AZƏrbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10116
  1   2   3   4   5   6   7   8   9   ...   13


 
T. Ə. ƏZĠZOV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN XX ƏSRĠN 
ƏVVƏLLƏRĠNDƏ 
 
 
 
 
 
 
ÜMUMĠ TARĠXĠ ĠCMAL 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - “ZAMAN” - 1997 
 


 
 
Elmi redaktoru 
XƏLĠL KÖÇƏRLĠ 
tarix elmləri doktoru, professor 
 
Rəyçilər: QURBAN BAYRAMOV, 
tarix elmləri doktoru, professor 
 
SƏTTAR ALLAHVERDĠYEV
tarix elmləri namizədi, dosent 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əzizov Türyan Əziz oğlu
Azərbaycan XX əsrin əvvəllərində. Bakı, «Zaman», 1997.  256 səh. 
Kitab  1901  -  aprel  1920-ci  illərdə  Azərbaycanın  iqtisadi-sosial  və  ictimai-siyasi 
həyatından,  mədəniyyətindən  bəhs  edir.  Bu  dövrün  hadisə  və  məsələləri  hazırkı 
milli  müstəqillik  şəraitində  təşəkkül  tapmış  elmi  konsepsiyalara  uyğun  surətdə 
gözdən keçirilir. 
Kitab  geniş  oxucu kütləsi  üçün  nəzərdə  tutulmuşdur. 
 
 
 
 
 
 
 
Ə 0503020907 – 1   elansız 
          045-97 
 
© «Zaman», 1997 
 


 
ÖN SÖZ 
 
XX əsrin əvvəllərində Şimali Azərbaycanda bir sıra çox mühüm hadisələr 
baş vermişdir. 
Çar  Rusiyasının  müstəmləkə  ucqarlarından  olan  Azərbaycanda  təsərrüfat 
həyatının  bütün  sahələrində  kapitalist  istehsal  münasibətləri  inkişaf  edirdi. 
Azərbaycan  milli  burjuaziyasının  iqtisadi  gücü  və  siyasi  fəallığı  artırdı.  Rusiyada 
cərəyan  edən  ictimai-siyasi  hadisələrin,  ələlxüsus,  birinci  rus  inqilabının  təsiri 
altında  Azərbaycanda  milli-demokratik  hərəkat  geniş  vüsət  almışdı.  Oyanmaqda 
olan milli şüur artıq formaya düşmüş, azadlıq və müstəqillik ideyaları milli ictimai 
fikri əhatə etmişdi. Milli-azadlıq hərəkatının M. Ə. Rəsulzadə, Ə. M. Topçubaşov, 
F. Xoyski, Y. Nəsibbəyli və digər görkəmli xadimləri meydana gəlmişdi. 
Bu dövrün ən mühüm hadisəsi - Azərbaycan Demokratik Respublikasının 
yaranması  idi.  Yüz  ildən  artıq  rus  müstəmləkəçilərinin  əsarəti  altında  qalmış 
Azərbaycan  xalqı,  nəhayət,  milli  istiqlaliyyət  əldə  etdi.  Şərqdə  ilk  dəfə  olaraq, 
Azərbaycanda  demokratik  dövlət  quruldu.    Azərbaycan  Demokratik  Respublikası 
cəmi  23  ay  yaşadıqdan  sonra,  yenidən,  lakin  bu  dəfə  rus  bolşevikləri  tərəfindən 
işğal edildi. 
Fəqət  xalqın  milli  azadlıq  və  müstəqillik  uğrunda  mübarizəsi  hədər 
getmədi. 70 ildən  artıq Azərbaycanı  öz  əsarəti  altında saxlayan Sovet imperiyası 
dağıldı.  1991-ci ilin oktyabrında Azərbaycan yenidən müstəqillik qazandı. Vaxtilə 
M.  Ə.  Rəsulzadənin  çox  uzaqgörənliklə  dediyi  sözlər  təsdiq  edildi:  «Bir  kərə 
yüksələn bayraq bir daha enməz». 
1997-ci  il  yanvarın  31-də  Azərbaycan  Prezidenti  Heydər  Əliyev 
respublikanın  tanınmış  alimləri  ilə  görüşündə  demişdir:  «Azərbaycanın  XX  əsr 
tarixi  yazılmalıdır...  XX  əsr  çox  mürəkkəb  bir  əsrdir.  Bu  əsrdə  dünyada  və 
respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələr məlumdur. Ancaq bu 
XX  əsrdə  yaşadığımız  ideologiyaya  və  konsepsiyaya  görə  bizim  tariximiz  təhrif 
olunmuşdur». 
Təqdim edilən kitabda tarixi reallıqlar öz əksini tapmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
I FƏSĠL 
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYCANIN  ĠQTĠSADĠYYATI 
 VƏ SOSĠAL HƏYATI 
 
