Molla Pənah Vaqifin (1717-1797) yaradıcılığı isə Azərbaycan ictimai poetik
düşüncəsini sufi və təsəvvüfi məzmundan ayırıb onu tamamilə xalqın malı etmək
baxımından xeyli irəli gedir. Belə ki, Vaqifin lirik qəhrəmanını ancaq həyatda
gördüyü, gözəllik və incəliyini, lətafət və məlahətini yaxından duyduğu gözəllər cəlb
edir. Bütün bu həyati gözəllikləri yaxından duyub qəlbi onların insana verdiyi xoş,
məstedici enerjidən ehtizaza gələn aşiqin həyat və yaşamaq eşqi yüksəkdir. Bu
poeziyanın dili, üslub və ifadə tərzi də xalq təfəkküründən, onun həyat və məişətindən
ətrafa, hadisə və proseslərə münasibətindən qidalanır. Ümumxalq təfəkkürü, onun
bədii-estetik zövqü və danışıq dili M.P.Vaqifin poeziya sənətinin qüdrəti ilə daha da
cilalanıb kamilləşir, zənginləşir və ədəbi dil normasına düşür. Onun şeirlərinin dil və
üslub xüsusiyyətləri zərifliyi və orijinallığı, mövzusu, məzmun və ideyası, nikbinliyi,
həyat eşqi, səmimiliyi və reallığı ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, həm
M.V.Vidadi, həm də M.P.Vaqif sənətlərinin təsiri ilə Azərbaycan ictimai-ədəbi fikri
və poeziyası yeni məzmun və ideya-estetik istiqamət alaraq, bir tərəfdən əsrlərdən
bəri hakim istiqamət olan sufi-panteist anlayışlar yeni məzmun və ifadə xüsusiyyətləri
kəsb edib ruhi, ürfani eşqi, haqqa qovuşmaq çırpıntılarını, el-oba, ulus, oymaq, xalq
kədəri, onun arzu və ideallarının milli özünüifadə cəhdlərinin tarixi-ictimai dərki və
bu şair-vətəndaş yaşantılarının poetik əksi ilə əvəz etdi. Poeziya daha yerlərin
problemlərini, insanın arzu və əməllərinin həqiqətə çevrilməsi yollarını ruhi mənəvi
aləmin ideal səviyyəyə çatmasında, insanın göylərə, Tanrıya qovuşmaq məqamında
270
deyil, sosial-tarixi proseslərin dövr və zamana, bəşər övladının ideal və arzularına
uyğunsuzluğunda, pul, var-dövlət və hakimiyyət hərisliyinin insanın ağlını başından
çıxarmasında görməyə başladı. Ona görə bir tərəfdən bu uyğunsuzluqların törətdiyi
ictimai-bəşəri bəlaları və mənəvi-psixoloji sarsıntılarından doğan vətəndaşlıq kədərini
ifadə edir, zülm və işgəncələrə etirazını bildirir, digər tərəfdən də bəşər övladının düz
yola qayıtması, daha doğrusu, islah edilib qaytarılması üçün yollar axtarırdı.
M.P.Vaqif yaradıcılığında bəşər övladının qarşılaşdığı problemlərin törətdiyi
kədər və əməllərin səbəbləri və həlli yolları onun öz dünyasında, öz məişətində
axtarıldı, bəşəri problemlərin bədii-poetik ifadəsi də bəşəri məzmun və mahiyyətdə
üzə çıxdı. Eyni zamanda poeziya bəşər övladının həyat eşqini, sevib-sevilmək
duyğusunu, aşiqin qəlb çırpıntılarının ülviliyini və səmimiliyini, onun dəyanət və
sədaqətini, məşuqun isə zəriflik və ləyaqətini, işvə və qəmzələrini, valehedici
gözəlliklərini, əhdə vəfadarlığını və s. vəsf etdi. Bütün bu ülvi duyğu və insani
keyfiyyətlərin daha da inkişaf edib kamilləşməsinə yeni təkan və istiqamət verdi.
