§ 4. AZƏRBAYCAN ZƏHMƏTKEġLƏRĠNĠN
VƏZĠYYƏTĠ
Azərbaycanın müstəmləkə xarakteri onun sosial vəziyyətində tam əks
olunurdu. Əsas yaşayış mənbəyi olan torpağın 3/4 hissəsi, onun təki, dəmir yolları,
magistral neft kəməri və s. dövlətə məxsus idi. Xalqın malını yenidən onun özünə
icarəyə verməklə çar xəzinəsi külli miqdarda qazanc götürürdü.
Ölkə çar hökumətinin qanun və qaydaları ilə idarə olunurdu.
Müstəmləkəçilər yerli əhalini istədikləri kimi istismar edirdilər.
Fəhlələrin vəziyyəti: Azərbaycan fəhlələri ağır şəraitdə yaşayırdılar.
Əsrin əvvəllərində baş verən ümumi iqtisadi böhran onların vəziyyətini daha da
ağırlaşdırdı.
Fəhlələrin iş gününün müddəti çox uzun idi. Bakının zavod və
fabriklərində fəhlələr gündə 10,5—11 saat işləyirdilər. Mirzəbekyansın tütün
fabrikində iş gününün uzunluğu 13 saata çatırdı. İş gününün müddəti dəqiq
müəyyən edilməmiş mədən fəhlələri çox vaxt fabrik-zavod fəhlələrindən artıq
işləyirdilər.
Gədəbəy mis mədənlərində fəhlələr gündə 12-14 saat, həftənin bir günü
isə 18 saat, onların içərisində yeraltı işlərdə çalışanları 11-12 saat, ipəksarıyanlar
14-16 saat, dəmiryolçular 14,5 saat, həftələrlə, bəzən aylarla sahil üzü görməyən
balıqçı fəhlələr 17-18 saat işləyirdilər.
Böhran illərində bir sıra müəssisələrin bağlanması fəhlələrin xeyli
hissəsinin ixtisar edilməsinə, beləliklə, işsizlərin sayının artmasına səbəb oldu.
Bakıda fəhlələrin 1/4 hissəsindən çoxu küçəyə atıldı. Bundan istifadə edən
sahibkarlar iş vaxtını uzadır, fəhlələrin maaşını azaldırdılar. Bakıda fabrik-zavod
fəhlələrinin əmək haqqı 20-25 faiz, neft mədən fəhlələrinin əmək haqqı isə daha
çox azaldıldı.
Bir sıra sənaye sahələrində, o cümlədən neft və dağ-mədən sənayesində
ağalıq edən rus və xarici kapitalistlər işçilərin maaşlarının müəyyənləşdirilməsində
milli ayrı-seçkilik edirdilər. Əsasən azərbaycanlılardan ibarət olan ixtisassız
fəhlələr eyni işin müqabilində rus, alman, polyak və digər əcnəbi fəhlələrdən xeyli
az maaş alırdılar. Məsələn, Nobel qardaşları birliyində ocaqçıların aylıq maaşı 18-
19 manat olduğu halda, azərbaycanlı fəhlələrə 17, hətta 16 manat verirdilər.
48
Fəhlələrin əmək haqqı çox aşağı idi. Əsrin əvvəllərində kişi cinsindən
olan ixtisaslı neftçi və mis mədəni fəhləsi üçün 30-35 manat, ipəksarıyan fəhlə
üçün 20-25 manat ən yüksək səviyyə hesab olunurdu.
Qadın, yeniyetmə və uşaq əməyindən geniş istifadə edilirdi. Xüsusən emal
sənayesində çoxlu qadın və uşaq işləyirdi. Şəki—Zaqatala zonasında, Ordubadda
ipəksarıyanların yarısı, Qarabağ zonasında isə 80 faizdən çoxu qadın və uşaqlardan
ibarət idi. Qarabağ fabriklərində hər iki cinsdən olan yeniyetmə və uşaqların
əməyini istismar etmək adi hala çevrilmişdi. Qadınlara kişilərdən xeyli az, uşaqlara
isə lap az zəhmət haqqı verilirdi. Məsələn, Qarabağ ipəksarıma müəssisələrində
onlar ayda 3-10 manat arasında əmək haqqı alırdılar.