XX  əsrin  əvvəllərində  Şimali  Azərbaycanın
*
  ərazisi  104  min  kvadrat 
kilometr  idi.  (Bu,  Azərbaycan  Respublikasının  indiki  ərazisindən  18  min  kvadrat 
kilometr  çoxdur).  Ölkə  inzibati  cəhətdən  Bakı  və  Yelizavetpol  quberniyalarına, 
xüsusi  Zaqatala  dairəsinə  bölünmüşdü.  Quberniyaların  tərkibində  14  qəza  vardı. 
Bakı,  Cavad,  Quba,  Şamaxı,  Göyçay  və  Lənkəran  qəzaları  Bakı  quberniyasının; 
Yelizavetpol,  Qazax,  Nuxa,  Ərəş,  Cavanşir,  Şuşa,  Cəbrayıl  (1904-cü  ildən 
Qaryagin) və Zəngəzur qəzaları isə Yelizavetpol quberniyasının tərkibinə daxil idi. 
Çarizm  zamanı  əhalisi  əsasən  azərbaycanlılardan  ibarət  olan  Naxçıvan 
ərazisi  inzibati  cəhətdən  İrəvan  quberniyasına  daxil  edilmişdi.  İrəvan  quberniyası 
əhalisinin 
1
/
3
 
hissəsindən çoxunu azərbaycanlılar təşkil edirdi. 
Gürcüstanın  və  Dağıstanın  Azərbaycanla  qonşu  rayonlarında  yığcam 
halda yüz minlərlə azərbaycanlı yaşayırdı. 
1913-cü ildə Azərbaycan əhalisinin sayı 2453 min nəfər olmuşdur. 
 
§ 1. SƏNAYE 
 
XIX  əsrin  axırlarına  doğru  Rusiyada  kapitalizm  sürətlə  inkişaf  etməyə 
başladı. 
Rusiyanın  iqtisadi  inkişafında  onun  müstəmləkələri,  o  cümlədən 
Azərbaycan  mühüm  rol  oynayırdı.  Çar  hökuməti  rus  burjuaziyası  və 
mülkədarlarının  mənafeyini  güdərək,  müstəmləkələrdə  sənayenin  inkişafına  hər 
vəchlə  mane  olur,  milli  ucqarları  özünün  ucuz  xammal  bazası  kimi  saxlamağa 
çalışırdı. 
Lakin çarizm Rusiya sənayesinin, ələlxüsus, neft, mis, xam ipək, pambıq 
ipliyi və başqa bu kimi xammala olan tələbatını ödəmək üçün müstəmləkələrdə bir 
sıra istehsal sahələrini inkişaf etdirməyə məcbur idi. 
 
a) Neft sənayesi 
 
Neft  sənayesi  1900-1903-cü  illərin  ümumi  böhranı  və  durğunluq 
dövründə:  Azərbaycanda  neft  Abşeron  yarımadasında  çıxarılırdı.  Bakının 
ətrafındakı Sabunçu, Balaxanı, Bibiheybət, Ramana neftin çıxarıldığı əsas rayonlar 
idi. 
                                                             
*
 Bundan sonra müxtəsər şəkildə ―Azərbaycan‖ işlənəcəkdir. 