M.P.Vaqif Qazax mahalının Salahlı kəndində dünyaya gəlsə də, M.V.Vidadi
ilə eyni vaxtda köçkünlük həyatı yaşamalı olub, gürcü knyazlıqlarının, II İrakli
hakimiyyətinin Gürcüstanla həmsərhəd Azərbaycan obalarında törətdiyi qarışıqlıq və
qırğınlardan qurtarmaq üçün Qarabağa pənah gətirmişdi. Vidadidən fərqli olaraq, o,
Qarabağda birdəfəlik məskunlaşaraq, ömürlük burada qaldı. Onun poeziyasının və
şəxsiyyətinin təsiri ilə XVIII əsrin sonlarına doğru Qarabağda da şairlər nəsli
yetişməyə başladı. XIX əsrdə həm sayca, həm çeşidcə, həm də keyfiyyətcə artan
həmin şairlərin yaradıcılıq potensialı kifayət qədər güclü olmaqla yanaşı,
yaradıcılıqlarında həm klassik yazılı ədəbi ənənələr, həm də xalq şeir üslubu qovuşuq
şəkildə üzə çıxırdı. Bu şairlər dəstəsinə Ağabəyim ağa, Əbülfət xan Tuti, Abdulla
Canızadə, Mirzə Həsən, Qasım bəy Zakir, Məhəmməd bəy Aşiq, Cəfərqulu xan Nəva,
Abdulla bəy Asi, Aşıq Pəri, sonralar Natəvan, Fatma xanım Kəminə və b. daxil idi.
M.V.Vidadi və M.P.Vaqif poeziya ənənələrinin başqa bir qüvvətli qolu isə
Azərbaycanın qərb bölgəsində, əsasən Qazax qəzası ərazisində Yəhya bəy Qazaği,
Kazım ağa Salik, Mustafa ağa Arif və başqalarının şəxsində intişar tapdı. Bu şairlərin
yaradıcılıqlarında isə Vidadi poeziya ruhunun təsiri üstün idi.
Əgər Gəncə və Şəki şairləri də M.V.Vidadi və M.P.Vaqif poeziya ruhuna
yaxın idilərsə, Şirvan və Bakıda klassik Şərq yazılı ədəbi ənənələri üstünlük təşkil
edirdi. XIX əsrin əvvəllərindən başlayaraq Naxçıvan və Lənkəran bölgələrində İran
ədəbiyyatının nüfuz dairəsi və təsiri məhdudlaşaraq yeni ədəbi yaradıcılıq istiqaməti
maarifçi-realist ədəbiyyatın rüşeymləri meydana çıxır.
Bütün bunlarla yanaşı, Azərbaycanın cənub bölgəsində, daha çox Lənkəranda,
eyni zamanda Bakıda və Qarabağda, qismən də Zəngəzur və Naxçıvanda İran ədəbi-
ictimai fikrinin və dövlətçilik maraqlarının təsiri ilə təriqət ədəbiyyatı da öz təsirini
aydın hiss etdirir. Bu ədəbi cərəyanın təmsilçiləri sırasına Raci, Qumri, Dəxi, Seyid
Nigari, Ə.Nəbati və b. daxil idi.
Qeyd etmək lazımdır ki, Azərbaycan ictimai-ədəbi fikrində özünü göstərən bu
271
ədəbi meyil, üslub və cərəyan müxtəlifliyinin paralelliyi və ədəbi-estetik, sosial-
fəlsəfi mövqe və nüfuz uğrunda yarışmasının tarixi-iqtisadi, mənəvi əxlaqi və ictimai-
fəlsəfi səbəbləri və əsasları var idi. Hər şeydən əvvəl bu səbəbləri Azərbaycan
ədəbiyyatının əsrlər boyu ümumislam mədəni düşüncəsinin tərkibində olmasında,
sonrakı əsrlərdə isə xilafət daxilində getdikcə güclənən İran dövlətinin Azərbaycan
ərazisinə də inzibati təsirinin güclənməsində axtarmaq lazımdır. İran şahlığının, Nadir
Şah Əfşar, Ağa Məhəmməd şah Qacar da daxil olmaqla nəinki bütün Azərbaycanı,
hətta Gürcüstan çarlığını da özünün inzibati dairəsi altında saxlamasını və onlardan
bac-xərac almasını da yaddan çıxartmaq olmaz. Ancaq XVIII əsrin sonları və XIX
əsrin əvvəllərinə doğru Qafqazda hakimiyyət uğrunda dövlətlərarası çəkişmələr İran
və Türkiyə ilə yanaşı, Rusiya-Türkiyə və Rusiya-İran arasında da kəskinləşməyə və
getdikcə qanlı şəkil almağa başladı. Nəticədə
ölkədəki feodal ara çəkişmələrinə,
mövcud xanlıqlararası basqın və müharibələrə iri dövlətlərin qətiyyətli iradələrini
ifadə edən genişmiqyaslı müharibə və talanlar,
qırğın və işgəncələr də əlavə olundu.
