Xülasə
(i)
Azərbaycan üzrə 2011-14-cü maliyyə illərini əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası
(ÖTS) son 5 il ərzində ölkədə gəlirlərin sürətli artımı və yoxsulluğun azalmasının, eyni zamanda
qlobal iqtisadi böhranın fonunda hazırlanmışdır. Ölkə böhrandan kifayət qədər yaxşı çıxmışdır.
Lakin yaxın keçmişdə yoxsulluğun azaldılması və iqtisadi artıma nail olunmasında ölkəyə yaxşı
xidmət etmiş amillər gələcəkdə mövcud olmaya bilər. Eyni zamanda böhrandan sonrakı dünya
yeni çağırışları irəli sürür. Buna görə də bu ÖTS inkişaf ehtiyaclarının daha güclü, Hökumətin
tələbatının və öhdəliyinin daha aşkar, və Bankın müqayisəli üstünlüklərinin daha aşkar olduğu
istiqamətlərə yönəlmişdir. Bu baxımdan, ÖTS (i) rəqabət qabiliyyətli qeyri-neft iqtisadiyyatının
formalaşdırılması, və (ii) sosial və kommunal xidmətlərin gücləndirilməsi istiqamətlərinə
yönəlmişdir. Bu fəaliyyətdə idarəetmə və korrupsiya ilə mübarizə ümumi xətti təşkil edəcək.
(ii)
Azərbaycan dayanıqlı yuxarı-orta gəlirli ölkəyə çevrilmək sahəsində unikal fürsətə
malikdir. Onun 2001-2008-ci illər arasında yoxsulluq səviyyəsinin 49 faizdən 16 faizədək
azaltmaq nailiyyətinin əsasında çox yüksək iqtisadi artım tempi (ildə orta hesabla 20 faizdən
yuxarı) dayanmışdır. Həmçinin əmək haqqı və transferlərin güclü artımı, yaxşı ünvanlanmış sosial
müdafiə sistemi də buna öz töhfəsini vermişdir. Amma bu sürətli artımın əksər hissəsi neft və qaz
gəlirlərinin iri miqyasda artımından qaynaqlanmışdır ki, qarşıdan gələn onillik ərzində və daha
sonra bu gəlirlərin sabitləşəcəyi gözlənilir. Buna görə də artımın vacib mənbələrindən biri bundan
sonra mövcud olmaya bilər. Eyni zamanda Azərbaycan qlobal iqtisadi böhrana yaxşı sinə
gərmişdir, bununla belə böhran diversifikasiya olunmuş iqtisadiyyat, bazar prinsiplərinə əsaslanan
siyasətlər və daha güclü sosial xidmətlər və yardım ehtiyacını ön plana gətirmişdir. Hökumətin bu
yeni ehtiyac və çağırışları önləməyə çalışdığı bir zamanda, Dünya Bankı Qrupunun
strategiyasının məqsədi ölkənin bu səylərini dəstəkləməkdən ibarətdir.
(iii)
Son ÖTS (2007 – 10-cu maliyyə illəri) ərzində Dünya Bankı Qrupunun Azərbaycandakı
fəaliyyəti qarışıq nəticələrə malikdir. Ən yaxşı nəticələr Hökumətə möhkəm makro iqtisadi
bazanın saxlanılması, səhiyyə, təhsil və sosial yardımın modernləşdirilməsi, kənd
infrastrukturunun, xüsusilə də suvarma sistemlərinin təkmilləşdirilməsi sahələrində əldə
edilmişdir. Eyni zamanda icma inkişafı, kənd və məcburi köçkün icmalarına yardımın
göstərilməsini nəzərdə tutan daha kiçik layihələr də insanların həyat şəraitinin yaxşılaşmasına
kömək etmişdir. Biznes mühitinin yaxşılaşdırılması, xüsusilə də müəssisələrin qeydiyyatı
sahəsində irəliləyiş qeydə alınmışdır. Lakin biznes mühitinin digər istiqamətlərində, xüsusilə də
icazə və yoxlamalar sahəsində hələ əhəmiyyətli iş aparılmalıdır. Daha iri infrastruktur
layihələrində, xüsusilə də yollar, dəmir yolu, su təchizatı və kanalizasiya icra tempi bir qədər
aşağı olmuşdur, ekolojiya sahəsində isə məhdud irəliləyiş əldə edilmişdir. İcranın zəif olduğu
layihələrdə buna təsir göstərən bir neçə amili qeyd etmək olar – layihələrin hazırlıq səviyyəsinin
aşağı olması, kreditləşdirmə həcminin potensialdan daha sürətlə artması, Hökumətin layihələrə
sahiblik hissində fərqlər və kreditləşdirmə və analitik iş sahəsində qeyri-tarazlıq.
(iv)
Bu təcrübədən çıxarılan nəticələrin əsasında ÖTS Bankın yanaşmasını bir neçə üsulla
modifikasiya etməyə çalışacaq. Bank öz diqqətini mövcud layihələrə daha çox yönəldəcək və
yalnız kafi institusional potensialın mövcud olduğu seçilmiş sahələrdə yeni layihələri nəzərdən
keçirəcək. Bank öz diqqətini elə sahələrə yönəldəcək ki, orada ölkənin tələbatı və sahiblik hissi
yüksək olsun. Layihələr yalnız icraya tam hazır olduqda təsdiq üçün direktorlar Şurasına təqdim
olunacaq. Bank öz fəaliyyətini analitik iş və siyasət dialoqu istiqamətində yenidən tarazlaşdıracaq.
Və nəhayət, Bank potensialın gücləndirilməsinə dəstəyini daha da gücləndirəcək.
(v)
ÖTS-in konkret fokus sahələrinin əsasında Hökumətin inkişaf strategiyaları dayanır. Bu
strategiyalar ayrı-ayrı sektorlar üzrə inkişaf proqramlarında öz əksini tapmışdır. ÖTS-in birinci
istiqaməti əsasən biznes mühitinin yaxşılaşdırılması, daha yaxşı infrastruktur və kənd
təsərrüfatının təkmilləşdirilməsi yolu ilə qeyri-neft sektorunun inkişafına fokuslanmışdır. İkinci
istiqamətə sosial və icma (kommunal) xidmətlərinin, o cümlədən səhiyyə, təhsil, sosial müdafiə
və su təchizatı xidmətlərinin səmərəliliyinin artırılması aiddir. Bu səylərin nəticələrə nail olması
üçün onlar potensialın gücləndirilməsi və idarəetmənin təkmilləşdirilməsi ilə müşayiət
olunmalıdır. Bu, ÖTS daxilində ümumi filtr olacaq.
(vi)
Tam ÖTS dövrü üçün Hökumət BİA /BYİB-dən təxminən 1 mlrd ABŞ dolları həcmində
kredit proqramı xahiş etmişdir. Faktiki maliyyələşdirmənin həcmi əvvəlcə ehtiyatla başlamaq,
daha sonra kreditləşdirmənin həcmini layihələrin icra tempi ilə uzlaşdırmaq prinsipinə uyğun
şəkildə müəyyənləşdiriləcək. 2011-12-ci maliyyə illərində kreditləşdirmənin BYİB vəsaitləri
hesabına təxminən 300 mln ABŞ dolları, üstəlik 2011-ci maliyyə ilində 80 mln ABŞ dolları
həcmində təşkil edəcəyi gözlənilir. 2011-ci maliyyə ili ölkəyə BİA maliyyələşməsinin ayrılacağı
sonuncu il olacaq və bundan sonra ölkə yalnız BYİB-dən vəsait alan ölkə statusuna malik olacaq.
2013-14-cü maliyyə illərində kreditləşdirmənin həcmi Hökumətin tələbatından və layihələrin
icrasından, BYİB-in vəsaitlərinin həcmindən və digər borcalanların tələbatından asılı olaraq
təxminən eyni səviyyədə (və hətta daha artıq) olacaq. ÖTS-in son iki ili üçün kreditləşdirmə
səviyyəsi və proqramı ÖTS-in gedişi haqqında aralıq hesabatın hazırlanması zamanı
müəyyənləşdiriləcək. İFC öz kredit proqramını təxminən 200 mln ABŞ dollarına çatdırmağa
çalışacaq. Bundan başqa yeni ÖTS dövründə mövcud layihələr üzrə vəsaitin istifadə tempinin
sürətlənəcəyi gözlənilir.
(vii)
Bankın kreditləşdirmə proqramı güclü və zəngin bilik xidmətləri proqramı ilə
tamamlanacaqdır. Bu, ikiqat məqsədə malikdir – ölkənin inkişaf strategiyası və siyasi seçimlərin
edilməsi üçün zəruri məlumat bankının hazırlanması və investisiya layihələrinin strukturunun
formalaşdırlmasında istifadə edilməsi. Bank məşğulluq imkanlarının artmasına şərait yaradan,
artım, yoxsulluq, qeyri-bərabərlik, maliyyə sektoru, kənd təsərrüfatı və suvarma, kanalizasiya
xidmətləri, dövlət xərcləri kimi sahələrdə analitik işinin həcmini artıracaq. Hökumət Birgə
İqtisadi Tədqiqatlar Proqramı (BİTP) vasitəsilə Banka tərəfdaşlıq etməyə və bu işə əlavə
maliyyələşdirmə ayırmağa prinsipcə razılaşmışdır. Bank və Hökumət ilk dəfə 2009-cu ildə təşkil
edilmiş yüksək səviyyəli iqtisadi forum zamanı siyasət dialoqu üçün yeni forma
müəyyənləşdirmişlər və növbəti ÖTS dövründə bu praktikanın davam etdiriləcəyi gözlənilir. IFC
maliyyə sektorunda, habelə özəl sektorun inkişafı üçün mühit sahəsində məsləhət xidmətlərini
davam etdirmək əzmindədir. Bank və IFC bu sahələrdə əməkdaşlıqlarını daha da
dərinləşdirəcəklər.
(viii)
Yuxarıda təsvir olunmuş strategiya vəsaitləri ən səmərəli və ehtiyatlı şəkildə yönəltmək
üçün hazırlanmışdır, amma o da risklərdən xali deyil. Ən əsas risklər: (i) Azərbaycan yeni, daha
təkmil, yuxarı orta gəlirli iqtisadiyyata çevrildikcə qarşıya çıxan sosial və iqtisadi çağırışlarla; (ii)
institusional potensialın tədricən daha da mürəkkəbləşən idarəetmə tələbləri ilə ayaqlaşmaması;
(iii) mövcud portfelin icrası; (iv) regional təhlükəsizlik məsələləri ilə bağlıdır. Bu riskləri idarə
etmək və yumşaltmağa kömək etmək üçün ÖTS-də nəzərdə tutulmuş əsas elementlər bunlardır:
müştərinin tələbat və potensialı ilə daha yaxşı uzlaşma, analitik xidmətlərə daha çox diqqət,
mövcud portfelin daha sürətli icrası, və ümumi idarəçilik filtrinin tətbiqi.