İdarəetmənin üç əsas metodu vardır. Bunlar normativ-sərəncam, iqtisadi və sosioloji-psixoloji metodlardır. Bu metodlar sistemində əsas yeri iqtisadi və inzibati metodlar tutur. Lakin bu iki metod arasında iqtisadi metodların rolu və fəaliyyət dairəsi bir qədər genişdir. Belə ki, idarəetmə prosesində əsas rolu cəmiyyətin iqtisadi münasibətləri tutur. Başqa sözlə desək, cəmiyyətin inkişafı insanların iqtisadi münasibətlərindən asılıdır. Bu fikirdən aydın görmək olar ki, istehsalın idarə edilməsinin iqtisadi metodu cəmiyyətin inkişafı üçün bazis rolunu oynayır. Göründüyü kimi, hər bir cəmiyyətin iqtisadi münasibətləri, hər şeydən əvvəl, mənafelər kimi təzahür edir.
Ona görə də müəyyən idarəetmə məqsədlərinə nail olmaq üçün cəmiyyətin iqtisadi qanunlarından istifadə edilməsi və obyektiv iqtisadi mənafelərin nəzərə alınması əsasında təsərrüfatın aparılması metodlarına idarəetmənin iqtisadi metodu deyilir. İdarəetmənin iqtisadi metoduna digər bir tərif də vermək olar. Bunu bəzən siyasi-iqtisad aspektli tərif kimi də qiymətləndirmək olar. Əmtəə-pul münasibətlərinin geniş inkişafından və iqtisadi vasitələr – təsərrüfat hesabı, əmək haqqı, qiymət, kredit, mənfəət, maddi həvəsləndirmə və s. ibarət olan iqtisadi mexanizmlərdən istifadə istehsalı idarəetmənin iqtisadi metodları adlanır. Bu iqtisadi vasitələrdən hər hansı biri ləng yerinə yetirilsə, iqtisadi mexanizmin mütənasibliyi pozular və iqtisadi metodların tətbiqinin özünün səmərəliliyi aşağı düşə bilər.Lakin idarəetmənin iqtisadi metodu bütövlükdə idarəetmə işlərini tamamilə əhatə edə bilmir. Başlıcası isə plan proqram vəzifələrin yerinə yetirilməsini birbaşa təmin etmir. İdarəetmədə iqtisadi metodlar necə təşkil edilirsə edilsin nizamlayıcı, bölüşdürücü, sərəncamedici fəaliyyət göstərə bilmir və ondan heç də bu fəaliyyət tələb olunmur.
Göstərilən bu metod sistemi idarəetmə obyektinin müəyyən tərəfinə, cəhətinə, istehsalın nizama salınmasına, kollektivin və onun üzvlərinin maddi, mənəvi marağına, onların mütəşəkkilliyinə, qarşılıqlı münasibətlərinə təsir edir, istehsalın ahəngdar olmasına xidmət göstərir.