Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə89/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   85   86   87   88   89   90   91   92   ...   153
C fakepathmuhazire tarix (3)

1826-cı il mayın 26-da İran qoşunu sərhəd dəstələrinə, iyulun 16-da Şimali Azərbaycana hücum etdi. Abbas Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı ələ keçirmək və sonra isə Gəncəni tutmaqla Tiflisə hücum etmək idi. Tiflis üzərinə hücum 3 tərəfdən: cənubdan, şərqdən və şimal-şərqdən planlaşdırılmışdı. İrəvan sərdarı Hüseyn xan cənubdan Şuragəl və Pəmbəyə soxulmalı və burada Abbas Mirzənin əsas qüvvələrinin yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan gürcü şahzadəsi Aleksandr isə İran ordusu ilə Kaxetiyaya girməli və burada Car-Balakən dəstələri ilə birləşib şimal-şərqdən Tiflis üzərinə hərəkət etməli idi. Bu dəstələr Tiflis yaxınlığında birləşməli və eyni vaxtda vurulan zərbə ilə onu ələ keçirməli idilər. İyulun 27-28 üsyançılar Gəncədə həbsxananı ələ keçirdilər, yerli qarnizonu darmadağın etdilər. Şəhər Abbas Mirzə tərəfindən tutuldu. Elə bu vaxt İran ordusu bütün Qarabağ mahallarını ələ keçirərək, Şuşa qalasını mühasirəyə aldı. 48 gün mühasirədən sonra gecə vaxtı hücuma keçən İran ordusu heç nəyə nail ola bilmədi və rus qoşunları tərəfindən geri oturduldu. Şuşa qalasını uzun müddət mühasirədə saxlamaq İran hərbi komandanlığının səhvi idi. İran ordusunun böyük bir hissəsinin diqqətini özünə cəlb edən rus qarnizonu və qalanın erməni əhalisi general Yermolova strateji təşəbbüsü ələ almağa, pərakəndə halda olan qüvvələri zərbə qruplarında cəmləşdirməyə və düşmən üzərinə hücum etməyə şərait yaratdı və bununla da gələcək hərbi əməliyyatları rus ordusunun xeyrinə həll etdi. Yermolov bütün qüvvələri Cənubi Qafqazın hərbi-siyasi mərkəzi olan Tiflisin müdafiəsində cəmləşdirməklə düzgün qərar qəbul etdi.

Hüseynqulu xan İran sərbazlarından ibarət bir dəstə ilə Bakı qalasını dənizdən və qurudan mühasirəyə aldı. Onun bütün hücumları dəf edildi. Bakı limanı Həştərxanla daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı və ərzaqla təmin edilməsində mühüm rol oynayırdı. Mustafa xan Yeni Şamaxını ələ keçirə bildi, Köhnə Şamaxını isə ələ keçirə bilmədi. Bu vaxt Səlim xanın oğlu Hüseyn xan İran sərbazlarından ibarət dəstə ilə Şəki xanlığına soxuldu.

General Yermolovun qoşunu Qubaya, oradan iyunun 23-də Köhnə Şamaxıya gəldi. Lakin Qubanın sonuncu hakiminin oğlu Sultan Əhmədin Quba ətrafında peyda olması və ərzağın tükənməsi rus qoşunlarını geri çəkilməyə və Qubaya daxil olmağa məcbur etdi. İran ordusunun digər dəstələri Gəncəni ələ keçirdikdən sonra Tiflisə tərəf hərəkət etdilər. 1826-cı il sentyabrın 3-də İran ordusu rus qoşunlarının düşərgəsinə doğru hərəkət etdi. Bütün rus qoşunu hücuma keçdi və şah qvardiyası qılıncdan keçirildi. Şamxor məğlubiyyətindən sonra İran ordusu tələsik Gəncədən geri çəkildi.

Şamxor məğlubiyyətini eşidən Abbas Mirzə Şuşanın mühasirəsindən əl çəkdi və köməyə getməyə məcbur oldu. Şuşa qalasının rəisi özünün azsaylı qarnizonu ilə düşmənə hücum etdi və qələbə çaldı. Sentyabrın 10-da Paskeviç də əlavə qoşunla buraya gəldi. 1826-cı il sentyabrın 13-də İran qoşunları hücuma başladı, lakin darmadağın edildi. 1826-cı ilin dekabrında Abbas Mirzə və şahzadə Aleksandr Azərbaycan və Dağıstan hərbi hissələrinin köməyi ilə Dağıstan əhalisinin üsyanını təşkil etdi və Nuxaya böyük dəstə yeritdilər. Dekabrın 9-da Yermolovun başçılığı ilə rus dəstələri Nuxaya gəldi və Hüseyn xan İrana qaçdı. Sentyabrın 24-də Sultan Əhməd Qubadan geri çəkildi, şirvanlı Mustafa xan isə Şamaxıdan qaçdı. Başqa xanlar da qaçdılar. 1827-ci ilin əvv. İran sərbazları bütün Şimali Azərbaycan ərazisini tərk etdilər. Yalnız Talışda hələlik Mirhəsən xan qalırdı.