Azərbaycan ərazisi iri dövlətlərin maraq dairəsinə və müharibə meydanına çevrildi.
XIX əsrin əvvəllərində Rusiya Qafqaza - Azərbaycana doğru irəliləməyə
başladı. Azərbaycan xalqının müstəqil dövlətçilik düşüncəsi və cəhdləri bir tərəfdən
rus, digər tərəfdən fars təhlükəsi ilə üz-üzə dayandı. 1800-cü ildə Azərbaycanın
Borçalı və Qazax bölgəsini ələ keçirən rus qoşunları 1803-cü ildə Gəncədə güclü
müqavimətlə qarşılaşdı. Qızğın döyüşlər rus qoşunlarının qələbəsi və şəhərdə
törətdiyi qanlı qırğınla nəticələndi. Gəncə xanı Cavad xan döyüş meydanında
qəhrəmanlıqla həlak oldu. Bu ümumxalq müsibətini Qazax uyezdində yaşayan "Şair"
təxəllüslü Əbdürrəhman ağa Dilbaz həmin günlərdə qələmə aldığı
müxəmməsində(271) ətraflı təsvir etmişdir. Müxəmməsdə dövrün tarixi-siyasi və
hərbi vəziyyəti ətraflı təsvir olunaraq, Azərbaycandakı Şəki, Qarabağ, Dağıstan,
Gəncə və s. xanlıqlar arasındakı müharibələrdən, habelə gürcü çarlığının
hücumlarından, bir sözlə, ölkədəki qarmaqarışıqlıqdan söhbət açılır. Nəhayət,
Rusiyanın bu vəziyyətdən istifadə edib Azərbaycana soxulmasını xatırladan müəllif,
ətraf xanların rus ordusuna qarşı əlbir mübarizədən qaçıb meydanda Gəncə xanlığını
güclü bir ordu ilə (düşmənlə) təkbətək qoyduqlarını nəzərə çatdırdıqdan sonra
gəncəlilərin və Cavad xanın qəhrəmanlıqlarını, ruslara qarşı mərdliklə döyüşdüklərini
ətraflı şəkildə təsvir edərək yazır:
Qaldı tənha ol Cavad xan, gör necə ad eylədi,
Urdu tiğin sərbəşər küffarə bidad eylədi,
İki bürcün saldatın çox qırdı, bərhad eylədi,
Əhli-beytin möhnətin ol dəmdə kim, yad eylədi,
Ya ilahi, saxla sən der, intizarəm yardən.
Şair Əbdürrəhman ağa Dilbaz gəncəlilərin qəhrəmanlıqlarını, onların güclü
düşmənə qarşı rəşadətlə vuruşaraq əsil qeyrət və vətənpərvərlik nümunəsi
göstərdiklərini vəcdlə tərənnüm etdiyi kimi, şəhəri alandan sonra rus qoşununun yerli
əhaliyə qarşı rəhmsizcəsinə tətbiq etdiyi qanlı cəza tədbirlərini - əhalinin kütləvi
272
şəkildə qılıncdan keçirilərək qalanlarını da məsciddə odlara qalamalarını sonsuz
kədərlə qələmə almışdır.
Sübh açıldı, məscidə qanlar saçıldı laləgun,
Qırdılar alimləri, seyyidləri, qovğa-füzun,
Səqf məscidinə daməni-əflak xun.
Fikir qılsan Kərbəla rüsvalığın, ey cərxi-dun,
Bir utanmazmı yüzün bu feli-nahəq cardən.
...Qırdı kafir Gəncə əhlin, çox şəhidi oldu həman,
Qalmadı axund, seyid, tifli-məsumi-natəvan,
Su yerinə qələdən ol dəmdə ki mövc oldu qan,
Sən bilirsən halını bikəslərin əndər-əyan,
Ya ilahi, sən xilas et onları düşvaridən.
Şair bu qırğınların da cavabsız qoyulmadığını və ertəsi gün ləzgilərin köməyi
ilə "rusların bər-səfin qırıldığından" da sevinc və iftixar hissi ilə söhbət açır. O, Ziyad
xan oğlu Cavad xan kimi cəsur və mərd sərkərdələrin gələcəkdə də meydana çıxıb
xalqa rəhbərlik edib ölkəni abadlaşdıracağına dərin inamla müxəmməsini
yekunlaşdırır.
