AZƏrbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ


§ 3. MĠLLĠ HƏRƏKATIN VƏ ĠNQĠLABĠ MÜBARĠZƏNĠN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10116
1   ...   5   6   7   8   9   10   11   12   13
§ 3. MĠLLĠ HƏRƏKATIN VƏ ĠNQĠLABĠ MÜBARĠZƏNĠN  
ZƏĠFLƏMƏSĠ VƏ YENĠDƏN YÜKSƏLMƏYƏ  BAġLAMASI. 
AZƏRBAYCANLILARIN BĠRĠNCĠ DÜNYA 
MÜHARĠBƏSĠNDƏ ĠġTĠRAKI 
 
Ġrticanın  hücumu:  Çarizmin  1907-ci  il  3  iyun  çevrilişindən  sonra   
Rusiyanın hər yerində irtica hücuma keçdi. 
Azərbaycanın, demək olar ki, bütün qəzalarında hərbi vəziyyət elan edildi. 
Yüzlərlə fəhlə və kəndli dara çəkildi, həbsxanaya  salındı, sürgün olundu. 1907-ci 
ilin  axırlarında  təkcə  Bakının  mərkəzi  şəhər  həbsxanasında  min  nəfərdən  artıq 
siyasi məhbus vardı. 

90 
 
Həbslər  nəticəsində  o  qədər  adam  itirilmişdi  ki,  hətta  Yelizavetpol, 
Şamaxı,  Şuşa  bolşevik  təşkilat  və  qrupları,  faktik  olaraq,  bir  müddət  fəaliyyət 
göstərə bilmədi. 
Stolıpinin  göstərişinə  əsasən,  Bakıda  xəfiyyəçilərin  sayı  artırıldı.  Qafqaz 
canişininın  sərəncamı ilə şəhərə əlavə olaraq 12 batalyon qoşun göndərildi. 
Fəhlələrin həmkarlar  ittifaqları, mədəni-maarif  cəmiyyətləri,  əsasən, ləğv 
edildi. Onların salamat qalan çox az hissəsi, o cümlədən Bakı neft sənaye fəhlələri 
İttifaqı  polisin  ciddi  nəzarəti  altına  alındı.  Fəhlə  qəzetləri  bağlandı.  1  Mayın 
bayram edilməsi qadağan olundu və s. 
Çar  hökuməti  mütləqiyyəti  devirməyi  qarşıya  məqsəd  qoyan  sosial-
demokratlara nisbətən,  geniş  islahatlar  keçirilməsini  tələb  edən milli-demokratları 
daha təhlükəsiz  düşmən hesab  edirdi.  Bununla  belə, milli-demokratik  qüvvələr də    
irticanın hücumuna məruz qaldılar. 
Bir  sıra  milli-siyasi  təşkilatlar,  cəmiyyətlər,  jurnal  və  qəzetlər  bağlandı, 
görkəmli demokratik ziyalıları təqib etməyə başladılar. 
Yelizavetpol qubernatorunun xüsusi sərəncamı ilə «Difahi» və «Müdafiə» 
müsəlman  partiyalarının  fəaliyyəti  polisin  ciddi  nəzarəti  altına  alındı.  Qafqaz 
canişini  «Difahi»nin  başçıları  barədə  daha  təsirli  tədbirlər  görülməsini  tələb  etdi. 
1908-ci ildə vəziyyətin son dərəcə təhlükəli olduğunu görən Ə. Ağayev Türkiyəyə  
getməyə məcbur  oldu. 
M.  Ə.  Rəsulzadə,  Ə.  Hüseynzadə  və  digər  demokratik  ziyalılar  İrana, 
Türkiyəyə,  həmçinin  başqa  ölkələrə  getməklə,  irticanın  təqiblərindən  yaxa 
qurtardılar.  1907-ci  ilin  dekabrında  vaxtilə  Vıborq  müraciətnaməsini  imzalamış 
duma deputatlarının, o cümlədən azərbaycanlı deputatların Peterburqda  məhkəmə 
prosesi  başlandı.  Deputatların  hərəsinə  üç  ay  həbs  cəzası  verildi,  onlar  Dövlət 
dumasına  və ictimai vəzifələrə seçkilərdə iştirak etməkdən məhrum edildilər. 
Ġrtica  Ģəraitində  milli  hərəkat:  Milli-demokratik qüvvələr,   əsasən,  çar 
hökumətinin  icazə  verdiyi  leqal  imkanlardan  istifadə  etməklə  fəaliyyət 
göstərirdilər.  1907-ci  il  iyunun  3-də  qəbul  edilmiş  yeni  seçki  qanunu  müsəlman 
xalqlarının  seçmək  hüququnu  son  dərəcə  məhdudlaşdırdı.  Bu  qanuna  əsasən,   
Bakı,  Yelizavetpol  və  İrəvan  quberniyaları  bir  seçki  dairəsində  birləşdirilərək, 
Dumaya  biri  müsəlman,  digəri  erməni  millətindən  olan  cəmi  iki  deputat  seçə 
bilərdi.  Hətta  Orta  Asiyanın  müsəlman  əhalisi  «qeyri  yetkin»  xalqlar  elan  
olunaraq,  seçki hüququndan  bütünlüklə məhrum edildilər. 
Həmin  il  noyabrın  1-də  III  Dövlət  duması  açıldı.  Dumada  Bakı, 
Yelizavetpol  və  İrəvan  quberniyalarının  müsəlman  əhalisini  təkcə  Xəlil  bəy 
Xasməmmədov təmsil edirdi. O, Dumadakı çıxışında Qafqaz xalqlarının bir-birinə 
qarşı  qoyulması  siyasətini  kəskin tənqid  edərək  göstərdi  ki,  millətlər arasında heç 
bir  ayrı-seçkilik  olmamalı,  onlar  eyni  hüquqlardan  istifadə  etməli  və  eyni  
vəzifələri  daşımalıdırlar;  ancaq  belə  şəraitdə  əhali  dövlətə  etimad  edə  bilər. 
Xasməmmədov  müsəlman  fraksiyası  adından  çıxış  edərək,  çarizmin  köçürmə   

