İdarəetmənin məqsədəuyğun fəaliyyəti həmişə təşkiletmə prosesindən asılı olmuşdur.“Təşkiletmə” sözü hər hansı bir proses və ya müəyyən hadisənin qaydaya, nizama salınmasını, müəyyən bir hala, sistemə çevrilməsini ifadə edir. Demək olar ki, idarəetmə “təşkiletmə” məfhumunda daha geniş məna kəsb edir. Lakin bir sıra ədəbiyyatlarda idarəetmənin bu metodunun terminologiyasında bir sıra qüsurlar və qarışıqlıqlar vardır. Ona görə də bu metodun özü sistemləşdirilməli və bəzi dolaşıqlar aradan qaldırılmalıdır.
Bəzən ədəbiyyatlarda bu metodun adı “təşkiletmə” metodu, “təşkilati”, “inzibati”, “təşkilati-inzibati”, “inzibati-sərəncam”, “inzibati-bölüşdürücü” və s. formalarda verilir. Son fənn proqramlarında isə “inzibati” metod kimi işlənir. Lakin bizə belə gəlir ki, bu anlayışlar “inzibati” metodun mənasını aça bilmir. Bizcə bu metod daha geniş mənanı ifadə edir. Daha yaxşı olardı ki, bu metod ayrı-ayrılıqda inzibati, sərəncam və təşkilati metodlar şəklində, yaxud birlikdə işlənmiş olsun. Bu metod ayrı-ayrılıqda daha çox yaxşı səsləşir və məsələnin həllini konkretləşdirir. Onlar öyrənilərkən istər-istəməz qarışdırılır və lazımınca mənimsənilmir. İdarəetmənin inzibati metodu bəzi hallarda idarəetmənin müstəqim direktiv metodu kimi izah edilir. Onlar məna etibarilə yaxın olsalar da, anlayış etibarilə müstəqillik təşkil edirlər. İdarəetmənin müstəqim direktiv metodları ondan ibarətdir ki, yuxarı orqanlar, yaxud rəhbər özlərinə tabe olanlara ən müxtəlif iqtisadi planlaşdırma və istehsal məsələlərinə aid olan lazımi tapşırıqlar müəyyənləşdirirlər. Bu tapşırıqlar, tabe olanın nə edəcəyini dürüstləşdirir, məqsəd, vəzifə müstəqim, bilavasitə müəyyən edilir. Buna görə də işçiyə, müəssisə kollektivinə bu cür təsirə müstəqim təsir deyilir. Tapşırıqlar mahiyyətcə əmr gücünə malikdir. Onlar hökmən yerinə yetirilməlidir. Burada tabe olana: etməlidir, yaxud etməməlidir – variantını seçməyə icazə verilmir. Buna görə də idarəetmənin belə metodları direktiv metodlar adlanır.
Müstəqim direktiv idarəetməni inzibati idarəetmə adlandırırlar. Bu ona görə belə adlandırılır ki, direktiv idarəetmə həmişə idarəetmənin yuxarı orqanının, yaxud rəhbərin inzibatçılıq hakimiyyətindən istifadə etməklə əlaqədardır.
İdarəetmədə hüquqi metodlardan geniş istifadə edilir. Bu metodların köməyi ilə dövlət və onun müvafiq orqanları (ümumi dövlət, sahə, sahələrarası, respublika, yerli orqanları) bütün istehsal prosesləri, ictimai-iqtisadi həyata nüfuz edir, onu tənzimləyir. Hüquqi metodlar hüquq elminin ayrı-ayrı sahələri vasitəsilə həyata keçirilir. Hüquqi metodlar aşağıdakı kimi təsnifata ayrılır (sxem 1):
Hər bir hüquq sahələrinin özzünəməxsus xüsusi təsiretmə metodları vardır. Məsələn, əmək hüququ ilə inzibati, cinayət hüququnun metodları eyni ola bilməz.
İdarəetmə metodları arasında mənəvi təsir metodlarının rolu da az deyildir. Bu təsir metodunu bir sıra metodlara ayırmaq olar: 1) mənəvi, 2) sosial, 3)psixoloji.
İdarəetmədə qismən təsir metodları vardır ki, bu metodların köməyi ilə idarəetmə fəaliyyətini canlandırmaq olar. Onlar yalnız idarəetməyə dolayı yolla, müxtəlif əlaqə və vasitələrlə təsir edir. Burada idarəetmənin praktiki öyrənilmə üsulu kimi də onlardan istifadə olunur.
Yuxarıda göstərilən metodlar qismən təsir metodlarının tamamlanması formaları deyildir. Zaman və məkandan, işin konkret məzmunundan, xarakterindən asılı olaraq bu metoddan kompleks və qismən istifadə oluna bilər. Bütövlükdə idarəetmənin öyrənilməsində qismən təsir metodları ilə yanaşı, idarəetməni öyrənmək üçün bir sıra spesifik metodlardan da istifadə edilir.
Ümumiyyətlə idarəetmə metodlarının xarakteristikası idarəetmə metodları haqqında ümumi təsəvvür yaradır. Aşağıda isə hər bir metodun mahiyyəti, məzmunu, təsir dairəsi və spesifik cəhətləri ayrıca olaraq verilir (sxem 2). Sxemdə idarəetmə metodlarının təsnifatının xarakteristikası verilmişdir: Metodların xarakteristikası göstərir ki, idarəetmə metodları idarəetməyə müəyyən mexanizmlərin, qanun, norma və normativlərin və başqa vasitəsi təsir edir, onun daha ahəngdar olmasına şərait yaradır.