 
XIX  əsrin  axırlarına  doğru  neft  hasilatı  sürətlə  artmağa  başladı.  1901-ci 
ildə dünyada çıxarılan neftin 51,6 faizi  Rusiyanın payına düşürdü ki, bunun da 95 
faizini Bakı verirdi. 
Rusiya  iqtisadiyyatına  güclü  zərbə  vurmuş  1900-1903-cü  illərin  ümumi 
böhranı  az  sonra  Azərbaycanın  neft  sənayesini  də  bürüdü.  Neft  hasilatı  xeyli 
azaldı.  1901-ci  ildə  671  milyon  puddan
*
  çox  neft  çıxarıldığı  halda,  1903-cü  ildə 
hasilat 11 faiz azalaraq, 597 milyon puda endi. Neft quyuları qazılması təqribən iki 
dəfə azaldı. Neft emal edən 86 zavoddan 31-i dayandı. 
Böhran  illərində  xeyli  kiçik  və  orta  müəssisə  müflisləşib  aradan  çıxdı. 
1901-ci ildə 171 neft şirkətindən yalnız 146-sı, 1903-cü ildə isə 136-sı qaldı. 
Bakıdan  Rusiyaya  və xarici ölkələrə hər  il orta hesabla 500 milyon pud 
neft  göndərilməsinə  baxmayaraq, anbarlarda 130  milyon  puddan  artıq  neft  yığılıb 
qalmışdı. Neftin satış qiyməti iki dəfədən çox aşağı düşmüşdü. 
Bu dövrdə Bakıda 5-6 yüz fəhləsi olan 15 kiçik kimyəvi zavod işləyirdi. 
Zavodlar ağ və qara sulfat turşusu, surraqat, natrium hidroksid, sodalar, təkər yağı 
və s. istehsal edirdi. 
İstehsal səviyyəsi aşağı düşdüyünə görə, neft sənayesində çalışan fəhlə və 
qulluqçuların sayı xeyli azaldı. 1901-ci ildə 36 minə yaxın neftçi fəhlə və qulluqçu 
olduğu halda, 1903-cü ildə onların sayı heç 27 min nəfərə də çatmırdı. 
Neft  sənayesində  böhranın  ardı  ilə  on  ildən  artıq  davam  edən  durğunluq 
dövrü başladı. Bu dövrdə illik hasilat heç zaman 500 milyon pud, neft ixracatı isə 
400 milyon pud səviyyəsinə qalxa bilmədi. 
1905-ci  ildə  cəmi  410  milyon  pud  neft  çıxarıldı.  Birinci  rus  inqilabı 
illərində  51  neft  emalı  zavodunun  19-u  dayandı.  Ağ  neftin  istehsalı  daha  çox 
azaldı. 1904-cü ildə 145 milyon pud ağ neft istehsal edildiyi halda, sonrakı bütün 
illərdə bu səviyyə həmişə 100 milyon puddan aşağı olmuşdur. 
1907-ci  ilin  martında  dünyada  ən  uzun  Bakı-Batum  neft  kəməri  çəkildi. 
829 verst
*
 uzunluğunda olan bu kəmər ildə 60 milyon pud neft nəql etməyə imkan 
verirdi. 
Rusiyada  iqtisadiyyatın  nisbi  yüksəlişi  illərində  neftə  tələbat  xeyli  artdı. 
Neft  hasilatı  isə,  əksinə,  üç  il  ərzində  50  milyon  pud  azalaraq,  1913-cü  ildə  450 
milyon  puda  endi.  Həmin  dövrdə  neft  emal  edən  64  zavoddan  54-ü  qalmışdı  ki, 
onlardan da yalnız 30-u tam gücü ilə işləyirdi. 
1913-cü  ildə  Azərbaycanda  əsrin  əvvəlində  olduğundan  33  faiz  az  neft 
çıxarılmışdı. İndi o, hasilatın səviyyəsinə görə ABŞ-dan dörd dəfə geri qalırdı. 
Ölkədə  əsl  neft  qıtlığı  yarandı,  onun  qiyməti  durmadan  artdı.  1910—
1913-cü  illər  arasında  neftin  hər  pudunun  qiyməti  15  qəpikdən  42  qəpiyə  qalxdı. 
                                                             
*
 62,5 pudun 1 tondur. 
*
 1   verst-1.06 kilometrdir. 
 