Böhran illərində qanunsuz cərimələrin sayı çoxaldı. Hətta maşının təbii
olaraq sıradan çıxmasına görə də fəhlələrdən cərimə alınırdı. Onları normadan artıq
işləməyə məcbur edirdilər.
Fəhlələrin mənzil şəraiti son dərəcə ağır idi. Onlar heç bir şəraiti olmayan
daxmalarda yaşayırdılar. Mədənlərdə qalıb işləyən fəhlələrin həyatı daha dözülməz
idi. Onlar xüsusi fəhlə qazarmalarında qalırdılar. Darısqal, his-toz basmış qazarma
otaqlarının hər birində 6 nəfərdən artıq, hətta 20 nəfərədək fəhlə çox zaman
döşəmənin üstündə yan-yana uzanıb yatırdı. Sabunçu kəndində ləzgi fəhlələri üçün
qayaların arasında yaşayış yeri düzəldilmişdi. Mədən fəhləsi mənzil haqqı olaraq
aylıq maaşının 15-20 faizə qədərini verirdi.
Neftçi fəhlələrin yaşadığı mədənlərdə hamam belə yox idi. Onlar çox vaxt
ümumi göllərdə yuyunmağa məcbur olduqlarından, tez-tez yoluxucu xəstəliklərə
tutulurdular. Hətta, 1903-1904-cü illərin ümumi tətillərinə qədər neft mədənlərində
içməli su da verilmirdi. Dükan və aşxana sahibləri pulsuz fəhlələrə nisyə mal verir,
haqq-hesab çəkilən zaman isə onları daim aldadırdılar.
Əksəriyyəti gəlmələrdən ibarət olan Gədəbəy mis mədəni fəhlələrinin
yaşadığı qazarmalarda vəziyyət bundan yaxşı deyildi.
Bankə qəsəbəsindəki fəhlə qazarmalarında yaşayan balıqçılar müəssisənin
hesabına yeyib-içməli idilər. Onların əmək haqqı hesablanan zaman əllərinə cəmi
6-7 manat pul çatırdı. Balıqçıların işi mövsümi idi. Onlar ilin on ayını işləyirdilər.
May-iyun aylarında az miqdar təmirçi fəhlə saxlamaqla, bütün balıqçıları işdən
azad edirdilər. İyul ayında başlanan balıq ovu mövsümünə təzədən işçi qüvvəsi
toplanırdı.
Üzücü əmək, ağır həyat şəraiti fəhlələrin vərəm, revmatizm, qanazlığı,
göz xəstəlikləri kimi bir sıra peşə xəstəliklərinə tutulmasına, onların vaxtından
əvvəl əmək iqtidarını itirib sıradan çıxmasına səbəb olurdu.
Fəhlələrin təhlükəsizliyinin qorunması qayğısına qalmırdılar. Bakıda hər
quyu qazılıb qurtaranadək orta hesabla 10 adam ölür və ya şikəst olurdu. Belə çıxır
ki, təqribən yarım əsr ərzində inşa edilmiş 4 min quyu 40 minədək fəhlənin ölümü
və ya şikəstliyi hesabına başa gəlmişdir.
49
İl ərzində Azərbaycanın ipəksarıma fabriklərində orta hesabla 40 nəfər
ölür, 60 nəfər ağır yaralanırdı. Bu cür bədbəxt hadisələr sənayenin başqa
sahələrində də baş verirdi.
İctimai sığorta yox idi. Xəstəliyə tutulmuş və şikəst olmuş fəhlə yaşamaq
vasitələrindən məhrum edilirdi. Mirzəbekyansın tütün fabrikində hətta bir neçə gün
xəstələnib işə çıxmayan fəhləni işdən qovurdular.
Böhran illərində fəhlələrlə kobud rəftar edilməsi, onların hətta döyülməsi
halları çoxalmışdı. Mirzəbekyansın fabrikində fəhlələrin döyülməsi adi hal almışdı.
Fəhlələri, xüsusən tətil edənləri işdən qovur, onları cəzalandırmaq üçün
xəfiyyə idarələri müxtəlif bəhanələr qondarıb, saxta işlər düzəldirdilər. 1901 -
1904-cü illərdə bu cür düzəldilən 260 saxta iş nəticəsində çoxlu fəhlə polis təqibinə
məruz qalmışdı.
Rus-yapon müharibəsi və 1905-1907-ci illər inqilabı dövründə ölkədə baş
verən qıtlıqla əlaqədar olaraq bahalığın artması nəticəsində zəhmətkeşlərin
vəziyyəti xeyli pisləşdi.
