Mahmud ġəbüstəri (1287-1320) və Marağalı Əhvədinin (1274-1338)
yaradıcılıqlarının əsas leytmotivini təşkil edir.
Təbrizin
Şəbüstər kəndində anadan olan M.Şəbüstəri Azərbaycan
ədəbiyyatında fəlsəfi poeziyanın görkəmli nümayəndəsi kimi tanınır. O,
"Səadətnamə" , "Miratül-mühəqqiqin", "Şahidnamə" və s. əsərlərin müəllifi olsa da,
əsasən "Gülşəni-raz" (Sirr Gülşəni) poeması ilə məşhurdur. Hələ XIII əsrdən
başlayaraq Şərq və Qərb mütəxəssislərinin diqqətini cəlb edən bu əsərdə təsəvvüf-
vəhdəti-vücud fəlsəfi ideyaları tərənnüm və təbliğ edilir.
Şair insanları zahirpərəstlikdən (bütpərəstlikdən) uzaq olub hər bir şeyin məna
və məzmununu onun mahiyyətində axtarmağa üstünlük verir. Çünki, onun qənaətinə
görə, haqq-həqiqət görünənlərin, küllün zərrələridir. Ona görə bütöv, Allahın özü də
bu zərrələrdədir. Onu görüb dərk etmək üçünsə qəlbin gözü açılmalıdır.
...Sən onda görməsən haqq olub pünhan,
Dində çağırmazlar səni müsəlman.
Bunun üçün, yəni mahiyyətdə gizlənən həqiqəti, haqqı - Allahı görə bilmək
üçün isə insan şəriət, təriqət, mərifət və həqiqət adlı dörd mərhələdən keçib kamillik
səviyyəsinə çatmağa çalışmalıdır. Ancaq kamil insan dünyada olan hər şeyin (Allahın
da) insanda təcəssüm etdiyini duya, görə bilər. İnsan isə küllün zərrəsi olmaqla elə
257
cahanın özüdür. Yəni cahanın bütün xüsusiyyət və keyfiyyətlərini özündə əks etdirir.
Belə olduğu halda cahanın özü elə insandır. Ona görə də insan özünü dərk etməklə
əslində elə cahanı dərk etmiş olur. Biz günün zərrələriyik. Zərrə bütövə qovuşduğu
kimi, insan – zərrə də bütövə - Allaha, yaradana qovuşmaq xüsusiyyətinə malikdir.
Deməli, insan özünü və kainatı dərk etməklə Allahı dərk etmiş və ruhən ona
qovuşmuş olur. Hər şeyin məğzi isə ruhdur. Odur ki, ruhən qovuşmaq elə cismən də
qovuşmaqdır.
Can haqqın məğzidir, bədən paltarı
Qəlbin keşiyində seyr et o yarı.
Hər nədə vardısa varlıq nişanı, .
Ya onun özü bil, ya əksi tanı.
Bu fəlsəfi ümumiləşdirmələr sonralar İ.Nəsimi, M.Füzuli və b. mütəfəkkirlərin
yaradıcılıqlarında davam və inkişaf etdiriləcək, yeni-yeni məna və çalarlarda özünün
ideya-estetik əksini tapacaqdı.
M.Şəbüstəri dialektik inkişaf qanunlarına uyğun olaraq hər şeyin hərəkətdə,
inkişaf və dəyişmədə olduğunu qəbul edirdi. O, insanları pis adətlərdən, qeybət,
paxıllıq, kin, acgözlük və s. kimi insanlığa zidd əməllərdən uzaq olmağa çağırırdı.
Mahmud Şəbüstərinin panteist görüşləri Marağalı Əvhədinin yaradıcılığında
davam etdirilərək sufizmin ideya-fəlsəfi əsası kimi sistemləşdirilməyə başlayır. Şairin
şeirlər "Divanı", "Dəhnamə" və "Cami-cəm" poemaları günümüzə qədər gəlib
çatmışdır. Əgər Əvhədinin lirik şeirlərində və "Dəhnamə" poemasında insana
məhəbbət onun daxili mənəvi gözəlliklərinə, ideal və arzularına hörmət və ehtiram
təbliğ, onun gözəllikləri isə tərənnüm olunub, aşiqin məşuquna bəslədiyi saf və
səmimi hissləri öz əksini ideya-estetik cəhətdən yüksək səviyyədə tapırsa, "Cami-
cəm" poemasında şairin sufi-panteist görüşlərinin bədii-fəlsəfi ifadəsini görürük.