91 
 
siyasətini  pislədi,  yerli  torpaqsız  və  aztorpaqlı  kəndlilərin  torpaqla  təmin 
olunmasını, ana  dilində təhsil,  qeyri-rus xalqlarının milli dillərinin öyrənilməsinin 
məcburi fənlər sırasına daxil edilməsini, Rusiyanın ali məktəblərinə qəbul zamanı 
müsəlmanlara qoyulmuş məhdudiyyətlərin götürülməsini və müsəlman tələbələrinə 
də  dövlət  təqaüdü  verilməsini,  milli  ucqarlarda  seminariyalar,  ali  məktəblər,  
müsəlman  qızları üçün dövlət məktəbləri açılmasını, yerli məhkəmə işlərində milli 
dilin işlədilməsini və sair tələb etdi. 
İrticanın  hücumuna  düçar  olmayan  mədəni-maarif  cəmiyyətləri,  o 
cümlədən  «Nəşr  maarif»,  «Nicat»,  1910-cu  ildə  təşkil  edilmiş  «Səfa»  cəmiyyəti, 
xüsusən,  jurnal  və  qəzetlər  vasitəsilə  milli  azadlıq  ideyaları  təbliğ  edilirdi.  Buna 
görə  də  jurnal  və  qəzetlərin  demokratik  fikirli naşirləri  dəfələrlə təqiblərə,  böyük 
məbləğdə cərimələrə, həbslərə və başqa cəzalara məruz qalırdılar. 
Xeyriyyəçilik  işləri  güclənirdi.  Təkcə  1912-ci  ildə  «Nəşr  maarif»  
cəmiyyətinın    vəsaiti  hesabına  Abşeron  kəndlərində  12  məktəb  açılmışdı.  H.  Z. 
Tağıyev  Bakı  kommersiya  məktəbini, ikinci  qız  gimnaziyasını,  Musa  Nağıyev  və 
Murtuza  Muxtarov  realnı  məktəbini  himayədarlığa  götürdülər.  Himayədarlar 
sırasında  Həbib  bəy  Mahmudbəyov,  Əsədulla  Əhmədov,  İsa  bəy  Hacınski  və 
başqaları  vardı.  Milli  burjuaziyanın  vəsaiti  hesabına  gənclərin  Rusiyaya  və  xarici   
ölkələrə ali təhsil almağa göndərilməsi davam etdirilir,  imkansızlara  pul yardımı   
göstərilirdi.  Cəmiyyətin  xətti  ilə  müxtəlif  ictimai-mədəni  tədbirlər  həyata 
keçirilirdi və s. 
Bu  zaman  mühacirətdə  olan  demokratik  əhval-ruhiyyəli  Azərbaycan 
ziyalıları  milli  istiqlal ideyalarını  yayır  və  inkişaf  etdirirdilər.  Bunun  üçün həmin 
dövrdə İran və Türkiyədə mürtəce rejimlərə qarşı çevrilmiş ümumxalq hərəkatları   
əlverişli  şərait  yaradırdı.  Azərbaycanın  şimalından  olan  mühacirlər  Cənubi 
Azərbaycan  məşrutəçiləri  (konstitusiya  tərəfdarları)  ilə  və  gənc  türklərlə 
yaxınlaşdılar.  Milli  ziyalılar  İran  və  Türkiyə  mətbuatında,  xüsusən  özlərinin  bu 
ölkələrdə  yaratdıqları  jurnal  və  qəzet  səhifələrində  Azərbaycanın  milli  qurtuluşu 
yollarını,  onun  tarixi  keçmişini,  mədəniyyətini,  dil  və  mənəviyyatını  araşdıran,  
həmçinin gənc türklər və məşrutə inqilablarından bəhs edən bir sıra məqalələr dərc 
etdirdilər, kitablar buraxdılar. 
1910-cu  ildə  İran  demokrat  partiyasının  yaradılmasında  yaxından  iştirak 
edən  və  bu  partiyanın  Mərkəzi  Komitəsinin  üzvü  seçilən  M.  Ə.  Rəsulzadə 
vətəndəki  məsləkdaşlarına  göndərdiyi  məktublarında  milli-azadlıq  hərəkatına 
rəhbərlik  etmək  üçün  siyasi  partiya  yaratmağın  vacibliyini  göstərir  və  müvafiq 
tövsiyələrini verirdi. 
1911-ci  il  oktyabrın  11-də  keçmiş  hümmətçilərdən  Nağı  Nağıyev, 
Məmmədəli Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən gizli fəaliyyət göstərən 
«Müsəlman demokrat «Müsavat» partiyası»nın əsası qoyuldu. 

