Kamança.
Azərbaycanda simli-kamanlı
musiqi alətinin tarixi ilk orta əsrlərlə bağlıdır.
Üzeyir Hacıbəyov yazır ki, alman bəstəkarı və
tarixçisi Avqust Ambros
ərəblərdə 14 növ
kamançanın olduğunu xəbər verir. Tarixdən
məlumdur ki, ərəblər VII əsrdən Azərbaycanı işğal
etmişlər. Deməli, kamançanın ən azı ilk orta
əsrlərdə bu ərazidə səslənməsi elə bir şübhəyə səbəb
ola bilməz.
Üzeyir Hacıbəyov kamançanı yüksək
qiymətləndirərək yazır: "Uzun səsli, telli musiqi
alətinin
yeganə
nümayəndəsi
kamançadır.
Kamançada çalınan musiqi səscə daha mükəmməl
və insanın səsinə daha yaxındır. Kamança melodik
alətlərdən ən gözəlidir"(150) Kamançadan solo və
müşayiət üçün istifadə edilmişdir. "Kamança
kürəşəkilli çanaqdan, qoldan, aşıqlar yerləşən
kəllədən və "şiş" adlanan dəmir dayanacaqdan
ibarətdir. Alətin ümumi uzunluğu 70-80 sm-ə çatır.
Çanağın açıq tərəfinə balıq
dərisi çəkilir, onun üzərində isə çəp vəziyyətdə qoyulmuş
xərək yerləşdirilir. Xərəyə söykənən simlərin bir ucu isə aşıqlara bağlanır. Çalınan
zaman kamança şaquli vəziyyətdə saxlanılır, dayanacağı dizə söykədilir və at qılından
hazırlanan yayı simlər üzərində hərəkət etdirməklə səsləndirilir. Bu
vaxt sol əlin dörd
barmağı ilə simləri qolun müəyyən hissəsində qola sıxmaqla müxtəlif səslər
alınır"(151).
Nizami Gəncəvi, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, özbək xalqının
fəxri Əlişir Nəvai, Məhəmməd Füzuli başqa musiqi alətlərilə bərabər kamançanın da
adını çəkmiş, XVI əsr Təbriz miniatür məktəbi rəssamlarından Ağamirək İsfahani,
Mir Seyid Əlinin əsərlərində təsvir olunmuşdur.
Azərbaycan tarixçisi İskəndər bəy Münşi (1560/61-1634) "Tarix-i aləm arayi
Abbasi" adlı əsərində bir sıra azərbaycanlı musiqiçi və xanəndələrinin içərisində
Mirzə Məhəmməd Kamançeyinin adını xüsusi qeyd etmişdir. Əlbəttə, Kamançeyi
ləqəbini qazanmaq heç də təsadüfi olmayıb, onun parlaq ifaçılıq qabiliyyətilə
əlaqədardır. Deyilənə görə, Kamançeyi adı ilə çağırılan bu sənətkar I Şah Abbasın
xüsusi kamançaçalanı olmuşdur[152].
XVII əsrin sonlarında Azərbaycanda olmuş alman səyyahı R.Kempfer musiqi
alətləri içərisində kamançaya üstünlük verərək, onun zərif görkəmini, üç və bəzən
dörd simli olduğunu qeyd edir. Bu onu göstərir ki, o dövrdə kamança artıq təkmilləşib
müasir formasını almışdı.
|