 
Neftin  qiymətinin  bu  cür  kəskin  şəkildə  artması,  həmin  illərdə  hasilatın  hələ  50 
milyon  pud  azalmasına  baxmayaraq,  kapitalistlərə  böyük  mənfəət  gətirdi.  Üç  il 
ərzində onların neftdən götürdükləri xalis gəlir dörd dəfə artaraq, 1913-cü ildə 94 
milyon manatı ötüb keçdi. Təkcə «Nobel qardaşları» şirkəti 30 milyon manat əsas 
kapitalla 18 milyon manatdan çox xalis gəlir götürdü. 
Neftin qiymətinin bahalaşması ilə əlaqədar olaraq bir sıra istehsal sahələri 
daha ucuz başa gələn daş kömürə, hətta ağac kömürünə keçdilər. 
Azərbaycanın  qəzalarında neft axtarışı gücləndirildi. Lakin Neftçalada və 
bəzi yerlərdə az miqdarda neft tapılıb çıxarıldıqdan sonra axtarış işləri, demək olar 
ki, dayandırıldı. 
1913-cü  ildə  Azərbaycan neft  sənayesində  fəhlə  və  qulluqçuların  ümumi 
sayı  45  min  nəfərə  çatırdı.  Onlardan  29  min  nəfər  neft  çıxarılmasında,  8,3  min 
nəfər quyu qazılmasında, 4 min nəfər neft emalı zavodlarında, 3,7 min nəfər digər 
köməkçi müəssisələrdə çalışırdı. Fəhlələrin 40 faizə qədərini azərbaycanlılar təşkil 
edirdi.  Neft  sənayesində  ixtisas  tələb  etməyən  işlərdə  Cənubi  Azərbaycandan 
gəlmiş mövsumi fəhlələrdən istifadə olunurdu. 
Neft qıtlığının səbəbi nə idi? 
Birinci səbəb neftin çıxarılması və emalı sahəsində yeni texnologiyalardan 
çox zəif istifadə edilməsi idi. 
Bu  zaman  artıq  kompressor  və  burma-qazıma  üsulları,  dərinlik nasosları 
və  qazlift  kəşf  edildiyi  halda,  neftin  95  faizi  yenə  də  dartac  üsulu  ilə  çıxarılırdı. 
1913-cü  ildə  istehsalın  cəmi  6  faizi  mexanikləşdirilmişdi.  Neftin  yalnız  30  faizi 
elektrik  enerjisinin,  qalan  80  faizi  isə  yenə  də  buxar  mühərriklərinin  gücü  ilə 
çıxarılırdı. 
Neftin  emalı  da  köhnə  metodlarla  aparılırdı,  halbuki  bu  zaman  daha 
səmərəli  krekinq  istehsal  prosesi  ixtira  edilmişdi.  Emal  müəssisələri  çıxarılan 
neftin  öhdəsindən  gələ  bilmirdi.  Hər  il  100-150  milyon  pud  xam  neft  emal 
edilməmiş  qalırdı.  Odur  ki,  neftə  olan  yüksək  tələbat  daha  aşağı  keyfiyyətli  neft 
məhsulları ilə ödənilirdi; mazut neft hasilatının yarıdan çoxunu təşkil edirdi. 
Bakı  neftinin  əsas  istehsalçıları  olan  rus,  erməni  və  əcnəbi  kapitalistləri 
daha  asan  yolla  varlanmağa  çalışaraq,  nefti  fontan  vasitəsilə  çıxarmağa  can  atır, 
neftlə zəngin olan aşağı layları  istismar etmək və yeni texnologiyaları geniş tətbiq 
etmək üçün əlavə vəsait xərcləmək istəmirdilər. 
İkinci  səbəb  o  idi  ki,  ölkənin  daxilində  heç  bir  rəqibi  olmayan  və  daha 
ucuz  Amerika  neftinin  Rusiya  bazarına  soxulmasının  qarşısını  almış  yüksək 
hökumət gömrüyü ilə qorunan Bakı neft maqnatları hasilatı süni sürətdə azaltmaq 
yolu ilə nefti istədikləri qiymətə sata bilirdilər. 
Neftin  qiymətinin  qalxmasından  varlanan  sənayeçilər  mövcud  vəziyyəti 
saxlamağa  çalışırdılar.  Bu  cəhətdən  neft  istehsalçılarını  birləşdirən  «Bakı  neft 
sənayeçiləri  qurultayı  Şurası»  (BNSQŞ)  daha  fəallıq  göstərirdi.  Bu  nüfuzlu 
təşkilatın  üzvləri  yüksək  səviyyəli  müşavirələrdə,  komissiyalarda  iştirak  edərək, 