1904 və 1907-ci illər arasında çörək, un, ət, kartof kimi çoxişlənən ərzaq
mallarının qiyməti daha çox bahalaşdı. Fəhlələrin real əmək haqqı 15-30 faiz
düşdü.
Birinci rus inqilabının məğlubiyyətindən sonra başlanan irtica illərində
fəhlələrin vəziyyəti daha da ağırlaşdı. İnqilab dövründə neftçilərin əldə etdikləri
bəzi nailiyyətlər heçə endirildi. Hər növbəsi 9 saatdan çox olmayan üçnövbəli iş
sistemi, yenidən hər növbəsi 10—12 saat olan ikinövbəli işlə əvəz edildi. Bir sıra
sənaye sahələrində qarətçi cərimə sistemi yenidən geniş vüsət, aldı. Məsələn,
mədəndə 25 manat maaşla işləyən dartayçı fəhlədən çox vaxt 10 manat məbləğində
cərimə tutulurdu.
İnqilabi əhval-ruhiyyəli fəhlələrin «qara siyahısı» düzəldilmişdi.
Sənayenin durğunluğu ilə əlaqədar olaraq ştatlar ixtisar edilərkən həmin fəhlələrin
adı birinci yazılırdı. Neftçi fəhlələri öz hesabına qeyri-müəyyən müddətə
məzuniyyət götürməyə məcbur edir, bəzi fəhlələr isə ayın yalnız 8-15 gününü
işləyirdilər. İşsizlərin sayı durmadan artırdı. Minlərlə işsiz fəhlə Bakıdan sürgün
edilmişdi. 1908-1909-cu illərdə neft sənaye fəhlələrinin əmək haqqı 10-15 faiz
azalmış, ərzaq mallarının qiyməti isə 65-76 faiz artmışdı. 1911 - 1912-ci illərdə
əmək haqqı yenidən 10 faiz azaldıldı.
Rus və xarici sahibkarların özbaşınalığı həddini aşmışdı. Bir sıra şirkətlər,
o cümlədən Xəzər şirkəti, Nobel qardaşları birliyi fəhlələrə mənzil kirayə haqqı
verməmək üçün, onlara hətta müdiriyyətdən icazəsiz evlənməyi də qadağan
etmişdilər. Bir şirkətdə fəhlələri çox güclü tufan şəraitində baş vermiş yanğını
söndürməyə məcbur etdilər. Bu zaman neft çəninin partlaması nəticəsində 35 fəhlə
öldü, çoxları isə ciddi bədən xəsarəti aldı.
50
Bakı gizli polis şöbəsinin rəisi etiraf etməli olmuşdur ki, sahibkarların
belə qanunsuz hərəkətləri «gizli narazılıq və inqilabi təşviqat üçün əlverişli şərait
yaradır».
Birinci dünya müharibəsi illərində zəhmətkeşlərin yaşayışı son dərəcə
ağırlaşdı. Ən zəruri şeylərin qiyməti 3-5 dəfə bahalaşdı. Məsələn, çörəyin qiyməti
3 dəfə, düyünün qiyməti 4 dəfəyə yaxın, günəbaxan yağı 4,5 dəfə, ərimiş kərə
yağının qiyməti 5 dəfədən çox artdı. Fəhlələrin maaşı isə çox az qalxdı. Məsələn,
neftçilərin əmək haqqı, 1913-cü illə müqayisə etdikdə, 1915-ci ildə cəmi 23 faiz,
1916-cı ildə isə 70 faiz çoxalmışdı. Bakıda və ölkənin başqa şəhərlərində
möhtəkirlik geniş vüsət aldı.
Qafqaz cəbhəsində hərbi əməliyyatlarla əlaqədar olaraq dəmir yollar ilə
əsasən qoşun və hərbi sursat daşınması Bakı əhalisinin Şimali Qafqazdan gətirilən
ərzaq məhsullarından məhrum etmişdi. Bakıda iri qoşun hissələrinin
yerləşdirilməsi də şəhərin ərzaqla təminatını xeyli çətinləşdirmişdi.
Kəndlilərin vəziyyəti: Azərbaycan kəndlilərinin vəziyyəti daha ağır idi.