92 
 
1913-cü  ildə  Romanovlar  sülaləsinin  300 illiyi  münasibətilə  verilən əhv-
ümumidən sonra Vətənə qayıdan M. Ə. Rəsulzadə «Müsavat» partiyasına girdi və 
tezliklə onun rəhbəri oldu. 
«Müsavat»  Qərbin  nümunəsində  kapitalist  inkişaf  yolunu  müdafiə  edən 
liberal burjua partiyası idi. 
«Müsavat»ın qəbul olunmuş ilk proqramında milli və dil fərqlərindən asılı 
olmayaraq, bütün müsəlman xalqlarını müstəqillik və tərəqqi uğrunda mübarizədə 
birləşdirmək ideyası əsas məqsəd götürülürdü. 
«Müsavat»ın  fəaliyyəti  getdikcə  genişlənir,  Azərbaycanın  müxtəlif 
yerlərində onun şöbələri yaradılırdı. 
Birinci dünya müharibəsi illərində milli-siyasi fəallığın artması: 1914-
cü  ilin  yayında  birinci  dünya  müharibəsi  başlandı.  Şimali  Azərbaycanda  hərbi   
əməliyyatlar  getməsə  də, müharibənin  məhrumiyyətləri lap ilk çağlarından  hiss 
olunurdu.  Müharibənin  yaraları  ilə  əlaqədar  olaraq,  xeyriyyə  cəmiyyətlərinin 
qayğıları olduqca artdı. Milyonçu Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədullayevin 
sədr  olduğu  və  H.  Z.  Tağıyevdən  böyük  pul  yardımı  alan  Bakı  müsəlman 
«Xeyriyyə  cəmiyyəti»nin  üzvləri  didərginlərə,  yaralılara,  qaçqınlara  kömək 
məqsədilə  bütün  cəbhə  boyu  türk  xalqlarının  yaşadıqları  rayonlara  getdilər. 
Cəmiyyətin  fəaliyyətində  gənc  şair  Əhməd  Cavad  (1891-1937-ci  illər)  yaxından 
iştirak edirdi. O xeyriyyəçilik məqsədilə Şimali Qafqaza, Gürcüstana, Türkiyəyə və 
başqa yerlərə gedib çıxmışdı. Onun köməyi ilə kimsəsiz uşaqlar üçün yetim evləri 
təşkil edilmişdi. 
Müharibənin əvvəllərində Bakıda qadın xeyriyyə cəmiyyəti yaradıldı. Bu 
cəmiyyət,  ilk  növbədə,  xaricdə  təhsil  alan  azərbaycanlı  gənclərə  müharibə  ilə 
əlaqədar  maddi  çətinlikləri  dəf  edib,  öz  təhsillərini  başa  vurmaları  üçün  vəsait 
toplayıb  göndərirdi.  Az  sonra  Bakıda  Qaçqınlara  kömək  komitəsi  təşkil  edildi. 
Şəhərdə  onun  çoxlu  şöbələri  vardı.  Milli-demokratik  ziyalılar,  şəhərin  varlıları 
Komitəyə yaxından kömək edirdilər.  
Bu dövrdə Yelizavetpolda ali təhsilli həkimlər Xudadat bəy Rəfibəyov və 
Həsən  bəy  Ağayev  tərəfindən  yaradılmış  «Yelizavetpol  tibb  cəmiyyəti»  əhaliyə 
çox zaman pulsuz xidmət edir, imkansız xəstələrə dərman almağa vəsait verirdi. 
1915-ci ilin yazında rus müstəmləkəçilərinə arxalanan erməni millətçiləri 
tərəfindən  törədilən  Qars  qırğını  ilə  əlaqədar  böyük  müsibətlərə  düçar  olmuş türk 
əhalisinə  kömək  etmək  üçün  Yelizavetpolda  Ələkbər  bəy  Rəfibəyovun rəhbərliyi 
altında ianə komissiyası yaradıldı.  Komissiyanın üzvləri on min manatlarla vəsait 
toplayıb zərərçəkənlərə çatdırdılar. 
Bu zaman, birinci dünya müharibəsinin təsiri altında Azərbaycanda milli-
azadlıq  hərəkatı  yenidən  vüsət  aldı.  M.  Ə.  Rəsulzadə  bu  hərəkatın  ideya  rəhbəri 
oldu. O, əsası hələ XX əsrin ilk illərində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, 
Cəlil Məmmədquluzadə tərəfindən qoyulmuş milli-azadlıq ideyalarını yeni ictimai 

93 
 
şəraitdə inkişaf etdirdi. M. Ə. Rəsulzadənin milli-azadlıq ideyaları qəzet və jurnal 
səhifələrində dərc edilərək yayılırdı. 
1914-cü ilin axırlarında «Dirilik» jurnalında M. Ə. Rəsulzadənin «Dirilik 
nədir?»  silsilə  məqalələri  dərc  olundu.  O  elmi  surətdə  əsaslandırdı  ki,  Araz 
çayından  şimalda  yaşayan  və indiyədək rəsmi adı  məlum  olmayıb,  gah  türk,  gah 
tatar,  hətta  «müsəlman»  kimi  hallandırılan  bu  xalq  hazırda  Arazın  o  tayında  İran 
hakimiyyəti  altında  «Azərbaycan»  adı  ilə  qərar  tutan  xalqla  eyni  mənşədəndir. 
Xalqımızın  azərbaycanlı  kimi  tanıdılması  istiqamətində  bəzi  demokratik  ziyalılar 
əvvəllər  də  cəhdlər  göstərmişlər,  lakin  «Azərbaycan»  termininin  ictimai-siyasi 
həyatda  istinasız  olaraq  xalqın  rəsmi  adına  çevrilməsi  M.  Ə.  Rəsulzadənin 
xidmətinin nəticəsidir. 
Milli-azadlıq  hərəkatında  M.  Ə.  Rəsulzadənin  əsas  şüarı  «türkləşmək, 
islamlaşmaq, müasirləşmək» idi. Belə bir şüar vaxtilə Ə. Hüseynzadə tərəfindən də 
irəli  sürülmüşdü.  M.  Ə.  Rəsulzadə  türk  xalqlarının  bir  dövlətdə  birləşdirilməsini 
təbliğ  edən  pantürkizmin  və  bütün  millətlərdən  olan  müsəlmanların  vahid 
dövlətinin  yaradılmasını  təbliğ  edən  panislamizmin  əleyhinə  olub,  həm 
pantürkizmə, həm panislamizmə milliliyin itirilməsi kimi qiymət verirdi. Göstərirdi 
ki,  «...müsəlman  ölkələrində  milli  özünüdərketmənin  oyadılması  prosesini  
qüvvətləndirmək  lazımdır».  O,  türk  birliyinə  müstəmləkəçilərə  qarşı  mübarizədə 
birgə çıxış etmək vasitəsi kimi baxırdı. 
1915-ci  il  oktyabrın  2-də  M.  Ə.  Rəsulzadə  «Açıq  söz»  qəzetinin  nəşrinə 
başladı.  Bu  qəzet,  əslində,  gizli  fəaliyyət  göstərən  «Müsavat»  partiyasının  orqanı 
idi.  Qəzetin  ilk  nömrəsinin  baş  məqaləsində  göstərilirdi  ki,  «dəhşətlərinə  şahid 
olduğumuz böyük müharibə böyük bir həqiqəti—əsrimizin milliyyət əsri olduğunu 
isbat  etdi...  Ayrı-ayrı  millətlər  bir  millət  olaraq  yaşaya  bilmək  üçün  hər  şeydən 
əvvəl  özlərini  bilməli,  müəyyən  fikir  və  əməllər  ətrafında  birləşərək  böyük  bir 
məfkurəyə... sahib olmalıdırlar». M. Ə. Rəsulzadə cəmiyyətin sinfi təbəqələşməsini 
qəti  rədd  edərək,  demokratik  prinsiplər  əsasında  xalqın  bütün  zümrələrinin 
birliyinə  onun  milli,  dini  və  mənəvi  inkişafının,  bütövlüyünün  və  müstəqilliyinin 
əsası kimi baxırdı. 
Bu dövrdə sosial-demokratların içərisində milli məsələnin həllinə müxtəlif 
cür yanaşılırdı. Azərbaycan xalqının siyasi cəhətdən hələ yetişmədiyini iddia edən 
menşeviklər,  eserlər  milli  məsələnin  həlli  yolunu  bu  xalqa  yalnız  milli-mədəni 
muxtariyyət  verilməsində  (mədəni  təşkilatlar  yaratmaq,  ana  dilində  məktəblər 
açmaq  və  s.)  görürdülər.  S.  Şaumyan  da  Qafqaz  xalqlarına  vilayət  (ərazi) 
muxtariyyəti  verilməsinin  əleyhinə  çıxırdı.  Buna görə hətta  V.  İ.  Lenin  onu  ciddi 
tənqid etmişdi. 
V. İ. Lenin başda olmaqla bolşeviklər milli-mədəni muxtariyyətin əksinə 
olaraq,  xalqlara,  vahid  çoxmillətli  dövlətin  tərkibində  qalmaq  şərti  ilə,  vilayət 
muxtariyyəti  verilməsinə  tərəfdar  idilər.  O  göstərirdi  ki,  barışmaz  sinfi  mübarizə, 
proletar  beynəlmiləlçiliyi,  bütün  millətlərdən  olan  proletarların  birgə  fəaliyyəti 