 
Bakı  neft  sənayeçilərinin  mənafeyini  qoruyur,  hökumətin  neft  istehsalçılarına 
sərfəli olmayan qərarlar çıxarmasına ciddi müqavimət göstərirdilər. 
Neftin  qiymətinin  sənayeçilər  tərəfindən  süni  sürətdə  bahalaşdırılması ilə 
əlaqədar  olaraq,  iri  istehlakçılar  hökumətə  şikayət  ərizələri  yazıb  göndərdilər. 
1913-cü ildə neft məsələsi hətta Dövlət dumasında dəfələrlə müzakirə edildi. Neft 
sənayesindən  böyük  qazanc  götürən  çar  hökuməti  neftli  sahələrin  tükəndiyini, 
quyuların  məhsuldarlığının  aşağı  düşdüyünü,  neftə  olan  tələbatın  durmadan 
artdığını  və  başqa  bəhanələr  gətirərək,  həmişə  neft  sənayeçilərinin  tərəfini 
saxlayırdı. 
Azərbaycan neftindən xəzinənin orta illik gəliri 100 milyon manatdan çox 
idi. 
Birinci  dünya  müharibəsi  illərində  neft  məhsullarına  tələbat  son  dərəcə 
artdı.  Xaricdən  daş  kömür  gətirməyin  mümkün  olmaması  və  Polşadakı  kömür 
mədənlərinin  itirilməsi  Rusiyanın  yanacaq  vəziyyətini  daha  da  ağırlaşdırdı.  Neft 
məhsullarının  xeyli  hissəsinin  hərbi  sifarişlərin  yerinə  yetirilməsinə  yönəldilməsi 
qıtlığı  xüsusilə  kəskinləşdirdi.  Yanacaq  olmadığına  görə  ölkədə  irili-xırdalı 
yüzlərlə müəssisə bağlandı, minlərlə fəhlə küçəyə atıldı. Xaricə neft göndərilməsi 
dayandırıldı. 
Bununla belə, anbarlarda külli miqdarda neft məhsulu saxlanılırdı. 1916-cı 
ildə  Bakının anbarlarında  130 milyon  puddan  çox  neft  ehtiyatı  vardı.  Sənayeçilər 
nefti satışa buraxmamaqla onun qiymətini daha da yüksəltməyə çalışırdılar. 
Köhnə neftçıxarma rayonlarında  hasilat  azalmaqda  davam edirdi.  Yalnız 
yeni  istifadəyə  verilən  Suraxanı,  Binəqədi,  Svyatoy  adası  mədənlərinin  hesabına 
müharibəqabağı neft hasilatı səviyyəsi qismən saxlanılırdı. 
Xam  neftin  təmizlənməsində  başlıca  maddə  olan  sulfat  turşusu,  kaustik 
soda çatışmırdı. Bakı zavodlarında istehsal edilən sulfat turşusu partlayıcı maddələr 
hazırlamaq  üçün  hərbi  nazirliyin  sərəncamına  verilmişdi.  Ona  görə  müharibə 
illərində  qiymətli  neft  məhsullarının  -  ağ  neftin,  yağların  və  sairin  istehsal 
səviyyəsi  iki  dəfəyə  yaxın  azalaraq  ümumi  məhsulun 
1
/
4
  hissəsini  təşkil  etmiş, 
mazut başlıca hasilat növünə çevrilmişdi. 
Müharibə  illərində  işləyən  15  kimyəvi  zavod,  əsasən,  hərbi  sifarişləri 
yerinə yetirirdi. 
Bu dövrdə Azərbaycan neft sənayesi çox borbad hala düşdü. Müharibənin 
sonuna yaxın mədən-zavod avadanlığının yarısı sıradan çıxmışdı. Neft sənayesinə 
900 milyon manata qədər zərər dəymişdi. 
Neft  sənayesində  istehsalın  təmərküzləĢməsinin  qüvvətlənməsi. 
Ġnhisarlar:  1901-ci  ildə  146  neft  şirkəti  arasında  təkcə  üç  ən  iri  şirkət  (―Nobel 
qardaşları‖,  ―Xəzər-Qara  dəniz  birliyi‖  və  ―A.  İ.  Mantaşov  və  K°‖)  neftin  25 
faizindən çoxunu, benzinin 40 faizini  istehsal edirdi. 