Onlar torpaqsızlıqdan və aztorpaqlılıqdan xüsusilə əziyyət çəkirdilər.
Aztorpaqlı və torpaqsız kəndlilər ağır şərtlərlə torpaq icarəyə götürməyə
məcbur olurdular. Hələ 1901-ci ildə Yelizavetpol quberniyasında kəndlilərin
istifadəsində olan tornaqların təqribən 1/3 hissəsi icarəyə götürülmüş torpaqlar idi.
İcarə haqqını ödəməyin əsas forması məhsulun 1/10 hissəsindən 1/2 hissəsinə
qədərini təşkil edən paydarlıq idi. İcarədarlığın işləyib ödəmə kimi, bir növ, biyar
forması da vardı. Bəzən torpaq sahəsi pulla icarəyə verilirdi.
İcarədarlığın daha soyğunçu üsullarına əl atılırdı. Bu, icarəyə götürülmüş
torpağın sonradan daha ağır şərtlərlə təkrar icarəyə verilməsi üsulu idi. İcma
torpaqlarının çox hissəsini tutmaqla kifayətlənməyən qolçomaqlar və varlı
kəndlilər iri bəy-mülkədar mülklərində uzun müddətə torpaq icarəyə götürür və ya
dövlətin müzaidə yolu ilə icarəyə verdiyi torpaq sahələrini satın alırdılar. Bu
torpaqlar qat-qat baha qiymətə yenidən yoxsul kəndlilərə icarəyə verilirdi.
Məsələn, suvarılan hər desyatin torpaq sahəsi üçün xəzinəyə 1 man. 25 qəp. icarə
haqqı ödəyən qolçomaq onu yenidən icarəyə verən zaman hər desyatin üçün orta
hesabla 50 pud buğda, pula çevirdikdə isə 50 manat haqq alırdı.
Çar hökuməti tərəfindən Rusiyanın mərkəzi quberniyalarından rus
ailələrinin köçürülüb Azərbaycanda yerləşdirilməsi yerli kəndlilərin vəziyyətini
daha da ağırlaşdırdı. Gəlmə ruslar yerli kəndlilərin hesabına torpaqla gen-bol təmin
edilirdilər. Kəndlilər öz torpaqlarından, yaşayış yerlərindən, bəzən, görünməmiş
vəhşiliklə qovulurdular.
1904-cü ildə çar məmurları Lənkəran qəzasının Mir-Mövsümkənd
əhalisinə məxsus bütün pay torpaqlarını kəndlə birlikdə gəlmə ruslara verdi. Soyuq
qış ayı olmasına və vəba epidemiyasının tuğyan etməsinə baxmayaraq, zalımlar
yerli kəndliləri öz daxmalarından zorla çıxarıb çölə tökdülər, sonra onların
komalarına və bütün tikililərinə od vurub yandırdılar.
51
Bəzən bu zorakılıqlar yerli əhaliyə qarşı açıq silah işlədilməsi yolu ilə
həyata keçirilirdi. Məsələn, Alar kənd camaatını heç bir əvəz vermədən öz
torpaqlarından qovan zaman gəlmə ruslar xəzinənin hesabına silahlanmışdılar.
Yerli qəza rəisinə tapşırılmışdı ki, Muğanda salınmış yeni rus kəndlərinin
sakinlərini hər 100 evə 10 berdanka hesabı ilə silahlandırsın.
Torpaqsız və aztorpaqlı kəndlilər arasında mövsümi işlərlə məşğul
olanların sayı sürətlə artırdı. Kəndlilər xüsusən payız və qış fəsillərində bir neçə ay
müddətinə başqa kəndlərə, habelə şəhərlərə işləməyə gedirdilər.
XX əsrin əvvəllərində Yelizavetpol quberniyasının Şuşa, Zəngəzur,
Cavanşir, Cəbrayıl qəzalarında mövsümiliklə 16,5 min kəndli məşğul olmuşdu ki,
bu da həmin qəzaların kəndlərindəki yaşlı kişi əhalisinin 1/3 hissəsini təşkil edirdi.
Azərbaycanda neft sənayesinın inkişafı ilə əlaqədar olaraq kəndlilərin
Bakıya axını xüsusilə güclənmişdi.
Bəzən mövsümi işə gedən aztorpaqlı, xüsusən torpaqsız kəndlilər
həmişəlik şəhərdə qalaraq proletarlara çevrilirdilər. Bu cəhətdən Abşeron kəndliləri
xüsusilə fərqlənirdilər.
