Nitqin melodikliyi. Nitq zamanı səs gah alçalır, gah da yüksəlir. Səsin müəyyən intervalda alçalıb qalxması musiqidə olduğu kimi, nitqdə də melodikliyi əmələ gətirir. Nitqin bu keyfiyyəti hissi halların ifadəsi kimi meydana çıxır. Həyatda temperamentsiz, hissiz adamların nitqi melodiklik baxımından zəif olur. İnsanın emosional həssaslığı nə qədər çox olarsa, onun nitqinin melodik ifadəliliyi bir o qədər zəngin olar. Cümləyə məxsus melodiya məntiqi və psixoloji olmaqla iki funksiyanı yerinə yetirir. Məntiqi funksiyalı cümlə melodiyasında melodik dəyişikliyin hamısı bir cümlə daxilində baş verir, yəni cümlənin əvvəlində fikrin inkişafı ilə əlaqədar səs tonu yüksəlirsə, cümlənin sonuna doğru alçalmağa başlayır. Səs tonunun qalxması bütün hallarda nitqə bütövlük verir. Əksinə, səsin alçalması nitqi müəyyən hissələrə bölür. Məsələn; Mən çox çalışdım, o yola gəlmədi. Birinci cümlədə məntiqi vurğu çalışdım, ikinci cümlədə isə yola gəlmədi sözlərinin üzərinə düşmüşdür. Hər iki cümlə müstəqildir və müəyyən söz qrupundan ibarətdir. Ayrı-ayrılıqda cümlələrin melodiyası əvvəl yüksək olduğu halda, sona doğru tədricən alçalır. Cümlədə səs tonunun qalxması və enməsi arasında müəyyən bir nöqtə - kulminasiya nöqtəsi olur ki, həmin nöqtə səs tonunun ən yüksək yoxuşunun başa çatdığını və enmənin başlandığını göstərir. Məsələn; Mərcan nənə onların motor gurultusunu seçməsə də, atdıqları bombanı səsindən tanıyırdı (M.Cəlal). Birinci cümlədə məntiqi vurğu seçməsə də, ikinci cümlədə isə tanıyırdı xəbərinin üzərinə düşür. Əvvəlinci cümlənin xəbərində səs tonu ən yüksək nöqtəyə qalxır və ikinci cümlədə birdən-birə enən xətlə düşməyə başlayır. Bu cümlədə səsin yuxarıdan aşağıya doğru enməsini çaya atılan daşla müqayisə etmək olar. Daş sudan keçib onun dibinə düşür, nitqin melodikliyi tələb edir ki, danışan və dinləyən bu “dibi” aydın hiss edə bilsin. Melodiya ilə durğu işarələri arasındakı münasibət fasilə ilə durğu işarələri arasındakı münasibətin demək olar ki, eynidir. Belə ki: 1. Vergül bütün hallarda nitq tonunun yüksəlməsini tələb edir. 2. Nöqtədə səs tonu aşağı enir. 3. Nöqtəli-vergülün melodiyası nöqtənin melodiyasına yaxındır. Bu işarə qoyulan yerdə səs tonu bir qədər aşağı enir. 4. İki nöqtədə səsin tonu alçalır. 5. Tire və mötərizə ilə cümlənin digər üzvlərindən ayrılan sözlər enən intonasiya ilə oxunur. Bu işarədən sonra gələn söz mötərizədən, tiredən əvvəlki sözün intonasiyasına uyğun şəkildə deyilir və oxunur. Sual, nida işarəsi qoyulmuş cümlələr yüksək səs tonu ilə tələffüz olunur. Cümlə melodiyası psixoloji funksiya da daşıyır. Bu melodiya danışanın daxili hisslərini vermək üçün əsas və başlıca vasitədir. Melodiyanın psixoloji funksiyası, bir növ, onun məntiqi funksiyasını tamamlayır. Psixoloji funksiyalı melodiya səsin qalxıb-enmə dərəcəsindən asılı olaraq müxtəlif keyfiyyət kəsb edir. Əgər səsin yüksəlməsi və alçalması arasında interval eyni nisbətdədirsə, belə nitq melodiklikdən məhrumdur. Bu cür danışıq tərzi monoton adlanır. Monoton nitqdə səs tonu yeknəsəqdir. Nekroloq və digər bəd xəbərlər, fəlakət, faciəvi hadisələr və s. aşağı tonla – monoton bir tərzdə oxunur. Monotonluq danışıq və oxu üçün yabançı bir haldır. Belə danışıq tərzi dinləyicini yorur, mətndəki əsas fikrin anlaşılmasına mane olur. Natiqlik praktikasında nitqin melodiklik baxımından zənginliyi xüsusi əhəmiyyət kəsb edir. Məhz belə keyfiyyətə malik olanlar söhbətlərində, mühazirələrində, oxu prosesində dinləyicilərin marağını, diqqətini cəlb edə bilir, onların qəlbinə yol tapırlar. İfadəliliyin ən incə və mürəkkəb vasitələrindən biri də tembrdir.
Tembr fransız sözü olub, zınqırov deməkdir. Tembr tələffüzdə əlavə səslərin (obertonların) köməkliyi ilə yaranır. Əlavə səslər əsas səsi qüvvətləndirir, ona xüsusi rəng verir. Tembr vasitəsilə biz müxtəlif musiqi alətlərinin (tar, kamança, piano, gitara, qarmon və s.) səslərini bir-birindən fərqləndirir, hər hansı bir tanışı üzünü görmədən (məsələn, telefon vasitəsilə) səsindən tanıya bilirik. Tembr danışanın əhval-ruhiyyəsindən, onun insan, əşya və hadisələrə münasibətindən asılı olaraq dəyişir. Danışanın fərdin fiziki göstəriciləri və səciyyəvi psixoloji xüsusiyyətləri də (xəstəliyi, sağlamlığı, bədbəxtliyi, xoşbəxtliyi və s.) səs tembrində “oxunur”. Tembrin ifadəli oxuda xüsusi rolu vardır. Oxuda ən çətin məsələ hər hansı bir obrazın danışıq tembrini müəyyənləşdirməkdir. Əsər oxunarkən (hətta səssiz oxunarkən) qəhrəmanın səs tembri “eşidilir”, keçirdiyi psixoloji hallarla əlaqədar səs tembrinin dəyişməsi də hiss edilir.