 
1903-cü  ildə  Tağıyev,  Bünyadov,  Aşurov  və  başqa  gəmi  sahiblərinin 
təşkil etdikləri «Maye yanacaq daşıyan gəmilər ittifaqı» Xəzər dənizi vasitəsilə neft 
məhsullarının xeyli hissəsini daşıyırdı. 
1906-cı  ildə  178  şirkətin  hasil  etdiyi  neftin  44  faizi  təkcə  yeddi  ən  iri 
şirkətin payına düşürdü. Müharibəqabağı illərdə 37 ən iri şirkət qalan 136 şirkətin 
birlikdə  çıxardıqları  69  milyon  pud  neftdən  beş  qat  artıq  -  350  milyon  pud  neft 
hasil etmişdi. 
Həmin  dövrdə  neftin  emalı  sahəsində  də  güclü  təmərküzləşmə  gedirdi. 
Təqribən  50  neft  emalı  müəssisəsi  içərisində  6  iri  zavodun  payına  ümumi 
məhsulun 65 faizi düşürdü. 
İstehsalın 
təmərküzləşməsi 
ilə 
yanaşı 
fəhlə 
qüvvəsinin 
də 
təmərküzləşməsi  güclənirdi.  1915-ci  ildə  neft  sənaye  fəhlələrinin  64,5  faizi 
işçilərinin  sayı  500 nəfərdən  çox  olan  iri  və  ən iri  müəssisələrdə  çalışırdı.  Bu  cür 
müəssisələr isə bütün müəssisələrin yalnız 10,4 faizini təşkil edirdi. 
Abşeron yarımadasında neftli torpaqlar da sürətlə təmərküzləşirdi. 1916-cı 
ildə istismar olunan neftli torpaqların 480 desyatinə qədəri (43 faizi) təkcə 6 ən iri 
şirkətin, yəni bütün şirkətlərin 4 faizinin payına düşürdü. 
Neft  sənayesinin  səhmləşdirilməsi  geniş  miqyas  aldı.  Əgər  1901-ci  ildə 
əsas  kapitalı  174  milyon manat  olan  51  səhmdar  cəmiyyəti  (şirkət)  vardısa, artıq 
1916-cı  ildə  əsas  kapitalı  380  milyon  manata  çatan  141  səhmdar  cəmiyyəti 
fəaliyyət göstərirdi. 
Səhmdar  cəmiyyətlərinin  işində,  ümumiyyətlə,  kapitalist  istehsalının 
təşkilində banklar mühüm rol oynayırdılar. 
XX  əsrin  əvvəllərində  Azərbaycanın  neft  sənayesində  Rusiya  Dövlət 
Bankının və 10-dan artıq rus səhmdar bankının şöbələri fəaliyyət göstərirdi. 
1914-cü ilin aprelində H. Z. Tağıyev və Musa Nağıyev tərəfindən ilk milli 
bank  -  Bakı  tacir  bankı  təşkil  edildi.  Bu  bank,  ilk  növbədə,  neft  sənayesinin 
ehtiyaclarını ödəmək məqsədi güdürdü. 
Banklar müəyyən faizlə sənaye müəssisələrinə borc pul verir, çox zaman 
səhmdar  şirkətlərin  səhmlərinin  bir  hissəsini  satın  almaqla  onların  payçılarına 
çevrilirdilər. Məsələn, 1914-cü ildə «Nobel qardaşları» şirkətinin 30 milyon manat 
dəyərində səhmlərinin 68,5 faizi 23 banka məxsus idi. 
Bəzən  banklar  ayrı-ayrı  şirkətlərin  səhmlərinin  yarıdan  çoxunu  öz  əlinə 
keçirərək,  əslində,  onları  nəzarət  altına  alırdılar.  Təkcə  Rusiya-Asiya  səhmdar 
bankı 18 iri neft şirkətinə nəzarət edirdi. 
1917-ci ildə  iri  banklar  317,6 milyon  manat  (bütün  səhmdar  kapitalın  84 
faizi  qədər)  səhmdar  kapitalı  olan  60  iri  neft  müəssisəsini  öz  nəzarəti  altına 
almışdı.  İstismar  edilən  quyuların  76  faizə  qədəri  və  ümumi  neft  hasilatının  94 
faizdən çoxu səhmdar cəmiyyətlərin payına düşürdü. 
Sənaye  müəssisələrinin  banklar  tərəfindən  maliyyələşdirilməsi  onların 
arasındakı əlaqələri daha da möhkəmləndirirdi. 