Abşeron yarımadasında Balaxanı, Suraxanı, Sabunçu, Zabrat, Əmircan,
Bülbülə və digər kəndlərim təsərrüfatları, əsasən, xəzinəyə məxsus neftli
torpaqlarda yerləşirdi. Dövlət bu torpaqları müntəzəm olaraq alıb neft
sənayeçilərinə icarəyə verirdi. Əkin yerləri əllərindən çıxmış həmin kəndlərin
sakinləri Azərbaycan neftçilərinin ilk dəstələrini təşkil etdilər.
Azərbaycanda suvarma əkinçiliyi əsas yer tuturdu. Suvarma mənbələrinə,
suyun paylanmasına nəzarət edən mirablar suyu, bir qayda olaraq, peşkeş
verənlərə, habelə mirab seçkiləri zamanı onların tərəfini saxlamış kəndlilərə
verirdilər. Mirabların getdikcə qubernatorlar tərəfindən təyin edilməsi onların
özbaşınalığını daha da artırdı, suya görə haqq xeyli qaldırıldı, nəticədə bir sıra
əkinlər susuzluqdan tələf oldu.
Kəndlilər məcburi şəkildə ödəməli olduqları çox ağır «qanuni»
vergilərdən əlavə, bəylərə və mülkədarlara, artıq ənənəyə çevrilmiş müxtəlif
peşkeşlər verirdilər. Məsələn, Novruz bayramı münasibətilə bayramlıq, kəndli
evlənəndə toy pulu, mülkədar evlənəndə toy xərci və s. Kəndlilərdən taxıl ölçüb
alınmasına nəzarət edən mülkədarın darğası hər kəndlidən 20 qəpikdən 50
qəpiyədək xərclik alırdı.
Zemski rüsumunun bölüşdürülməsində elə qayda qoyulmuşdu ki, ağırlıq
əsasən kəndlilərin üzərinə düşürdü. Belə ki, zemski rüsumu kəndin ümumi əkin
sahəsinin həcminə görə müəyyənləşdirilməli olduğu halda, o, təsərrüfatlar arasında
bərabər surətdə bölünürdü. Ona görə də, gəliri əsas götürdükdə kəndlilər varlılara
nisbətən ölçüyəgəlməz dərəcədə artıq zemski rüsumu ödəməli olurdular.
Kəndlilər bir sıra «könüllü» ianələr də verməli idilər. Onlar özlərinin illik
gəlirinin
1
/
7
hissəsini «xüms»,
1
/
10
hissəsini «zəkat» olaraq verir, orucluq
52
qurtaranda ailənin hər bir üzvünə 7 kirvənkə taxıl hesabilə «kasıblara paylamaq»
üçün mollalara «fitrə» göndərirdilər.
Çar məmurlarının rüşvətxorluğu, özbaşınalığı həddini aşmışdı. Bütün
mübahisəli məsələlər bir qayda olaraq, rüşvət verənin xeyrinə həll olunurdu.
Məmurlar kəndlilərdən müxtəlif bəhanələrlə əlavə məhsul və pul tələb edir,
vergiləri görünməmiş vəhşiliklə yığır, onları təhqir edir və döyürdülər.
1904-cü ilin təkcə noyabr ayında Şuşa qəzasının Qaravəlli kənd
camaatından qanunsuz olaraq 425 manat pul toplanıb mənimsənilmişdi.
Quba qəzasının Şıx-Xızı kəndinin kəndliləri 1907-ci ilin vergilərini
ödədikdən sonra pristav Kanyuşevski əlavə olaraq 699 manat verilməsini tələb
edir. Kəndlilər rüşvotxoru məhkəməyə verirlər. Məhkəmə işi pristavın xeyrinə həll
etdikdən sonra, kəndlilər tələb edilən məbləği toplayıb verməyə məcbur olurlar.
Pristav pulu alarkən hələ üstəlik bildirir ki, 60 manat da borcları qalıbdır.
Başqa bir məmur vergini toplayıb qurtardıqdan sonra kəndlilərdən rüşvət
olaraq taxıl, arı təknəsi, həmçinin xeyli məbləğdə pul tələb edir. Kəndlilər bundan
imtina etdikdə, yüzbaşı onların arvadlarını aparıb rüşvəti almayıncaya qədər - iki
gün saxlayıb buraxmır.