Lakin bütün XIX əsrdə bunlar hələlik arzu olaraq qaldı. Rusiya qoşunları
Azərbaycan ərazilərinin içərilərinə doğru irəliləyərək Şəki, Qarabağ, Şirvan, Bakı,
Quba, İrəvan xanlıqlarını, sonralar işə Talış və Naxçıvanı, o cümlədən Zəngəzuru da
ələ keçirtdi. Rusiya ilə İran arasında bağlanan Gülüstan (1813) və Türkmənçay (1828)
müqavilələrinə əsasən Araz çayı, Talış dağları sərhəd olmaqla, Azərbaycan şimal və
cənub hissələrinə bölündü; şimal hissə Rusiyanın, cənub isə İranın tabeliyinə keçdi.
Hərbi işğaldan sonra Rusiya Azərbaycanın şimal ərazilərini iqtisadi, siyasi və
mədəni şəkildə zəbt edib mənimsəmək məqsədilə mərhələ-mərhələ cürbəcür tədbirlər
görməyə, o cümlədən ərazilərin təbii coğrafi və mədəni-mənəvi sərvətlərini öyrənmək
üçün müxtəlif tərkibli və səviyyəli komissiyalar göndərməyə başladı. Tiflis şəhəri isə
Qafqazın inzibati mərkəzi kimi fəaliyyətə başladı.
Lakin Rusiyanın Qafqazdakı müstəmləkəçilik siyasəti eninə inkişaf etsə də,
dərininə inkişaf edə bilmədi. Qafqaza və Azərbaycana cürbəcür bəhanələrlə - səyahət,
sürgün, qulluğa və s. göndərilən mütəxəssislər arasında qabaqcıl fikirli yazıçılar,
şairlər, mətbuat xadimləri, alimlər, rəssamlar, pedaqoqlar və b. da var idi; buraya
A.Odayevski, V.Küxelbeker, A.Bestujev-Marlinski, P.Sankovski, V.Suxorlikov,
A.Kornilov, A.Berje, A.Puşkin, M.Lermontov, F.Bodenştedt, A.Qriboyedov və b.
daxil idilər. Eyni zamanda Qafqazdan və Azərbaycandan Rusiyanın mərkəzi
şəhərlərinə qulluğa göndərmək bəhanəsilə və ya sürgünə müxtəlif görüşə və silkə
məxsus adamlar yola salınırdı. Bunların sırasına İ.Qutqaşınlı, M.C.Topçubaşov,
M.Kazım bəy, Mustafa ağa Arif və b. daxil idilər. Həmin tədbirlər Rusiyanın
imperiya siyasətinə xidmət etsə də, necə deyərlər, ağacın əks istiqamətlərə yönələn iki
ucu olduğu kimi, siyasətin də qarşı tərəfin xeyrinə xidmət göstərən cəhətləri oldu.
Belə ki, Rusiyanın Qafqazı tam mənimsəmək məqsədilə burada həyata keçirməyə
273
məcbur olduğu mütərəqqi tədbirlər iqtisadiyyatın, inzibati idarəetmə tədbirlərinin
təkmilləşdirilməsi, yenitipli təhsil ocaqlarının açılması, müxtəlif nəşrlərin üzə çıxması
və s. həm də yerli əhalinin məişətinin və dünyagörüşünün inkişaf edib
təkmilləşməsinə səbəb olur, müəyyən qədər əlverişli şərait yaradırdı. Bu işdə
Rusiyadan olanlarla Azərbaycanın işıqlı adamlarının qarşılıqlı ünsiyyət və
əməkdaşlıqları da kara gəlirdi. Odur ki, XIX əsrin I yarısında bir tərəfdən M.Füzuli
ədəbi ənənələrinin epiqonçuluğa çevrilməsi, M.V.Vidadi və M.P.Vaqif ənənələrinin
inkişafı, təsəvvüfi görüşlərin bir qədər zəif şəkildə olsa da, davamı müşahidə
olunmaqla yanaşı, yeni ictimai-ədəbi baxışların və yaradıcılıq istiqamətinin yaranması
və getdikcə sürəkli şəkil alması diqqəti cəlb edir. Ədəbi aləmdə inkişafa və
rəngarəngliyin yaranmasına Mirzə Nəbi Əfəndi Qayıbov, Əbdürrəhman ağa Dilbaz,
Mustafa ağa Arif, Kazım ağa Salik, Fədai, Ağabəyim ağa, Məhəmməd bəy Aşiq, Aşıq
Pəri, Mirzə Həsən Mirzə, Məhəmməd Cəfər Miskin, Səfərəli, Şirvanlı Əhməd,
Gəncəli Həsən, Navahılı Mirzə Baxış Nadim, Aşıq Dilqəm, Aşıq Camal, Aşıq Musa,
Aşıq Məhəmməd, Raci, Qumri, Süpehri, Ahi, Mirzə Həsib Qüdsi, Məşədi Ələsgər,
Qutqaşınlı Abdulla, Seyid Nigari və b. öz yaradıcılıqları ilə xidmət göstərirdilər.
