. Pirqulu xan da Şəkidə darmadağın edildi. Abbas Mirzə Şəkidə Pirqulu xanın qoşunları ilə birləşmək üçün qoşunlarını Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Kotlyarevski Abbas Mirzənin niyyətini başa düşdü və o, düşmənin arxasına keçmək və gözlənilmədən arxadan zərbə vurmaq məqsədilə yürüş etdi. Tezliklə, Kotlyarevski 1812-ci il dekabrın 17-də Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil oldu.
Dostları ilə paylaş: |