ŞÜUR VƏ TƏFƏKKÜR
Təfəkkür sosial cəhətdən şərtlənən psixi prosesdir. Hər bir fərdin təfəkkürü insanların ictimai-tarixi təcrübəsinə istinad edir, onun nəticələrindən istifadə edir: təfəkkür sayəsində fərdi təcrübə bəşəriyyətin əldə etdiyi zəngin bilik ehtiyatına qoşulur. Çünki əqli əməliyyatlar, proseslər, fəndlər və s. cəmiyyətin tarixi inkişafında, ictimai-tarixi təcrübədə təşəkkül tapır. Odur ki, təfəkkür ali idrak prosesi kimi hadisənin gələcək mənzərəsini verə bilir. Təfəkkür sayəsində insanın fikir prosesi bu gündən gələcəyə və ya əksinə, gələcəkdən bu günə (eləcə də keçmişə qayıtmaq) istiqamətində cərəyan edə bilər, fəaliyyətin başlanğıc anından sonuna və ya əksinə, sonundan başlanğəc anına doğru cərəyan edə bilər. Zaman və məkanca təfəkkürün belə bir sərbəst cərəyanı həmin proseslərin yüksək səmərəliliyi və “qüdrəti” ilə şərtlənir. Təsadüfi deyildir ki, ali idrak prosesi olan təfəkkür bir sıra elmlər tərəfindən araşdırılır.
Təfəkkürlə materiyanın qarşılıqlı əlaqəsi, təfəkkürün köməyilə varlığın dərk edilməsi yolları və imkanları fəlsəfə elmi tərəfindən araşdırılır.
Təfəkkürün əsas formalarının (məfhum, hökm və əqli nəticələrin) qanunauyğunluqları formal məntiq, onun beyin mexanizmi isə fiziologiya elmi tərəfindən öyrənilir.
Təfəkkür psixologiyada daha geniş aspektdə nəzərdən keçirilir. Təfəkkür psixologiyada daha geniş aspekdə nəzərdən keçirilir. Psixologiyada təfəkkür dərk edən subyektlə dərk olunan obyekt arasında qarşılıqlı təsir prosesi, subyektin ətraf aləmin bələdləşməsinin aparıcı forması kimi öyrənilir. Yəni psixologiyada təfəkkür ilk növbədə idrak fəaliyyəti kimi nəzərdən keçirilir.
Təfəkkür bir idrak prosesi kimi insanın öz tələbatını ödəməsi üçün ətraf mühiti dəyişdirmək üslubunu, qaydalarını tapmaq, məsələni həll etmək üçün yeni biliklər əldə etmək şəraitində özünü büruzə verir.
Deməli, təfəkkürün mənbəyi xarici obyektiv aləmdir. Təfəkkürün xarici təsirlə şərtlənməsi bilavasitə səciyyə daşımır. O fikri fəaliyyətin daxili qanunauyğunluqları vasitəsilə həyata keçirilir. Daxili fikri fəaliyyət hissi idrakın verdiyi məlumatları dəyişdirir. Həmin məlumatlar təfəkkürdə daha tam və hərtərəfli bərpa edilir, yəni təsir edən obyekt, gerçəklik fikrən bərpa edilir. Deməli, təfəkkür insanın mühitlə real qarşılıqlı təsir prosesində əmələ gəlir və həmin qarşılıqlı münasibətin adekvat surətdə həyata keçirilməsinə xidmət edir. Deməli, təfəkkürün psixoloji tədqiqatının başlıca qayəsi fikri fəaliyyətin zahiri nəticələrini sadəcə olaraq təsbit etməklə kifayətlənməyərək, təfəkkür prosesinin özünü, onun daxili cərəyanetmə qanunauyğunluqlarını açmaqdan ibarətdir. Bununlada da idrakın yüksək səviyyəsi olan təfəkkürlə şüur arasındakı qarşılıqlı əlaqə və asılılıq, eləcə də onlardan hər birinin məxsusi cəhətləri asanlıqla aşkar edilə bilər.
Dostları ilə paylaş: |