Qırx sayı. Bütün dünya xalqları arasında ən çox işlənən saylardan biri də
qırxdır. Elə folklor örnəklərində - dastan, nağıl, əfsanələrdə də bu sayın mövqeyi
genişdir. Misal üçün, "Məlikməmməd" nağılında Məlikməmməd divlərlə qırx gün qırx
gecə güləşir. Simurq quşunun yardımı ilə işıqlı dünyaya çıxmaq üçün qırx şaqqa ət,
qırx tuluq su tədarükü görür. İçinə qırx sayını almış atalar sözü də az deyil: "Quduran
qırx gün gedər", "Qırxında öyrənən gorunda çalar", "Dəni qırx dəyirmandan gəlir",
"Bir gün duz yediyin yerə qırx gün salam ver" və s.
Mərasimlərdə də qırx ilə bağlı görüşlər çoxdur.
Misal üçün, doğum mərasimində yeni doğulmuş uşağın yanında qırx gün şam
yandırılır, qırx gün tək saxlanılmır. Qırx gün müddətində kənar kimsələr uşağın
yanına buraxılmır. Əgər bu qırx gün müddətində bir kimsənin uşağın yanına gəlməsi
zəruri sayılırsa, onda uşağı kandarda ucalıqda saxlar və gələn onun altından içəri
keçərmiş. Etiqada görə, belə olduqda çağaya xətər toxunmaz. Uşağın ilk kərə
çimizdirilməsi də onun qırxı çıxan gün olur. Çox vaxt uşağın adqoyma mərasimi də
"qırxdançıxma" günü keçirilir.
Yas mərasimində də dünyasını dəyişən üçün qırx gün təziyə saxlamaq, onun
ölümünün qırxıncı günü ehsan vermək adəti vardır.
Qırx sayı, deyilənlərdən də aydın olur ki, çox vaxt elə rəqəm olaraq hesablama
əməliyyatı vəzifəsini yerinə yetirir. Bəzən də qırx simvolik mənada çoxluq bildirir.
M.H.Təhmasib də bunun belə olması fikrində olub və yazıb ki, "Qırx çoxluq
deməkdir. Bunu qırxayaq qurdu, qırxayaq quyular da bizə sübut edə bilər. Çünki
qırxayaq adlanan qurdun heç də qırx ayağı olmadığı kimi, qırxayaq adlanan pilləkənli
quyuların da qırx pilləkəni yoxdur. Çilçıraq-çehl adlanan asma çıraqların heç də qırx
şamı olmadığı bizə bəllidir." Sayları ümumilikdə göz önünə gətirdikdə, haqqında
danışılanlardan savayı, 14, 19, 32, 33 və s. sayların da simvolik mənaları vardır.
Bütün bunlar onu göstərir ki, hər bir xalqın məişətində, ümumi görüşlərində
sayların da mühüm mövqeyi vardır.
|