94 
 
zəminində  millətlərə  hətta  müstəqil  dövlətini  yaratmağa  qədər  öz  müqəddəratını 
təyin etmək hüququ verilə bilər. 
Milli-demokratlar  bolşeviklərin  milli  siyasətinə  xalqları  sinfi  cəhətdən 
parçalamaq  yolu  ilə  bu  xalqların  milli  bütövlüyünü  məhv  etmək  kimi  baxırdılar. 
Onlar  millətin  bütün  təbəqələrinin  mənafeyinin  eyni  dərəcədə  müdafiə  olunduğu 
vilayət muxtariyyətinə tərəfdar idilər. 
Mətbuat  səhifələrində,  leqal  və  gizli  fəaliyyət  göstərən  təşkilatların 
vasitəsilə  xalqı  milli  birliyə,  türk  və  müsəlman  birliyinə  çağırışlar  xeyli 
qüvvətləndi.  Sosial-demokratlarla  hələ  əlaqəni  üzməyən,  hətta  1914-cü  ildə  M. 
Qorkinin  «Ana»  romanının  bir  hissəsini  Azərbaycan  dilinə  çevirən  M.  Ə. 
Rəsulzadə  millətlərin  öz  müqəddəratını  təyin  etmək  prinsipinə  bolşeviklərin 
deklarativ yanaşmasına tam yəqinlik hasil edərək, onlardan tamam uzaqlaşdı. 
Müharibə uzandıqca milli-müstəmləkə zülmü daha da şiddətlənir, əhalinin 
mövcud quruluşdan narazılığı durmadan artırdı. 
1916-cı 
ilin  noyabrında  IV  Dövlət  dumasında  Zaqafqaziya 
müsəlmanlarının  yeganə  deputatı  Məmməd  Yusif  Cəfərov  müxalifətə  qoşularaq 
müsəlman fraksiyası adından hökumətə etimad göstərmədiyini bildirmiş və bütün 
xalqlara azadlıq verilməsini tələb etmişdir. O demişdir ki, hələ heç vaxt milli zülm 
bu  səviyyəyə  çatmamış,  Rusiya  mərkəzi  bürokratik  mexanizmi  «özgə  xalqların»
2
 
hissiyyatı  ilə  bu  dərəcədə  oynamamış,  onların  məişət  və  mənəvi  xüsusiyyətlərini 
bu qədər eybəcər hala salmamışdır. 
Azərbaycanlıların birinci dünya müharibəsində iĢtirakı: Birinci dünya 
müharibəsi  cəbhələrində  200  nəfərədək  azərbaycanlı  zabit  vuruşmuşdu.  Onlar 
çarizmin özünə yaxın saydığı xan-bəy, burjua ailələrinə mənsub adamlar idilər. Bu 
zabitlərin  içərisində  generallardan  Səməd  bəy  Mehmandarov,  Əliağa  Şıxlinski, 
Hüseyn xan Naxçıvanski, polkovnik İbrahim ağa Orucov, mayor Zülfüqar Bağırov, 
ştabs-kapitan Tərlan Əliyarbəyov və başqaları vardı. 
Müharibənin  əvvəllərində  Port-Artur  qəhrəmanı  general-leytenant  S. 
Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyası Lodz əməliyyatı zamanı 
xüsusi  fərqləndi.  Az  sonra  II  Qafqaz  ordu  korpusunun  komandiri  təyin  olunan 
Mehmandarov  müharibənin  sonuna  yaxın  artıq  korpuslar  qrupuna  komandanlıq 
edirdi ki, bu da ordu komandanlığına bərabər vəzifə idi. O, hərbi xidmətlərinə görə 
dəfələrlə qızıl qılıncla, Rusiyanın, həmçinin İran, İngiltərə, Fransa və Rumıniyanın 
müxtəlif  döyüş  ordenləri  ilə  təltif  edilmiş,  artilleriya  üzrə  tam  general  rütbəsinə 
qədər yüksəlmişdi. 
Port-Arturun digər qəhrəmanı general-mayor Ə. Şıxlinski müharibənin ilk 
günündən  Rusiya  paytaxtını  artilleriya  ilə  müdafiənin  rəisi  təyin  olundu.  Sonra, 
ağır  artilleriya  üzrə  taktiki  döyüş  hazırlıqlarına rəhbərlik  etmək  üçün,  Şimal-Qərb 
cəbhəsinə göndərildi. 
                                                             
2
 Çar höküməti müstəmləkə əhalisinin bu cür – ―inorodtsı‖ – adlandırdı. 

95 
 
Bir  müddət  Baş  qərargahda  işləyən  Şıxlinski  müharibəni  10-cu  ordunun 
komandanı vəzifəsində başa vurdu. Onun hərbi xidmətləri Rusiyanın yüksək döyüş 
ordenləri  və  qızıl  qılıncla  qiymətləndirildi,  Şıxlinskiyə  general-leytenant  rütbəsi 
verildi. 
General-leytenant,  Hüseyn  xan  Naxçıvanskinnn  komandanlıq  etdiyi  1-ci 
və  2-ci  qvardiya  süvari  diviziyaları  Şərqi  Prussiyada  alman  qoşunlarına  qarşı 
müvəffəqiyyətli  döyüşlər  apararaq,  onları  bir  sıra  strateji  mövqelərdən  vurub 
çıxartdılar.  Onun  hərbi  hissələri  düşmənin  canlı  qüvvəsinə  böyük  tələfat  verdi, 
xeyli  hərbi  qənimət  ələ  keçirdilər.  Naxçıvanskiyə  süvari  qoşun  üzrə  tam  general 
rütbəsi  verildi.  O  bir  sıra  döyüş  ordenləri  ilə,  o  cümlədən  «Müqəddəs  Georgi» 
ordeninin bütün dörd dərəcəsi ilə təltif edildi. 
Vuruşmalarda  qəhrəmanlıq  göstərərək,  yüksək  döyüş  ordeni  olan  Georgi 
xaçı ilə təltif edilmiş onlarca azərbaycanlı zabit vardı. 
İlk  azərbaycanlı  təyyarəçisi  Fərrux  Qayıbov  özünün  idarə  etdiyi  «İlya 
Muromets  №  16»  təyyarəsi  ilə  düşmən  istehkamlarına,  körpülərə  və  digər  hərbi 
obyektlərə aramsız zərbələr endirir, havadan onların mövqelərinin şəkillərini çəkir, 
alman təyyarələrini atəşə tuturdu. 1916-cı ilin sentyabrında Vilno səmasında onun 
üstünə gələn dörd alman təyyarəsi ilə qeyri-bərabər döyüşdə F. Qayıbov düşmənin 
üç təyyarəsini vurub  saldı, özü isə od tutub yanan təyyarənin içərisində komanda   
üzvləri ilə birlikdə həlak oldu. 
Nijqorod  draqun  alayının  rotmistri  Teymur  Novruzov  öz  eskadronu  ilə 
düşmən  süvarilərini  qılıncdan  keçirərək,  onların iki ağır  topunu qənimət  götürdü. 
O, «Müqəddəs Georgi» ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. 
Birinci dünya müharibəsi zamanı «Qafqaz süvari diviziyası»nın tərkibində 
azərbaycanlılardan  təşkil  olunmuş  «Tatar  (Azərbaycan-T.  Ə.)  süvari  alayı»  da 
vardı.  Çar  generalları,  velikorus  millətçiləri  bu  alayı  təhqiranə  tərzdə  «Dikaya 
diviziya»  adlandırırdılar.  Alayın  döyüşçüləri  özlərinin  cəsurluqları  ilə  xüsusilə 
fərqlənirdilər. 
Müharibə cəbhələrində 3 min nəfərədək azərbaycanlı iştirak etmişdi. 
1915-ci  ilin  iyununda  çar  hökuməti  «özgə  xalqlar»dan  olan  18  yaşından 
23  yaşınadək  gənclərin  cəbhəarxası  işlərə  səfərbərliyi  haqqında  fərman  verdi.  IV 
Dövlət  dumasında  deputat  Məmməd  Yusif  Cəfərov  müsəlman  fraksiyası  adından 
çıxış  edərək,  çar hökumətinin  müstəmləkə  əhalisinə  qarşı  çevrilmiş  bu  fərmanını 
ciddi  tənqid  etdi  və  «özgə  xalqlar»dan  olanların  tarla  işləri  qurtaranadək 
cəbhəarxası işlərə səfərbərlikdən saxlanmasına nail oldu. 
Ġnqilabi  fəhlə  hərəkatında  tənəzzül  və  nisbi  yüksəliĢ:  İrtica  illərində 
sosial-demokratiyanın  sıraları  xeyli  seyrəldi.  Təqiblərdən  yaxa  qurtara  bilmiş   
bolşeviklər gizli işə keçdilər. 
Fəhlələrin ara-sıra  kiçik  tətilləri  baş  verirdi.  1909-cu ildə  bu tətillərdə  20 
mindən artıq  fəhlə  iştirak  etmişdi.  Tətilçilərə amansız  divan tutulurdu.  Həmin ilin 
üç ayı ərzində Bakıdan 12500 fəhlə sürgün olunmuşdu. 