M.Əvhədi "Cami-cəm"də elmə, ağıla böyük üstünlük verir. Bildirirdi ki, bunlarsız
dünyanın sirlərinin, kainatın dərki qeyri-mümkündür:
Bu uzaq göylərin sirrini biz,
Dərk edə bilmərik yəqin elmsiz.
Yoxdur bilik kimi bir abi-həyat,
Ancaq bilik verər insana nicat.
Göründüyü kimi, M.Şəbüstəridən fərqli olaraq, M.Əvhədi insanın kainatı,
Allah dərk edib görə bilməsini təkcə ruhi-mənəvi kamillik nəticəsində cüzvün dərki
yolu ilə yox, daha çox ağlın və elmin gücü ilə mümkün sayırdı. Poemanın II
hissəsində etnik-mədəni, mənəvi-əxlaqi və ictimai dövlətçilik məsələlərindən bəhs
edilir. Bu hissəyə daxil olan "Padşahlara ədalət haqqında", "Mey içməyin qaydaları",
"Ev tikməyin şərtləri", "Pis qadınların əməlləri", "Övlad tərbiyəsi haqqında", "Nəsihət
verməyin qaydaları" və s. başlıqlar onun məzmunu və ideya istiqaməti haqda
müəyyən təsəvvür yaradır. Bu hissədəki "Mürşid və rəhbər axtarmaq haqqında",
"Şeyx və müridin sifətləri haqqında", "Tövbə haqqında" və s. başlıqlar
altında isə
şairin sufi görüşləri şərh edilir.
258
Beləliklə, maraqlı və orijinal kompozisiyaya, süjet xəttinə malik olan "Cami-
cəm" poemasında həm dövrün elmi-fəlsəfi prinsip və baxışları, həm mənəvi-əxlaqi,
etnik-mədəni davranış normaları, həm də sufi-panteist görüşləri, yəni dünyanın
dərkində ruhi-mənəvi duyğuların rolu və onların tərbiyə edilməsi yollarının şərhi və
təbliği özünün ideya-fəlsəfi, mənəvi əxlaqi və bədii əksini tapmışdır.
XIII-XIV əsrlər Azərbaycan ictimai-bədii və ideya-fəlsəfi düşüncə tərzinin
rəngarəngliyini əks etdirən cəhətlərdən biri də ədəbi fikirdə sufi-panteist görüşlərlə
yanaşı, realist meyillərin, qəhrəmanların təsvirində və əsərin təhkiyəsində həyata,
obyektiv varlığa əsaslanan yaradıcılıq prinsiplərinin özünə kifayət qədər yer
tapmasıdır. Bunu Arif Ərdəbilinin şəxsində və onun "Fərhadnamə" poemasının
timsalında aydın şəkildə görə bilərik.
Poema N.Gəncəvi mövzuları əsasında yazılsa da, onun ideya istiqaməti, süjet
xətti və obrazların xarakterlərinin bədii-estetik əksi tamamilə yeni və orijinaldır. Arif
Ərdəbili poemasının mövzusunu N.Gəncəvinin "Xosrov və Şirin" məsnəvisinin
mövzusuna uyğun qələmə alsa da, problemə yanaşma tərzi və obrazların işlənməsi,
süjeti, kompozisiyası, ideya-bədii xüsusiyyətləri, qeyd etdiyimiz kimı, sələfindən
əsaslı şəkildə fərqlənir.
