Sosial-psixoloji metod Müasir inkişaf mərhələsində cəmiyyətin, bütövlükdə xalq təsərrüfatı sahələrində idarəetmənin sosial-psixoloji metodlarına getdikcə daha çox əhəmiyyət verilir. İdarəçilik fəaliyyəti çox mürəkkəb ictimai hadisə və prosesdir. Bu hərtərəfli və hərcəhətli münasibətləri, prosesleri əhatə etdiyinə görə müxtəlif istiqamətdə və müxtəlif elmlər tərəfindən öyrənilir, izah olunur. Belə ki, iqtisadi, təşkilati, inzibati və s. məsələlərlə yanaşı fəaliyyətin psixoloji-emosional və mənəvi estetik, etik tərəflərini bilmək son dərəcə vacibdir. Lakin idarəçilik fəaliyyəti sosioloji-psixoloji cəhətdən hələ lazımi səviyyədə öyrənilməmişdir. Halbuki, idarəçilik əməyi, hər bir rəhbər işçinin fəaliyyəti, birinci növbədə, adamlarla aparılan işdən ibarətdir. Hələ vaxtı ilə F. Engels göstərmişdir ki, adamların, şəxslərin idarə olunması sosioloji idarəetmənin başlıca formasıdır.
İdarəetmə əməyinin özünəməxsus xüsusiyyətləri vardır. Əgər fiziki əməklə məşğul olan işçilər üçün bilavasitə əmək obyekti təbiət cisimləri, əmək alətləri olduğu halda, rəhbərlik əməyi üçün başlıca obyekt insanın özüdür. Bundan başqa belə bir cəhəti də qeyd etmək lazımdır ki, əmək cisimləri və əmək alətlərindən fərqli olaraq insan müxtəlif keyfıyyətə malikdir. Bu ilk baxışda adama çox sadə və aydın görünən bir həqiqətdir. Halbuki, həmin xüsusiyyət rəhbər işçilərlə tabeçilikdə olan işçilər arasında mürəkkəb sosioloji-psixoloji əlaqələr yaradır.
Ümumiyyətlə, sosial-psixoloji metodlar insan və insaniyyətlilik hissinin anlaşılmasına, onlar arasında münasibətlərin nizamlaşdırılmasına, sosial münasibətlərin inkişafına, ictimai və əmək fəallığının yüksəldilməsinə, insanda yeni keyfiyyələrin formalaşmasına və başqa psixoloji münasibətlərin baş verməsinə yaxından köməklik göstərir.
İdarəetmənin sosioloji-psixoloji metodlarından daha düzgün və başa düşülmüş formada istifadə edilməsi hər bir işçidən, təsərrüfat rəhbəri tərəfindən sosial-psixoloji məsələlərin dərindən öyrənilməsi, həmçinin idarəetmə prosesinin sosioloji-psixoloji amillərinin nəzərə alınması tələb olunur.