Yeddi sayı. Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-
mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər
fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi
həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə
əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə,
eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə,
sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi
küləyin, yeraltı dünyanın qapısının simvolu imiş.
Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən
ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh
uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın
bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir[55].
Yeddi sayının yaradılışla bağlılığı səma kitablarından sayılan "Tövrat"da
məxsusi şəkildə bildirilmişdir. Burada yeddi sayının, ümumiyyətlə, ifadə etdiyi
anlamlar çoxdur: "yeddi sünbül", "yeddi bolluq ili", "yeddi qıtlıq ili", "yeddinci gün",
"yeddi qardaş", "yeddi erkək quzu", "yeddi inək" və s. Digər səma kitablarında da
yeddi sayı çox işlənib. "İncil"də yeddi sayına belə rast gəlirik: "yeddi qızıl çıraq",
"yeddi ulduz", "yeddi kilsə", "yeddi ruh", "yeddi günəş", "yeddi şimşək", "yeddi
ilahə", "yeddibaşlı əjdaha", "yeddi dağ", "yeddi pəri", "yeddi padşah", "yeddi qızıl
piyalə" və s. Sözsüz ki, müqəddəs "Quran"da da yeddi sayının işlənmə yeri və ifadə
anlamı az deyil: "yeddi göy", "yeddi gecə", "yeddi gün", "yeddi yol", "yeddi dəniz",
"yeddi inək" və s.
Ümumiyyətlə, yeddinin göy-səma, yer - torpaqla bağlılığına etiqad çox-çox
mənbələrdə özünə yer tapmışdır. Bu mənbələrdə, bir qayda olaraq, göyün yeddi
qatdan, yerin yeddi iqlimdən ibarət olduğu bildirilir.
Həm də deyilir ki, Tanrı göyün hər bir qatını, yerin də hər bir iqlimini yeddi
günə yaratmışdır. Və hətta Tanrının ilkin olaraq insanları da yeddi nəfərdən ibarət
xəlq etdiyi söylənilir. Bildirilir ki, Tanrı yaratdığı birinci insanı bəyənməmiş və bu
səbəbdən təzədən yeddi nəfər xəlq etmişdir. Sonrakı insan nəsli də elə bu yeddi
nəfərdən törəyib çoxalmışdır.
Astronomik müşahidə və riyazi hesablamalar əsasında elm yeddi sayının Ayla
əlaqəsini də təsdiq etmişdir. Belə ki, Ay öz fazalarını iyirmi səkkiz gün müddətində,
yəni hər yeddi gündən bir dörd dəfə dəyişir. Başqa sözlə, Ay bədirlənənə qədər
əvvəldə də, sonda da hilal yarımçevrə mərhələlərindən keçir. Bu da hər yeddi gündən
bir təkrar olunur.
Yeddi sayının kosmik cisimlərlə bağlılığı yalnız Ayla bitmir. Həmin sayın
Ayla yanaşı digər səyyarələrlə (Zühəl Saturn, Müştəri - Yupiter, Mərrix - Mars,
Günəş, Zöhrə - Venera, Utarid - Merkuri) də əlaqəsi zənn olunmaqdadır. Elə
370
N.Gəncəvi, Ə.Nəvai, Ə.Cami kimi möhtəşəm sənətkarların "Xəmsə"ləri sırasına daxil
etdikləri əsərlərindən birini uyğun olaraq, "Həft Peykər" ("Yeddi gözəl"), "Yeddi
səyyarə", "Böyük Ayı bürcünün yeddi səyyarəsi" adlandırmaları da bu görüşlərlə
bağlıdır.
Yeddi sayını, xatırlandığı kimi, "Yeddi qardaş ulduz"da adlanan Böyük Ayı
bürcü ilə əlaqələndirmək cəhdi də olub. Bir mifdə deyilir ki, yeddi ulduz əslində bir-
birinə qoşulmuş yeddi kişi imiş. Onlar öz yalanları ilə məşhur imişlər. Bundan
qəzəblənən Tanrı onları öldürüb səmada yeddi ulduza - Böyük Ayı bürcünə çevirir.
Bəzi xalqlarda isə Böyük Ayı bürcü "xoşbəxt tale bəxş edən" sayılır və o, "Yeddi
Tanrı" adlanır.