A.Ərdəbilinin "Fərhadnamə" poemasına ayrıca monoqrafiya həsr etmiş
filologiya elmləri doktoru Nüşabə Araslı bu barədə belə yazır: "...Arifdən əvvəl
"Xosrov və Şirin" mövzusunu işləyən müəlliflər əsasən məhəbbət mövzusunda
yazılmış epik əsərlərin xüsusiyyətinə uyğun olaraq, öz poemalarını iki qəhrəmanın adı
ilə adlandıraraq ("Xosrov və Şirin", "Şirin və Xosrov") bu iki surət arasındakı sevgini
əsas məzmun götürmüşlər. Arif isə mövzuya yeni istiqamət verərək, öz poemasını
məhəbbət mövzusunda yazılmış epik əsərlərdən daha çox, qəhrəmanlıq və tarixi
dastanlarda olduğu kimi əsas qəhrəmanın adı ilə adlandırmışdır. Poemada təsvir
olunan bütün hadisələr, əsərdə verilən başqa surətlərin hamısı onunla əlaqədardır. Nə
Fərhadın ilk sevgilisi Gülüstan, nə də Şirin əsərin əsas qəhrəmanı səviyyəsinə
qalxacaq surət olmayıb, yalnız baş qəhrəmanın məhəbbət macəraları ilə əlaqədar
olaraq əsərə salınmışdır. Məhz bunun üçün də poema "Fərhadnamə" adlanır. Fərhad
əsərin yeganə baş qəhrəmanıdır[13] ".
Arif Ərdəbili özü də N.Gəncəvinin bəzi məsələlərə münasibətdə, o cümlədən
Fərhad obrazı barədə "ədalətsizliyə yol verdiyini", bəzi hadisələrin qələmə
alınmasında bir qədər şişirtməyə və əfsanəyə yer verməsini nəzərə çatdırıb onu tənqid
etmişdir. Onun özü isə "Fərhadnamə"ni hadisələrin təsvirində Azərbaycan
reallıqlarına, tarixi memarlıq faktlarına və əldə etdiyi müəyyən yazılı materiallara
əsasən qələmə aldığını bildirir. Əsər boyu bütün bunların doğruluğu poemada təsvir
edilən Şamaxıdakı Gülüstan qalasının, Fərhadın və onun törəmələrinin tikdikləri
müxtəlif memarlıq abidələrinin təsvirindən, hadisələrin cərəyan etdiyi məkanlardan
bir daha aydın olur.
"Fərhadnamə"də Fərhadın baş qəhrəman kimi verilməsi Fərhad-Gülüstan xətti,
Fərhad-Şirin xəttinin ideya-estetik həlli və Şirin obrazının mənəvi-psixoloji baxımdan
259
inkişaf mərhələlərinin işlənməsi Fərhad və Xosrov obrazlarının mənşəcə bərabərliyi,
yəni hər ikisinin əsilzadə, hökmdar oğlu kimi təqdim edilməsi və s. məsələlər yeni
olmaqla, real planda və özgün şəkildə qələmə alınmışdır. Nəticədə Arif Ərdəbili öz
əsərinin - "Fərhadnamə" poemasının orijinallığını köhnə mövzunun yeni məzmun və
libasda təqdimini və özünün fərdi yaradıcılıq keyfiyyətlərinin təqliddən uzaq
olduğunu təsdiq və sübut edə bilmişdir.
Azərbaycan ədəbiyyatında Xətib Təbrizi,
Qətran Təbrizi, Nizami Gəncəvi ənənələrinin
yeni məzmun və keyfiyyətdə davamının başqa
bir orijinal təzahürünü Əssar Təbrizinin (1325-
1390) yaradıcılıq timsalında görmək olar. Onun
ədəbi irsi şeirlər "Divan"ından "Mehr və
Müştəri" adlı poemadan və poetika məsələlərinə
həsr edilmiş "Əlvafi fi tədadül-qəvafi" adlı elmi
əsərdən ibarətdir.
Ə.Təbrizi sələfi X.Təbrizidən sonra
poetika məsələlərinə dair elmi əsər yazan ikinci
Azərbaycan mütəfəkkiridir. Onun "Əfvafi fi
tədadül-qəvafi" əsəri bütün Yaxın Şərqdə ilk
qafiyə lüğəti hesab edilir[14]
Şairin "Mehr və Müştəri" poeması da bu
tipli mövzuların özünəqədərki işlənmə ənənəsinə
yeni, orijinal yanaşmanın nümunəsi kimi
qiymətləndirilməlidir. Belə ki, əsərin başlığında adları verilən qəhrəmanların hər ikisi
- Mehr də, Müştəri də oğlandır. Onların bir-birlərinə olan bağlılıqları ruhi-panteist
xarakter daşıyır. Hətta Mehrin bir yeri ağrıyanda onu Müştəri də hiss edib yaşayır və
ya əksinə. Əssar bunun üçün qəhrəmanların doğuluşundan əvvəl zəmin hazırlayır,
qoca, nurani bir kişi bir gün övladları olmayan şah və vəzirə bir parça çörək verib
tapşırır ki, həmin çörək parçasını iki yerə bölüb hər kəs öz arvadı ilə yesin. O bildirir
ki, nəticədə hərənizin bir oğlu olacaq. Mehrlə Müştəri həmin töhfənin nəticəsi kimi
dünyaya gəlirlər.