96 
 
1912-ci  il  Lena  gülləbaranından  sonra  Rusiya,  o  cümlədən  Azərbaycan 
fəhlə hərəkatında nisbi canlanma başladı. 
Həmin  ilin  aprelində  Şollar-Bakı  su  kəməri  tikintisinin  Xaçmaz 
bölməsində  işləyən  fəhlələr  beş  gün  tətil  etdilər.  Onlar  əmək  haqqının  25  faiz 
artırılmasını, iş gününün qısaldılmasını tələb edirdilər. 
Mayda  Nuxanın  ipəksarıma  müəssisələri  fəhlələrinin  8  gün  davam  edən 
tətili  baş  verdi.  Bu  tətil  nəinki  Azərbaycanda,  hətta  bütün  Rusiyada  ipəksarıma 
müəssisələri  fəhlələrinin  ən  iri  tətili  idi.  Belə  ki,  1912-ci  ildə  Rusiyanın  bütün 
ipəksarıma  müəssisələrində  cəmi  5,3  min  fəhlə  tətil  etdiyi  halda,  təkcə  Nuxa 
tətilində 6 min fəhlə iştirak etmişdi. Sentyabrda Nuxa ipəksarıma müəssisələrinin 3 
min fəhləsi yenidən tətil etdilər. Tətilçilər əmək haqqının artırılmasını, iş gününün 
qısaldılmasını və digər tələblər irəli sürdülər. Tətil polisin gücü ilə yatırıldı, onun 
49  nəfər  başçısı  həbs  olundu.  Lakin  beş  gün  davam  edən  bu  tətilin  nəticəsində 
fəhlələr bəzi güzəştlər qopara bildilər. 
1913-cü ilin yayında tətillərin sayı çoxaldı. 
İyulun  27-də  Bakıda  40  mindən  artıq  fəhlənin  iştirak  etdiyi  ümumi  tətil 
baş  verdi.  Tətilçilər  8  saatlıq  iş  günü,  əmək  haqqının  artırılması,  mədən-zavod 
komissiyalarının və həmkarlar ittifaqlarının rəsmən tanınması, mətbuat azadlığı, 1 
Mayın azad surətdə bayram edilməsi, fəhlə qəsəbələri salınması, fəhlələr üçün ana 
dilində məktəblər açılması və s. tələblər irəli sürdülər. 
Tətil  Rusiyanın  duru  yanacaqla  işləyən  sənaye  sahələrini  və  nəqliyyatını 
təhlükə  qarşısında  qoydu.  Vəziyyətdən  çıxmaq  üçün  II  Nikolayın  razılığı  ilə 
xaricdən  gətirilən neftin  üzərinə  qoyulmuş  çox  böyük  qoruyucu  gömrük  dekabrın 
15-dək götürüldü. 
Çar  hökuməti  tətilçilərə  qarşı  cəza  tədbirlərinə  əl  atdı.  3  min  nəfərədək 
fəhlə  mədən  mənzillərindən  çıxarıldı,  tətilçiləri  döydülər,  onların  ailələri  su  və 
yanacaqdan məhrum edildilər. 
Bir  sıra  şirkətlər  fəhlələrlə  ayrılıqda  danışıqlar  apararaq,  bəzi  güzəştlərə 
getdilər.  Tətilçilərin  bir  hissəsi  işə  çıxdı,  beləliklə,  tətil  zəifləməyə  başladı  və 
sentyabrın  ortalarında  dayandırıldı.  Fəhlələrin  əmək haqqı 20-30  faiz  artırıldı.  Bu 
tətil Azərbaycanda irticanın hücumundan sonra ən böyük inqilabi hadisə idi. 
1914-cü  ilin  yanvarında  Tovuz  sement  zavodu  fəhlələrinin  tətili  polisin 
gücü ilə yatırıldı. 
Bu  zaman  Bakıda  vəba  xəstəliyi  halları  müşahidə  olunurdu.  Neftçi  
fəhlələr  xəstəliyin  yayılmasının  qarşısını  almaq  üçün  xüsusi  fəhlə  qəsəbələri 
salınmasını hökumətdən  tələb  etdilər.  Bu  tələbin rədd  edilməsi 1914-cu  il mayın  
28-də  ümumi  tətilin    başlanması  üçün  siqnal  oldu.  Tətilçilər  8  saatlıq  iş  günü,  1 
Mayın  azad  surətdə  bayram  edilməsini,  əmək  haqqının  artırılmasını,  dilənçi 
sədəqəsi  olan  peşkeşlərin  ləğv  edilməsini,  mədən  ərazilərindən  kənarda  fəhlə 
qəsəbələri tikilməsini və s. tələb edirdilər. 

97 
 
İyunun  3-də  artıq  50  min  fəhlə  tətil  edirdi.  Tətil  günlərində  izdihamlı 
yığıncaqlar keçirildi. Polislə silahlı toqquşmalar baş verdi. Çoxlu tətilçi fəhlə həbs 
edildi. 
Cəza tədbirləri son dərəcə gücləndirildi. Bakıya 600 nəfərlik kazak dəstəsi 
gətirildi. Şəhərdə hərbi vəziyyət elan edildi. Mədən rayonlarında axşam saat 8-dən 
sonra  küçəyə  çıxmaq  qadağan  olundu.  Neftçilərin həmkarlar İttifaqı  dağıdıldı   və 
onun rəhbərləri həbs edildilər. Təkcə beş gün ərzində 300 fəhlə tutulub həbsxanaya 
salındı.  İşə  çıxmayan  fəhlələri  müəssisədən  qovur,  onların  ailə  üzvlərini  fəhlə 
mənzillərindən  zorla  bayıra  atırdılar.  6  minə  yaxın  fəhləni  mənzildən  çıxarmaq 
haqqında məhkəmə qərarı verildi. 
Çarın  bilavasitə  göstərişinə  əsasən  daxili  işlər  nazirinin  müavini  qəddar 
irticaçı Çukovski Bakıya  gəldi. Az vaxt içərisində onun sərəncamı ilə 1600 fəhlə 
həbs  edildi, 3500-dən  artıq  fəhlə  Rusiyanın  daxili  quberniyalarına  sürgün  olundu, 
1750  tətilçi  işdən  qovuldu.  Bakı  tətilçilərinə  kömək  üçün  poçtla  göndərilən  pullar 
müsadirə edildi, bütün teleqramların üzərinə senzura qoyuldu. 
İyulda Bakıya içərisində pulemyot bölüyü olan əlavə batalyon göndərildi. 
Neft  gəmilərini  doldurmaq  və  elektrik  stansiyalarını  işlətmək  üçün  soldat  və 
matroslardan istifadə edilməsi haqqında sərəncam verildi. 
İyulun 8-də Sabunçuda həbs olunmuş tətilçilərdən 300 nəfərinin arvadları 
uşaqlarını  qucaqlarına  alaraq  nümayişə  çıxdılar.  Onlar  ərlərinin  həbsdən  azad 
olunmasını  tələb  edir,  tətilçi  ailələrinə  çatacaq  əmək  haqqının  verilməməsindən, 
içməli  suyun  kəsilməsindən,  onların  ev  sahibləri  tərəfindən  mənzillərdən 
çıxarılmasından  şikayət  edirdilər.  Nümayişi  dağıtmaq  üçün  kazak  dəstəsi 
göndərildi.  Kazaklar  qadın  və  uşaqları  döyür,  atların  ayaqları  altına  salırdılar. 
Qadınların 40 nəfərdən çoxu həbs edildi. 
Amansız cəza tədbirləri və ciddi maddi çətinliklərlə qarşılaşan tətilçilərin 
bir hissəsi işə çıxmağa məcbur oldu və tətil tədricən zəifləməyə başladı. 
1914-cü  ilin  yayında  Bakıda  fəhlələrin  iki  ay  davam  edən  ümumi  tətili 
müvəffəqiyyətsizliyə  uğrasa  da,  mütləqiyyətə,  sənaye-ticarət  dairələrinə  böyük 
maddi ziyan vurdu, Rusiyanın bir sıra şəhərlərində həmrəylik tətillərinə səbəb oldu. 
Birinci  dünya  müharibəsinin  başlanması  ilə  əlaqədar  olaraq  polisin 
təqibləri son dərəcə gücləndi. Çoxlu fəhlə həbs olunub sürgün edildi. Neft sənaye 
fəhlələrinin İttifaqı və digər leqal təşkilatlar qadağan olundu. 
1915-ci  il  aprelin  9-da  Nuxanın 20  ipəksarıma müəssisəsi  fəhlələrinin  on 
iki gün davam edən tətili baş verdi. Burada polislə toqquşmalar nəticəsində hər iki 
tərəfdən yaralananlar oldu.  Tətilçilər gündəlik əmək haqqının 5-15 qəpik arasında 
artırılmasına,  iş  gününün  yarım  saat  qısaldılmasına  nail  oldular.  İpək  sarıyanlar 
iyun ayında da iki həftə sürən tətil etdilər. 
Yayda  Xəzər  ticarət  donanmasının  matrosları,  Tovuz  sement  zavodunun 
fəhlələri, Gədəbəy mədənçiləri və misəridənləri iqtisadi tələblərlə tətil etdilər. 