Bəzən bəylər və mülkədarlar sahibkar kəndlilərdən vergi yığmağı iri
icarədarlara icarəyə verirdilər, həmin icarədar da, öz növbəsində, vergi toplamağı
bir neçə vasitəçi icarədara icarəyə verirdi. Vasitəçi icarədarlar fırıldaq və aldatma
yolu ilə kəndlilərdən xeyli artıq vergi alırdılar.
Vergi yığmaq ilə bərabər, hətta rəiyyət üzərindəki özünün bütün
hüquqlarını da icarəyə verən iri torpaq sahiblərinə təsadüf edilirdi. Məsələn, 1903-
cü ildə Zaqatala dairəsində bir kəndi oranın camaatı üzərində bəyin bütün
hüquqları ilə birlikdə 9 il müddətinə icarəyə götürən iki nəfər nuxalı tacir misli
görünməmiş özbaşınalıq etmişdir. Onlar özlərini kəndin tam ağası kimi apararaq,
xeyli artıq vergi toplayır, heç bir etiraza məhəl qoymadan kəndlilərin həyətlərinə
soxulub, onların əzizləyib saxladıqları çoxillik çinarları, xurma və başqa meyvə
ağaclarını kəsir, xoşlarına gələn sahələri, hətta kəndin mal-qarasının səhər
toplandığı naxır meydançasını sürdürüb əkir, otlaqlara müntəzəm olaraq su
buraxmaqla heyvanları örüşsüz qoyur, özlərinin sürülərini gətirib bu yerlərdə
otarırdılar.
Vergi verməyə imkanı olmayan kəndliləri bəzən vəhşicəsinə döyürdülər
ki, bu zaman ölənlər də olurdu. Məsələn, var-yoxu olan təkcə toyuğunu
vermədiyinə görə yüzbaşı bir kəndlini şallaqla döymüş, sonra şallağın dəstəyi ilə
onun sol böyrunə vurub öldürmüşdü. Yaxud, bir kəndli ilə sorğu-sual aparan
zaman məftildən toxunmuş qırmancla onu döymüş, sonra tüfəngin qundağı ilə
qarnına elə vurmuşlar ki, zavallı ertəsi gün ölmüş, arvadı və yeddi uşağı başsız
qalmışdır və s. Kəndlilər pristavların, uryadniklərin və digər çar məmurlarının
özbaşınalığından yuxarı hökumət idarələrinə saysız-hesabsız şikayət ərizələri
53
yazırdılar. Lakin çar hakimiyyət orqanları işi həmişə cibidoluların xeyrinə həll
edirdi.
Ədalətsizlik gəlib o yerə çatmışdı ki, hətta bəzi yüksək rütbəli dövlət
məmurları da bunu etiraf etməyə məcbur olmuşdular.
Lənkəran qəzasının rəisi Bakı qubernatoruna raportunda yazırdı ki,
yüzbaşılar və hakimlər istisnasız olaraq rüşvət alırlar. Kənd məhkəmələrində işlər
haqlı olanın xeyrinə deyil, çox pul verənin xeyrinə həll edilir.
Qafqaz
canişini
Vorontsov-Daşkovun
özü etiraf etmişdir ki,
bürokratiyanın bütün qayğısı Qafqazda imtiyazlı təbəqələri müdafiə etməkdir. O
göstərirdi ki, kəndlilərin pay torpaqlarına mülkədarların bütün münasibətlərində
özbaşınalıq hökm sürür, yerli hakimiyyət orqanları mülkədarların təsiri altındadır.
Birinci dünya müharibəsi illərində kəndlilərin yaşayışı olduqca pisləşdi.
Ərzaq və sənaye malları qat-qat bahalaşdı, qıtlıq son dərəcə gücləndi.
1914-cü ilin dekabrında çarın verdiyi qanuna əsasən torpaq vergisinin
miqdarı 50 faiz artırıldı.
1915-ci ildə çar hökumətinin fərmanı ilə 25 yaşınadək gənclər cəbhəarxası
işlərə səfərbər edildi. Azərbaycanın əmək qabiliyyətli kənd əhalisinin 30 faizi
təsərrüfatdan ayrılıb arxa işlərə göndərildi.
Hərbi ehtiyaclar üçün on minlərlə at, qaramal müsadirə edildi.