 
1913-cü  ildə  12  bankın  42  nəfər  nümayəndəsi  ayrı-ayrı  neft  şirkətlərinin 
idarə  heyətlərində  96  vəzifəni  öz  əlinə  keçirmişdi.  Məsələn,  Peterburq  uçot  və 
kredit  bankı  sovetinin  üzvü  T.  V.  Belozerski  Rus  «Neft»  şirkəti  idarə  heyətinin 
sədri, digər bir şirkətin direktoru, üçüncüsünün heyət üzvü, həmçinin 20-dən artıq 
müəssisənin  idarə  heyəti  tərkibinə  daxil  idi.  Yaxud,  Rusiya-Asiya  bankı  idarə 
heyətinin sədri A. İ. Putilov bir neft şirkətinin direktoru, iki şirkətin idarə heyətinin 
üzvü idi. 
Bakı  neft  sənaye  şirkətlərinin  nümayəndələri  də,  öz  növbələrində, 
bankların  idarə  heyətlərinə  daxil  olurdular.  Məsələn,  nəhəng  inhisar  birliyinin 
başçısı E. L. Nobel Volqa-Kama bankının sədri idi və s. 
Beləliklə,  Azərbaycan  neft  sənayesində  iri  baik  və  sənaye  kapitallarının 
qovuşması nəticəsində güclü maliyyə hegemonluğu yaranmışdı. 
Neft  sənayesində  xarici  kapital  mühüm  rol  oynayırdı.  Xarici  kapital  neft 
sənayesinə, əsasən, səhmdar cəmiyyətlərinin səhmlərini ələ keçirmək, habelə kiçik 
şirkətləri satın almaq yolu ilə soxulurdu. 
Birinci  dünya  müharibəsi  ərəfəsində  Azərbaycanda  əsrin  əvvəlində 
olduğundan  10  dəfə  çox—112,6  milyon  manat  məbləğində  xarici  kapital  vardı. 
Bunun  54,3  milyon  manatı  ingilislərə,  48,3  milyon  manatı  fransızlara,  10  milyon 
manatı  almanlara  məxsus  idi.  Bu  zaman  neft  sənayesində  xarici  kapital  42  faiz 
təşkil edirdi. 
Neftin  çıxarılması,  emalı  və  satışı  sahəsində  üstünlük  uğrunda  şirkətlər 
arasında  güclənən  rəqabət  inhisar  birliklərinin  yaranmasına  gətirib  çıxartdı. 
İstehsalın 
təmərküzləşməsinin, 
kapitalın 
mərkəzləşməsinin, 
istehsalın 
ictimailəşməsinin  çox  yüksək  səviyyəyə  qalxması  bu  prosesə  güclü  təkan  verdi. 
Hələ 1900-cü ildə «Nobel qardaşları» şirkəti ilə Rotşildin «Mazut» şirkəti arasında 
«Nobmazut»  adlı  kardel  sazişi  bağlanmışdı.  Bu  sazişə  görə,  neft  satışı  bazarları 
həmin iki şirkət arasında bölünürdü. «Nobmazut», həmçinin, Xəzər vasitəsilə xeyli 
neft daşıyırdı. O, 1914-cü ilə qədər fəaliyyət göstərmişdi. 
1909-cu  ilin  əvvəlində  Nobel  və  digər  dörd  kapitalist  arasında  sulfat 
turşusu  sindikatı  yarandı.  Sindikat  öz  məhsulunu  ümumi  kontor  vasitəsilə  yüksək 
stabil qiymətə satırdı. 
Birinci  dünya  müharibəsi ərəfəsində  və  müharibə illərində Azərbaycanın 
neft sənayesində, əsasən, üç inhisar birliyi—«Nobel qardaşları», «Şell» və «Rusiya 
baş neft korporasiyası» hakim mövqe tutdu. 
«Nobel  qardaşları»  konsernin  neft 
mədənlərindən 
və 
emal 
müəssisələrindən əlavə, maye  yanacaq  daşıyan  13  dəniz  və  6  çay  paroxodu,  147 
barjı, 1923 sistern-vaqonu, çoxlu anbar və neft bazaları vardı. Onun təkcə Bakıdakı 
müəssisələrində 8 minə yaxın fəhlə və qulluqçu işləyirdi. 
1914-cü ildə konsern 44 milyon səhmdar kapitalla 9 şirkətə nəzarət edirdi. 
O,  təqribən  80  milyon  pud  neft  çıxarmış  və  başqa  şirkətlərin  110  milyon  puddan 
çox müxtəlif neft məhsullarını alıb, baha qiymətə satmışdı. 