Göründüyü kimi, Ə.Təbrizinin poemasının ideya və süjet xəttinin əsasında
Azərbaycan xalqına xas olub, onun məhəbbət dastanlarında xüsusən özünə qabarıq
yer tapan inam və etiqad dayanır. Adətən bu cür etiqadla, Tanrı töhfəsi (belə töhfələr
isə xeyirxahlığın müqabilində nurani qoca, dərviş və b. vasitəsilə reallaşdırılır) ilə
yaranan qəhrəmanlar elə təbiətlərinə uyğun olaraq, Tanrı övladı kimi saf, xeyirxah,
himayədar, mərd, sadiq və s. müsbət əxlaqi keyfiyyətlərə malik olurlar.
Əssarın qəhrəmanları olan Mehrlə Müştəri də bu cür ideal əxlaqi və insani
keyfiyyətləri ilə diqqəti cəlb edirlər[15]. Müəllif öz qəhrəmanlarının bu ideal
keyfiyyətləri və mənsub olduğu xalqın əsrlərdən bəri formalaşıb möhkəmlənən
inamına əsaslanaraq hadisələri və poemanın süjet xəttini ideal bir mühitin, haqq-
260
ədalət, xeyirxahlıq və insanlığın, elm, zəka və ürfani düşüncənin hakim olduğu bir
cəmiyyətin yaranmasına yönəldir. Qəhrəmanların və onları əhatə edən obrazların öz
təbiətlərinə sadiqlikləri və bütün bu obrazlar arasındakı əlaqə və münasibətlərin
kainatdakı ilahi nizama uyğun qurulması müəllif idealının ideya-estetik təsdiqinə
xidmət edir, şərait yaradır. Belə ki, Mehr Günəşi təmsil edirsə, Müştəri Yupiterdir,
Bəhram Mars planetini, Nahid isə Veneranı, Keyvan Şah Saturnu, Bədr bütöv
tamamlanmış və ətrafı işıqlı Ayı təmsil edir. Qaraxan gecənin rəmzi olduğu kimi,
onun oğlu Ulduz da "gecənin övladıdır". Bundan başqa, poemadakı Şərəf, Gövhər,
Səba və digər obrazların da adları onların təbiətləri, xarakterik xüsusiyyətləri ilə
həmahəngdir. Bununla Əssar Təbrizi sanki təbiətdəki nizamın cəmiyyətdə də bərqərar
olması barədəki arzusunu ifadə etmişdir. Onun qənaətinə görə, təbiətlə cəmiyyət
arasındakı bu nizam, uyğunluğu, daha doğrusu, yerdəki varlıqlarla - insanlarla ruhi-
mənəvi qüvvələrin harmonik rabitə və bağlılığın qorunması, insanın haqqa doğru
daimi uçuşu və mənəvi-əxlaqi saflığının kamillik zirvəsi Yer üzündə ideal cəmiyyətin
təminatı deməkdir. Bununla Əssar Təbrizi həm xalqının əsrlərdən üzü bəri gələn
inam və etiqadları, onların xoşbəxt gələcək haqqındakı etnik-fəlsəfi düşüncələri, həm
böyük sələfləri N.Gəncəvi, M.Şəbüstəri, M.Əvhədi və b. həm də dövrün qabaqcıl elmi
düşüncəsi üzərində ucaldığını göstərməkdədir. Özü də bu mənəvi-əxlaqi, ideya-fəlsəfi
sərvətlər Əssar Təbrizi yaradıcılığında onun elmi və ideya-bədii düşüncə sistemində
yeni və orijinal biçimdə, özgün bir forma və məzmunda üzə çıxmışdır.