Ədəbiyyatda realizmin inkişaf edib qüvvətlənməsi və maarifçi dünyabaxışın
yaranması Baba bəy Şakir, Q.Zakir, A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı,
M.F.Axundov
və
başqalarının
yaradıcılıq
fəaliyyətləri ilə meydana çıxır, formalaşırdı. Bütün
bunlarla yanaşı, Tiflisdə "Тифлисские ведомости",
"Татарские ведомости" qəzetlərinin və digər
nəşrlərin meydana çıxması da ədəbi-ictimai fikrin
canlanmasına
müsbət
təsir
göstərirdi.
A.Bakıxanovun "Gülüstani-İrəm", "Kitabi-nəsihət",
"Təhzibül-əxlaq",
"Əsrarül-Mələkut",
"Kitabi-
Əsgəriyyə", İ.Qutqaşınlının "Rəşid bəy və Səadət
xanım" əsərləri, M.Ş.Vazehin "Şərqilər"i və
İ.Qriqoryevlə
birlikdə
yazdığı
"Татарская
хрестоматия Азербайджанского наречия" dərsliyi,
habelə təhsil sahəsində meydana çıxan "cədidizm"
hərəkatı[28] və s. Azərbaycanda maarifçi-realist
düşüncə və ədəbiyyatın inkişafında mühüm rol
oynadı.
XIX əsrin ortalarına doğru klassik ədəbi irsə münasibətdə, onun toplanıb nəşr
edilməsində, ədəbi-ictimai fəaliyyətdə bu ənənələrin davam etdirilməsində Q.Zakir.
M.F.Axundov, M.M.Nəvvab, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Hüseyn
Əfəndi Qayıbov və başqalarının rolu danılmazdır. Bu dövrdə Azərbaycanın ayrı-ayrı
keçmiş inzibati və mədəni mərkəzlərində - Şuşa, Şamaxı, Bakı, Ordubad, Gəncə,
Qazax, Quba, Lənkəran və s.-də "Məclisi-üns", "Məclisi-fəramuşan", "Beyt üs-səfa",
"Məcməüş-şüəra", "Fövcül-füsəha", "Gülüstan", "Divani-hikmət" və digər ədəbi
274
məclislər yarandı. Həmin ədəbi məclislərdə toplaşan şairlər dövrün ədəbi fikrinin
inkişafına hər biri öz töhfəsini verdi. XurĢidbanu Natəvanın poeziyasında lirika
üstün idi. Bu lirika M.P.Vaqif ənənələrinə dayansa da, daha çox insanın daxili
dünyasının "qəm karvanı"nı, bu qəmin bəşəri-fəlsəfi dərkinin mümkünsüzlüyünü
ifadə edirdi. Elə lirizm də həmin ağırlıq və taleyin qaçılmaz oyunlarından doğurdu.
Bütün bu yaradıcılıq canlanmasının fəaliyyət rəngarəngliyinin nəticəsində
M.C.Topçubaşovun, Q.Zakirin, M.F.Axundovun, S.Ə.Şirvaninin ауrı-ayrı bədii
əsərləri "Петербургские ведомости", "Кавказ" və digər mərkəzi mətbuat
orqanlarında,
СМОМПК-da
(Сборник
материалов по описании местностей и племен
Кавказа), "Qafqaz arxeoqrafiya komissiyasının
aktları"nda işıq üzü gördü. M.Y.Nersesovun
"Məcmueyi
Vaqif
və
müasirini-digər"
(Teymurxanşura, 1856), A.Berjenin "Məcmueyi-
əşari-şüərayi-Azərbaycan" (Leypsiq, 1857) adlı
şeirlər məcmuələri ədəbi ictimaiyyətin istifadəsinə
verildi.
Dostları ilə paylaş: |