İran feodalları Arazın o tayına keçdikdən sonra da Azərbaycan torpaqlarına basqınlar edirdilər. Lakin itki verərək geri çəkilirdi. Belə hücumların qarşısını almaq məqsədilə dekabrın 26-da rus qoşunu Araz çayını keçərək Cənubi Azərbaycan ərazisinə, 1827-ci ilin yanvarında isə Meşkin dairəsinə daxil oldu. Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunu 2 istiqamətdə: dəstələrin biri 1827-ci il aprelin 20-də Xudafərin körpüsünü ələ keçirdi. Rus komandanlığı Eçmiədzinə daxil oldu və aprelin 23-də İrəvan üzərinə hərəkət etdi və mühasirəyə aldı. 2 ay davam edən mühasirədə düşmən bir neçə dəfə dəf edilərək geri çəkildi. Mayın 8-də baş verən qanlı döyüşdə düşmən geri çəkilməyə məcbur oldu. 1827-ci il mayın 26-da rus qoşunu Naxçıvanı döyüşsüz əldə etdi və Abbasabad qalasına yaxınlaşdı. Qala strateji əhəmiyyətə malik idi. Belə ki, o, şah hakimiyyətinin Naxçıvan xanlığında dayağı idi və Araz çayı üzərində keçidi təmin edirdi. 1827-ci il iyunun 5-də Cavanbulaq deyilən yerdə döyüşdə İran qoşununun məğlubiyyəti iyulun 7-də təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu. Avqustun 13-də Alagöz dağının ətəklərində, avqustun 17-də Uşağanda və b. yerlərdə döyüşlər baş verdi. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da mühasirəyə alınan İrəvan qalası oktyabrın 1-də rus qoşununu qalaya buraxdılar.

Rus qoşunu oktyabrın 2-də Mərəndi, 1827-ci il oktyabrın 13-də Təbrizi ələ keçirdi. Təbrizin ələ keçirilməsi ilə Tehrana yol açıldı. Şah sülh xahiş etdi. Daxili və beynəlxalq vəziyyət Rusiyanı İranla müharibəni başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı və Rusiya Türkiyə ilə müharibənin yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın 7-də danışıqlar başlandı. Lakin ingilis diplomatiyasının təhriki və Türkiyənin təzyiqi ilə danışıqlar kəsildi. Rus qoşunları 1828-ci il yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ərdəbili tutdular. İranın tamamilə darmadağın ediləcəyindən ehtiyat edən Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında vasitəçi kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də) Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Türkiyə ilə müharibə təhlükəsi şəraitində çar hökuməti İranla sülh müqaviləsi bağlamağa tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı. Türkmənçay sülh müqaviləsinə görə, İran Şimali Azərbaycana olan öz iddialarından əl çəkir, onun üzərində Rusiya hakimiyyətini tanıyırdı. Cənubi Azərbaycan isə İranın himayəsində qaldı. Azərbaycan 2 yerə bölündü. Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. İran və Rusiya arasında sərhəd xəttini 4-cü, İranın Qafqaz dağlarına qədər bütün Cənubi Qafqaz ərazisini, o cümlədən Gülüstan müqaviləsinə əsasən, Rusiyaya keçmiş ərazilərini və “Araz çayının bu və o biri tərəfindəki İrəvan xanlığını və Naxçıvan xanlığını”…Rusiyaya “güzəştə” getdiyini 5-ci maddələr müəyyən edirdi. 8-ci maddəyə görə, İran Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verilirdi. Bu maddə Xəzər dənizində hərbi donanma yaratmağa can atan İngiltərənin mənafeyinə güclü zərbə idi. 10-cu maddə ilə Rusiyaya İranın istədiyi şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və ticarət etmək hüququ verilirdi. Müqaviləyə əsasən, İran Rusiyaya 20 milyon manat məbləğində hərbi təzminat ödəməli idi. Müqavilədə Cənubi Azərbaycandan Cənubi Qafqaz ərazisinə köçənlərin hüquqlarını müdafiə edən maddə var idi. Türkmənçay müqaviləsinə əsasən, əhalinin Cənubi Azərbaycandan Cənubi Qafqaz və əksinə sərbəst hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Cənubi Qafqaz, Qarabağ və İrəvan xanlıqlarına köçdülər.