Azərbaycan xalqının etnik-mədəni və mənəvi-əxlaqi potensiyasının başqa bir
cəhəti isə Qazi Bürhanəddinin (1344-1398) şəxsiyyət və yaradıcılıq simasında
özgün və parlaq şəkildə üzə çıxmışdır. Belə ki, Əhməd Əbülabbas Qazi Bürhanəddin
oğuzların Salur boyundandır. O, sürdüyü qısa ömrünü əsasən döyüşlərdə keçirərək
qazilik və hökmdarlıq səviyyəsinədək şərəfli bir yol keçmiş, bir sıra uğurlu döyüş
əməliyyatları və diplomatik tədbirləri nəticəsində qurduğu dövləti getdikcə böyüdüb
möhkəmləndirmişdir. Q.Bürhanəddini Teymur xofu da qorxutmamış və bu fatehin
təhlükəsini öz ölkəsindən uzaqlaşdıra bilmək üçün özündə kifayət qədər cəsarət, güc
və müdriklik tapa bilmişdir.
Ömrünü döyüş meydanında başa vuran Qazi Bürhanəddin tarixdə görkəmli bir
şair kimi də şərəfli iz qoymuşdur. Şairin şeirlər "Divan"ında toplanan tuyuqlar,
qəzəllər, rübailər və bir neçə müfrəddən (insan həyatına və taleyinə dair iki misralıq
qafiyəli, bəzən də rədifli şeir növü) aydın olur ki, Qazi Bürhanəddin dövrünə görə
qüdrətli bir şair olmuşdur. Onun poeziyasında insan və təbiət gözəllikləri, aşiqin saf
və səmimi məhəbbət duyğuları, habelə qəhrəmanlıq, qorxmazlıq, cəsurluq, əhdə
sədaqət və s. keyfiyyətlər tərənnüm və təbliğ olunur. Şairin poetik irsi və fəaliyyəti o
dövrdə türk düşüncəsinin ayrıca və müstəqil dövlətçilik duyğusunun və Azərbaycan
ədəbi dilinin formalaşmasında mühüm rol oynamışdır. Q.Bürhanəddinin xələflərinin -
T.Nəsimi, Ş.İ.Xətayi və başqalarının ictimai və etnik mədəni dövlətçilik
fəaliyyətlərində və bədii yaradıcılıqlarında onun ənənələrinin təsiri, davamı və inkişaf
etdirilməsi aydın görünür. Buna dövrün tarixi hadisələri və ictimai-fəlsəfi fikir və
261
əqidə cərəyanları da əlverişli şərait yaratmışdı. Belə ki, məlum olduğu kimi, XIV-XV
əsrlərdə Yaxın Şərq, Qafqaz və Orta Asiyanı xilafət daxilindəki az-çox qüdrətli
dövlətlər arasındakı müharibələr öz ağuşuna almışdı. Bu müharibələrin hamısı
"İslamın qorunması və möhkəmləndirilməsi" adı altında aparılsa da, əslində hər bir
dövlətin və etnosların tarix səhnəsində özünütəsdiqinə və xilafətin hökmranlıq
qüdrətinin təmsilçisi statusunun qazanılmasına yönəlmişdi. Həmin tarixi-ictimai
fırtınalar burulğanında yüz minlərlə insan kütləvi şəkildə qırğına, qətl və amansız
işgəncələrə, ölkələr talanlara məruz qalıb xarabalıqlara çevrilirdi. Dövrün
mütəfəkkirləri, fikir və ürfan sahibləri, gözəllik, eşq, məhəbbət, insanlıq və ədalət
nəğməkarları insanın, insanlığın bu cür tapdaq və rəzalətlərinə dözməyib əsrlərdən
bəri nəsildən-nəslə ötürülərək insan azadlığı və gözəlliyi, onun ecazkarlığı və fikir,
əqidə intibahı barədə formalaşdırılan fikir və əqidə sistemini nəinki müdafiəyə
qalxdılar, həm də müharibə və tiranlıq, diktatorluq ambisiyalarını ifşa etməyə
başladılar. Bu yolda panteist fəlsəfəyə, sufizmə və ideal insanlıq və cəmiyyət barədəki
qənaətlərə yeni fəlsəfi, ideya-estetik məzmun və ifadə formaları əlavə edib həmin
uğurları bir qədər də təkmilləşdirdilər. Həmin fədailər sırasına Həllac Mənsur,
Fəzlullah Nəimi, İmadəddin Nəsimi və b. elm, ürfan və istedad, əqidə sahibləri daxil
idilər...
Dostları ilə paylaş: |