XALQ ÇƏKĠ VƏ ÖLÇÜ VAHĠDLƏRĠ
Azərbaycanlıların təsərrüfat və məişətinin həm qədimliyi, həm də zənginliyi
onların işlətdiyi xalq ölçü və çəki vahidlərinin çoxluğu ilə də təsdiqlənir. İnsan-təbiət
və insan-təsərrüfat münasibətlərindən irəli gələn geniş qarşılıqlı əlaqələr çoxsaylı ölçü
və çəki vahidlərinin yaranmasında mühüm rol oynamışdır. Hələ qədim çağlardan
müxtəlif çəki və ölçü vahidləri insana lazım olan ən vacib vasitələrdən biri olmuş,
onun təsərrüfat həyatında və məişətində, ibtidai dünyagörüşündə böyük əhəmiyyət
kəsb etmişdir.
Əkinçiliyin, maldarlığın və qoyunçuluğun inkişafı, mal mübadiləsinin artması,
ticarət münasibətlərinin qurulması ilə ulu əcdadlarımız öz gəlirini-çıxarını, borcunu-
xərcini, alacağını-verəcəyini, ehtiyacını, tələbatını hesablamaq, artıq qalan məhsulunu
nizamlamaq üçün ölçü və çəki vahidləri haqqında empirik biliklər qazanmışlar.
Ölçü vahidlərinə başlıca olaraq uzunluq ölçüləri aiddir. Lakin maye halında
olan zəruri tələbat məhsulları, həmçinin arpa, buğda, un, süd və s. məhsullar da xüsusi
ölçü vahidləri ilə hesablanmışdır. Bunlar həcm ölçüləri adlanır. Çəki vahidləri isə,
adından da göründüyü kimi, əşyaların çəkisini bildirmək üçün işlədilmişdir. Ölçü,
həcm və çəki vahidlərinə miqdar bildirən ölçüləri də aid etmək olar.
Qədim insanlann çəki və ölçü vahidlərindən ilk dəfə harada və nə vaxtdan
istifadəyə başlaması elmə dəqiq məlum deyil. Lakin hələlik aydın olan odur ki,
insanların müəyyən məsafələri qət etmələri, çox güman ki, onları uzunluq ölçüləri
barədə düşünməyə vadar etmişdir. Ona görə də uzunluğu ölçmək məqsədilə ilk dəfə
insanlar öz bədən üzvlərindən istifadə etməyi daha münasib saymışlar.
Maraqlıdır ki, insanlar ilk sayı da öz əl və ayaq barmaqları ilə hesablamışlar[1].
Onların bildikləri ilk say çoxluqları 5, 10, 15, 20 ola bilərdi. Bu da əl və ayaqda olan
barmaqların sayına uyğun gəlir. Bir şeyin az olduğunu bildirmək üçün bu gün də xalq
arasında işlədilən "filan şeyi barmaqla saymaq olar" deyimi müxtəlif əşyaların
barmaqla sayıldığının ifadəsi kimi gəlib bizə çatmışdır. Azərbaycanda xalq arasında
işlədilən "bu əllərim-ayaqlarım var olsun" deyimi isə insanların bərk ayaqda, başqa
güman yeri görmədikdə özünün ilk əmək alətinə (eyni zamanda ölçü vasitəsinə) ümid
bəslədiyini, ona arxalandığını göstərir. Bir çox başqa xalqlar kimi azərbaycanlıların da
bəzi uzunluq ölçülərinin adları bu fikri təsdiqləyir. Bunlara addım, qulac (qolac),
Dostları ilə paylaş: |