MÖVZU 15 NATİQLİK SƏNƏTİNİN SAHƏLƏRİ Forma və məzmununa görə natiqlik sənətinin geniş yayılmış sahələri aşağıdakılar hesab olunur:
1. İctimai-siyasi natiqlik. Bura: 1) Prezidentin inoqurasiya (andiçmə) nitqi; 2) Siyasi mövzuda məruzə; 3) Siyasi mövzuda çıxış (xarici ölkələrdə prezidentin çıxışı); 4) İcmal nitqi. Böyük məclislərdə son söz; 5) Mitinqdə çıxışlar; 6) Siyasi təbliğatçıların nitqi; Qanunvericilik layihələri; Parlament mübahisələri və s. İctimai-siyasi nitq siyasi-ictimai əhəmiyyətli hadisələri (prezident seçkisi, deputat seçkisi, yeni il ərəfəsində ölkə başçısının xalqa müraciəti, Prezidentin hərbi hissələrdə ölkənin hərbi qüdrəti haqqında çıxışı və s.), müvafiq strukturlar qarşısında, toplantıda hesabat məruzəsi, kütlə və ya sahə nümayəndələri qarşısında çıxış, eləcə də radio-televiziya vasitəsilə ölkə vətəndaşlarına müraciət-çıxışları əhatə edir. İstər Sovet hakimiyyəti dövründə, istərsə də Müstəqillik illərində ulu öndərimiz, ümummilli lider H.Ə.Əliyevin, hazırda Respublikamızın prezidenti möhtərəm İ.H.Əliyev cənablarının ölkənin daxili və xarici siyasəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrlə bağlı çıxışları ictimai-siyasi nitqin ən dəyərli nümunələridir.