10 
 
1917-ci  ilin  əvvəllərində  «Nobel  qardaşları»  konsernin  74  milyon  manat 
dəyərində  tərpənməz  əmlakı  və  45  milyon  manat  məbləğində  səhmdar  kapitalı 
vardı.  O,  25  iri  neft  sənaye  və  nəqliyyat  müəssisəsinin  90  milyon  manata  yaxın 
səhmdar kapitalını öz nəzarəti altına almışdı. 
1912-ci  ildə  xarici  bazarda  Amerika  və  ingilis  neft  birlikləri  tərəfindən 
sıxışdırılan  və  daxili  bazarda  «Nobel  qardaşları»  konserni  ilə  mübarizə  apara 
bilməyən  Paris  bankiri  Rotşild  özünün  neft  səhmlərinin  çox  hissəsini  dünya  neft 
inhisarçılarından  biri  olan  ingilis-holland  «Şell»  trestinə  satdı.  Hələ  əsrin 
əvvəllərində  Bakıda  ingilis  kapitalı  ilə  təşkil  edilmiş  bir  sıra  kiçik  şirkətlərin  də 
«Şell»in  tərkibinə  daxil  olması ilə trest  daha  da  böyüdü.  1914-cü  ildə  77  milyon 
səhmdar  kapitalla  11  şirkətə  nəzarət  edən  trest  80  milyon  puddan  çox  neft 
çıxarmışdı. 
1917-ci  ilin  əvvəllərində  «Şell»  13  şirkətin  ümumi  məbləği  90  milyon 
manatdan artıq olan səhmdar kapitalına nəzarət edirdi. 
1912-ci  ildə  Londonda  7  rus  bankı,  habelə  ingilis  və  fransız  bankları 
tərəfindən təşkil edilmiş «Rusiya baş neft korporasiyası» (qısaca olaraq «Oyl») çox 
iri inhisar birliyi idi. 
1914-cü  ildə  143  milyon  manatdan  çox  səhmdar  kapitalı  olan  «Oyl» 
korporasiyası  artıq  20-yə  yaxın  şirkəti  öz  nəzarəti  altına  almış,  bir  sıra  ticarət-
nəqliyyat   şirkətləri   ilə   sindikat   sazişi   bağlayaraq, onların 79 neft  stansiyası, 
23  paroxodu,  229  barjı  və  1800  sistern-vaqonunun  sərəncamçısına  çevrilmişdi. 
Həmin  dövrdə  korporasiya  hər  hansı  inhisar  birliyindən  xeyli  çox—110  milyon 
puda yaxın neft çıxarmışdı. 
1916-cı  ildə  «Oyl»un  tərkibində  ən  iri  şirkət  olan  Rus  «Neft»  şirkəti 
ayrılıb müstəqil konsern yaratdıqdan sonra korporasiya dağılmağa başladı. 
1917-ci  ilin  əvvəllərində  75  milyon  manat  səhmdar  kapitalı  olan  Rus 
«Neft»  konserni  40  milyon  puda  yaxın  neft  istehsal  etdi.  O,  səhmdar  kapitalının 
ümumi məbləği 110 milyon manata çatan 22 şirkəti öz nəzarəti altına aldı. 
Beləliklə,  Azərbaycan  neft  sənayesi,  demək  olar  ki,  bütünlüklə  səhmdar 
cəmiyyətlərinin əlində olub, kapitalizmin ən yüksək inkişaf səviyyəsinə çatmışdı. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin