Dialoji nitq. Dialoq yunan sözüdür, mənası söhbət, müsahibə deməkdir. İki və daha artıq şəxsin bir-biri ilə danışığına dialoji nitq deyilir. İnsanın xasiyyəti, niyyəti və fəaliyyəti, başqalarına münasibəti, həyat haqqında düşüncələri və s. dialoji nitq vasitəsilə açılır. Dialoji nitqdə sual-cavab forması əsas rol oynayır. Dialoqda iştirak edən şəxslərin hər birinin danışığı replika adlanır. Yazılı dialoji nitqdə bütün replikalar təzə sətirdən yazılır və əvvəlində tire (–) işarəsi qoyulur. Replikalar tərkibcə yarımçıq, bitməmiş ifadələrdən ibarət olur. Dialoji nitqdə mimika və jestlərdən olduqca fəal istifadə olunur. Nitqin canlı və təsirli olmasında bunların rolu olduqca böyükdür. İnsan bəzən sözlə deyə bilmədiyini jest və mimikanın köməyi ilə ifadə edə bilir. Dialoji nitqin əsas struktur vahidi olan replikanın qrammatik quruluşunun qısalığı və yarımçıqlığını nəzərə alaraq deyə bilərik ki, dialoji nitq dinamikliyi baxımdan sürətlidir. Replikanın hər biri dialoqun tərkibində obrazın xarakterinin açılmasına kömək edir. Şifahi nitqdə intonasiya olduğu kimi, yazılı nitqdə də dialoqu canlandıran əsas vasitə durğu işarələridir. Durğu işarələrindən məqsədəuyğun şəkildə istifadə olunmaması replikaların anlaşılmamasına gətirib çıxara bilər. Buna görə də yazılı dialoji nitqdə ən çox sual (?), nida (!), sual-nida (?!), nida nöqtələr (!...) və s. durğu işarələrindən istifadə edilir. Dialoqun həcmi, meyarı onun quruluşudur. Dialoq həcminə görə makro və mikrodialoji nitq şəklində olur.
1.Mikrodialoq - əsasən bir neçə nəfərin qısa mükalimələrindən ibarətdir. Həm də
mikrodialoqlardan nəsr əsərlərində-roman, povest, hekayələrdə və s. istifadə edilir.
Məsələn:
“Xudafərin körpüsü” romanından bir hissə:
- Ay uşaq, nə yığırsan?
- Çör-çöp yığıram.
- Çöp çöpdü, bəs çör nədir?
- Çör dik durandı, çöp yıxılandı...
- Bu quzular kimindir?
- Qoyunların.
- Kəndinizdə böyüklər kimlərdir?
- Öküzlər.
- Elə demirəm ey, kəndə qonaq gələndə kim qarşılayır?
- İtlər.
- Məni dolamısan? Qılıncımı çıxarıb səni çaparam!
- Yaxşısı budu çap, yoldaşlarına çat.
(F.Kərimzadə)
2.Makrodialoq. Mikrodialoqa nisbətən belə dialoqlar həcm etibarilə böyükdür. Bu cür dialoq bütövlükdə bədii əsərin quruluşunu əhatə edir. Dram əsərləri makrodialoq əsasında yazılır. Makrodialoq mürəkkəb və rəngarəng olur. Yazıçının yaradıcılıq istedadı, sənətkarlıq xüsusiyyətləri məhz makrodialoji əsərlərin ərsəyə gəlməsi vasitəsilə meydana çıxır. Bu cəhətdən Azərbaycan ədəbiyyatında H.Cavid, C.Cabbarlı, S.Vurğun və N.Həsənzadə kimi əvəzedilməz və təkrarolunmaz sənətkarların əsərləri xüsusi qeyd edilməlidir.
MÖVZU 17
Dostları ilə paylaş: |