98 
 
1915-ci  ilin  axırlarına  doğru  fəhlə  hərəkatı  canlandı.  Hələ  müharibənin 
əvvəllərində  bağlanmış  həmkarlar  ittifaqları,  mədən-zavod  komissiyaları  yenidən 
fəaliyyətə başladı. 
1916-cı  il  fevralın  14-dən  16-dək  Bakıda  qıtlıq  və  aclıqdan  cana  gəlmiş 
yoxsullar  ərzaq  mağazaları  və  anbarlarına  hücum  etdilər.  Bunun  təşəbbüskarları, 
əsasən,  qadınlar  olduğuna  görə  xəfiyyəçilər  bu  çıxışları  «arvad  ixtişaşları» 
adlandırırdılar. İğtişaşları yatırmaq üçün çağırılmış soldatlar atəş atmaqdan imtina 
etdilər. 
Yaz və yayda Bakının bir sıra müəssisələrində tətillər baş verdi. Tətilçilər 
mövcud bahalıqla əlaqədar olaraq əmək haqlarının artırılmasını tələb edirdilər. 
1917-ci  il  yanvarın  3-də  Qara  şəhərdə  Nobel  qardaşlarının  mexaniki 
emalatxanalarında  tətil  başladı.  Tezliklə  şəhərin  bir  sıra  müəssisələrinin  fəhlələri 
bu  tətilə  qoşuldular.  Tətilçilərin  tələbləri  sırasında  cəza  tədbiri  olaraq  orduya 
çağırılmış  fəhlələrin  tərxis  edilməsi,  həbsə  alınmış  tətilçilərin  buraxılması,  fəhlə 
komissiyalarının  tanınması,  fəhlələrin  əmək  haqqının  30  faizdən  100  faizədək 
artırılması  və  sair  vardı.  Bakının  87  müəssisəsində  22  min fəhləni  əhatə  edən  bu 
tətil  yanvarın 31-dək  davam  etdi.  Həbsə alınmış  tətilçilər  azad  edildi,  cəza tədbiri 
olaraq orduya göndərilmiş tətilçilərin tərxis edilməsi vəd olundu. 
Kəndli  hərəkatı:  İrtica  illərində  kəndli  hərəkatının  zəifləməsinə 
baxmayaraq,  ayrı-ayrı  çıxışlar  yenə  də  baş  verirdi.  1908-1909-cu  illərdə 
Yelizavetpol  qəzasında,  Goran  və  Seyfəli  kəndlərində  qaçaqlarla  strajniklər 
arasında insan tələfatı ilə nəticələnən atışmalar baş vermiş; Qaybəli kənd sakinləri   
tərəfindən tutulmuş mübahisəli torpaqları kəndlilərdən geri almağa gəlmiş hökumət 
nümayəndələrinə  silahlı müqavimət göstərilmiş;  Forer qardaşlarının malikanəsinə 
hücum edilmişdi. 
1910-cu  ildə  Quba  qəzasında  kəndli  çıxışları  gücləndi.  O  dövrdə  çıxan 
qəzetlərin  biri  yazırdı  ki,  Quba  qəzası  nəinki  Bakı  quberniyasında,  həm  də 
Zaqafqaziyada  ən  çox  qaçaq-quldur  olan  qəzalardan  biridir,  bir  quldur  dəstəsini 
ləğv etməmiş, yağışdan sonra çıxan göbələk kimi, yeni dəstələr yaranır. 
Mart  ayında  Lənkəran  qəzasında  silahlı  kəndli  dəstəsi  polis  strajnikləri 
üzərinə hücum etdi və həbsxanaya aparılan 17 nəfəri azad etdilər. 
Qəzanın  Arus  kənd  camaatı  kəndxuda  və  digər  vəzifələrə  «seçkilərdə» 
iştirak  etməkdən  boyun  qaçırdı.  Kəndə  «seçki»  keçirməyə  gələn  uryadnik  və 
strajniklər kəndlilərin ciddi müqavimətinə rast gəldi və yalnız yaxınlıqdakı  sərhəd 
gözətçiləri köməyə gələndən sonra canlarını qurtarıb qaça bildilər. 
Həmin  ildə  Şamaxı  qəzasının  Xanıslı  kənd  camaatı  dəyənəklərlə 
silahlanaraq  mübahisəli  torpaqların  sərhədlərini  müəyyənləşdirmək  üçün  gəlmiş 
hökumət  nümayəndələrinə  ciddi  müqavimət  göstərdi.  Kəndlilərin  çıxışı  silah 
gücünə yatırıldı. Buna bənzər hadisə qəzanın Qurbançı kəndində də baş verdi. 

