Rəvvadilər dövləti ( 981 – 1054 ) Salarilər hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı salari hökmdarı İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu.Bu sülalənin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın Güney bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər bölgələrində müxtəlif ərəb nəsilləri yurd saimışdılar. Onlardan biri də əzdilər nəsli idi. Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən salmış başqa ərəb nəsilləri kimi rəvvadilər də yerli əhali ilə qaynayıb-qarışmışdılar. Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir, az qala Azərbaycanın bütün Güney torpaqlarını öz nəzarəti altında saxlayırdı. Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torqaqlarını qəti olaraq öz hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa Rəvvadilər Muğan hakimi Sipəhbudu məğlub edib özlərindən asılı vəziyyətə saldılar. Rəvadilərin hakimiyyəti dövründə Azərbaycanda Oğuz türklərinin mövqeyi daha da möhkəmləndi. 1028-ci ildə Mahmud Qəznəvinin Xorasan oğuzlarına vurduğu ağır zərbədən sonra təqribən 2000 oğuz ailəsi Azərbaycana köçdü və rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) icazəsi ilə burada məskən saldı. Onlar öz soydaşları olan Azərbaycan türklərinə qovuşdular. Bundan çox keçməmiş oğuz boylarının Azərbaycana yeni-yeni axınları baş verdi. Azərbaycan türklərinin mövqeyi qüvvətləndi. Rəvvadilər ölkənin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Bu , mütərəqqi bir addım idi.Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdirilməsi üçün çox əlverişli mövqedə yerləşmişdi. Müxtəlif Şərq ölkələrini Aralıq dənizi və Qara dəniz sahilləri ilə, həmçinin Dərbənd keçidi vasitəsi ilə Volqaboyu və Şərqi Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin hakimiyyəti illərində böyüyüb abadlaşdı.
IX-XI əsrlərdə Azərbaycanda meydana gələn feodal dövlətlərdən ŞirvanşahMəzyədilər , Sacilər ,Salarilər ,Şəddadilər və Rəvvadiləri yaradan sülalələr mənşəcə müxtəlif olsalar da, onların təşkil etdiyi dövlətlər Azərbaycan ərazisini əhatə edirdi. Bunlardan Sacilər və Salarilər ara müharibələri və daxili mübarizə nəticəsində,Rəvvadilər və Şəddadilər isə səlcuqların hücum və təzyiqləri nəticəsində fəaliyyətlərini dayandirmağa məcbur oldular .
IX-XI əsrlərdə isə gərgin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi.Həmin dövlətləri yaradan sülalələrin mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq bu dövlətlər Azərbaycan torpağında milli zəmində təşəkkül tapırdılar.Onlar xilafətə tabe olmaqdan imtina etməklə öz istiqlaliyyət bayraqlarını qaldırırdılar.Bu dövətlərin mövcud olduğu on illər ərzində yaranmış qismən əmin-amanlıq zəminində təsərrüfatın bütün sahələri dirçəlir,əhali artır və məhsuldar qüvvələr inkişaf edirdi.
Ədəbiyyat 1. Azərbaycan tarixi.Uzaq keçmişdən 1870-ci ilə qədər.Red.Süleyman Əliyarlı.Baki 1996
2. Z.Bünyadov "Azərbaycan Tarixi" Baki, 2005, səh 297
3. Azərbaycan tarixi (III-XIII əsrin I rübü)Yeddi cilddə II cild.Bakı-Elm-2007
4. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə.Bakı, "Şərq-Qərb", 2007