MÖVZU 14
NATİQLİK SƏNƏTİNİN TARİXİ
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, obrazlı, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları, vasitələri böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda, Ərəbistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, fəsahətli və bəlağətli danışığın, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Ritorikanın tarixi e.ə.V-IV əsrlərdən başlanır. Ritorika dedikdə, onu həm elm, həm də sənət kimi başa düşmək lazımdır. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi və s. ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə, yüksəlməyə başlayır. Eyni zamanda ritorikanın nəzəri problemləri də hazırlanır- sistemləşdirilir, elmi-nəzəri əsərlər meydana gəlirdi. Bu əsərlər sırasında ritorikanın elmi əsaslarını sistemləşdirən, onu nəzəri cəhətdən sabitləşdirən (e.ə.V əsr) Koraksın şagirdi Siciliyalı Gorgi idi. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx və b. kimi görkəmli natiqlik yetirmişdir. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Qədim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir. Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel öz müəllimləri Əflatun və Sokratı qabaqlayaraq ritorikanın bütöv fundamental elmi sistemini yaratmışdır. E.ə. 335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:
a) Nitqin tərtibi prinsipi;
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və priyomları.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi.
Materialın icadı və onun hazırlanması.
Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.
Aristotel yaxşı nitq üçün materialın düzgün seçilməsi, planın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uyğun üslubun müəyyənləşdirilməsi, orfoepik və intonasiya qaydalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı. Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy göstərirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olmaması əksəriyyətin səs verməsi yolu ilə müəyyənləşdirilirdi. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan Demosfen antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Onun natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Nitq orqanları qüsurlu olan Demosfen (onun dili bir qədər pəltək imiş, q səsini düzgün tələffüz etmir, danışanda yersiz əl-qol atır, sağ çiynini tez-tez çəkirmiş) sözləri daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Səsini inkişaf etdirmək məqsədi ilə ucadan qışqırar, öz səsi ilə dalğaların səsini boğmağa çalışarmış. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”. Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər, mülahizələr söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır:
1) materialın toplanması.
2) materialın məqsədəuyğun söylənilməsi üçün planın tərtibi.
3) nitqin məzmununun öyrənilməsi, mənimsənilməsi.
4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.
Demosfenin tələffüzü, danışıq tərzi aydın, anlaşıqlı idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları və s. ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa, düzgün siyasət yeritməyə çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük ehtiras və inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər. Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sənətində də geriləmələr baş verir. Gözəl nitq öz siyasi xarakterini itirir, canlı, konkret şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə çevrilir. Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya köçür. Roma Yunanıstanı işğal etsə də, humanitar elmlər sahəsində ondan çox sey götürməli oldu. Ellin mədəniyyətini qəbul etməli olan Roma qrammatikanı, poetikanı, habelə ritorikanı da yunanlardan qəbul etməyə məcbur oldu. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan verirdi. Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Katon (b.e.ə.234-149), Qrakxi (b.e.ə.163-132), Antoni Mark (b.e.ə.83-30) kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, ritorika alimi, mütəfəkkir Mark Tullii Siseron (b.e.ə.106-43) xüsusilə fərqlənirdi. Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi baxımından çox əhəmiyyətlidir. Bu əsərlərdən ikisində (“Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında”) Siseron dövrün məşhur natiqləri ilə aparılan dialoqlarla natiqlik sənətinin mahiyyəti, onun konkret məsələləri, bu sənətin fəlsəfəyə münasibəti və s. kimi məsələləri şərh etmiş, özünün təsəvvür etdiyi ideal natiq surətini yaratmışdır. Üçüncü traktatda (“Natiq” əsərində) müəllifin natiqlik sənəti barədə qiymətli fikirləri, mülahizələri söylənilmişdir: “Natiq olmaq üçün birinci və zəruri şərt təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir”. “Ancaq müdrik adam həqiqi natiq ola bilər, ... kim gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə də müdrikdir”. Siseron nitqinin süjet xətti, ifadə tərzi və məqamına görə işlədilən natiqlik priyomları diqqəti cəlb edir. Xatırladaq ki, yunan dilini gözəl bildiyi üçün Demosfenin nitqlərində ritorika məktəblərində təbliğ olunan “attika üslubu”ndan geniş istifadə etmişdir. Siseron eyni sxemliliyi, demək olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə hissəsini daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri gəldikcə tarixi lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq məsəllərindən, bədii sual, xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir. Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy Kvintilian olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Acdığı ritorika məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı 12 kitabdan ibarət əsər yazmışdı. Həmin kitablarda natiqlik sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin mərhələləri (mövzunun seçilməsi, yerləşdirilməsi, yadda saxlanılması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə, natiqlərin fəaliyyətinə verilən tələblər və s. məsələlər şərh olunmuşdur. Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi. O, bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür”. Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən parçaları nümunə kimi verir, ona istinad edirdilər. Roma natiqlik sənətinin inkişafı üzün sürmür. Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. Diktatura, imperiya natiqliyin qarşısını alır, Bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları təbliğ etmək vasitəsinə çevrilir. Natiqlik sənətinin tarixi ilə bağlı eyni vəziyyət Rusiyada, eləcə də Azərbaycanda XVII, XVIII və XIX əsrlərə qədər davam etmişdir. Rusiyada natiqlik sənətinin inkişafı böyük alim, eyni zamanda mahir söz ustası M.V.Lomonosovun adı fəaliyyəti ilə bağlıdır. O, 1748-ci ildə «Краткое руководство красноречи» adlı kitab çap etdirmişdir. Bu əsər “Ritorika”nın əsasında yazılmışdır. Həmin əsərdə müdriklik və hazırcavablıq natiqlik sənəti üçün başlıca məziyyət kimi qiymətləndirilir. Bu keyfiyyətlərin yaradılmasında natiqin təbii istedadı, təcrübəsi, dünyagörüşü, elmi-nəzəri hazırlığı, mütaliəsi vacib şərt kimi irəli sürülür. M.V.Lomonosova görə, natiq dinləyicinin hissiyyatına təsir etməlidir. Bunun üçün o, natiqliyin təsirgöstərmə vasitələrindən istifadə etməyi bacarmalıdır. Rus natiqlik sənətinin inkişafında XIX əsrdə yaşayıb-yaratmış yazıçıların, şairlərin, filosofların, siyasətçilərin, din xadimlərinin, dilçi alimlərin və başqalarının da fəaliyyəti böyük olmuşdur. Ölkənin böyük şəhərlərində fəaliyyət göstərən məhkəmələrdə səslənən nitqlər də rus natiqlik sənətinin bu dövrdə formalaşmasına müsbət təsir göstərmişdir. XIX əsrin 60-cı illərində Rusiyada məhkəmə islahatı keçirilir. Bu islahata əsasən, məhkəmə prosesində iclasçıların iştirakı təmin olunur. Məhkəmə prosesi, bir növ, demokratikləşdirilir. Oradakı canlı danışıq, obrazlı söylənilən nitq dövrün məşhur adamlarının diqqətini cəlb edir. M.E.Saltıkov-Şedrin, F.M.Dostoyevski, A.P.Çexov və b. tez-tez məhkəmə salonlarına gedər, oradakı çıxışları dinləyərdilər. Natiqlik sənətinə qədim mədəniyyət tarixi olan Şərqdə də maraq yaranmış, ritorika elminə insan fəaliyyətinin xüsusi növü kimi yüksək qiymət verilmişdir. Filosof, siyasətçi, hüquqşünas, böyük islahatçı, cəsur sərkərdə, islam dininin banisi Məhəmməd Peyğəmbər (ə.s.) ədəb, əxlaq, iffət, vicdan, təvazökarlıq, təmizlik, namuslu olmaq və s. insani keyfiyyətlər sırasında natiqlik məharətinə xüsusi əhəmiyyət vermiş, göstərmişdir ki, natiqliyin bəlağəti bəzən sehr təsiri bağışlayır.
Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri”, “Abad-ül-mütəllimin” və digər əsərlərində sözün qüdrətinə, natiqlik sənətinə yüksək qiymət vermişdir. O, gözəl nitqi millətin mədəniyyət göstəricilərindən biri sayırdı. N.Tusi göstərirdi ki, gözəl nitq üçün birinci növbədə dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyindən faydalanmaq vərdişlərinin inkişaf etməsi, yəni həmin dildən istifadə edənlərin hazırlığı tələb olunur. O, nitq mədəniyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni dərəcədə riayət etməsini zəruri saymışdır. Tusiyə görə, insan bu dünyanın əşrəfi, o böyük Allahın zərrəsi, təbiətin tərkib hissəsidir; onun dünyaya gəlməsində Ana və Təbiət Allahın buyruğu ilə əsas rol oynamışdır. Odur ki, Allahı, haqqı, həqiqəti dərk etməkdən ötrü bütün bilik mənbələrindən baş çıxarmağı və onlara sahib olmağı mütəfəkkir alim fəzilət sayır. Bu fəzilətin insanda nitfədən (insan yarandığı gündən) malik olduğu isə ünsiyyətdir. İnsan öz-özü ilə də, Allahı ilə də, insanla da ünsiyyətdən çox böyük fərəh duyur, çünki o bütün bunları dərk etmiş, həqiqətə yaxınlaşmış, Allaha qovuşmuş olur. Məhz bu mənada insan dünyasında, o cümlədən, Tusi nəzəriyyəsində natiqlik müqəddəs sənət, söz söyləmək, danışmaq möcüzəvi qabiliyyət sayılır . Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə yüksək qiymət verənlər çox olmuşdur. Ədəbi-tarixi mənbələrə görə Azərbaycanda Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Həsənoğlu, Nəsirəddin Tusi, Əbdülrəşid Bakuvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Sahib Təbrizi, Molla Pənah Vaqif, Qətran Təbrizi, Şah İsmayıl Xətai, Marağalı Ədhəvi və s. kimi böyük sənətkarlar olmuşlar. Onların yazdıqları bədii əsərlərdə natiqlik məharəti, nitqin təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi və s. haqqında elmi-nəzəri fikir və mülahizələr söylənilmiş, söz sənətinə yüksək qiymət verilmişdir.
XIX əsrdə M.F.Axundov özünün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik məharəti, fəsahətli kəlam, nitqin müxtəsərliyi və aydınlığı, səhnə dili, dilimizin orfoqrafiya və orfoepiya normaları və s. haqda elmi-nəzəri fikirlər, mülahizələr söyləmişdir. Onun “Kritika” və “Tənqid risaləsi” adlı məqalələrində dilin təkmilləşdirilməsi məqsədilə söylədiyi fikirlər bu gün də öz əhəmiyyətini itirməmişdir.
Dostları ilə paylaş: |