1916-cı ildə qeyri-xristian əhalisinə əlavə olaraq xüsusi hərbi vergi
qoyuldu.
Bütün bunlar onsuz da ölgün vəziyyətə düşmüş kəndli təsərrüfatlarının
müflisləşməsinə səbəb oldu. İş heyvanı olmadığına görə yüzlərlə kəndli təsərrüfatı
becərilməmiş qaldı. Əhali aclıq çəkməyə başladı.
Çar müstəmləkə orqanlarının, rus məmurlarının və digər zalımların
özbaşınalığı, zorakılığı zəhmətkeş kütlələrin sinfi və milli-azadlıq mübarizəsinin
daha da güclənməsinə səbəb oldu.
* * *
1. 1915-ci ildə Bakı sənaye rayonu Azərbaycanın ümumi gəlirinin yarıya
qədərini, bütün sənaye məhsulunun isə 71 faizdən çoxunu verirdi. Buranın sənaye,
nəqliyyat, ticarət, rabitə və xidmət sahələrində 109 minə qədər fəhlə çalışırdı.
Onların 45 min nəfəri neft sənaye fəhlələrindən ibarət idi.
Fəhlələrin sırasında 29 millətin nümayəndəsi vardı. Onların 41 faizindən
çoxunu azərbaycanlılar, 27,5 faizini ruslar, 17,7 faizini ermənilər, 6 faizini
dağıstanlılar və digər millətlərin nümayəndələri təşkil edirdi.
Rusiya imperiyasında əhalinin hər 100 nəfərinə düşən fəhlənin sayına
görə Bakı quberniyası Moskva, Vladimir və Peterburq kimi iri mərkəzi-sənaye
quberniyalarından sonra dördüncü yeri tuturdu. Bakı quberniyasında hər yüz nəfərə
5,3 fəhlə düşürdü.
54
2. Neft sənayesində toplanan külli miqdarda kapitalın vasitəsilə
Azərbaycanda, Rusiyada, həmçinin xarici ölkələrdə bir sıra istehsal sahələri ələ
keçirilmiş və yeniləri yaradılmışdır. Erməni kapitalisti S. Q. Lianozov başqa bir
neft sənayeçisi ilə şərikli sement və digər tikinti materialları istehsal edən «Tauz»
şirkətini təsis etmişdi. O, Ənzəli - Tehran yolu avtomobil nəqliyyatı şirkətinin 25
faiz payını və Qafqazda dəmir filizi sənayesinə nəzarətin 30 faizini öz əlinə
keçirmişdi. Azərbaycan neftindən hədsiz dərəcədə varlanmış erməni milyonçuları
olan Qukasovlar ailəsi Rusiyada iri elektronika, akkumulyator və armatur-elektrik
sahələrini ələ keçirərək, əslində, bütün elektrotexnika sənayesinmi inhisarçısına
çevrilmişdi və s. b. k.
3. 1913-cü ildə, Bakı sənaye rayonunu çıxdıqdan sonra, qəzalarda ümumi
məhsulun 40 faizini onun sənaye sahələri verirdi. Bu, Azərbaycanın bütün sənaye
məhsulunun təqribən 29 faizini təşkil edirdi.
4. Bu dövrdə yüngül sənaye sahələrində 13600 nəfərdən çox, yeyinti
sənaye sahələrində isə 58 min nəfərdən çox, cəmi 71,7 min fəhlə işləyirdi. Digər
sənaye, nəqliyyat, rabitə və xidmət sahələrində çalışan fəhlələrlə birlikdə qəzalarda
(Bakısız) fəhlələrin ümumi sayı 90 min nəfərə çatırdı.
Qəzalarda sənaye fəhlələrinin 4/5 hissəsindən çoxunu azərbaycanlılar
təşkil edirdi.
5. 1913-cu ildə daimi kənd təsərrüfatı fəhlələri ilə birlikdə Azərbaycanda
fəhlələrin ümumi sayı 305 min nəfərə çatırdı.
Fəhlələr Azərbaycan əhalisinin 12,4 faizini təşkil edirdi. Həmin dövrdə
müvafiq Ümumrusiya səviyyəsi 12 faizə bərabər idi.
55
II FƏSĠL
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYCANDA
ĠCTĠMAĠ-SĠYASĠ
VƏZĠYYƏT
Dostları ilə paylaş: |