Skif məişətində də Böyük Ayı bürcünün himayəçi, qardaşlıq, əbədi eşq bəxş
edən simvol bildirməsi düşünülmüşdür. Bu da onlarda yeddi sayının müqəddəs
sayılmasından xəbər verir. Bunun belə olmasına Y.V.Çəmənzəminlinin "Qızlar
bulağı" romanı da şahidlik edir. Romanda "Qoç" və "Xoruz" adlı iki qəbilənin bir-biri
ilə dostlaşması, qardaşlaşması şərəfinə mərasim keçirilir, ayinlər icra olunur. Bu
ayinlərdən biri belədir: Aralığa üstüörtülü bir sini gətirilir. Orta yaşlı iki qadın bu
örtüyü qaldırıb "Oradan yeddi ağ daş çıxarırlar. Qarşı-qarşıya duran iki qəbilə
müməssillərinin sol əllərini qaldıraraq barmaqlarının şirin ətini cızdılar və çıxan qanı
yaşıl bir yarpaq üzərində qarışdırıb" yeddi daşa yaxdılar. Daşlar yolun ortasında
basdırıldı.
Bu adət iki qəbilə arasında əmələ gələn qardaşlığa işarə idi.
Sağ tərəfdən yeddi ağsaqqal aralandı, yanaşaraq başımıza yeddi bürünc
ulduzlardan mütəşəkkil bir tac qoyub geri döndü.
Bu adət yeddiqardaş ulduzun himayəsinə girməyimizin rəmzi imiş.
Sol tərəfdən yeddi ağbirçək qadın gəldi, hərəmizin köksünə mumdan
hazırlanmış yeddi nar taxaraq geri qayıtdı.
Nar eşqin rumuzu imiş. Yeddi nar yeddiqardaş ulduzun bir-birinə qarşı
bəslədikləri əbədi eşqə işarə imiş[57].
Bu deyilənlərdən aydın görünür ki, romanda "Qoç" adıyla tanıdılan qəbilə
yeddiqardaş ulduza - Böyük Ayı bürcünə etiqad bəsləyir və onu sakral sayır. Ona görə
də onlar əməl və işlərində, əsasən yeddi saylı nəsnələrin iştirakına üstünlük verirlər.
Məişət mərasimlərində yeddi sayına müraciət məqamları daha çoxdur.
Həqiqətdir ki, soyu yaşatmaq, nəsli çoxaltmaq məsələsi insanları həmişə
düşündürmüş, ər evinə köçən gəlinə çoxlu övlad anası olmaq alqış-duası
söylənilmişdir. Bu cəhət öz izlərini bir nəğmədə də qorumuşdur:
Gəlin-gəlin, qız gəlin,
İnciləri düz, gəlin,
Yeddi oğul istərəm,
Son beşiyi qız, gəlin.
Gəlinin uşağı olmadıqda isə qədimdə də, elə indi də müalicəvi çarələrə
müraciət olunub və olunur. Bununla əlaqədar ayinlər icra edilir. Həmin ayinlərdə
371
yeddi sayı ilə bağlı olanlardan biri belədir: uşağı olmayan qadın çərşənbə günü
qəbiristanlığa gedib yeddi qəbirdən torpaq götürür. Arxaya baxmadan evə gəlib həmin
yeddi qəbir torpağını suya tökür və bu suda çimməklə uşağı olacağına inanır.
Uşaq xəstələndikdə, halbahal olduqda onun qorxması, yaxud yenə də elə
çilləyə düşməsi zənn olunur. Bu məqamda da yeddi sayı ilə bağlı ayinlər keçirilir.
Yeddi evin qapı cəftəsi suya salınır və bu sudan uşağa dadızdırılır. Yeddi həyətdən
yeddi çöp gətirib yandırılır. Yanan yeddi çöpün tüstüsü uşağın burnuna tutulur, alnına
sürtülür. Bununla bəlanın sovuşacağı düşünülür.
Məişət mərasimləri sırasında duran yas mərasimində ölənin yeddisi ayinlə qeyd
olunur. Bundan savayı, dünyasını dəyişənin qırxına qədər hər yeddi gündən bir onun
üçün ehsan verilir. Etiqada görə, bu günlərdə ölənin ruhu gəlib yad edilib-
edilməməsinə göz qoyur. Əks halda ruh qəzəblənib yeni fəlakət törədə bilər.
Bütün bu deyilənlər yeddi sayının xalqımız arasında da müstəsna mahiyyət
daşımasını aşkar edir.
Dostları ilə paylaş: |