Həm 1804-1813-cü və 1826-1828-ci illər rus-İran mühariblərinin gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin İran, Osmanlı imperiyası və Cənubi Azərbaycandan Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illər rus-İran müharibəsinin gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Məlumdur ki, 1826-1828-ci illər rus-İran müharibəsinin Rusiya üçün qalibiyyətlə başa çatmasından sonra 2 vuruşan dövlət arasında bağlanmış Türkmənçay müqaviləsinə görə, ermənilərin maneəsiz olaraq İran ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. İki il ərzində, 1828-1830-cu ilədək, Cənubi Qafqaza 40 mindən çox İran və 84000 Türkiyə ermənisi köçürüldü və onlar erməni əhalisinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı.

I Nikolayın da xarici siyasəti Osmanlılarla müharibəyə başlamaq yolu ilə “Şərq məsələsi”nin həll edilməsinə yönəldilmişdi. Sultan II Mahmud hələ 1826-cı ildə hərbi islahat keçirmiş, ingilis və fransız təlimatçılarının yardımı ilə nizami ordu yaradılmışdı. 1828-ci ilin aprelində Rusiya Osmanlı imperiyasına müharibə elan etdi. Rus komandanlığı Soğanlıq sıra dağları və Ermənistan yaylasından sürətli yürüşlə Anadolu içərilərinə daxil olmağı, Ahalkələki, Ahalsıx, Qars, Qanlı çay, Milli düz hüdudlarında türk qoşununun əsas qüvvələrini darmadağın etməyi, Anadolunun paytaxtı Ərzurumu ələ keçirməyi, daha sonra Trapezund üzərinə hücum etməyi və Osmanlı imperiyasının paytaxtı İstanbul üçün təhlükə yaratmağı öz qarşısına başlıca vəzifə kimi qoymuşdu. 1828-ci il iyunun 19-da rus qoşunu Qars qalasına yaxınlaşdı və iyunun 22-də qalanı ələ keçirdi. Avqustun 9-da Axalsıxı, əvvəl isə Ahalkələkini və Xertsisi, avqustun sonuna Bəyazid qalası, Torpaqqala və Diadil sədləri ilə birlikdə Bəyazid paşalığını tutmuşdu. 1828-ci il rus qoşunu Ərzurumun 90 km-də yerləşirdi. Qara dəniz sahillərində türklər Anapa və Potidən sıxışdırılıb çıxarıldı. Yazda 1829-cu ilin hərbi əməliyyatlarına hazırlıq başlandı. 1829-cu il mayın 1-də Ahalsıx altında Sursqab adlı kəndin yaxınlığında döyüşdə 5 minlik türk dəstəsi məğlub edildi. Bir aydan sonra Diqur ərazisində Posxovçay üzərində, 1829-cu il iyununda isə Soğanlıq ərazisində döyüş baş verdi. 1829-cu il rus qoşunu Ərzurumu ələ keçirdi və Trapezund üzərinə hücuma hazırlaşmağa başladı. Balkan hərbi əməliyyat meydanında isə rus qoşunu Ədirnəni ələ keçirdi və İstanbula yaxınlaşdı. Sultan sülh xahiş etməyə məcbur oldu. 1829-cu il sentyabrın 2-də (14-də) Ədirnədə bağlanan sülh müqaviləsinə görə, Osmanlı imperiyası şimalda Anapadan başlayaraq, cənubda Müqəddəs Nikolay limanına qədər Qara dənizin bütün Şərq sahillərini və Ahalsıx paşalığının ərazisinin bir hissəsini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları rus və Qərbi Avropa ticarət gəmiləri üçün açıq saxlanılırdı. Moldaviya və Valaxiya rus qoşunu tərəfindən müvəqqəti olaraq işğal edildi və s. Ədirnə sülhü Şimali Azərbaycanın, bütün Cənubi Qafqazın Rusiya tərəfindən zəbt olunmasını təsbit etdi, Rusiyanın Orta Şərqdə və Balkanlarda mövqelərini möhkəmləndirdi. Qara dənizdə ticarətin genişlənməsi üçün şərait yarandı. Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını müharibə nəticəsində zorla 2 hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin