Doqquz sayı. Türk xalqlarının önəmli sayı doqquzdur. Amma bu, o demək
deyil ki, doqquz sayı başqa xalqlara yaddır. Bütün dünya xalqlarının mif, folklor
örnəklərində, məişət institutunda doqquz sayı vardır və bu saya münasibət də fərqli-
fərqlidir. Dünyada lap elə türk xalqlarından sayılan altaylıların mifik təsəvvüründə
göy doqquz qatdan ibarətdir. Göyün doqquzuncu qatında oturan Tanrı Yeri
yaratdıqdan sonra doqquz adam xəlq eləyir və bütün insan nəsli də bu doqquz adamın
törəməsidir[58].
Dünyanın sonunun, yəni qiyamət gününün də doqquz sayı ilə bağlılığı
haqqında xəbərlər vardır. Deyilənə görə, qiyamət günü göy guruldayıb şimşək
çaxacaq. Qar, yağış yağacaq. Sellər-sular daşıb qanlı axacaq. Dağlar-qayalar parça-
parça olub ətrafa səpələnəcək. Təlatümə gəlmiş dənizlərin dibindən doqquz qara daş
üzə çıxacaq. Bu doqquz qara daş parçalanacaq. İçlərindən doqquz dəmir donlu, dəmir
atlı bahadır çıxacaq. Doqquz dəniz atının qabaq ayaqlarında doqquz qılınc, dal
ayaqlarında doqquz nal parlayacaq. Doqquz dəmir donlu bahadır mindikləri doqquz
dəmir atları çapdıqca qarşıya çıxan ağacları, canlıları doqquz qılınc doğrayacaq,
doqquz nal tapdayıb məhv edəcək[59].
Çingiz xanın "Böyük ağ bayrağı" doqquz qotazlı imiş. İri ağ qotaz ortada,
qalan səkkiz qotaz onun çevrəsində yerləşdirilibmiş[60]. Çingiz xan inandığı əyanları
vəzifəyə təyin edərkən də onlara doqquz günaha batmamaq andı içirərmiş. Əks halda,
həmin kimsələr amansız cəzaya düçar edilərmiş. Çingiz xanın təyin etdiyi cərimələrin
qədəri də doqquz sayına əsaslanıbmış. Qəbahətin dərəcəsinə görə bu cərimənin
miqdarı doqquz doqquz, beş doqquz, üç doqquz, bir doqquz imiş[61]. Monqol-Çin
hökmdarlarının bir-birinə göndərdikləri hədiyyələr də "doqquz ağ" adlanırmış.
"Doqquz ağ" hədiyyə bir ağ dəvədən, səkkiz ağ atdan ibarət olurmuş[62].
"Kitabi-Dədə Qorqud"da başqa saylarla tutuşdurmada doqquz sayının fəallığı
üstündür. Bu da Oğuz tayfalarının təşkilat sistemi ilə bağlı məsələdir. Nədir bu
məsələ? "Oğuz dastanının Uyğur versiyasında bildirilir ki, günlərin bir günü Oğuz
xanın Tanrıya müraciəti zamanı göydən - Günəşdən işıqlı, Aydan parlaq bir şüa düşür.
Oğuz xan görür ki, bu şüanın ortasında bir qız oturub. Oğuz xan gözəllikdə bərabərsiz
olan bu qızla evlənir. Onların üç oğlu olur: Gün xan, Ay xan, Ulduz xan. Aradan bir
müddət keçir. Yenə günlərin birində Oğuz xan ovda olarkən gölün ortasında ucalmış
ağacın oyuğunda gözləri səmadan da mavi, saçları dalğa, dişləri inci tək olan bir qız
görür. O bu qızla da evlənir. Oğuzun bu qadından da üç oğlu doğulur. Onlara Göy
xan, Dağ xan, Dəniz xan adları qoyulur.
Səmavi qadın və ondan doğulanlar daha sayğılı, nüfuzlu sayıldıqlarından Oğuz
xan onları sağ tərəfində, o birini isə sol tərəfində oturdarmış. Beləliklə, bu oturma
qaydası, yəni Oğuz xan özü, iki xanımı, altı oğlu (1+2+6=9) Oğuz təşkilat
quruluşunun başlanğıcı olur.
373
Oğuz xanın səmavi qadınından olmuş oğlanlarından artan nəsil "Kitabi-Dədə
Qorqud"da Bozoklar, ağac oyuğunda görüb evləndiyi qadından olan oğlanlarından
çoxalanlar Ucoklar adlanırlar. Odur ki, Oğuzun doqquz say quruluşlu təşkilat sistemi
"Kitabi-Dədə Qorqud"dakı ənənələrdə də qorunmuşdur. Burada da Bozoklar
tirəsindən olanlar üstün sayılırlar. Onlar "...yalnız orduda deyil, eləcə də hökmdar
hüzurundakı rəsmi toplanışlarda, yuq adlanan ümumi matəm ayinlərində də məclisin
sağ tərəfində, özlərinə məxsus yerdə oturarmışlar".
Bir sıra xalqlarda on sayı ortaya çıxana qədər doqquz sayı, ümumiyyətlə, say
sisteminin sonuncusu sayılmışdır.
Dostları ilə paylaş: |