On üç sayı. Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər
vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç
bilmişlər[64]. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat
horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin
(şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır[65]. Başqa bir məlumata
görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun
xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab
etmişlər[66].
On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu
qənaətin kökündə mifoloji anlayışlar durur. Belə ki, xristian dini miflərinə görə, İsa
peyğəmbərin şagirdləri sırasında qəflətən on üçüncü şagirdin peyda olub peyğəmbəri
ələ verməsi (bəzi miflərdə peyğəmbəri elə bu on üçüncü şagird öldürüb) məsələsi on
üç sayına mənfi münasibət yaratmışdır. Hətta iş o yerə gəlib çıxıb ki, qədim yəhudilər
on üçü "ölüm sayı" hesab etmişlər. Odur ki, onlar bu "ölüm sayı"nı rəqəmlə yox, "M"
ilə demiş, yazmışlar. Qədim Babilistanda, Misirdə də on üç sayına hüzn, bədbəxtlik
başlanğıcı kimi baxılmış və haqq-hesab işlərində bu saydan istifadə etməməyə
çalışmışlar. Qərbi Avropa ölkələrində indinin özündə də on üç sayı nəhs bilinir,
uğursuzluq simvolu zənn olunur.
375
Azərbaycanda da əskilərdən üzü bizə sarı və elə indi də bu sayla bağlı "on üç
nəhsdir" deyimi tez-tez təkrar edilir. Hətta bu düşüncə "On üç nəhsdir, düşər-düşməzi
olar" atalar sözünün yaranıb formalaşmasına da zəmin yaratmışlar. Odur ki, bir
nəsnəni sayanda on ikidən sonra on üçə çatanda o andaca "On üç nəhsdir", yaxud "On
üç deyil" söyləyib on dörd deyilir. Amma atalar sözü olaraq misal gətirdiyimiz örnəyə
diqqətlə baxdıqda buradakı "düşər-düşməz"in birinci komponentinin, yəni "düşər"in
uğur, xeyir mənasında olduğunu görürük. Deməli, Azərbaycanda on üç sayının
"düşərli" olması təsəvvürü də vardır.
On üç sayına mənfi baxışın yaranmasına başlıca səbəb, sözsüz ki, Onikilik say
sistemi olmuşdur. Vaxtilə yalnız on ikiyə qədər saymağı bilən və çoxluq mənası verən
bu sayı uğur simvolu kimi qəbul edənlər birdən-birə sonrakı on üçün ortaya
çıxmasından xoflanmış, qorxmuşlar. Odur ki, onlar bu on üçü "şeytan yığnağı",
"şeytan əməli" hesab etmişlər. Əslində isə bu say da, olsa-olsa elə sayma vasitəsidir.
Hətta on üç sayını özləri üçün tale sayı, uğur simvolu bilənlər də az deyil.
Dostları ilə paylaş: |