99 
 
Yelizavetpol  qəzasında  xüsusən  Kərbəlayi  Əsgərin,  Məşədi  Yolçunun, 
Qatır  Məmmədin,  Qandal  Nağının  başçılıq  etdikləri  qaçaq  dəstələri 
müstəmləkəçilərə və zalımlara amansız divan tuturdular. 
1910-cu  ilin  yanvarında  qəzanın  Goranboy-Əhmədli  kəndində  Qatır 
Məmməd  adı  ilə  məşhur  olan  17  yaşlı  Məmməd  Əli  oğlu  Məmmədovun  başçılıq 
etdiyi qaçaqlar böyük bir cəza dəstəsini darmadağın etdilər. 
1910-cu  ilin  yayında  Nuxa  qəzasının  Səbətli  kəndində  baş  verən  böyük 
kəndli çıxışını yatırmaq üçün oraya 300 kazak və bir pulemyot rotası göndərildi. 
Cavanşir  qəzasının  Qara-Pirim  kəndinin  kəndliləri  əkin  yerlərini  zəbt 
etdiklərinə  görə,  kəndə  başda  pristav  olmaqla  strajniklər  dəstəsi  gəldi.  Kəndlilər 
onlara  ciddi  silahlı  müqavimət  göstərdilər.  Qiyamın  təşkilatçıları  həbs  olundu. 
Lakin kəndlilər hücum edərək məhbusları azad etdilər. 
1911-ci  ilin  dekabrında  Yelizavetpol  qəzasında  Hacı  Əsgər  adlı  yerdə 
Məşədi  Yolçunun  və  Qandal  Nağının  başçılıq  etdiyi  qaçaq  dəstələri  çar  qoşunları 
ilə  açıq  döyüşə  girdilər.  Qat-qat  güclü  hökumət  qoşunları  xalq  qisasçılarını 
mühasirəyə ala bilmədi, qaçaqlar dağlara çəkildilər. 
1912-1913-cü illərdə kəndli hərəkatı yüksəldi. Bu illər aqrar islahatlarının 
hazırlandığı  və həyata  keçirilməyə  başlandığı  dövr  idi.  Kəndlilər  aqrar  islahatları 
nəticəsində  özlərinin  aldadılması  ilə  barışa  bilmirdilər.  Torpaqsızlığın, 
aztorpaqlılığın  aradan  qaldırılmaması  kəndli  iğtişaşlarının  başlıca  mənbəyi  olaraq 
yenə də qalırdı. 
Azərbaycan  qəzaları  içərisində  torpaqsızlıqdan  ən  çox  əziyyət  çəkən 
Lənkəran qəzasında kəndli çıxışları kəskin şəkil aldı. 
1912-ci  ilin  aprelində  qəzanın  Butəsər  və  Qaqalos  kəndlərinin  kəndliləri 
aqrar islahatının hazırlanmasından xəbər tutaraq, mülkədarların əkin yerlərini zəbt 
edib  becərməyə  başladılar.  Kəndlilər  onların  üzərinə  göndərilən  polis  qüvvələrinə 
qarşı  ciddi  müqavimət  göstərdilər.  Çıxış  silah  gücünə  yatırıldı,  14  kəndli  həbs 
edildi. 
Kəndli  həyacanlarının  daha  geniş  vüsət  aldığı  1913-cü  ilin  hadisələri 
içərisində kəndlilərin yerölçənlərlə (zemlemerlərlə) münaqişələri xüsusi yer tutur. 
1913-cü ildə Bakı qəzasının Qobu kəndi yaxınlığında dədə-babadan kənd 
camaatına  məxsus  olan  Qobustan  yaylaq  otlaqları  başqaları  tərəfindən  dövlətdən 
satın alındı.  Həmin torpaq  sahələrini  yeni  sahibkarlar  arasında  bölüşdürmək  üçün 
yerölçənlər  bir  dəstə  strajniklə  kəndə  gəldilər.  Yüz  nəfərə  yaxın  qobulu  onlara 
ciddi müqavimət göstərərək, yerölçənləri kənddən qovdular. 
Cavad qəzasının Cinli kəndində də yerölçənlərlə bu cür rəftar edildi. 
Qaçaq  hərəkatı  xeyli  gücləndi.  Qaçaqlar  kəndli  hərəkatının  çox  qüvvətli 
olduğu Yelizavetpol qəzasında özlərini daha sərbəst hiss edirdilər. O dövrdə çıxan 
qəzetlərin  birində  yazılırdı:  Yelizavetpol  qəzası  ən  təhlükəli  quldur  dəstələrinin 
alınmaz  yuvasıdır;  burada  keçilməz  meşələrin  və  dağların  olması  onlarla 
mübarizəni  son  dərəcə  çətinləşdirir.  Bütün  cinayətkar  ünsürlər—türmədən, 

100 
 
sürgündən,  katorqadan  qaçanlar  buraya  axışırlar.  Onların  hamısı  burada  nəinki 
özlərinə sığınacaq tapır, həm də quldur bandaları ilə birləşərək onları məhv etməyə 
göndərilən  qoşunlara  silahlı  müqavimət  göstərirlər.  Yelizavetpol  qəza  hökuməti 
həmin  bandalarla  çoxillik  arasıkəsilməz  müharibə  aparır.  Bandanın  biri 
dağıdıldıqda, əvəzində başqası meydana gəlir. 
Çar  hökuməti  qaçaqlara  kömək  göstərməkdə  şübhə  edilən  kəndlərin 
əhalisinə  amansız  divan  tuturdu.  1912-ci  ildə  Yelizavetpol  qəzasının  Goranboy-
Əhmədli və ona qonşu olan bir neçə kəndində 92 nəfər həbs edilmişdi. Onları bu 
rayonda  Qatır  Məmmədin  başçılıq  etdiyi  qaçaqlara  kömək  göstərməkdə 
təqsirləndirirdilər. Bütün bunlara baxmayaraq, 1913-cü ilin avqustunda Goranboy-
Əhmədli kəndində günün günorta çağı hamının gözü qarşısında iki strajniki vurub 
öldürdülər.  Az  sonra  Qatır  Məmməd  həbs  olunaraq,  uzaq  İrkutsk  quberniyasına   
sürgün edildi. 
Birinci  dünya  müharibəsi  illərində  kəndli  hərəkatı  ciddi  təqiblərə  məruz 
qaldı. 
1916-cı ildə təkcə  Yelizavetpol  quberniyasında  278  yeni  polis məntəqəsi 
təşkil edildi. Bu məntəqələrdə iki minə yaxın strajnik xidmət edirdi. 
Dağınıq  kəndli  çıxışlarını  çar  hökuməti  asanlıqla  yatırırdı.  Kəndlilər  çox 
zaman dağlara, meşələrə çəkilərək, cəza dəstələrinə müqavimət göstərirdilər. 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin